Ərin öləndən bəri neçə kişiylə görüşmüsən? – Bircənin Romanı

Ərin öləndən bəri neçə kişiylə görüşmüsən? – Bircənin Romanı
12 iyul 2019
# 09:00

Kulis.az "Cəhənnəmdən keçmiş mələk" avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Şəhərin küçələrini veyil-veyil gəzdim; həkimin kinayəli gülüşləri, tikanlı sözləri, ağıllı, nurlu gözləri hər tində-döngədə qarşıma çıxırdı, onun bəzi suallarına verdiyim yalan cavablar məni utandırırdı.

Yorulmuşdum, kəndə qayıtmaq istəyirdim, Caviddən ötrü burnumun ucu göynəyirdi. Sinəmdəki ağrı da azalmışdı, döşlərim yumşalmışdı, qollarım qabaqkı kimi sızıldamırdı.

Niyyətimi Aqilə deyəndə acığı tutdu:

- Sənin müalicən hələ indi başlayır, bir az səbr elə. Bir müddət sonra yenə müayinə olunarsan, həkim razılıq versə gedərsən.

Qısa müddətdə Ağabəy Sultanov əlimdən tutub məni qaranlıq dünyadan işıqlı dünyaya adlatmışdı. Gözlərimdən asılmış tutqun pərdəni sıyırıb atmışdı, ehkam bildiyim tabuların çoxunu gözümdən salmışdı, özünün dediyi kimi, dul qadın maskasını üzümdən çıxarmışdı. Aqil hər məni daldaya çəkib pul verdikcə ürəyim əsirdi, elə bilirdim məni sorğu-suala tutacaq, həkimə nələr danışdığımla maraqlanacaq, onun dostu, tanınmış həkim olsa belə yad bir kişiyə ürəyimi açdığıma görə məni qınayacaq. Gümanlarım, şübhələrim çin çıxmadıqca həkimə hörmətim, etibarım, inamım daha da artırdı...

Aqilin təkidiylə professorun yanına getməyə davam elədim. Mən içəri girəndə Ağabəy həkim nəsə yazdığı vərəqdən gözünü ayırmadan dedi:

- Həə, gəlmisən, qaçaq?

- Gəlmişəm.

- Əlimdə bir balaca işim var, onu bitirim, səni qırmızı şəraba qonaq eləyəcəm. Deyirlər fransız qadınları öz gözəlliklərini qırmızı şəraba borcludular. Bir-iki qurtum içərsən görək doğrumu deyiblər.

Şərab sözünü eşidəndə səksəndim, hələ ər evində olduğum vaxt Maralın başına gəlmiş bir əhvalat yadıma düşdü.

- Mən içə bilmirəm.

- Heç dilinə dəyməyib?

- Lap çoxdan kiçik dayım bir-iki dəfə konyak içirdib bizə, vəssalam.

- Mənim şərabım sən içdiyin konyakdan çox zəifdi, kompot kimi bir şeydi.

Yaza-yaza üzümə baxmadan danışırdı, arabir telefon zənglərinə cavab verirdi. Mənsə Maralın başına gələni xəyalıma gətirib üşürgələnirdim...

Eminin sağlığının söhbətidi, Zöhrə xalanın bacısı oğluna toy eləyirdi. İki evi, bir dəstə uşağı mənim umuduma qoyub hamı toy evinə getdi. Zöhrə xala Yunusun maşınına minəndə mənə sarı dönüb dedi:

- Gəlin, yemək bişirmə, ev-eşikdən muğayat ol, sizə toy yeməyi göndərəcəm.

İşlərimi bitirəndən sonra uşaqları başıma yığıb limonxanada evcik qurdum. Günorta Yunus bizə bir zənbil yemək, bəzəkli şüşələrdə çoxlu limonad gətirdi. Qaynım gedən kimi limonxanadakı balaca masanın üstündə süfrə açdım. Kababdan, aşdan yeyib qırmızı, sarı limonadlardan içirdik. Zənbildə üstünün yazısını oxuya bilmədiyim, içi konyaka bənzər mayeylə dolu aşağısı şişman, başı toppuz bir şüşə də vardı. Uşaqlar bu şüşədəkini içməyi lap axıra saxlamışdılar.

Yeyib doyduq, şüşənin ağzını açıb qəhvəyi içkidən hərənin istəkanına bir az süzdüm. Uşaqlar tamsınandan sonra:

- Bibi, bu çox acıdı, - deyib istəkanları bir nəfər kimi yerə qoydular.

Bu dəkədə Maral ara yolla özünü bizim süfrəmizə çatdırdı. Yanını yerə qoyan kimi:

- Ciyərim yanır, mənə bir şey verin içim, - dedi.

Mən o naməlum şüşədən uşaqlara süzdüyüm içkinin hamısını bir istəkana yığıb süfrənin qırağına qoymuşdum. Maral mənlə danışa-danışa həmin istəkanı başına çəkib içindəkini birnəfəsə içdi. Qabı başından endirən kimi qışqırdı:

- Aaz, bu ilan quyruğunu mənə niyə verdin?

Sonra süfrədə gözünə görükən nə vardısa ağzına təpdi:

- İçim-içalatım yandı, ay dədə, gəl, - deyib ilan kimi dil çıxardı.

Uşaqlar hərə bir yana dağıldı, Maralı süfrənin qırağındaca yuxu basdı. Bulaşıqları yuyandan sonra eltimi birtəhər sürüyüb Zöhrə xalanın yerinə saldım.

Axşam düşdü, toy sovuldu, gedənlər qayıtdı, Maral oyanmadı. Quş kimi sərvaxt gəlini ha qıdıqladıq, ha çimdiklədik ayılmadı. Zöhrə xala təşvişə düşdü:

- Vallah bu gəlinə göz dəydi, toyda hamı Marala baxırdı.

Yatmaq çağı yetişəndə Yunus gəlib Marala bir-iki dumbuz vurdu, onun ayılmadığını görüb:

- Qara yola oyansın, - dedi, - qoyun elə burda yatsın.

Sonra mənə sarı çöndü:

- Ay Bircə, yemək gətirdiyim zənbilin içində mənim bir şüşəm vardı, onu ver mənə gedim.

Onda yadıma düşdü ki, qaynım soraqladığı şüşəni limonad şüşələrinə qatıb zibil qabına atmışam.

- Limonadların hamısını içdik, - dedim, - o dediyin şüşənin içindəki çox acıydı deyə içə bilmədik.

- Bəs neylədiniz?

- Bir istəkanını Maral içdi, qalanını atdım zibil qabına.

Yunus dəliyə döndü:

- Maral niyə içirdi axı onu?

- Mən süzmüşdüm uşaqlar içsin, içə bilmədiklərinə görə hamısını bir qaba boşaltdım. Maral da gəlib başına çəkib yatdı.

Qaynım çarpayıya ölü kimi səvərmiş arvadına sarı qayıtdı:

- Tfu üzünə, mən də deyirəm bu niyə ölüb.

Sonra dönüb mənim üstümə bağırmağa başladı:

- Ay bala, o limonad deyil ey, bahalı içkidi. Viski eşitmisən, bax ondan.

Qardaşının havalandığını görən Emin qımışa-qımışa məndən soruşdu:

- Sən də içdin?

- İçə bildim ki?

- İçə bilsəydin içəcəkdin, hə?

- Biz onu limonad bilmişdik.

Yunus qaçıb yarımçıq şüşəni zibil qabından çıxarıb sildi, donquldana-donquldana evinə tərəf gedəndə Emin onun arxasınca səsləndi:

- Həmişə sən içib yatırsan, qoy bir dəfə də Maral sənin yolunla getsin.

Yunus elə deyinirdi:

- Ay onu qara yuxuya getsin!

Zöhrə xala səhərəcən Maralın yanından aralanmadı. Maral gecəni daş kimi yatıb bir də gün adam boyu qalxanda oyandı...

***

- Bircə xanım, nə dərin xəyala daldın, - həkimin səsi məni günümə-saatıma qaytardı. - Hə, içək qırmızı şərabdan?

- Yox, siz için, mən istəmirəm.

- Mən səni qonaq eləmək istəyirdim, sən də özünü naza qoydun. Amma bir dəfə dadına baxarsan. Yaxşı, hardan başlayaq?

- Siz bilərsiz.

- Mən bilənə qaldısa onda dayanaq axırıncı sualın üstündə, səni küsdürən sualın, - deyib divana yayxandı.

- İlk vaxtlar sevinmədim, - dedim, - uşağım atasız, qaynanam oğulsuz qalmışdı, özümün də vur-tut 27 yaşım vardı. Ancaq valideynlərimin fəlakəti mənim müsibətimdən böyük idi. Ölən Emin yox, cəmiyyətin ən alçaq adamı, lap elə oğru, əyyaş olsaydı yenə onları yandıracaqdı, çünki o yaşda dul gəlin yiyəsi olmağın özü onlardan ötrü bir faciəydi – yedəyində bir uşaq, evi-eşiyi yox. Hərçənd belə məhrumiyyətlər də onların gözünü qıra bilməzdi, mənimkilər bilirsizmi ən çox nədən qorxurdular?

- Nədən?

- Ərsiz qalandan sonra pozğun olub onların üzünü qara eləyəcəyimdən qorxurdular. Hələ ərim ölməmiş atam-anam o evdə nələr çəkdiyimi bilirdi. Mən ağzımı açıb dərdimi danışmaq istəyəndə anam ağzımdan vurub “Sən o evdən ancaq kəfəndə çıxacaqsan” deyirdi. Siz dediyiniz o fironluq vaxtının qanunları işləsəydi anam məni öz əlləriylə boğub ərimin qəbrinə uzadardı.

- Sənə elə gəlmir ki, bir az şişirdirsən?

- Bəlkə də kiçildirəm,

- Yaxşı, bəs nə zaman sevindin?

- Ayrı yaşasaydıq bəlkə həyatımız da ayrı cür olardı, azından iki uşaq doğardım, özümü ərimə sevdirə bilərdim.

- Ana-ata yanında sevdirmək olmur?

- Olmur. Deyim niyə olmur? Səhər geyindirib işə yola saldığın kişi günortaya təzə yarpağın dolmasını istəyir. Bu yandan da anasının könlünə xəngəl düşüb. Əlində xəstə uşaq, kənd şəraiti, ərzağın çoxu evdən aralı anbarda, otaqlar böyük, sayı da çox, yığıb-yığışdırmaq olmur, həyət-bacanın ucu-bucağı yox, özün də tək, köməksiz, hamı ilan qabığından sıyrılan kimi yuvasından çıxıb gedib. Təkbaşına hər işi görüb qurtarıb günorta süfrəsini saat bir tamama açmalısan. Nə qədər qoçaq olsan xəngəli çatdırarsan, yarpaq dolmasına vaxt qalmayacaq. Bütün yolu özünü dolma yeməyə kökləyib gələn ər süfrədə xəngəl görəndə bilsəniz nə hala düşürdü! Bundan sonra hansı sevgidən, hansı mehribanlıqdan danışmaq olar? Deyə də bilmirsən ki, sənin istəyinin üstündən özcə anan xətt çəkib.

- Belə şeylərə görə davanız düşürdü?

- Bu hələ ən yaxşısı, ən hörmətlisidi.

- Bəs gecələr? Siz küsülüsüz, onunsa təbii istəyi var, bəs onda?

- Biz tərəflərdə o istək ancaq kişilərdə olur, özü də bunun umu-küsüyə dəxli yoxdu, istədiyi vaxt yatağına sürünəcək.

- Kim yazıb bu qanunu?

- Əlahəzrət mentalitet.

- Birdən qadın da belə bir ehtiyac duysa, küsülü olduğu ərinə yaxınlaşıb bu istəyini dilə gətirsə?..

- Onda kişi o qadının bütün nəslini, keçmiş-keçənini ələkdən keçirəcək, ona fahişə damğası vuracaq, ən yaxşı halda bu istəyinə görə qadını araya qoyub güləcək.

- Fəlakət, savadsızlıq, nadanlıq! Bəs sən ordan canını qurtarmağın başqa yolunu fikirləşmirdin?

- Niyə fikirləşmirdim? Boşana bilməzdim, ayrılıb ayrı ev olmağa da o razı deyildi. Nə düşünürdüm hamısı dalana dirənirdi. Bircə yol qalırdı – ikimizdən birimiz ölməliydik. Tez-tez xəstələnirdim deyə onlar da, mən də belə düşünürdük ki, ölən mən olacam. Hamı buna əmin idi, elə bil əzrayılla müqavilə bağlamışdılar. Dediyim kimi, mənim özümü də inandırmışdılar. Mənə gedərgi adam kimi baxırdılar, ölməyimi gözləyirdilər. Bu üzdən körpəmi əmizdirməyə də imkan vermədilər.

- Amma hər şey tərsinə oldu.

- Ərim öləndən sonra da iki il katorqa rejimində yaşadım. İçimdə bəxtəvər idim, di gəl, sevincimi üzə vura bilmirdim. İndi siz mənə yenidən ailə qurmağı məsləhət görürsüz...

- Bəli, qurmalısan, sən cavansan, yaşamalısan.

- Ərsiz yaşamaq olmur?

- Onda da döşlərin bu günə qalır da, - deyib həkim ucadan güldü.

- Özünüzü mənim yerimə qoyun, siz sevinərdiz belə ölümə?

- Ən azından sənin kimi qara don geyinməzdim.

- Elə bilirsiz o donu könüllü geyinmişəm? İndi qara don altında nə qədər qadının diri-diri basdırıldığını, həyatının vaxtsız puç olduğunu yaxşı bilirəm. Təkcə mənim kəndimdə azı iyirmi belə gəlin var.

- Bəlkə də sən onların ən xoşbəxtisən, düz deyirəm?

- Düz deyirsiz, mənim heç olmasa evim var, atam, qardaşlarım arxamdadı, çox uşağım yoxdu.

- Ən böyük üstünlüyün budu ki, sənin kitabların var, mütaliə vərdişin var. Uşağına nağıl oxuya bilməyən gəlinlər olub xəstələrimin arasında.

- Kitablar olmasaydı, bəlkə də çoxdan intihar eləmişdim.

- Eləməzdin. Bax sənə şərab təklif elədim istəmədin, çünki onun dadını, qoxusunu bilmirsən. Həyatda dadını bilmədiyimiz milyonlarla gözəllik var. Əvvəldən oxumasaydın kitablara da mənim şərabım kimi baxacaqdın. Sadəcə bu həyatdan o ləzzəti dadmamış gedəcəkdin, dadını bilmədiklərin kimi.

- Tolstoyun, Remarkın, Voyniçin, Sabirin dadını bilməsəydim doğrudan bədbəxt olardım.

- Yaxşı, ailə qurma, qoy bir nəfər dostun olsun. İstəyəndə görüş, dərdləş, lap oxuduğun kitabları müzakirə elə.

İndi də mən bərkdən güldüm:

- Ay həkim, mənim kəndimdə dul gəlinin saçına erkək milçək də qona bilməz. Bu fikrə düşən qadın elə sanın ki, öz qətlinə fərman verir. Bir göyçək gəlin vardı, uşağı olmadı boşadılar. Bir il çəkmədi doğmaca atası onu boğub öldürdü. El yığılıb o bədbəxti dəfn elədi, bir adam bu işi açıb-ağartmadı, bir kimsə qatil atanın üzünə gəlmədi. Hamı evində gizli-gizli pıçıldaşdı, heç kim o kişini qınamadı, əksinə, hər kəs ocağının başındakı qız-gəlinə barmaq silkələdi, qapısına elçi gələn balasını xonçada sevincək təhvil verib dərindən nəfəs aldı. Qızını boğan atanı namus pəhləvanı kimi xeyirdə-şərdə başda oturtdular.

- Fəlakət! Yox, biz düzəlmərik. Mən də belə hadisələrin çox şahidi olmuşam.

- Mənə elçi düşən kişilərin çoxuyla söhbət eləmişəm. Bilirsiz hamısının ilk sualı nə olub? Salamını alan kimi soruşublar ki, ərin öləndən bəri neçə kişiylə görüşmüsən?

Ağabəy həkim bu yerdə qəzəblə gülüb rusca yağlı bir söyüş söydü. Sonra elə bil o söyüşü öz dilimizə tərcümə elədi:

- Pəzəvənglər!

Aralığa qatı sükut çökdü. Professor qalxıb pəncərəni açdı, özünə də, mənə də su süzüb yanıma qayıtdı.

- Onda sənə bir məsləhətim olacaq – sən yaz.

- Nə yazım?

- Ürəyindən nə keçir – yaşadıqlarını, başına gələnləri.

- Gündəliyim var.

- Gündəliyini bir az genişləndir, hisslərini öz adıyla, olduğu kimi yaz.

- Onları yazmaq da qorxuludu.

- Eee, səninki olmadı, nə deyirəmsə mız qoyursan.

- Axı mənim yazmağım nəyi dəyişəcək, kimə maraqlıdı bunlar?

- Sən mənə danışdıqlarını doğru-dürüst, səmimi yazsan bizim də Virciniya Vulfumuz olar. Üstəlik bunun sənin sağlamlığına da çox böyük faydası olar.

- Deyirsiz yəni Vulf kimi məşhur olaram?

- Kobud, qəddar! Sən məni ələ salırsan?

- Yox vallah, doxtur, zarafat elədim.

- Onda get öz kəndində çürü! Kənddə görəcəyin bir iş yoxdusa özün kimi dul qadınlara qara paltar tik, bundan yaxşı pul da qazanarsan.

- Ona da səbrim çatmaz.

- Tutaq ki, yer üzündə kitab da yoxdu, bəs onda neyləyəcəkdin?

- Onda yaxşı mürəbbələr bişirərdim, dadlı yeməklər hazırlayardım.

- Bəyəm bunları indi eləmirsən? Yoxsa mənə gətirdiklərini özün bişirməmisən?

- Hamısını özüm bişirmişəm.

- Onda heç olmasa boş vaxtlarında mürəbbə bişir sat.

- Həmişə belə bir arzum olub – istəmişəm öz dükanım olsun, bişirdiklərimi orda satım.

- Burda nə çətin iş var? Aqillə danışım sənə şərait yaratsın.

- İnşallah Bakıya köçəndən sonra bu arzumun dalınca düşəcəm...

***

Hər seansı beləcə şirin atışmalarla başa vururduq. Ağabəy həkimi gah əsəbiləşdirirdim, gah heyrətləndirirdim, gah da onun dilə gətirdiyi bir fikrin qanadından tutub cəhənnəm dəryasında boğulmaqdan qurtulurdum.

Uşaq vaxtı nənəmə acığım tutanda onun çör-çöpdən, qarğıdan, qırıq-quruq parçadan qurayıb qaşını-gözünü kömürlədiyi kuklaları didikləyib dağıdırdım, söküb tullayırdım. İndi şöhrətli həkim bir zaman qarğı kuklaların başına açdığım oyunu mənim öz başıma gətirmişdi – məni qol-bud eləyib içimdəki müti, aciz, yazıq, qorxaq qadını gizləndiyi küncdən gün işığına çıxarmışdı, üzündən kömür qarasını yuyub ondan mübariz, dikbaş, ötkəm, cəsarətli bir qadın yaratmışdı. Özüm özümü tanıya bilmirdim.

- Bircə, mənim səndən istədiyim bilirsən nədi? İstəyirəm sosiallaşasan, cəmiyyət arasına çıxasan, işləyəsən, həyatın daha maraqlı olsun.

- Darıxmayın, kəndə çatan kimi anam məni sosiallaşdıracaq.

- Heç nə yazmasan belə məktub yazmağı dayandırma. Yazmağa adam tapmasan oğluna yaz, anana yaz, qonşuna yaz. Məktublarını heç vaxt oxumayacaq kəslərə yaz.

- Baş üstə, bax buna ürəklə söz verə bilərəm.

- İstəsən Aqili razı salaram, sənin üçün bir ekzemplyar xatirə kitabı da çıxartdırarıq.

- Olaram məşhur yazıçı!

Mənim şitəngi atmacalarım, özümü ələ salmağım həkimi əsəbiləşdirirdi, çünki artıq o mənə bir özgəsi, ya kiminsə bacısı kimi yox, öz əlinin məhsulu, zəhmətinin bəhrəsi, öz əsəri kimi baxırdı, ona görə də mənim özümə tuşladığım zəhərli oxlar məndən ötüb ona dəyirdi. Belə hallarda öz əsərindən imtina eləyən sənətkar kimi küskünləşib:

- Sən elə kənddə qalsan yaxşıdı, - deyirdi.

O belə deyəndə ikimiz də ürəkdən gülürdük, bu da olurdu bizim barışmağımız.

- Mən adətən sənin kimi xəstələri qəbul eləməkdən boyun qaçırıram.

- Mən necə xəstəyəm ki?

- Bunu ancaq dostlarıma etiraf eləmişəm, deyim sən də bil. Kaprizli, özündənrazı dul xanımlardan qaçıram həmişə. Səni Aqilin xətrinə qəbul elədim.

- Peşman oldunuz, eləmi? Yazıq dul qadınlar, heç bilməzdim onlardan həkimlər də bezarmış.

- Sözümdən incimə. Qoy deyim niyə qaçıram. Onlar öz tənhalıqlarına xəstəlik kimi baxırlar, tənbəl olurlar, daim diqqət istəyirlər. Onlara bir balaca can yandıran kimi vurulurlar həkimlərinə. Müsibət də bundan sonra başlayır.

- Yəqin sizə də vurulanlar çox olub.

- Bir vaxtlar bundan zövq alsam da indi bezirəm. Vaxtımı çox alır belə qadınlar. Sən onu birtəhər sağaldırsan, o isə çalışıb özünü yenə xəstələndirir, psixoloq, psixiatr yanına getməyi vərdişə çevirir. Mən ondan soruşuram Otellonu tanıyırsız? Xəstəmin cavabı nə olsa yaxşıdı? Ay həkim, deyir, “Aman Tello”ya çuşkalar toyda oynayırlar, mən cazı sevirəm. Onu yoxlamaq üçün bir fənd də işlədirəm. Mən də cazı çox sevirəm, deyirəm, yəqin Vaqif Mustafazadəni tanıyırsız. Gözlərini döyür. Getdiyim ölkələrin çoxunda Vaqifi tanıyırlar, ancaq bəzəkli kukla kimi mənim qarşımda oturan müasir şəhərli qadın belə bir dahini tanımır. Səncə, mən o xanıma hansı resepti yazmalıyam?

- Elə bilirəm mən o xanımlar kimi sizi bezdirməmişəm, ən azı hələ sizə vurulmaq fikrinə düşməmişəm.

- Əşi, səni güclə tapdırıb bura gətirirəm. Kaş qadın xəstələrim hamısı sənin kimi ola. “Ceyn Eyr”i, “Madam Bovari”ni oxumusan?

- “Ceyn Eyr”in filminə baxmışam, “Madam Bovari” haqqında çox eşitsəm də hələ oxumamışam.

- “Səfillər”i, ”Əcəl zəngi”ni oxumuş adam “Madam Bovari”ni niyə oxumasın axı?

- Hökmən tapıb oxuyacam.

- Oxu, sonra yenə özünə məktublar yaz. Bu dəfə arzuladığın kişinin adından yaz məktubu. Yazacağın məktublardan birini mən də oxumaq istərdim.

- Siz mənə bir-iki cümləlik nəsə yazın, mən o cümlələrdən tutub sizə nə boyda desəniz cavab yazaram.

- İndicə dedim axı bezirəm belə xəstələrdən.

- Özünüz təsdiqlədiniz ki, mən xəstə deyiləm, sizin o xəstələrdən çox fərqliyəm, ona görə ki, sizə vurulmamışam.

- Meteorit düşsün sən vurulan kişinin başına! Sənə bu qədər vaxt ayırıram, bəyəm bu özü məktub deyil?

- Mənim də başıma daş düşsün sizdən məktub umduğum yerdə.

Professor ləzzətlə gülüb əllərimi sığallaya-sığallaya onu incidən ərköyün xanımlardan danışmağa başladı:

- Bəzi yaş dövründə qadın dözülməz olur, bədənində gedən fizioloji prosesləri xəstəlik hesab eləyir. Təbiət qadına böyük bir kəramət, əvəzsiz şans verib. Qadın yaradandı, artırandı, qadın bədəni insan fabrikidi. Ən dəhşətlisi də odu ki, qadın bu mərhələlərin hamısından ağrı-acıyla, qovrula-qovrula keçir. Təkcə doğuş sancısı qaynar suda yanan insanın çəkdiyi ağrıdan qat-qat ağırdı. Bax belə bir ağrıya bir neçə dəfə dözən qadın qısqanclıq ağrısına, klimaks ağrısına dözə bilmir. Qəribədi, Allah bu sevimli bəndəsinə hər şeyi ağrıda-ağrıda verir, ağrıda-ağrıda da geri alır. Klimaks qadınlığın geri alındığı dövrdü, o periodda təbiət verdiyini qadından döyə-döyə alır.

- Çəkdiklərimizin səbəbini bir təbib kimi çox gözəl bilirsiz, ancaq yenə də əlimizdən gileylənirsiz.

- Gileylənmirəm, təbii halları xəstəliyə çevirməyinizdən bezirəm. Yanıma hamilə gəlin gətirirlər, ağlayıb özünü öldürür ki, mən doqquz ay necə dözüm bu ağrılara? Uşağı götüzdürmək istəyirəm, deyir, bəlkə o biri hamiləlikdə belə ağrımayacam? İndi də mən başlayıram ona yalvarmağa ki, ay qızım, tutalım bunu abort elədin, bəlkə bir də hamilə qalmayacaqsan? Sənin bədənin insan yaradır, ona can verir, ürək, göz, əl-ayaq yaradır. Bu proseslər, əlbəttə, səni ağrıdacaq.

- Nənəm deyərdi insanı gül kimi ağacdan dərsəydik, suyun üzündən tutsaydıq, alma kimi budaqda bitsəydi hörməti-urvatı olmazdı.

- Aha, gör necə gözəl deyib! Əzizim Bircə, demək istədiyim odu ki, siz bu qədər qüdrətliykən keçici təbii ağrılara məğlub olmayın. Sənin yanına çiban çıxıbsa, barmağına dəmir batıbsa buna dərhal yardım göstərərəm, amma menstrual ağrılarına, doğum sancılarına, klimaks kaprizlərinə özün qalib gəlməlisən, bütöv bir ailəni, nəsli klinikalara salmamalısan. İndi xarici ölkələrdə təbii ağrıların qarşısını alan dərmanlar buraxırlar, amma onlar da ziyanlıdı.

- Əmim arvadı on uşağının onunun da göbəyini özü kəsib, zahı vaxtı at minib çapıb, bu gün də top kimidi.

- İndiki mühit, əsəb, bir az da tənbəllik qadınların ömrünü azaldıb. Xəstəliklər çoxalıb, cavan, gözəl-göyçək qadınlarımızın döşlərində xərçəng yuva salıb...

Professorun mənlə artıq xəstəsi kimi yox, bir yetkin qadıntək danışıb-davranması özümə münasibətimi dəyişirdi. Ağabəy Sultanov kimi dərin zəkalı bir şəxsin xəstəsindən həmsöhbətinə çevrilməyim öz gözümdə dəyərimi artırırdı, məni bu şərəfə layiq olmağa səsləyirdi. Artıq aramızdan həkim-xəstə sərhədi götürülmüşdü, indi daha çox bir-birinin dərdindən anlayan bacı-qardaş, mehriban ata-bala, bir-birinin ömür amanatını gözünün içində qoruyan dost, sirdaş olmuşduq.

ardı var

# 8014 dəfə oxunub

Oxşar xəbərlər

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

“Ulduz döyüşləri”ndəki dəbilqə satıldı - Şok qiymət

09:24 19 noyabr 2024
"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

"Oynamamaqdansa, ölməyi üstün tuturam" - Ədəbiyyatın qumarbaz ədibləri

17:00 16 noyabr 2024
"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

"Redaktə problemləri adamı girinc edir, oxuyanda köhnəlik hiss edirsən" - Hekayə müzakirəsi

13:00 13 noyabr 2024
Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

Azerbaycanla aramıza sınır çizenler kim? - Saliha Sultan

15:49 11 noyabr 2024
COP-29 bizə niyə lazımdır?

COP-29 bizə niyə lazımdır?

09:30 11 noyabr 2024
Füzuli və müasir ədəbiyyat

Füzuli və müasir ədəbiyyat

15:00 10 noyabr 2024
# # #