news-inner
clock17:32 calendar-gray 23 Aprel 2019 view-gray533 dəfə oxunub
view-gray533 dəfə oxunub

Sirlərin sərgüzəşti - Kamal Abdullanın Yeni Romanından Parçalar

Kulis.az Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanından parçaları təqdim edir.

Müqəddimə

Yeni cəsədlər və köhnə skeletlər döyüş meydanlarından, zəlzələdən sonra viranlığa çevrilmiş yaşayış yerlərindən, meşələrdən, dağlardan, dərələrdən, düzlərdən yığılıb qəbiristanlıqlara yerləşdirilirdi.

Qəbiristanlıqlara yaxın yerlərdə yaşayış yerləri salınırdı. Bu yaşayış yerləri bir az tez, bir az gec kəndlərə çevrilirdi.

Kəndlərdən bəziləri böyüyüb şəhər olurdu. Şəhərlər daha sonra ölkələr, dövlətlər yaradırdı. Şəhərlərdən bəziləri bu ölkələrin paytaxtı olurdu.

Dünya düzənə doğru irəliləyirdi. Amma bu düzəni yaradanlar, onu addım-addım, əzab və məhrumiyyətlər hesabına həyata keçirənlər bilmirdilər ki, onlar düzənə doğru irəlilədikcə, eyni zamanda həm də düzənsizliyə doğru irəliləyirlər.

Bütün bunlar onun (Həsən müəllimin) beynindən kino lenti kimi sürətlə, hətta az qala ildırım sürətilə keçirdi. Dünyanın yaranışından üzü bu yana bütün inkişaf mərhələlərini bu cür gözləri önündə (özü də gözlərini bərk-bərk yumaraq) canlandıra bilirdi.

Amma dünən, srağagün baş verənləri, ətrafında dolaşanları xatırlamaq və tanımaq onun üçün müşküldən müşkül idi. Bu, son zamanlar belə olmuşdu. Əvvəllər o, bundan əzab çəkirdi, məşəqqətlə də olsa, hər gün gördüyü adamları tanımağa nəyi isə, kimi isə xatırlamağa, gözünə görünən və əriyib yox olan kölgələri beynində tutub unutmamağa cəhd edirdi. Mümkün olmurdu. Getdikcə alışdı, bunun bihudə zəhmət olduğunu anladı və bundan sonra hətta rahatlandı. Kölgələr yavaş-yavaş çəkilib yox oldular, elə bil, harasa qaçıb gizləndilər. Gözünə aydın şəkildə görünənlər artıq qədim zamanlarda baş vermiş hadisələrdən səhnəciklər, bu səhnəciklərin iştirakçısı olan adamlar olurdu. Doğma övladlarını tanımağa, hətta gücü çatmayan bu qoca kişi (Həsən müəllim) artıq keçmişin ilıq bir guşəsinə sığınmış, orada özünə rahat bir sığınacaq düzəltmişdi. Zaman və məkanın kəsişdiyi belə bir guşədə könül xoşluğu ilə ömür sürən Həsən müəllim həyatından xeyli razı idi. Burada hər şey onun ürəyincə idi. Arzusunda olduğu təkliyə və qəlbində yaşatdığı tənhalığa o, nəhayət ki, məhz bu kəsişmə nöqtəsində qovuşa bilmişdi. Bir məsələdən isə onun özünün də xəbəri yox idi. O bilmirdi ki, bu kəsişmə nöqtəsində onun adı Hacı Mir Həsən ağa Səyyahdır. Adı uzun olduğundan və real həyatdakı Həsən müəllim ifadəsi o qədim guşədə ətrafdakılar üçün anlaşılmaz səsləndiyindən hamı onu Səyyah çağırırdı. Sadəcə Səyyah. Müəllifi olduğu və bütün Şərqdə ona böyük ehtiram qazandırmış risalələrində isə o, adətən, tam adını işlədirdi: Hacı Mir Həsən ağa Səyyah.

Hacı Mir Həsən ağa Səyyah öz dövrünün son dərəcə elmli coğrafiyaşünası və kamil mətnşünası idi. Yaşadığı şəhərin və yaxın, uzaq vilayətlərin hakimləri onu tez-tez saraylarına dəvət edər, bir çox ciddi dövlət işləri, yaxın, uzaq məmləkətlər barəsində onun məsləhətlərini dinlərdilər. Səyyah bütün məhəllədə (hətta şəhərdə) böyük bir ehtiram yiyəsi idi. Uşaqlı-böyüklü hamı ona səmimi-qəlbdən hörmət bəslərdi. Onunla sidq-ürəklə dərdlərini bölüşər, cürbəcür məqamlara yazdığı məktubların cavabını böyük bir inamla gözlər və zənlərində də yanılmazdılar. Şikayət və xahiş məktublarını Səyyah elə bir ədəb və məntiqlə yazırdı ki, onların cavabı əksər (böyük əksəriyyət) halda şikayətçinin və ya xahişçinin xeyrinə olardı. Qərəz, Hacı Mir Həsən ağa Səyyahın günü-güzəranı xoş keçirdi. Əməli-saleh birisi kimi o, ətrafındakıları sevir, ətrafındakılar onu sevirdi.

Dünya-aləm isə öz sərgüzəştində idi. Həm düzənə, həm də düzənsizliyə doğru, eyni zamanda, eyni coşqunluqla, eyni əzmlə yol gedirdi. Macəra dolu sirləri ilə, qandonduran hadisələri ilə, ruh silkələyən məqamları ilə bir yerdə. Həsən müəllim, yəni Hacı Mir Həsən ağa Səyyah da onların içində olmaq şərti ilə.

"Payız" fəsli

- Niyə yemirsiniz xörəyinizi? Yoxsa xoşunuza gəlmədi?! Özüm bişirmişəm...

- Həsən müəllimin qızı Həlimə nigarançılıqla atasından soruşdu.

Çarpayıda uzanıb gözlərini tavana dikmiş Həsən müəllimin yanındakı mizin üstündə çörəkqabı, yanında qatıq vardı. Bunların da yanında bir dərin boşqabda yarpaq dolması qoyulmuşdu və dolmalar az qala yağın içində üzürdü. Həsən müəllim xörəyi yağlı sevərdi.

Evin o biri üç otağından (gah birindən, gah da o birisindən) şən, şaqraq uşaq səsləri eşidilirdi. Hər tərəfdə əməlli-başlı səs-küy var idi, özü də hərdən bu səs-küy zilə qalxırdı və bu zaman Həsən müəllimin qaşları çatılır, üzündə qorxuyabənzər gərgin bir ifadə peyda olurdu. Uşaq səsləri onun beyninə iti xəncər kimi saplanırdı. Hərdən bu səslərə tappıltı səsi də qarışırdı. Bu isə artıq o demək idi ki, nəvələr hansısa bir oyun oynayırlar və evin ortasında var gücləri ilə atılıb-düşürlər.

Bu uşaqlar dörd nəfərdilər, heç birinin məktəb yaşı çatmamışdı (amma yox, Həsən müəllimin böyük oğlu Əliqismətin qızı Nurlu artıq ikinci sinfə gedirdi). Həsən müəllim üçün ən dözülməz olan isə bu idi: hərdən-birdən bu dəcəllər qaça-qaça gəlib onun çarpayısına yaxınlaşır, əyilib (lap kiçikləri Nuruş boyca da hamıdan balaca idi, o əyilmirdi, çarpayıya dırmaşırdı) əvvəlcə gözlərilə dolma qabındakı dolmaları az qala bir-bir diqqətlə süzür, sonra qucaqlayıb Həsən müəllimin o üzündən bu üzündən marça-marçla öpür, tezcə də qaçıb gedirdilər. Beləliklə, nəvə kimi "vəzifələrini" yerinə yetirmiş olurdular.

Həsən müəllim əlinin dalı ilə tüpürcəkdən yaşlanmış üzünü bərk-bərk silərək gözlərini tavandan çəkib uşaqların arxasınca baxdı. O, heç cür anlaya bilmirdi (xatırlamırdı) ki, bunlar kimdilər və ondan nə istəyirlər. Amma bununla belə, onlara acıqlana bilmirdi və səbrlə bu məşəqqətin (səs-küyün, məhəbbət izharının, başı üstündə dayanıb gözündə anlaşılmaz sevgi ilə bu dəcəl uşaqlara baxan qadında onu israrla yedirmək istəyinin) nə zaman bitəcəyini gözləyirdi. Qəribə olan isə o idi ki, Həsən müəllimin səbri tükənmirdi, Həsən müəllimin qəlbi iki hisslə dolu idi. Həsən müəllim həm bu məşəqqətin bitməsini gözləyirdi, həm də bitməsini istəmirdi. Nə isə var idi ki, onu ətrafında baş verənlərə bağlayırdı, amma bu nə üçün belə idi, Həsən müəllim anlaya bilmirdi.

- Bəlkə, bu dolmadan bir-iki dənə olsa da dadına baxasınız... axı özüm bişirmişəm...

Tanımadığı bu qadının səsi (həlim səsi) yavaş-yavaş uzaqlarda itirdi.

Həlimə ürəyində qardaşlarını (iki qardaşı vardı: kiçik qardaşı Zaur hərbi xidmətdə idi, bir gün evdə olurdu, beş gün harda olduğunu heç kim bilmirdi; böyük qardaşı Əliqismət dövlət arxivində işləyirdi, atasına elə hey arxivdən icazəsiz tarixi sənədlər gətirirdi) qınadı. Qınamaq üçün elə bircə burada baş verən mərəkə kifayət idi: bugünkü həngamə onların istəyi ilə yaranmışdı. "Səs-küy nə qədər çox olsa, bir o qədər xeyri var, bəlkə yadına nə isə düşər," - deyə Əliqismət belə bir fikir irəli sürmüşdü. Qardaşları, hətta əmisi Zöhrab da onun kimi düşünürdü. Amma atası ilə gecə-gündüz qalan onlar yox, Həlimə idi və o görürdü ki, atasının gözlərində daha əvvəlki doğma işıqdan əsər-əlamət yoxdur. Bu gözlərin parıltısı sönüb. İndi bu gözlərə qorxu çökmüşdü, onlara baxdıqda hiss edirdin ki, bu adamın ürəyi də həyəcanla doludur. Həsən müəllim ətrafındakıları bir-bir unutduqca həyatı da, elə bil, göz görə-görə əriyib gedirdi.

... Həsən müəllimi oturduğu yerdəcə hərdən mürgü aparırdı. O, nə qədər qəribə olsa da, səs-küy içində əvvələr də yata bilirdi. Arvadı Bəyim rəhmətə gedəndən sonra (Bəyim xanımın ölümü öz-özlüyündə çox qəribə və ağlagəlməz bir hekayət idi) çox zaman gecələr yuxusu ərşə çəkilirdi. Belə zamanlarda gecənin bir aləmi o durub televizoru yandırar, səs verər, bir az o kanala, bir az bu kanala baxar və sonra bu səs-küy altında əməlli-başlı yuxuya gedərdi...

Həlimə atasının büzüşmüş, doğma üzündə nə isə axtarıb tapmağa çalışdı. Nə axtardığını özü də bilmirdi. Yanıqlı-yanıqlı ürəyindən keçənlər isə bu idi: "Eh, ata, ay ata... Özünü də işə salmısan, elə hamını da. Belə də müəmmalı xəstəlik olar, gəlib səni gərək elə bu xəstəlik tapaydı?! Bu nə işdi, bunun axırı necə olacaq?! Nə deyim vallah?! Qüdrətinə şükür, ilahi...".

Həsən müəllim artıq yuxuya getmişdi. Xoruldamağa başladı.

Həlimə yataq otağının qapısını ehtiyatla örtüb yemək otağına keçdi. Dəcəllər gəlib bura yığışmışdılar. Yenə də nə isə danışıb bərkdən gülüşürdülər. Həlimə, güya ki, bunlara acıqlandı:

- Sakit olun. Babanız yatdı. Səsiniz gəlməsin. Keçin, durun, tez keçin kabinetə. Eşitməyim sizi.

Uşaqlar duruxmuş halda kabinetə keçdilər. Həlimənin yeganə ovladı yeddi yaşlı Bəyim (anasının adı idi, onun faciəli ölümündən iki gün sonra doğulmuşdu) o biri otağa keçə-keçə yorğunluqdan heyi qalmamış anasına, sanki ürək-dirək verdi:

- Ana, baba məni tanıdı. Mən gördüm, inanmırsan, o mənə göz vurdu. Sən darıxma.

Həlimə bilmədi ki, qızına nə desin, əli ilə onun başını sığalladı.

***

"Bir var Sirri - əzəm, sirri - Xuda, sirri - ali.

Bir də var qonşu Həzrətqulunun sirri.

Mənim istədiyim elə bir risalə yazıb ərsəyə gətirməyim idi ki, onun içində hər şəxs öz sirrinə, ən vacibi bu sirrin səbəb və nəticəsinə vaqif olsun.

Bizim bu risalə "sirri - Xuda" deyilən sirr barəsində deyildir. Bizim bu risalə, qonşularımızın, tacirlərimizin, kargərlərimizin, kəndçilərimizin, dərvişlərin, şeyxlərin, vəzir-vükalənin, padşahların, əlqərəz, sevənlərin və sevilənlərin sirridir.

Və bu sirlər donmuş, yatmış halətdə gözümüzə görükmürlər, onlar hərəkətdə, fəaliyyətdədirlər. Onların öz macərası, sərgüzəşti vardır. İlahidən mənə elə bir güc verməsini təvəqqe edirəm ki, mən bu macəranı, sirlərin sərgüzəştini olduğu kimi qələmin ucuna gətirə bilim. Daim uca olan Allahın adı ilə...".

Hacı Mir Həsən ağa Səyyah yenicə yazmağa başladığı risalənin başlanğıcını bu cür yazdı və qələmi qarşısındakı mizin üstündə qələmdana qoydu. Bir xeyli bu yazdığını kənardan seyr eləməklə məşğul oldu. Bir az sağa başını əyib baxdı, bir az sola əyib baxdı. Ona elə gəldi ki, başını sola əyib baxarkən hərflər göz önündəcə hərəkətə gəlib elə bil ki, rəqs eləməyə başladılar, onlardan hansısa yerini dəyişdi, hansısa yox oldu, yerini yenisinə verdi. Bəzi sözlər itdi, əvəzinə yeni sözlər üzə çıxdı. Bir də baxıb gördü ki, yeni mətn bir başqa şəkildə yazılmışdır. Amma Hacı Mir Həsən ağa Səyyahın bununla bağlı heç bir iddiası ola bilməzdi. Bu yeni mətndəki xətt də heç bir başqa şəxsin xətti deyil, onun özünün - Hacı Mir Həsən ağa Səyyahın nəstəliqlə yazdığı xətt idi. Bu dəfə (yəni başını sola əyib baxdığında) risalənin başlanğıcı belə idi:

"Uca olan Allah mənim könlümə ilham verdi və mən bu risaləni yazmağa həvəsləndim. İndiyənə qədər sirlərin sərgüzəşti deyərkən bir şəxsə məxsus sirrin nə cür başlandığını, nə cür var olduğunu düşünüblər. Çünki sirr də adam kimi doğulur, yaşayır və yox olur. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da onun cismilə əlaqəsini ölümdən sonra birdəfəlik kəsməlidir. Halbuki, sirrin ruhu ölümdən sonra da öz yaşamağına davam edir. Bəs əgər belə isə sirrin ruhunun sərgüzəşti sirrin ölümündən sonra nə cür baş verir?!

Bu risalədə ayrıca olaraq bir şəxsin - qonşularımızın, tacirlərimizin, kargərlərimizin, kəndçilərimizin, dərvişlərin, şeyxlərin, alimlərin, vəzir və vəkillərin, padşahların və əmirlərin, sevənlərin və sevilənlərin sirrindən söz açmaq niyyətimiz yoxdur. Daha vacib olan budur ki (elə bizə də calib görünən budur), onların sirrinin bir-birinə qarşı münasibəti vardır və bu münasibət ayrı-ayrı adamlara məxsus olan sirlərin ağlagəlməz sərgüzəşti ilə var olur.

Uca olan Xudavəndi-aləmdən bir təvəqqem budur ki, bu macəralı sərgüzəşti qələmə almaq üçün mənə qüvvət bəxş eləsin. Daim uca olan Allahın adı ilə ...".

Hacı Mir Həsən ağa bir xeyli bu iki müxtəlif başlanğıca baxdıqca baxdı. Gah başını sağa əydi baxdı, gah başını sola əydi baxdı. Hər iki mətn xoşuna gəldi. Hər ikisini risaləsinin başlanğıcı kimi qəbul etdi. "Xudavəndi-aləm mənə elə bir qüvvət və bacarıq versin ki, bu ağır işin öhdəsindən gələ bilim və inşallah, özüm öz qarşımda və ətrafdakılar qarşısında rəncidə qalmayım. İnşallah, Allah bilən məsləhətdir," - deyə düşünüb yazı mizindən bir az aralı, yerdən salınmış qalın döşəyin üstünə uzanıb yorğanı başına çəkdi və gözlərini yumdu. Paltarını soyunmadı, çünki yatmaq fikri yox idi. Hava təzə-təzə qaralmağa başlayırdı. Fəsli payız zamanı gecələr uzun olur. Uzun gecələrə isə o, alışqan idi. Karvanla getdiyi yollara çökən gecə ilə o, yoldaşlıq eləyə bilirdi. Və Hacı Mir Həsən ağa Səyyah gözlərini yumub rahat-rahat düşüncələr aləminə qərq olmağa başladı.

Düşüncələr arasında var-gəl etməyə Hacı Mir Həsən ağa gəncliyində adətkərdə olmuşdu. Amma orası var idi ki, bu şəxs artıq gəncliyini xatırlamırdı, öz gəncliyini o unutmuşdu. Keçmişi onun üçün yox idi. Gələcəkdən isə gözü qarşısında bələd olmadığı cürbəcür qəribə vaqeələr canlanırdı. Qəribəliklər bəzən qorxulu idi, tanımadığı bir dünyaya düşən kimi olurdu. Buna görə də Hacı Mir Həsən ağa Səyyahın gələcəyə baxmağa xüsusi bir həvəsi yox idi. O, keçmişdə olanları diriltmək istəyirdi. Və bu risalə onu keçmişə aparmağın yeganə yolu idi. Gözlərini yumdu və gördüklərini (yuxuda, yoxsa gerçəklikdə?) yadında saxlamağa çalışdı. Amma ən əvvəl ağlına o gəldi ki, yazmağa başladığı bu risalə dörd hissədən (fəsildən) ibarət olmalıdır. Və biriminci fəsil "Payız" adlanmalıdır. Çünki həm küçədə payız fəslidi, həm də bir az əvvəl yazdığı (yazılan) başlanğıclar öz dəruni qatlarında bir payız ruhu saxlayırdı. Onlardan payızın qoxusu gəlirdi: saralmış otların, havada uçuşan solğun yarpaqların, uzun-uzadı yağan yağışların, töylələrdə bir-birinə qısılmağa başlayan düyələrin, mal-qaranın, heç nədən hürməyə başlayan itlərin, səbəbsiz kişnəməyə başlayan atların, daha nələrin, daha nələrin... Bütün bunlar isə, öz növbəsində, böyük bir sirrə bağlı idi.

Və o, bütün bunları düşünüb böyük bir sərvət tapmış adamlar kimi sevincək və qəfildən yerindən dik atıldı, tez yazı mizinin arxasında dizlərini büküb oturdu, bir az əvvəl yazdığı başlanğıclardan sonrakı sətirdə böyük hərflərlə bunu yazdı:

"Sirlərin sərgüzəşti".

Və bu adın altından balaca hərflərlə belə bir əlavə etdi:

"Payız" fəsli (yəni "Payız" hissəsi).

O biri fəsillərin (hissələrin) adı da buna uyğun olacaqdı: "Qış" fəsli, "Bahar" fəsli və "Yay" fəsli.

Həsən müəllimin kabineti böyük və işiqlı otaqdan ibarət idi. Dörd tərəfdən kitab, jurnal-dəftərlə dolu şüşəli və şüşəsiz kitab şkafları, divarlardan asılmış kitab dolabları var idi. Bir divara (bu divara Həsən müəllimin yazı masası dirənmişdi) Orta əsrlərə aid Avropa və Asiya ölkələrinin xəritəsi vurulmuşdu. O biri divardakı kitab dolablarının arasında isə bir tutuquşu müqəvvası, sanki bilərəkdən gizlədilmişdi. Hər adam onu görə bilməzdi. Müqəvva o qədər öz orijinalına bənzəyirdi ki, bəziləri (kabinetə yeni girənlər) əvvəl-əvvəl onun həqiqətən canlı olduğuna inanırdılar. Hətta belə bir şayiə gəzirdi ki, (yenə də kabinetə təzə girənlər arasında) Həsən müəllim öz qəribə xəstəliyindən əvvəl (bəlkə də, xəstələnəndən sonra) bu alabəzək müqəvva ilə canlı quşla danışan kimi danışırmış. Guya Həsən müəllim soruşurmuş, Tutuquşu da ona cavab verirmiş.

- Nədi belə, sakit-sakit oturmusuz, cınqırınız da çıxmır... - Həlimə kabinetə keçib hərəsi bir küncə qısılmış və bütün diqqətləri əllərindəki telefonda olan balaca dəcəllərə üzünü tutdu. - Hələ deyin görüm, siz nə işlə məşğulsuz?

Balaca dəcəllər ona ötəri nəzər salıb yenə bütün diqqətlərini əllərində oynatdıqları telefonlara verdilər. Həlimə az qaldı cin atına minə. Hirsindən qıpqırmızı qızardı. Bayaqdan cirə-cirə içinə yığılan əsəbini, hikkəsini bunların üstünə tökdü:

- Heç utanırsız? Belə bacı-qardaşlıq olar?! Bir-birinizi bəyəm gündə görürsüz? Bir-birinizlə niyə söhbət eləmirsiz? Küsüşmüsüz?

Uşaqlar gülüşdü:

- Biz elə bir-birimizlə söhbət edirik, bibi. Ancaq telefonda. - Yavaş səslə bibisinə cavab verən Nurlunun gözləri işıqlandı.

- Bizə hirslənmə, mama. - Bəyim gəlib anasına qısıldı. - Bax, mən Nuruşa yazdım ki, babam Həsənçiyə yox, mənə göz vurdu. O isə yazır ki, yox, ona göz vurdu. Bax, Həsənçik yazıb ki, mənə inanır, Nuruşa yox... Bax... - Bəyim hamını bir-birinə qarışdıraraq "eh" eləyib əlindəki telefonu anasına uzatdı.

Həlimə mat-məəttəl qalmışdı:

- Siz bir-birinizin yanında bir-birinizlə telefonla danışırdız? - Sonra cavab gözləmədən Həsənçiyin əlindəki telefonu gözucu süzdü və ancaq bunları deyə bildi:

- A bala, Həsənçik sənin ki, hələ beş yaşın var, sən hardan öyrəndin telefonda yazmağı?

Balaca Həsənçik məstlə gəlib onun qabağında dayandı:

- Həlimə bibi, mən yazmağı bilirəm. Mən pozmağı bilmirəm. İnanmırsan? - Bunları birnəfəsə deyib əlindəki telefonun hansısa düyməciklərinə basdı və sonra telefonu bibisinə uzatdı.

Uşaqlar gülüşdü. Həlimə bilmədi, bunlara qoşulub o da gülsün, ya neynəsin. Hirsi duman kimi çəkilib getdi. Başını "ay sizi" deyə yelləyib atasının yataq otağına qayıtdı. Qapını ehtiyatla açıb içəri baxdı. Həsən müəllim öz yatağında uzanıb avazla xoruldayırdı.

Ədəbiyyat Qəzeti

news-inner-user
Kamal Abdulla

37 məqalə

Paylaş

Oxşar xəbərlər