news-inner
clock21:00 calendar-gray 06 May 2019 view-gray463 dəfə oxunub
view-gray463 dəfə oxunub

Dəvələr, atlar, şarlar... - Rəvan Caviddən Yeni Hekayə

Kulis.az Rəvan Cavidin “Dəvələr, atlar, şarlar...” adlı hekayəsini təqdim edir.

Dəvələr quyuya atılırdı, toplar səbətə düşən kimi. Quyunun ağzı palçıqlı olduğundan bəzilərinin ayaqları sürüşür, düşünməyə macal tapa bilmirdilər. Suyun üzərinə ağır daş kimi çırpılır, səssiz-səmirsiz yoxa çıxırdılar.

Karvandakı sonuncu dəvənin nə ayağı sürüşdü, nə də özünü Cordanın əlindəki top kimi hiss etdi. Çömbəlib dostlarının arxasınca xeyli baxdı, baxdı. Qəfil hönkürtüsündən kənardakı dağdağan ağaclarının budaqları silkələndi, yarpaqlarından qarışqalar yağdı. Ucsuz-bucaqsız çölün tənhalığı dəvənin boynunda yük idi; o, ya digərləri kimi bu quyuya atılacaq, ya da çölün kimsəsizliyini dolduracaqdı. O isə ölməyi seçdi və başını quyunun kənarındakı daşa çırpıb intihar etdi.

***

Ona yalan danışmağı mən öyrətdim, ilk yalanı da mənə danışdı. Murovdan dəvə karvanının düşdüyünü dedi. Bir anlıq buralarda artıq əfqanların yaşamadığını, Qarabağ müharibəsindən sonra köçüb getdiklərini, karvanlarını da özləri ilə keçmişə çevirdiklərini unudub arxaya çöndüm. Heç nə yox idi. Güləndə hələ də körpə olduğunu anladım və özümə söz verdim ki, bir də onu siqaret almağa göndərməyəcəyəm. Hər dəfə "Camel"dən birini də ona uzadar, çəkməsi üçün israr edərdim. Gecələr anasının danladığını eşidib vicdan əzabı çəkmək adətim olmuşdu. Sarvan bizim məhlənin ən balaca sakini idi. Ondan sonra qadınlar hamilə qalmadı. Anası Züleyxa blokdan beş-on addım qabaqda qutab bişirib satar, atası Yusif mobil nömrələrin sifarişini alardı. Qapısına "Nar, Cin, Sim nömrələr satılır" yazılmış budkada həm də telefonların təmiri ilə məşğul olan cavan oğlan işləyirdi. Günlərin birində oğlanı maşın vurdu, yerindəcə keçindi. Həyat isə davam edə bilirdi onsuz.

Sarvana Şəmslə Mövlananın dostluğunu danışırdım tez-tez. Fikir verirdim ki, dinləyəndə gözləri yol çəkir, elə bil kimisə gözləyirdi. Dəfələrlə Şəmsin necə qeyb olduğunu soruşmuşdu, axırıncı görüşümüzdən savayı heç vaxt ona bu barədə danışmamışdım.

Avqustun yeddinci günü Sarvan bikef yanıma oturdu. Siqaret istədi. Mən də verdim. Həmişəki kimi peşman olacağımı bilə-bilə verdim. Şəmsin necə qeyb olduğu barədə bircə dəfə soruşdu. Kefini bir az da pozmayım deyə danışdım. Bura yazıb onu yenidən incitmək istəmirəm. Siqareti yerə atıb uzaqlaşdı.

Şər qarışanda məhləmizin quyusunun başına bütün məhlə əhli yığılmışdı. Züleyxayla Yusif diz çöküb quyunun zil qaranlıq dibinə baxırdı, sanardın, səcdədədirlər. Sarvan özünü quyuya atmışdı, amma suyun üzündə eləcə oturmuşdu, batmırdı, adamlar da onu görüb heykəl kimi donmuşdular. Atasının suallarına cavab vermirdi, elə bilirdilər, eşitmir. Başımı əyib qışqırdım:

"Niyə quyuya düşdün, nə gəzirsən orada?"

Quyunun dibindəki qaraltının səsini bircə mən eşitmişdim: "Rumini gözləyirəm..."

***

İlxıdakı atlardan biri kişnəyib ayağını quyunun yanındakı qoca dağdağan ağacına vurdu. Ağacın yarpaqlarından qarışqalar yağdı. At sakitləşə bilmirdi, quyuda nə isə görmüşdü, qorxub ağaca tərəf qaçmışdı. Kənarda sərilən dəvəni isə yatmış bilib yaxınlaşmırdılar. İlxı yavaş-yavaş uzaqlaşır, dağdağan ağacını ayaqları ilə döyəcləyən at isə öz anlaşılmazlığını davam etdirirdi; rəmənin yorğun gözlərinə gah görünür, gah da yoxa çıxırdı.

***

Sarvanın quyuya düşüb Rumini gözləməyə başladığı gündən iki il, iki ay, iyirmi səkkiz gün keçirdi. Ruminin nəinki Sarvandan, heç quyudan da xəbəri yox idi. O, öz itmiş karvanını axtarırdı. Qozbel atı tez-tez yorulur, tövşəyir, Rumini belindən salırdı. Tanrı atı dəvəmi yaratmaq istəmişdi? Dodaqları, beli, quyruğu dəvələrdəki kimi, ayaqları, gözləri, səsi isə atlardakı kimi idi. Günlər keçir, nə Rumi gəlib bizim məhləyə çıxırdı, nə də Ruminin karvanı tapılırdı. Uşaqlar Züleyxanın qutablarını yedikcə yazıq qadının gözləri dolur, həsrətlə quyuya tərəf çevrilirdi. Sarvan isə heç nə yemədən, içmədən o məzlum qaranlıqdaca tale dostunu gözləyirdi.

Atlar kəndimizdə maşın sürməyə başlayanda heç kim təəccüblənmədi. Əvvəllər belə şeylər olmuşdu. Camaat bu qəribəliyin fərqinə Yusifin yanında işləyən gəncin qəzaya düşdüyü gün vardı. Atlardan biri onu vurmuşdu. Başı daşa dəyib boynu qırılmışdı. At zar-zar ağlayırdı, ancaq heç kim ona məhəl qoymur, hamı gəncin nakam həyatına üzülürdü. Bu hadisədən sonra atlar kəndimizdən köç etdi. Yay səhəri oyanıb gördük ki, bir dənə də at qalmayıb, tövlədən qaçıblar.

Payıza doğru havalar sərinləyir, arada küləklər dağdağan ağaclarını yelləyirdi. Məhləmizə təzə köçən ailənin balaca qızı hər gün şar alıb doldurar, sonra ətrafı məftillə hasarlanmış quyunun yanına gəlib oynayardı. Bunu bircə mən izləyirdim, çünki hekayənin necə bitdiyini bircə mən bilirdim.

Yusifin budkası artıq işləmirdi. Züleyxa da artıq qutab bişirmək istəmirdi. Ailənin bircə oğlu quyuda qalmışdı, sağ idi, səsini eşidirdilər, özünü də qaraltı kimi sevirdilər. Neçə dəfə cəhd etdilər çıxartmağa, alınmadı. Sarvan gözlərini bir nöqtəyə düyünləyib bircə cümləni təkrarlayırdı.

"Rumini gözləyirəm..."

***

Sarı şar mavinin qulağına pıçıldadı:

"Uça bilərsən?"

Mavi şar qızcığazın əlindən siyrilib havaya qalxdı, ağacın budağına toxunub partladı.

***

Kəndin bütün qocaları öldü, bütün cavanları qoca oldu, uşaqlar böyüdü, Sarvandan sonra uşaq doğulmadığı üçün kəndin sonuncu nəsli kədər içində qıvrılırdı. Günəş az-az gəlir buralara, ağaclar quruyub əldən düşürdü.

Rumi karvanındakı sonuncu dəvənin bədənini tapanda ağlaya bilməmiş, qozbel atını kənardakı ağacın gövdəsinə bağlayıb qeyb olmuşdu.

Mən də köçməyə hazırlaşırdım. Kənddən canını qurtaranların övladı da olurdu, xoşbəxt həyatı da.

Yasəmən, quyunun həndəvərində şar oynadan qız da böyüyüb gözəlləşmişdi. Əllərindəki şarları papkalar, çiynindəki aşırmanı çanta əvəz etmişdi. Artıq hamı kimi onun da ailəsi kənddən köçürdü. Evlər boşalmışdı. Bu kənddən birinci atlar, sonra şarlar, indi də adamlar getmişdi. Çamadanı yığıb həyətə çıxdım. Yusiflə Züleyxa oğullarını quyuda qoyub tərk etmişdilər. Sonuncu dəfə quyuya baxdım. Qaraltı yox idi. Adını qışqırdım. Bir səs eşitmədim. Quyudan qırmızı rəngdə şar gözümün önündən havaya yavaş-yavaş qalxırdı. Sonra budaqların arasında çöpə keçib partladı./525.az/

news-inner-user
Rəvan Cavid

16 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Xristianlığa meyl edən gənclərimiz - Əsəd Cahangir yazır...
21:00 20 Avqust 2019
Aktyorumuz beynəlxalq mükafat aldı
18:47 20 Avqust 2019
Maestro Niyazinin xatirəsi anılıb
18:06 20 Avqust 2019
Oxuduğuma görə məni döyürdülər
17:34 20 Avqust 2019
AYB sədrliyinə namizəd olan gənc: “Bizə təhdid mesajı gəlib”
16:33 20 Avqust 2019
Xan Şuşinski birinci arvadının istəyi ilə özündən 30 yaş cavan qız almışdı – Maraqlı Faktlar
15:34 20 Avqust 2019
Məşhur sovet rejissoru xəstəxanaya yerləşdirildi
14:16 20 Avqust 2019
Filmimiz daha bir beynəlxalq uğura imza atıb
13:38 20 Avqust 2019
Qızlar 14 yaşında ərə getsin! – Ayxan Ayvaz yazır...
12:33 20 Avqust 2019
Anardan Firudin Qurbansoya etiraz gəldi
12:01 20 Avqust 2019
Ədəbiyyat insanı əqli inkişafdan saxlayır
11:22 20 Avqust 2019
"İmtahan" serialının Eldarı insult keçirdi
10:25 20 Avqust 2019
Atalığının döyə-döyə öldürdüyü Murad
10:21 20 Avqust 2019
Yeni beynəlxalq teatr festivalı təsis olunub
09:32 20 Avqust 2019
“Hamilə qadın görəndə ikrah hissi keçirirəm”
09:00 20 Avqust 2019
Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
21:00 19 Avqust 2019
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
18:52 19 Avqust 2019
“Sonuncu Pərdə” filminin ilk tizeri yayılıb - Video
18:31 19 Avqust 2019
“Sosium” yenidən APA TV-nin efirində
17:44 19 Avqust 2019
Cinə inanan adam Nəsimini anlaya bilməz – Yazarlardan Firudin Qurbansoya sərt cavab
17:07 19 Avqust 2019