Onun ölümünə mən səbəb olmuşdum – Bircənin Romanı

Onun ölümünə mən səbəb olmuşdum – <span style="color:red;">Bircənin Romanı
3 may 2019
# 09:00

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Həkimin qoyduğu vaxta bir həftə qalmışdan Lalə hər gün atamın telefonuna zəng vurub məni təkidlə şəhərə çağırırdı. Onun bu hövsələsizliyi atamı da təbdən çıxarmışdı, oturub-durub məni dəhmərləyirdi:

- Bir həftə gec, bir həftə tez nəyi dəyişəcək, bacın da narahatdı, gəl yola salım, get yoxlan qayıt.

Mən onun dediklərini qulaqardına vurub qış tətilinin başlanmağını gözləyirdim ki, Cavidi də özümlə apara bilim. Üstəlik də yol gözümə durmuşdu.

Bir gün də Lalə telefonda qəribə bir söz işlətdi:

- Əgər bu iki gündə gəlməsən, ömürlük peşman olacaqsan.

Mən eşikdə piltə-piltə yağan qara baxa-baxa:

- Cavidsiz gəlmək istəmirəm, - dedim, - istəyirəm uşagı ordakı bayram tədbirlərinə aparım.

Bacım başladı mənə yalvarmağa:

- Axı mənim balalarım da geyinib-kecinib hazır durublar, sənin gəlib yoxlanmağını gözləyirik ki, kəndə gedək.

Onun danışdıqlarından bir şey anlamasam da həkimin dediyi vaxtdan bir gün əvvəl Bakıya yollandım. Mən şəhərə çatandan sonra qar bir az da gücləndi. Lalənin halı özündə deyildi, çox fikirli, qayğılıydı, dindirən kimi ağlayırdı. Arabir pəncərədən yağan qara baxıb öz-özünə danışırdı.

Gəldiyim günün səhəri həkimin yanına getməyə qar-çovğun imkan vermədi. Əri evdən çıxandan sonra Laləni qarşımda oturdub sorğu-suala tutdum:

- De görüm sənə nolub, olmaya ər-arvad dalaşmısız?

Bacım başıyla yox dedi.

- Yaxşı bəs nə məsələdi? Gəl-gəl deyib kirimirdin, indi gəlmişəm, əlini yandıran nəydi, barı onu göstər.

Qız yenə ürəyindəkini açmadı. Səhəri Hakim gəlib məni həkimə apardı, yazılan dərmanları aldı, sonra məni Laləgilə düşürüb işinə getdi.

Axşam bacım dərman qutularını masanın üstünə töküb hamısının içliyini oxudu, qaytarıb yerinə yığdı, gəlib durdu qabağımda:

- Sənə bir söz demək istəyirəm.

- Görürəm sözlü adama oxşayırsan, amma niyə demirsən bilmirəm.

Lalə ehmalca divana çöküb ağır xəbər verməyə hazırlaşan adam kimi gözlərimin içinə baxmağa başladı:

- Amma nolar bir az möhkəm ol.

Bacımın əllərini dizlərinin üstündən götürüb sinəmə sıxdım:

- Sən Allahın tez elə, çatladım mən.

Lalə üzümə yazıq-yazıq baxıb hönkürdü:

- Bircə, Fuad ölüb!

Bir anlıq çaşıb tutuldum, heç nə xatırlaya bilmədim:

- Fuad kimdi, hansı Fuad?

Bacım ağlamağını xırp kəsib üzümə tökülmüş saçlarımı əliylə geri atdı:

- Necə yəni hansı Fuad, yadında deyil Fuad?

İndi də mən bacımın başını əllərimin arasına alıb gözlərinin içinə baxdım, dediyinin doğruluğuna inanmaq istəmədim. Elə bildim hansısa qüvvə ayaqlarımı cütləyib məni boyum bərabəri yerin altına çəkdi.

- Nə təhər öldü axı, niyə öldü? Bəlkə səhv eşitmisən, kim dedi sənə?

Lalə dinməzcə üzümə baxıb suallarıma cavab vermirdi, görünür qara xəbəri öz canından mənim canıma ötürüb sakitləşmişdi. İndi də mən partlamaya düşmüşdüm. Handan-hana bacım ağzının möhürünü qırdı:

- Mən sənə bundan ötrü yalvarırdım tez gələsən. Səlbi xalası zəng vurub dedi mənə. Yaman şiş çıxıbmış boğazından, bütün yayı xəstəxanada yatıb. Sonra da belə. Dünən üçünü veriblər.

İkimiz də suçlu-suçlu gözlərimizi bir-birimizdən yayındırırdıq; baxışırdıq, ancaq danışa bilmirdik. Xeyli keçmiş Lalə qəfil qayıtdı:

- Deyəsən sən heç kədərlənmədin. Bir söz de, bir din görək nə fikirləşirsən?

Bacımın təhnizlərindən utandım. Düz deyirdi, əslində mən indi kədərlənməkdən çox ürəyimin səsini dinləyib ona ərə getmədiyimə görə sevinirdim. Utanmaqdan, danmaqdan keçmişdi daha:

- Sən də məni qınadın, eləmi? Yaxşı, birdən biz evlənmiş olsaydıq? Əlimdə qıpqırmızı qaradaban diplomu, qoltuğumda yetimlər yenədəmi anamın hüzuruna qayıdacaqdım? Bax mənim indi, bu dəqiqə düşündüyüm bunlardı.

Lalənin iri gözləri bərəldi:

- Səni tanıya bilmirəm, orda toysuz-paysız, bir ildi ərşi-kürşü yanan bir cavan ölüb, gör sən nə düşünürsən.

- Adamın qisməti buymuş, mən neyləyə bilərdim?

Lalə aramızdakı pərdəni çırmaladı:

- Heç olmasa elə dost kimi bircə zənginə, bircə məktubuna cavab verəydin. Bu il yarımda gör neçə yol gəlib getdin, bircə dəfə yazığı axtarmadın.

Bacımın üzü dönmüşdü, az qalırdı Fuadın ölümünü mənim boynuma yıxsın. Əslində mən elə Fuadın öz sözündən tutub geri dönməmişdim. Bir dəfə tamam ayrı məsələdən danışanda o mənə belə demişdi: “Getmək fikrin qətidisə kürəyinə güllə tuşlasalar da çevrilib geri baxma. Baxsan düşmənin baxışları səni yumşaldıb zəiflədəcək. Gedə bilsən sən qalibsən”.

- Axı mən hardan biləydim adam öləcək? Bir də onun ölümündə məni niyə qanlı tutursan? Onlar deyənə dursaydım indi hansı cəhənnəmdə bişirdim, bunu fikirləşmisən heç?

Lalə gözünün yaşını silib dedi:

- Səni tanıya bilmirəm, gör nəyə sevinib özünə nəylə təsəlli verirsən.

Bacım məni otaqda tək qoyub yatmış balalarına baş çəkməyə getdi. Divanda oturuqlu qalıb gözlərimi bir nöqtəyə zillədim. Lalənin töhməti-qınağı başıma batmırdı, günah duyğusu, vicdan əzabı da qəlbimi üşütmürdü; beynimdə yalnız bir fikir dolaşırdı: gör nə boyda bəladan sovuşmuşam! Əlbəttə, Fuadın ölümünə sevinmirdim, öz qurtuluşuma sevinirdim. Onun ölümünə sözün bütün mənalarında şərik olmadığıma, yenidən alnıma qaradaban, bəduğur, başyeyən damğası vurdurmadığıma sevinirdim. Düşünürdüm bax indi bu divanda sakitcə oturmuşamsa, ağlayıb sızlamıramsa, deməli, mən o adamı heç sevməmişəm.

Gecədən xeyli keçmişdi. Artıq ürəyimə hardansa bir mərhəmət duyğusu da sızırdı. Balkonlarda keşik çəkən işıqlara, adamsız qarlı küçələrə baxa-baxa düşünürdüm: mən ömrümü elə belə də başa vurmalıyam. Mənə barmaq tuşudan kişilər fələyin qəzəbinə gəlirsə, daha bundan sonra əzrayıla heç kimin ünvanını göstərməməliyəm. Təklik mənim alnıma yazılıb...

***

Heç bilmədim nə vaxt məni huş aparıb. Səhər bacımın üzünə baxmamaq üçün adətim xilafına yatağımda xeyli eşələndim – Lalə bir də o söhbətə qayıdardısa ona nə cavab verəcəyimi bilmirdim. Aramızdan pərdənin büsbütün götürülməsi məni çox qorxudurdu.

Xasiyyətimi bilən bacım özü qapını aralayıb başını içəri soxdu:

- Niyə durmursan? Qalx geyin, bir azdan Səlbi oğluyla dalınca gələcək.

Heyrətlə qorxu başımda əlbəyaxa oldu:

- Nəyə gəlir?

- Necə nəyə gəlir, sən indi yasa da getməyəcəksən?

Lalənin axşamkı ötkəmliyi öləziməmişdi, həmin anlarda elə bilirdim bacım mənə nifrət eləyir. Mənə bu qədər əziz, bunca doğma adam birdən-birə dönüb yaddan da yad olmuşdu. Bilmirəm özümdənmi, yoxsa ondanmı soruşdum:

- Nəyə gedim axı, necə gedim, orda mənim nə işim var?

Lalə hələ də Fuada ağlayırdı, yanıxırdı, özünü kiridə bilmirdi.

- Sən belə qəddar deyildin, nə oldu sənə? Heç olmasa get xalalarını gör, başsağlığı ver. Ayıbdı axı.

- İndi yəqin xalaları gün axşamacan mənə qarğış tökürlər, qaramı qılınclayırlar. Bir də mənim ora getməyim nəyi dəyişəcək?

- Dur, dur əl-üzünü yu. Arvad sənin gəldiyini bilir, get bir az otur, günortadan sonra gələrsən.

Lalə məni o qədər danlayıb-dansadı, o qədər qınadı, axırda özüm də inanmağa başladım ki, Fuadın ölümünə mən səbəb olmuşam. Gözümdən bir damcı yaş çıxmamağı da onu lap havalandırmışdı, elə bil mənim yerimə də ağlayıb borcumuzdan çıxmağa çalışırdı.

***

Lalənin danlaq-dansağından yaxamı qurtarmaq üçün Fuadın Səlbi xalasına qoşulub qarlı-tufanlı bir gündə yenə o evə getdim. Çılpaq ağacların dibindəki ətirşahların boynunu şaxta vurmuşdu.

Qapını Fuadın Səlbidən böyük xalası açdı. Evdə xeyli qız-gəlin vardı. Xalaların ən böyüyü gözümə dəymədi, yəqin məni görməmək üçün baş götürüb evdən getmişdi.

Mən otağa girəndə xalanın biri dil deyib ağlamağa başladı:

- Hardaydın, ay Bircə, niyə bircə dəfə dönüb geri baxmadın, niyə bircə yol gəlib o yetimin gözünü yollardan yığmadın?

Şəkillərini, medallarını ortaya töküb ağlaşdılar. Di gəl, mənim gözlərim hələ də səhra kimiydi. Onda xalası elə bil məni ağlatmaq üçün dilə gəldi:

- Səlbi onun xəstələndiyini sizə xəbər verəndən sonra gözü yollarda qalmışdı, ağrısı bir az səngiyəndə deyirdi, xala, tez-tez küçəyə baxın, Bircə yolu yaxşı tanımır, birdən gəlib azar...

Bu yerdə özümü-gözümü saxlayammadım, bütün hüceyrələrimdən mərhəmət şirəsi fışqırdı, canım su çəkmiş süngərə döndü. İçim də, çölüm də tərlədi, gözlərim islandı, sümüklərimə isti keçdi.

Xalaları Fuadın paltarlarını sinələrinə sıxıb:

- Toysuzum, paysızım, çiyni gərdəyə, əli ələ dəyməyən cavanım lay-lay, - deyib nalə çəkdikcə mən də özümü qınayırdım, telefon zənglərinə, məktublara cavab vermədiyimə görə özümü qarğıyırdım.

Əslində mən o zəngləri bir hiylə sanmışdım, elə bilmişdim xəstədi deyib məni yumşaltmaq istəyirlər. Bilsəydim vəziyyət belədi, vallah gələrdim.

Evə girənə qədər çox qorxurdum, deyirdim birdən Fuadın xalaları mənə pis üz göstərərlər, onun ölümünü mənim kürəyimə şəlləyərlər. Nə yaxşı ağlıma gələn başıma gəlmədi. Xalalardan biri:

- Bala, bu Allahın yazısıydı, sən ağıllı tərpəndin, nə yaxşı səni bir də bədbəxt eləmədi, - deyəndə azca toxtadım. – Yetimi Allah istəsə ata-anasına dəyməz. Yazıq atası qəzada öldü, bacımın yaxası qaldı yetimlər əlində, sonra onu da apardı fələk, balalarını saldı çöllərə. Kaş bacım öləndə Fuad da öləydi, yetimxanalarda, səngərlərdə o zülümləri görməyəydi. Yazığın axır üç ayda çəkdiklərini Allah yağının da balasına çəkdirməsin. Anası döşündən tutdu, balası da boğazından.

Xalasının dediyinə görə, son üç ayda sudan başqa dilinin altından heç nə keçməmişdi, vurulan ağır iynələrin heç biri ağrısını azaltmamışdı, yanğısını söndürməmişdi. Ağrısı-acısı lap gücürgəyəndə hamını yanından qovurmuş, arxa otaqlara çəkilib əlini, ayağını buzlu suya salıb var səsiylə bağırırmış.

Arvad bunları danışdıqca az qalırdım mən də əlimi qulağımın dibinə verib bağıram. Özümü saxlamaq üçün yumruğumu ağzıma bərk-bərk tıxamışdım, qorxurdum içimin püskürtüsü vurub bu tıxacı ağzımdan ata. Tərs kimi də dərdli arvad kirimək bilmirdi:

- Hərdən fikirləşirəm bəlkə evlənsəydi heç bu bəla da onu yaxalamazdı, ömrü bir az uzanardı, sonra da qayıdıb öz-özümə deyirəm yox ey, yox, fələk qoymazdı yetim yarıya:

Haray yetim əlindən,

Yol ver ötüm əlindən.

Yaxam qaldı əllərdə,

Hara gedim əlindən?

Arvad ağlamaqdan quyuya dönmüş gözlərinin yaşını silib mənə sarıldı:

- Ay qızım, sən Allah keç günahımdan, sənin də ürəyini qana boyayıram. Axı neyləyim, dərd əlindən hara gedim:

Bu dərd məni dəng eylər,

Başa vurar, dəng eylər.

Öldürüb də qurtarmaz,

Soldurar, bədrəng eylər.

Dəng olmuşam, bala, fələk bu dərdi də şəllədi belimə, arsız canım ölüb qurtarmır.

***

Səlbi məni ehsan süfrəsinə aparmağa gələndə arvad biləyimdən tutub bacısından soruşdu:

- Ay Səlbi, o nəydi bir dəfə sənə verdi ha, dedi bilirəm mən öləndən sonra Bircə bu evə gələcək, bunları ona verin. O nəydisə get gətir.

Səlbi bir az duruxdu:

- Ay bacı, bekara şeydi, neylirsən, yadından çıxart getsin, - deyəndə içimdə amansız bir maraq oyandı, Səlbini qırağa çəkib qulağına pıçıldadım:

- Mən burda bir qurtum su da içə bilmərəm, o amanatlar nədisə gətir ver çıxım gedim.

Səlbi irəli-geri durub dedi:

- Elə bir şey deyil, bir-iki məktubdu, onu da düzü sənə vermək fikrim yoxudu.

Bacısı yalvardı:

- Sən Allah gətir ver, onsuz da biz ona gün ağlaya bilmədik, o dünyada yaxamız qalacaq bacımızın əlində, heç olmasa bunu ver.

Səlbi qolumdan tutub məni Fuadla son dəfə əl-ələ qalxdığım otağa apardı. Küncdəki dolabın qapısını açdı, asılqandan asılmış zabit pencəyinin cibindən bir bükülü çıxardı, məni divana oturtdu, amanatı qucağıma atıb getdi.

Bükülünü açanda burun dəsmalım içindən ətəyimə düşdü. Çırtmalı-çiçəkli xırda dəsmalın arasından bir bükülü də çıxdı. Onu da açdım, içindən düşən kağızı hamarlayanda Fuadın pinti xəttini tanıdım: “Bu sənin burun dəsmalın, bu darağının ağzındakı saçların, bu da sənin nəlbəkiyə qoyduğun çeynənmiş saqqız. Bunları mənə göz dağı qoyub getdin? Allah çürütsün sənin saqqızını”.

Əzilib yumrulanmış saqqızı, çözələnib düyülmüş saçlarımı görəndə elə bildim çoxdan ölmüşəm, özümdən qalma xatirəyə baxıram. Bükülünün arasından çıxan qatlanmış dəftər vərəqinin də qatını açdım, içindən bir cüt məktub düşdü qucağıma. Məktubları görəndə üstümə gün doğdu – neçə illərdi mən aya, ulduza, çırağa, pərvanəyə, bar ağacına cavabsız məktublar yazırdım, indi elə bildim onlardan cavab gəlib. Məktubları oxumamış tarixlərinə baxdım – biri Hakimlə mən meşədə yandığım gün, biri də onun ölümündən iyirmi iki gün əvvəl yazılmışdı. Həmin gün harda olduğumu, nə iş gördüyümü, hansı əhvalda olduğumu ha fikirləşdim xatırlaya bilmədim.

Birinci məktub başdan-ayağa qarğış, söyüş, nif-naləydi: “Məni ərəsət ayağında qoyub getdin, Allah üzünü güldürməsin...”

Məktubu sıxıb ovcumda xışmaladım, gerisini oxuyammadım. Əmgəyim guppuldadı, dişlərimin dibi göynədi. Tez o biri kağızın qatını açdım, dolaşıq xətti güclə oxudum: “Demək, olunan zənglər, məktublar səni yumşaltmadı. Ancaq ölüm xəbərim sənin üstündən mənim oyuncaq saydığım tanklar kimi keçəcək. Bəlkə də özümü aldadıram, heç tükünü də tərpətməyəcək. Son altı ayda sənin gələcəyini gözləyib ağrılarımı çeynədim. Amma indi gəlsən də səni mənim üstümə qoymayacaqlar. Çünki mən belə tapşırmışam. Üç aydı xalalarımdan başqa heç kimə görünmürəm, görüləsi görkəmim qalmayıb. İndi əzrayılı gözləyib onun boyunu sevirəm. Sən ağıllı qadınmışsan, yaxşı ki, mənim dillərimə aldanıb özünün, uşağının rahatlığını pozmadın. Səni bu evdə, bu əcinnələrin içində qoyub ölmək mənə lap müsibət olardı. Sən çox, çox xoşbəxt adamsan, öz xoşbəxtliyinin qədrini bil. Atan-anan sağ, qardaşların yanında, oğlun böyründə, daha nəyin çatmır? Özünü günahlandırma, sən lap düz elədin, mən xəstəliyimi üç il əvvəldən bilirdim...”

Son cümlə günahdan, vicdandan od almış canıma su səpdi. Bu məktubu da axıracan oxuyammadım, amanatların hamısını dəsmalımın arasına yığıb ovcumda bərk-bərk sıxdım. Ayağa duranda gözüm Fuadın divardan asılmış gülən şəklinə sataşdı – elə bildim mənim indiki halıma baxıb gülür. O şəkli, o gülüşü yalançı, fırıldaqçı birinin öz qurbanı üzərində qələbə gülüşü sandım. Necə yəni üç il əvvəldən bilirdim! Bilirdinsə niyə məni yenidən cəhənnəmə itələmək istəyirdin?!

Dəsmalı bükələyib çantama qoydum, otaqlara, gülən Fuadın şəklinə bir də baxıb qapıya tuşlandım. Xalalar, gəlinlər yenə üstümə tökülüşdülər. Kürkümü geyinəndə Səlbi əl atıb qolumdan tutdu:

- Sən Allah otur bir istəkan çayımızı iç, bir loxma çörəyimizi ye. Mən bilirəm sən ona ölüm arzulamazdın.

Səlbini qucaqlayıb:

- Yox, yubana bilmərəm, - dedim, - qardaşım Laləgildə məni gözləyəcək, həkimə getməliyik.

O biri xala da ətəyimdən sallaşdı:

- Bu qarda-tarda səni təkbaşına necə buraxaq, gözlə indi oğlum gələcək.

Dartınıb birtəhər onların əlindən çıxdım, ağacların dibində bürüşmüş ətirşahdan bir topa yığdım, çevrilib arxamca baxanlara əl elədim. Darvazanı çəkəndə bayaq üstümə ağlayan xalanın naləsi qarlı küçənin buzunu çatlatdı:

- Gündə neçə yol bizi doqqaza göndərirdi, deyirdi çıxın yola baxın, Bircə gəlib yolu azar. İndi get yolunu tap, sənin də gözün yollardan yığılsın, ay Fuad!..

Qulaqlarımı tutub qarlı küçəylə üzü aşağı endim.

ardı var

# 6521 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #