news-inner
clock17:38 calendar-gray 02 Sentyabr 2019 view-gray329 dəfə oxunub
view-gray329 dəfə oxunub

Elçin Hüseynbəyli: “AYB-də 100 il də sədr olmaq olar” – Müsahibə

Yazıçı Elçin Hüseynbəylinin APA -ya müsahibəsi

- Elçin müəllim, bir neçə ay əvvəl Əməkdar İncəsənət Xadimi adına layiq görüldünüz. Düşünmürsünüz ki, artıq Xalq yazıçısı almaq yaşına gəlmisiniz?

- Verilsə, imtina eləməzdim.

- Ümumiyyətlə, fəxri adlarla bağlı nə düşünürsünüz?

- Hər dövlətdə müxtəlif fəxri adlar var. Fransada Fəxri legion ordeni var, Rusiyada tamam başqa mükafatlar var. Məsələn, Rusiyada xalq yazıçısı adı yoxdur.

- Elədir. Mən də elə Sizdən soruşacaqdım ki, niyə Sovet dövründə müttəfiq ölkələrin yazıçılarına xalq yazıçısı-şairi adı verilirdi, ancaq Rusiya yazıçılarına bu ad verilmirdi?

- Açığı, bunun səbəbini bilmirəm. Ancaq Rusiyanın özündə bu saat xeyli mükafat var. Qazaxıstanda da ədəbi mükafat çoxdur. Yəni mən mükafatlara pis baxmıram. Fəxri adlar da əgər bir dövlətin, xalqın ənənəsinə bağlıdırsa, orda da qəbahət heç nə görmürəm. Sadəcə, buna çox can atmaq, özünü yandırmaq da lazım deyil. Hər kəs görür, qiymətləndirir. Fəxri ad sənə verilən dəyərdir, sənin dəyərin deyil. Sən bu dəyərdən yuxarıda da ola bilərsən, aşağıda da. Ancaq mən düşünürəm ki, bu seçimlər nadir hallarda subyektiv olur. Daha çox obyektiv nəticələrə əsaslanır. Cənab Prezidentin son sərəncamı da bunu göstərir. Həm də təqdimat edəndən də çox şey asılıdır. Bir neçə mərhələdən keçən prosesdir. O baxımdan sağ olsunlar, dəyərləndiriblər. Hesab edirəm ki, bu təkcə bizə verilən dəyər deyil, ümumiyyətlə, ədəbiyyatın inkişafına verilən dəyərdir.

- Sizcə, bizim ədəbiyyat inkişafdadır, yoxsa durğunluq dövrünü yaşayır?

- Mənim, ümumiyyətlə, Azərbaycanda ədəbiyyata - yazı və oxu mədəniyyətinə özəl baxışım var. Söhbət ondan gedir ki, Azərbaycan yazı mədəniyyəti, jurnal, kitab çapı baxımından Avropadan hardasa 400 il geri qalır. “Don Juan” romanında da yazmışam. Hələ 16-cı əsrdə İspaniyada ədəbiyyat jurnalı çıxırdı, orda Sertvanteslə Lope de Veqa atışıb bir-birlərini ittiham edirdilər. O vaxt biz nəylə məşğul idik? Bizdə o vaxt jurnal var idi? Yox. Oxu mədəniyyəti də oradan formalaşır. Hər bir millətin də özünün hansısa xüsusi qabiliyyəti var. Biz pis-yaxşı ticarət xalqıyıq. Deyək ki, polyaklar daha çox musiqi ilə tanınırlar, almanlar musiqi və fəlsəfələri, ruslar nəhəng ədəbiyyatları ilə məşhurdurlar. Baxmayaraq ki, onlarda da ədəbi jurnallar bizdən bir qədər əvvəl çıxıb. “Bizdə niyə yaxşı ədəbiyyat yaranmır” sualına gəldikdə isə, bizdə yaxşı ədəbiyyat yaranır, niyə yaranmır? Sadəcə, geniş yayılmır. Bunun da səbəbi var. Birincisi, biz dil arealı baxımından çox məhduduq. Məsələn, biz Türkiyəyə gedib çıxa bilmirik, baxmayaraq ki, eyni dildə danışırıq. Türkiyə mətbuatı, nəşriyyatları bizə səxavətlə qucaq açmır.

- Onların bu münasibətlərinin səbəbi nədir?

- İmperiya yaşamış xalqlarda özünü həddindən artıq dəyərləndirmə xüsusiyyəti var. Başqa xalqlara yuxarıdan aşağı baxırlar. Bir problem budur. Bizdən əvvəl tanınanlar da elit səviyyədə tanınıblar, geniş oxucu kütləsinə çıxmayıblar. Türklər bizim yazıçıları “raskrtuka” eləmirlər. Özlərinin bizimkilərdən qat-qat aşağı yazıçılarını tirajlayırlar, reklamını qururlar, bir də görürsən ki, kitabı yüz min, iki yüz min tirajla satıldı. Mənim Türkiyədə dörd kitabım çıxıb. Hə, noolsun? Geniş oxucunun xəbəri yoxdur. Bundan başqa, müstəqillik dövrünün ilk illərində müəyyən adamlar vardı ki, öz hesablarına Türkiyədə kitablarını çap etdirdilər. Və türk oxucuna təqdim olunanda onlar gördülər ki, bu o deyilən səviyyədə yazıçı deyil. Həmin adamlar mühiti korladılar. Mənim o vaxtı hekayələrimi “Can yayınları”na təqdim etmişdilər. “Can yayınları”ndan da hekayələri oxuyub cavab yazmışdılar ki, biz hekayələri oxuduq; tərcümə də başarılıdır, yazıçı da başarılıdır, sadəcə, bizim qərarımız var ki, postsovet məkanından, o cümlədən Azərbaycandan yazıçıları çap etməyək. Çünki onların reytinqi yoxdur. Bu qərarın da verilməsinin səbəbi o idi ki, müəyyən adamlar oranı korladılar. Anar, Sabir Rüstəmxanlı kimi yazıçılarımız da Türkiyədə çap olunublar, amma onlar da, məsələn, İskəndər Pala kimi geniş oxucu kütləsi tərəfindən tanınmırlar, yalnız elit səviyyədə tanınırlar.

- Bəlkə bizim yazıçılar standartlara cavab verə bilmirlər?

- Niyə? Səbəb bu deyil. Kamal Abdulla Dədə Qorquddan yazıb, Türkiyə oxucusu üçün maraqlı deyil? Maraqlıdır. Sadəcə, görünür başqa səbəblər var, onu da nəşriyyatlar axtarıb tapmalıdır, nəinki yazıçılar...

- Elə sizin “Don Juan”, “Şah Abbas” kimi romanlarınız da türk oxucusu üçün maraqlı ola bilər.

- Təkcə o romanlarım yox, elə “Yolayrıcından qaçış” romanım da türk oxucusu üçün maraqlı ola bilər. Çünki hadisələr İstanbulda baş verir.

- Nəşriyyatları günahlandırırsınız. Bəlkə nəşriyyatlarla yanaşı, AYB də bu barədə düşünməli, yeni dünyanın tələblərinə cavab verməli, müasir standartlarla ayaqlaşmalıdır?

- Problem yenilənməkdə deyil, biz bunu çoxdan deyirik. Sadəcə olaraq, çatışmayan bilirsən nədir? Bəli, mən həmişə demişəm ki, AYB-də dinamikləşməyə, yenilənməyə ehtiyac var. Yazıçılar Birliyi aparıcı qurum kimi bunu həll eləməlidir. Düzdür, müəyyən məişət məsələlərini, təqaüd, mənzil məsələlərini həll etməyə çalışır. Ancaq burda bizim qəbahətimiz odur ki, hamı bunu Anardan gözləyir. Sən ocağın başçısından, tayfanın başçısından hər qəhrəmanlığı gözləməli deyilsən.

- Bəs kimdən gözləsinlər, AYB-nin sədri Anardır.

- Cavanlar bunu eləməlidirlər: Siz nə vaxt maraqlı bir layihə hazırlayıb AYB-yə təqdim etdiniz ki, Anar müəllim, biz belə bir tədbir etmək isəyirik?

- Gənclər də deyirlər ki, Anar 32 ildir orda rəhbərdir. Bizə imkan tanımır.

- Sən elə bilirsən ki, sədr olanda bacarıqlarını göstərə biləcəklər? AYB çox mühafizəkar və mürəkkəb təşkilatdır. Bura hamı böyük iddialarla gəlir. Elə bilirlər ki, Yazıçılar Birliyinin əvvəlki maliyyə imkanları var. Yenə də deyirəm, hansı gənc bir layihə yazıb gətirdi ki, Anar müəllim, mən bu işi görmək istəyirəm, o da icazə vermədi? Təbii ki, Yazıçılar Birliyinin əvvəlki maliyyəsi yoxdur. Amma hər halda dəstək verə bilər axı, Anar müəllim o layihəyə qol da çəkər, lazım gəlsə, kiməsə nəyisə məsləhət görər. Onda həmin cavan da qazanar, yavaş-yavaş ədəbiyyatımız da inkişaf edər. Mənim Yazarlar Klubum var, onun xətti ilə ildə bir neçə dəfə cəbhə bölgəsinə yazıçı-şairlərin səfərlərini təşkil edirəm və çoxlu sayda kitab hədiyyə edirik. Anar müəllim lazım olanda bu layihəyə dəstək verir. Yəni Anar müəllim çox demokratik adamdır. Amma bunlar hamısı deyirlər ki, mən gəlim rəhbər olum, bunları özüm edim. Bu məsələnin birinci tərəfi. İkincisi, deyirsən ki, niyə uzun illərdir, Anar müəllim orda oturub? Alternativ gəlib çıxsın də, gəlmir axı.

- Mən Sizi çağdaş, demokratik düşüncəli şəxs kimi tanıyıram. Bəs, Sizcə bir şəxsin 32 il yaradıcı təşkilatın rəhbərliyində oturması qəribə deyil?

- Bilirsən, mənə qəribə gələ bilər, ancaq tam səmimi deyirəm ki, AYB-ni yalnız Anar müəllim kimi nüfuzu olan adam idarə edə bilər. Mən illərdir, Anar müəllimin yanındayam. Problemi onda görürəm ki, gənclər fəal deyillər. Əgər onlar desələr ki, Gənclər Şurasının sədrliyinə iddialıyıq və sədr olsaq, filan işləri görəcəyik, onları dəstəkləyərəm. Demirəm ki, alternativ olmasın, alternativlərimiz var. Sadəcə olaraq, alternativ namizədlər deyirlər ki, nə qədər, Anar müəllim ordadı, biz sədr olmaq istəmirik.

- Ötən qurultay ərəfəsində demişdiniz ki, Anar müəllim namizədliyini verməsə, öz namizədliyinizi verə bilərsiniz. Artıq növbəti qurultay yaxınlaşmaqdadır. AYB sədrliyinə namizədliyinizi verərsiniz?

- Düşünürəm ki, vermərəm.

- Bu beş ildə nə dəyişdi ki, sədr olmaq fikrindən daşındınız?

- O barədə fikirləşmək olar. Sadəcə, düşünürəm ki, Yazıçılar Birliyi çox mürəkkəb yerdir, oranı idarə etmək hər adamın işi deyil. Yazıçılar Birliyinə kim sədr gəlsə, qurumu saxlamaq çətin olacaq. Buranı sərt qaydalarla idarə etmək olmaz.

- Anar müəllimin yerinə alternativləriniz kimdir? Bəlkə ad çəkəsiniz?

- Yox, onların adlarını deməyəcəm. Ad çəksəm, o biriləri inciyəcək. Hələ ki, Anar müəllim deyib, növbəti qurultayda yenidən sədr olmaq istəyir. Mən də şəxsən istəyirəm Anar müəllim yenidən namizədliyini versin. İstəmirəm sədr olum.

- Sizin kimi çağdaş düşüncəli bir adam da deyir ki, Anar neçə ildir sədrdir, nə olsun, yenə sədr seçilsin.

- Mən sədrin müşaviriyəm və onun komandasındayam.

- Siz həm də yazıçı Elçin Hüseynbəylisiniz.

- Həm də yazıçıyam, düzdür. Ancaq mən nə qədər ki, burdayam, bu vəzifəni daşıyıram, komandanın əleyhinə getmərəm. Komanda nə qərar qəbul edəcəksə, o cür də olacaq. Ancaq mən alternativin əleyhinə deyiləm. Ötən qurultayda da dedim ki, mən alternativsizliyə pis baxıram. Alternativlər var, sadəcə, namizədliklərini vermirlər. Niyə vermirlər? Çünki onlar da bilirlər ki, Anar müəllimi keçə bilməyəcəklər.

- Hər halda 32 il sədrlik də az deyil.

- Bura ictimai təşkilatdır, ictimai təşkilatda 100 il də sədr olmaq mümkündür. Əgər bizim sədr desə ki, mən yenidən sədr olmaq istəyirəm və namizədliyimi verirəm, biz onu dəstəkləyəcəyik.

- Özünüz də o alternativlərin içindəsiniz?

- Tam səmimi deyirəm ki, mən sədr olmaq istəmirəm. Katib ola bilərəm, sədr yox.

- Anarın AYB-ə 32 il sədr olması cəmiyyətdə də birmənalı qarşılanmır. Düşünürlər ki, bunu hər hansı zavod rəhbərindən gözləmək olar, ancaq yaradıcı təşkilat rəhbərindən yox...

- Zavodun rəhbərinə olmaz, ancaq ictimai təşkilata olar. Mənə elə gəlir ki, cəmiyyəti Anarın bu qədər il sədr olmağı narahat etmir. Sadəcə olaraq, bəzi adamlar elə düşünürlər ki, sədr olsalar, nəsə edə biləcəklər, ona görə bu fikri təbliğ edirlər. Problem o insanlardadır ki, Anarın potensialından istifadə eləmirlər. Bizim neçə yazıçı-şair dostumuz olub ki, Anarı tənqid edib. Anar onları bilirsən necə qarışlayıb? Çox böyük ziyalı mədəniyyəti ilə...

- Necə ziyalı mədəniyyətidir ki, Anar deyir: “Məni tənqid edənlərin yazılarını yığıb saxlayıram, sabah kitab çıxaracam”.

- Düz edir. Gör nə qədər demokratik adamdır ki, deyir qoy gələcək nəsillər bilsinlər ki, onu həm də tənqid ediblər.

- AYB-nin iclaslarında Anar müəllimin dediyi olur, yoxsa başqalarının fikirləri də dinlənilir?

- Bizim iclaslar sırf demokratik prinsiplərlə keçirilir. Anar müəllim hər kəsi dinləyir, kimin arqumenti güclüdürsə, onunla da razılaşır. Ancaq qərarı sonda katiblik verir. O baxımdan Anar müəllimin demokratikliyinə arxayın ola bilərsən. Amma Anarın da hamı kimi emosiyası var. Anar müəllim də nədəsə emosional davrana bilər. O, həmişə çalışıb ki, tənqidi fikirlərə tənqidi cavab versin. Biz heç birimiz onu eləmirik. Biz deyirik ki, Anar müəllim niyə tənqidlərə cavab verirsən? O da deyir ki, mən cavab verməsəm, sabah belə çıxacaq ki, o, düz deyirmiş.

- Anar bu yaxında Şəhriyar del Geraniyə də cavab olaraq uzun-uzadı bir yazı yazmışdı.

- Görürsən, deməli, Anar müəllim öz yazısı ilə Şəhriyar del Geranini belə şərəfləndirir. Ancaq mən tənqidlərə cavab vermirəm. Çünki vaxt itirmək istəmirəm. Görünür, Anar müəllim səxavətli adamdır, istəyir ki, tənqidlərə cavab versin.

- Amma bir çoxu, o cümlədən də mən düşünürəm ki, AYB-nin problemi Anardır.

- Xeyr. AYB-nin problemi Anar müəllim deyil, ona münasibətin düzgün qurulmamasıdır. Anar müəllim kimi adam bizə qənimətdir. Mən onu qətiyyən tərifləmirəm. Qəti düşüncəm budur. Amma onu da deyim ki, Anar müəllimin ətrafında elə adamlar var, öz işlərini düzgün görmürlər.

- Fikrət Qocanı nəzərdə tutursunuz? O da növbəti qurultayda katib olmaq istəyir.

- Fikrət müəllim bizim ağsaqqalımızdır. Əgər növbəti qurultayda Anar sədr seçilsə, şübhəsiz ki, Fikrət Qoca da onun yanında olacaq.

- Elçin müəllim, bayaqdan zarafata salırıq. Ancaq məsələ çox ciddidir. Məsələn, Gürcüstanın nəinki Siz yaşda, hətta mən yaşda olan yazarları belə Avropa dillərinə tərcümə olunur, tez-tez Avropada tədbirlərə dəvət alırlar. Ancaq biz...

- Hər millətin öz düşüncə tərzi var və ona da sadiqdir. Bu dediklərində əsas diqqət çəkən məqam gürcülərin xristian olmalarıdır. Yadında saxla, xaçpərəstliklə İslamı fərqləndirən ən mühüm cəhətlərdən biri İsa mərhəmətidir. Onlarda bir-birinə qarşı dəhşətli dərəcədə mərhəmət var, həm də onlar çoxdur, beynəlxalq hüquq, ədəbi dairələr onların əlindədir. Biz adicə Türkiyə bazarına çıxa bilmirik, hələ istəyirik Almaniyaya, Fransaya gedək. Əvvəlcə 80 milyonluq Türkiyəyə çıxaq, sonra Avropanı düşünərik. Bunun üçün də hansısa proqram olmalıdır. Həmin proqramı da bizim cavanlar elə gürcülərdən hazır götürsünlər, gətirib Anar müəllimə təqdim etsinlər, Anar müəllim də onu dövlətə təqdim etsin. İnanıram ki, alınacaq.

- Elçin müəllim, hərdən adama elə gəlir, İsa Hüseynov, İsmayıl Şıxlı və başqa yazıçılarla Azərbaycan ədəbiyyatı özünün parlaq dövrünü keçdi, indi aqoniya dövrünü yaşayır. Niyə bizim yazıçılar bütövlükdə xalq içində tanına bilmirlər?

- Həmin dövr də tamam başqa idi. Həmin dövrdə də Çingiz Abdullayev kimi detektiv yazan yox idi.

- İlyas Əfəndiyevin pyesi səhnəyə qoyulanda ölkədə hadisəyə çevrilirdi. Ancaq Sizin də 10-a yaxın pyesiniz tamaşaya qoyulub, o cür əks-səda hiss olunmur.

- Təkcə mənim yox, guya İoneskonun pyesini qoysan, camaat yüyürə-yüyürə gedəcək? Bizim dramaturgiya tariximiz nə qədərdir?

- Axundovla başlayır.

- Bəs Esxil nə vaxt yaşamışdı?

- İki min beş yüz il əvvəl.

- Yəni buna elə-belə baxmaq lazım deyil. Bu mədəniyyətin oradan qaynayıb gəlməsi deməkdir. Bu insanlarda-yunanlarda genetik, ənənəvi olaraq dramaturgiya inkişaf edib və etməkdədir. Bizdə bilirsən necədir? Ola bilsin, reklamı gedən, fəaliyyəti olan bir rejissorun birinci tamaşasına çox adam gəlsin, sonra o da azalır. Yəni bizdə sabit teatr tamaşaçısı yoxdur.

- Belə çıxır teatrlarımızın fəaliyyəti qənaətbəxş deyil?

- Teatrın problemini tamaşaçılarda axtarmaq lazımdır. Deyirlər, indi tamaşa var teatra gedək? Bunu deyən teatra getməyənlərdir. Biz xoşlayırıq ki, nəyisə alaq-sataq. Vallah bundan da çəkinmək lazım deyil, təki elə doğru ticarətçi olaq. Heç olmasa onu yaxşı bacaraq. Görünür, onu da yaxşı bacarmırıq.

- Neçə-neçə romanın, hekayənin, pyesin müəllifisiniz. Bəs bədbin deyilsiniz ki, onsuz da müəyyən çevrə oxuyur, bu qədər əsəri niyə yazım?

- Deyir, elnən gələn dərd-bəla toy-bayramdır. Tək mən bu fikirdə deyiləm. Hələ mənim təsəllim var ki, öz naşirim var, heç bir əsərimin çapına pul vermirəm. Əsərlərim harda çıxıbsa, xarici nəşriyyatın hesabına çap olunub. Hələ bir kitabımın çapına pul xərcləməmişəm. Amma qonorar da almamışam.

- Hazırda hansı əsər üzərində işləyirsiniz?

- Hazırda üç paralel roman üzərində işləyirəm. Onun biri Şah Təhmasibin qızı Pərixan Sultan haqqındadır. Biri “Paralel dünyalar” silsiləsindəndir, “Komadakı mən” adlanır. Ancaq bu saat işlədiyim romanı “Gözünə gün düşür” hekayəm əsasında yazıram.

news-inner-user
Mirmehdi Ağaoğlu

542 məqalə

Paylaş

Oxşar xəbərlər