“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayı təqdim olundu

“Dünya ədəbiyyatı”nın “Türkiyə: hekayə” sayı təqdim olundu
25 iyun 2019
# 18:35

İyunun 24-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni – “Türkiyə: hekayə” xüsusi sayının təqdimat mərasimi keçirilib.

Tədbirdə AYB rəhbərliyi, jurnalda tərcümələri çap olunan müəlliflər, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, şair, tərcüməçi Səlim Babullaoğlu dərgi haqqında ümumi məlumat verib: “Artıq 5 ildir ki, “Dünya ədəbiyyatı” dərgisinin hər sayı bir xalqın ədəbiyyatına, və ya bir janra, yaxud bir ədibin tərcümə yaradıcılığına həsr olunur. Bu sayda Türkiyə hekayəçiliyi öz əksini tapıb. Bu sayın hazırlanması prosesində Bakı Yunus Əmrə İnstitutuyla sıx əməkdaşlıq quraraq, onların köməyini və dəstəyini gördük. Bunun üçün onlara təşəkkürümüzü bildiririk. Düşünürük ki, jurnalın bu sayı ədəbi mühit üçün dəyərli töhfə olacaq”.

AYB-nin sədri, Xalq yazıçısı Anar “Dünya ədəbiyyatı” dərgisini, xüsusən Türkiyə hekayəçilyinə həsr olunmuş yeni sayını vacib və müsbət nəticəsi olacaq bir təşəbbüs kimi dəyərləndirib: “Görülən bütün işlərə baxmayaraq, hələ də hər iki ölkə arasındaki ədəbi əlaqələrdə çatışmazlıqlar var. Belə ki, bu ölkənin oxucuları hələ də bir-birinin ədəbiyyatlarını yaxşı tanımırlar. Bu baxımdan dərginin bu sayı çox vacib işdir. Türkiyə ədəbiyyatı dünya ədəbiyyatına çox mühüm hekayəçilər, ədiblər bəxş edib. Onları oxucularımız da yaxından tanımalıdırlar. Bu işdə əməyi olanların hər birinə təşəkkür edirəm”.

Bakı Yunus Əmrə İnstitutunun müdiri Cahan Özdəmir çıxışına Ümumilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” sözlərini xatırladaraq başlayıb: “Bu, həqiqətən də dəyərli sözdür. Ancaq onun həqiqi dəyərini göstərən görülən işlərdir. Bu dərgi bu sözü təsdiq edən, iki millət arasında ədəbi körpü yaradan dəyərli işlərdən biridir. Bənzər çalışmaların, hər iki ölkədə davam etdiriləcəyinə inanıram”.

Tədbirdə C.Özdəmirə iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişafında səmərəli xidmətlərinə görə Azərbaycan Mədəniyyət Nazirliyinin fəxri fərmanı təqdim olunub. Mükafatı təqdim edən AYB-nin katibi Rəşad Məcid C.ÖZdəmiri yaxından tanıdığını, onun Azərbaycan ədəbiyyatına dərindən bələd olduğunu vurğulayıb, ədəbi əlaqələrimizin inkişafındakı xidmətlərindən söz açıb. Dərginin yeni sayını əlamətdar hadisə hesab edən R.Məcid Mərkəzin sədri Səlim Babullaoğlu və dərginin baş redaktoru Seyfəddin Hüseynlinin hər zaman dəyərli işlərə imza atdıqlarını, onların birgə işlərinin öz sanbalı, yüksək səviyyəsi ilə seçildiyini vurğulayıb.

Baş redaktor Seyfəddin Hüseynli çıxışında dərginin bu sayının əlamətdar hadisələrin qovuşağında çap olunmasından xüsusi məmnunluq duyduğunu ifadə edib: “Əlamətdar cəhətdir ki, “Dünya ədəbiyyatı”nın bu sayı Azərbaycan Yazıçılar Birliyinin 85, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin 30, dərginin isə 15 illiyi ərəfəsində işıq üzü görür.

Dərginin yeni sayının məhz qardaş Türkiyənin ədəbiyyatına həsr olunması isə bir başqa yubileylə – parlaq tarixi hadisə ilə əlaqədardır.

İki qurumun sıx əməkdaşlığı və dərgi kollektivinin fəaliyyəti nəticəsində 55 müəllifin hekayə yaradıcılığından seçmələri bir dərgidə oxuculara təqdim olunur. Bildiyim qədəriylə bu qədər müəllifi birləşdirən antologiya son illərdə olmayıb.

Türkiyə hekayəçiliyi çox genişdir. Biz də qərara gəldik ki, yüz illik bir ədəbiyyat tarixini mümkün qədər optimal şəkildə əhatə edək. Şübhəsiz ki, istər yazıçıların, istərsə də, əsərlərin seçimi nisbidir. Amma bu yüz il ərzindəki hekayə məktəbini götürəndə, düşünürəm ki, kifayət qədər əhatə edə bilmişik. Biz yox, başqa kimlərsə də seçsəydi, ola bilsin, başqa-başqa hekayələri daxil edərdi, amma buradakı müəlliflərin, xüsusən də klassik sayılanların çox böyük bir qismini seçərdi. Son otuz-qırx ilin müəlliflərində isə müəyyən mübahisələr, müzakirələr ola bilər. Amma bgu bizim seçimimiz idi və bu seçimi mütəxəssislərlə müzakirəli şəkildə həyata keçirmişik. Əsərlərin tərcüməsinə gəldikdə, deyə bilərik ki, hər bir tərcümə bir növ həmin dilin imtahanıdır. Azərbaycan və Türkiyə türkcələri qohum da yox, qardaş dillərdir. Amma son iki əsrlik proseslər nəticəsində ciddi fərqlər də yaranıb. Redaktə prosesində də gördük ki, nə qədər ciddi fərqlər var. Dərgidəki müəlliflər fərqli üslublara, fərqli dil zənginliyinə sahibdirlər. Biz çalışdıq ki, mümkün dərəcədə əsərləri Azərbaycan dilinin üslub xüsusiyyətlərinə uyğunlaşdıraq. Son zamanlar belə bir xoş olmayan fikir yaranıb ki, Türkiyə türkcsindən Azərbaycan dilinə yaxşı tərcümələr olmur. Amma bizim tərcüməçilər sağ olsunlar ki, elə bir iş ortaya qoydular, redaktə prosesindən də sonra bu mətnlər əsasən Azərbaycan türkcəsinin materialına çevrildi. Bu işdə bizə dəstək olan hər kəsə, tərcüməçilərimizə, texniki işçilərə dərin təşəkkürümü bildirirəm”.

Şair, tərcüməçi Azad Yaşar çıxışında qeyd edib ki, “Dünya ədəbiyyat”ı dərgisinin Türkiyə hekayəçiliyi ilə bağlı xüsusi sayına olduqca dəyərli və maraqlı, əksəriyyəti indiyə qədər dilimizə çevrilməyən nümunələr daxil edilib. O, dərgidə təkcə tərcümələrlə kifayətlənilməyib, Türkiyə hekayəçiliyi ilə bağlı nəzəri materiallar, eləcə də müəlliflər, onların əsərlərini Azərbaycan dilinə çevirən tərcüməçilər haqqında məlumatlar verilməsini mühüm cəhət kimi vurğulayıb.

Tanınmış ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli dərginin önəmindən, yeni sayda yer alan materialların ədəbi dəyərindən bəhs edib, zəhməti olan hər kəsə təşəkkürünü bildirib.

Sonda “Dünya ədəbiyyatı” dərgisinin “Türkiyə: hekayə” xüsusi sayı qonaqlara hədiyyə olunub. /525.az/

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
Coli boşandıqdan sonra sərvət qazandı

Coli boşandıqdan sonra sərvət qazandı

16:40 18 aprel 2024
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar icmal hazırlandı

16:00 18 aprel 2024
# # #