Sumqayıt zavodunu partladan fəhlə...

Sumqayıt zavodunu partladan fəhlə...
25 iyul 2019
# 08:59

Kulis.az “Yeni filmlərimiz” layihəsində Mərahim Fərzəlibəyovun “Mənim ağ şəhərim” filmini təqdim edir.

Süjet. Hadisələr sovet hakimiyyəti dağılandan sonra 1990-cı illərin əvvəlini əhatə edir. Əhvalatın baş verdiyi məkan isə Sumqayıt şəhəridir. Şəhərdə fəaliyyət göstərən kimyəvi zavod xarici şirkətlər və yüksək rütbəli məmular üçün əlverişli gəlir yeridir. Zavodun gəlir gətirməsinə baxmayaraq, məmurlar fəhlələrin sosial vəziyyətini təmin eləmir, yüksək maaş, onların haqqı olduğu mənzilləri vermirlər. Digər əsas tələb isə zavodun zəhərli sexinin bağlanmasıdır. Bu sexdə işləyən fəhlələr ağır xəstəliyə tutulur. Zavod rəhbərliyi isə onlara kompensasiya ödəmir. Fəhlələr, ailələri yoxsul daxmalarda yaşayır. Personajlardan biri baş mühəndis Aydın (Rəfael Dadaşov) hər il öz ev növbəsini mənzil şəraiti daha ağır adamlara verir. Amma öz ailəsi də yaxşı şərtlərdə yaşamır. Fəhlələrdən biri Mahmud (Həsən Məmmədov) ölüm ayağında olanda təzə mənzilə köçür. Gənc fəhlə Rövşən (Kazım Həsənquliyev) burda ağrı xəstəliyə tutulur. Və o, vəziyyətə son qoymaq üçün zavodu partladır. Proqressiv düşüncəli baş mühəndis isə sonda qətlə yetirilir...

“Mənim ağ şəhərim” 1994-cü ildə lentə alınıb. Filmin çəkilməsindən 25 il ötsə də, müstəqillik dönəmində lentə alındığını nəzərə alaraq, onu layihəmizdə verməyi zəruri bildim. Digər tərəfdən həm film haqda resenziya, təhlil demək olar ki, yoxdur, həm də mövzu əhəmiyyətlidir.

Sosial dram janrında lentə alınan ekran işi çox vacib mövzuları əhatə edir: ekoloji problemlər, fəhlələrin ağır durumu, məmurların öz işinə məsuliyyətsizliyi, vicdanla yanaşmaması, ekologiyanın çirklənməsinin insan sağlamlığına təhlükəsi, şikəst uşaqların doğulması, bunların demoqrafiyaya təsiri və s.

Ümumilikdə əhvalatın konkret qəhrəmanları yoxdur. Filmdə çoxlu personajlar və onların həyatından fraqmentlər yer alır. Zavod direktoru Murad (Səyavuş Aslan) mənfəətpərəstdir, fəhlələrin qayğısına qalmır. Amma o, ədalətsizliyinin fərqindədir. Onun oğlu Musa (Ehtiram Fərzəlibəyov) fəhlə Mahmudun qızı Nərgizi (Almaz Amanova) sevir. Murad isə oğlunun seçimindən narazıdır.

Yoxsul komalardan birində yaşayan qadının birinci uşağı şikəst doğulub, ikincini doğanda isə özü ölür.

Mərahim Fərzəlibəyov teatr rejissorudur və onun teatral tərzi, intonasiyası burda da özünü göstərir. Rejissor kino dilində əhvalatı qura, ssenaridəki qüsurları aradan qaldıra bilmədiyindən film alınmayıb. Misal üçün, çoxpersonajlılığı, müxtəlif xətləri süjetdə pinti, dağınıq yerləşdirib. Ekoloji problemi önə çəkməyə çalışıb və nəticədə personajlar, onların münasibəti problemin fonunda yarımçıq işlənib.

Atası Musanı evə qaytarmaq üçün tələ qurur. Və Musa heç nə olmamış kimi, rahatlıqla tələyə tabe olur, sevdiyi qızı Nərgizi tərk edir, sonra bu xətt yoxa çıxır. Yaxud niyəsə əhvalatın inkişafına xidmət etməyən naməlum toy səhnəsi verilir.

Fiziki əngəlli uşaqların uzun-uzadı telesüjet-publisistik stildə təsvirləri yer alır. Yəni təsvirlər əhvalatda bədii həll olunmur, struktur yaratmır, sadəcə belə bir problemin var olduğunu göstərən informasiya kimi çıxış edir. Kinoda isə belə bir “fənd” yolverilməzdir. Üstəlik, bədii həlli, estetik tutumu olmayan epizodda fiziki əngəlli uşaqları zavallı kimi göstərmək etik deyil.

M.Fərzəlibəyov filmi ənənəvi teatral pafoslu monoloqlarla yükləyib: xəstəxanada Bəhram Osmanovun oynadığı obrazın humanizm, mühəndisin Qarabağ haqda monoloqu saxta alınıb.

Ümumiyyətlə, ciddi mövzunun əsas olduğu əhvalatda insan faciəsi banal göstərilib. Rövşənin xəstəliyi, hamilə qadının ölməsi emosional sarsıntı doğurmur. Natura çəkilişlərindəki realizm, dolğunluq da filmi xilas eləmir. Muradın sosializmə satira olan yuxusu isə bədii-estetik baxımdan primitiv işlənib və əhvalatın məzmununa, məna qatına qatqısı yoxdur. Musiqi bolluğu dramatizmi artırmaq əvəzinə süjeti qeyri-ciddiləşdirib, realizm duyğusunu azaldıb.

Filmin proloq və epiloqunda sağlamlıq problemi olan qızın xarabalqıda, zavod tullantılarında təsviri isə yəqin mövzuya metaforadur.

# 4862 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırdı

Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırdı

17:30 3 mart 2026
Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

Vicdansız, yaraşıqlı və təhlükəli - Dünya kinosunun ən uğurlu "şər" obrazı

18:46 2 mart 2026
“Tilov”  serialının yaradıcı heyəti ilə görüş

“Tilov” serialının yaradıcı heyəti ilə görüş

15:40 2 mart 2026
Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

Nuri Bilge Ceylanın yeni filmində baş rolu o oynayacaq

11:30 2 mart 2026
“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

“Paramount” “Warner Bros.”u 110 milyard dollara alır

10:45 2 mart 2026
“Bir səfərin izi ilə - ABŞ”  filminin təqdimatı oldu

“Bir səfərin izi ilə - ABŞ” filminin təqdimatı oldu

15:21 28 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər