Aydın Xırdalanlıya uduzan dayaz intellektuallar

Aydın Xırdalanlıya uduzan dayaz intellektuallar
28 mart 2019
# 11:16

Yunan ədəbiyyatının nüfuzlu nümayəndələrindən biri, yazıçı Nikos Kazantzakis həyatında dərin iz buraxan dörd adamı qeyd edir: Homer, Berqson, Nitsşe və Zorba.

O, adi bir şaxtaçı olan Zorbanı məşhur isimlərlə yanaşı qoyur, ona “Zorba” adlı roman həsr edir. Yazıçı “Zorba mənə həyatı sevməyi və ölümdən qorxmamağı öyrətdi” deyir.

Dediyim kimi Zorba adi bir şaxtaçıydı, çox kitab oxumamışdı, elmlə əlaqəsi yoxuydu. Amma Zorbanı, məsələn, bizim çox kitab oxuyan intellektualdan fərqləndirən mühüm bir üstünlüyü vardı: O, dərin adam idi!

Müşahidələrim, həyat və kino təcrübəm bu qənaəti gücləndirdi: dərinliklə elmli, bilgili olmaq arasında çox hallarda uçurum var.

Kitab oxumaq, analitik təfəkkür, fikir istehsalı - həyatın hər üzünə hazır olmağa, onu hərtərəfli, görünməyən qatlarını görməyə, onun dərkinə, ondan baş çıxarmağa çox vaxt kömək eləmir, hissi, emosional təcrübəni inkişaf etdirmir. Bunun üçün fərdin həyatın, adi, sadə həqiqətlərin dərinliyini görə bilməsi önəmlidir.

Bizim çox kitab oxumağı ilə öyünən bir qisim intellektual da həyati dərinlikdən məhrumdurlar. Meyxanaçı Aydın Xırdalanlının ölümü ilə sosial şəbəkələrdə, özünü intellektual sayan bu kəsimin meyxanaya, aşıq sənətinə və xalqı aşağılamasına yönəlik status-şərhlərini oxudum. Hamıdan Kamyu, Murakami, Nabokov, Mirzə Cəlil oxumağı tələb edən, xalqı öz təsəvvürlərindəki standarta salmaq istəyən bu intellektuallar, əslində natamamlıq kompleksindən əziyyət çəkən infantillərdir: Mao Tszedunun mədəni inqilab təfəkkürü ilə yaşayan, doqmatik düşünən, həyata kitablardan və sitatlardan baxan infantillər.

Doğrudan da, axı, bu nə çürük düşüncədir? Niyə hamı Kamyunu, Nabokovu, lap elə Mirzə Cəlili oxumalıdır? Nədən toplumun belə bir öhdəliyi olmalıdır? Guya Sartrı oxumaqla həyatın keyfiyyətimi, cəmiyyətdə inkişafmı artacaq? Əgər dəyişsəydi, o zaman bu intellektualların özü dəyişərdi, natamamlıq kompleksinə girməzdilər, xalqı aşağılamazdılar, hamını qəlibə soxmağa can atmazdılar, həyata ancaq ədəbiyyat və sənət çərçivəsindən baxmazdılar. Ən azı ortaya fundamental məhsul qoyardılar. Cəmiyyətlərin inkişafı müstəqil hüquq-məhkəmə, siyasi, iqtisadi azadlıqlardan keçir. Bunun ədəbiyyat və ya sənətlə elə bir əlaqəsi yoxdur. Ona qalsa, Rusiya ədəbiyyatı dünyanın ən zəngin ədəbiyyatlarından biridir. Kinosu da o cümlədən. Fəqət, nədən sistemi bu qədər qüsurludur?!

Konkret bizə gəlincə, problemin fokusu başqadır: nədən toplumda meyxana az qala fenomenə çevrildi? Səbəbi, kökləri nədir? Nə baş verdi ki, telekanallarda meyxanalaşma, total şoulaşma, bayağılaşma, çürümə getdi? Axı heç nə özü özlüyündə törəmir. Suallara cavabda lağlağı, rişxənd keçərli deyil, bu, ciddi araşdırma, əmək, düşüncə istəyir. Necə ki, Aydın Talıbzadə “Meyxana” məqaləsində bunu araşdırır, konkret yanaşma ortaya qoyur. Bu, işdir artıq. Arqumentdir. Gerçək intellektual əməkdir. Əlbəttə, sosial şəbəkədə lağlağı etmək asandır, nəinki ciddi işə imza atmaq.

Ayrıca meyxana mədəniyyətimizdə özəllikdir, subkulturadır, ciddi nümunələri var. Onun akademik olmaq kimi dərdi, iddiası yoxdur. Söhbət bayağı meyxanalardan getmir. Ona qalsa, bayağılaşma indi hər yerdədir, həmçinin, lağlağılaşan intellektdə.

Meyxanadan ədəbiyyatda da, incəsənətin başqa növlərində də istifadə etmək olar. Yetər ki istedad, yaradıcı yanaşma, baxış tapılsın.

...Əminəm ki, Aydın Xırdalanlının həyatını, görünməyən tərəflərini araşdırsaq, onun şəxsiyyəti bizim intellektualların düşüncəsindən də, həyatından ağır basar.

# 4618 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #