Uşaqlara pulsuz saqqız paylayan satıcı – Hekayə

 Uşaqlara pulsuz saqqız paylayan satıcı – Hekayə
11 may 2019
# 15:32

Kulis.az Tural Cəfərlinin “Sorğu” hekayəsini təqdim edir.

İztirab arzudan doğur.

Budda

-Hansı gün?

-Bu gün.

-Uğurlar!!!

Anasının göz yaşları qurumaq bilmirdi. Ağ buludları xatırladan saçlarını daradıqca əlləri daha da sehirli şəkil alırdı. Elə bil saçlarını yox, ürəyinin qanayan tellərinə sığal çəkirdi. Həlim-həlim, tələsmədən qıvrım saçlarını darayıb güzgüdə uzun-uzadı özünə baxırdı... Gürcü qızıdı. Atası Qvami Tiflisdə dəmiryolçu işləyib. Anası Lyudmila həmişə onu rus tərbiyəsinə uyğun böyütsə də, qızın canından gürcü intonasiyası heç cürə çıxmırdı ki, çıxmırdı. Nataraz duruşu, anlaşılmaz gülüşü və günəbaxan kimi yumru sifəti onu bir az da maraqlı göstərirdi...

- Nə vaxt?

- Dünən...

- Təəssüf...

Məndən soruşanda “həkimdi” deyirdim. Amma işləmir. Süd zavodunda vakansiyalar verilmişdi. İşə düzəlmək üçün “cv” yazdım. Təhsili: Ali. İş təcrübəsi: yoxdur...

Altı ay dayanmadan bütün iş vakansiyalarına “cv” yazdım. Axırda yoruldum. Qonşum Afiq dayının balaca dükanında satıcı işlədim. Uşaqlara pulsuz saqqız verirdim. Hər gün saqqız pulunu maaşımdan çıxırdım. Cəmi 2 manat pulum gedirdi. Bu məni narahat etmirdi. Əksinə özümü çox məmnun və xoşbəxt hiss edirdim...

-Və?

-Bitdi...

-Təbriklər!!!

Xəbər duman kimi bütün kəndi bürüdü. Bir topa adamın içindən “cır” səsin vahiməsi hamını qorxuya salmışdı. Hələ heç kim belə təlaşa düşməmişdi. Habilin inəyi ölmüşdü. Sonra Habilin səsi kəsildi. Hamı evinə dağılışdı. Həmin il heç kimin toyu olmadı. Kənddə heç yas da düşmədi...

-Sevirsən?

-.......

-Bağışla...

-Arvad başını tutub evdən çıxdı. Arxasınca qonur pişik mivoldamağa başladı. Pişiyin quyruğu sual işarəsi kimi arvadın naməlum baxışlarına tuşlanmışdı. Ruh kimi həyəti dolaşmağa başladı. Əlində bir çətir tutmuşdu. Amma deyəsən o çətirin həmin günə heç bir aidiyyatı yox idi...

-Gedək?

-Hara?

-.....

Vəziyyət o yerə gəlmişdi ki, bacısını “yüngül” biri kimi tanımağa başlamışdılar. Bunu əlində təsbeh fırladan məhlə uşaqları qeyzlə danışırdı. Və biri, iddialı şəkildə o qızın dadına baxdığını, hələ də bunun təsvirindən həvəslə danışaraq bundan inanılmaz zövq aldığını bildirirdi...

Sonra qızı əmisi oğluna nişanladılar. Bir il sonra toyları oldu. İndi çox xoşbəxtdilər. Şaiyəni yayan oğlanlardan biri Bayıl türməsində, o biri isə kafedə işləyir. Hər ikisinin də o qız haqqında olan fikirləri dəyişməyib...

-Bəs axırı necə olacaq?

- Axırda qalan bilər...

Cərrah böyük ürək ağrısı ilə Humayın bir döşünü kəsməyə məcbur olmuşdu. Xərçəng Humayın zərif bədənini bir iynəyə sap etmişdi. İki il bundan qabaq Surqut şəhərindən qayıdan əri Pənahın ilkin müşahidələrindən bu şişin böyüdü məlum olmuşdu. Aradan keçən il yarım təzəcə ərə gedən Humayın başına belə bir bədbəxt hadisəni gətirmişdi. Kəndin ağbirçəkləri bunu Humayın “ərsizliyindən” yarandığına inanırdı... Pənah bir aydan sonra Surquta qayıdanda Humay öz narazılığnı əli ilə tək qalan bir döşünü sıxmaqla bildirmişdi...

-İndi nə edək?

-Unudaq...

-Onda sən başla!

Həqiqətən də o boşboğaz idi. Mənasız söhbətləri hamını bezdirmişdi. Hamı bilirdi ki, danışdıqları ucuz “əhvalat”dan başqa bir şey deyil. Xırda burnu var idi. Nərd zərindən bir az böyük. Adama elə gəlirdi ki, güclə nəfəs alır. Əfqanıstanda ağır yaralanmışdı. İki ay müalicə aldıqdan sonra təxris olunmuşdu. Evlənsə də, uşağı olmurdu. Bunu özünə dərd eləmirdi də. Ancaq BMT-dən, NATO-dan danışırdı. Özü də ucadan, yorulmadan, sevinə-sevinə....

-Sonra?

-Biri o birindən pis cavab verirdi...

# 3706 dəfə oxunub

Oxşar xəbərlər

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

"Folklordakı Cırtdan avtoritetinin məhv edilməsi..." - Necə oldu ki, Qırmızıpapaq Canavarın sevgilisinə çevrildi?

15:00 19 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... -  Sual soruşmağı kim yasaqlaya bilər ki?

Onun nə vaxt uydurduğunu, nə vaxt gerçəyi söylədiyini anlamaq olmur... - Sual soruşmağı kim yasaqlaya bilər ki?

17:20 10 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər