Allah üzümüzü qara eləsin! - Bircənin Romanı

Allah üzümüzü qara eləsin! - <span style="color:red;">Bircənin Romanı
22 mart 2019
# 09:03

Kulis.az Bircənin “Cəhənnəmdən keçmiş mələk” avtobioqrafik romanından növbəti hissəni təqdim edir.

əvvəli burada

Eminin qara xəbəri gələndə də bu yolu eynən belə həyəcanlı getmişdim. Maşın illərdi görmədiyim darvazadan həyətə girəndə yenə məni əsməcə tutdu. Həyət-baca, pilləkənin başı adamla doluydu. Gözlərim Maralı, qaynım balalarını axtarırdı. Misir əmi qapını açıb bizi düşürəndə izdihamın üstündən bir uğultu əsdi. Sonra da o uğultunun içindən sevinci dərdə bükülü bir fəryad qopdu:

- Səni verənə qurban olum, ay əmi, bilirdim sən Bircəsiz qayıtmazsan!

Əlbəttə, Maralın səsiydi. Tanıyıb-tanımadığım hər kəs bizi aralığa aldı. Cavidin üzündən öpən olan kimi uşaq üzünü silirdi. Maral arvadları bizdən aralayıb:

- Allah, balalarım gəlib, Allah, bunlar nə qəşəng olublar, - deyə-deyə ikimizi də bağrına basdı, ana-bala əlimizdən tutub bizi evə qaldırdı.

Zöhrə xalanın çarpayısını zala çıxarmışdılar. Arvad çarpayının ortasında oturub ayaqlarını sallamışdı. Özünün bütün qohum-əqrəbası başına toplaşmışdı, ər tərəfdən bircə Misir əminin böyük oğlu Eldarıydı.

Qaynanam bizi görəndə Koroğlu kimi nərə çəkdi. Səsdən, evdəki tünlükdən Cavid hövülləndi, əlini dartıb Maralın əlindən çıxardı, çölə qaçmaq istəyəndə Maral cəld tərpənib onun biləyini ovcuna yığdı:

- Totu, qadan alım, irəli dur nənənlə görüş, - deyib uşağı Zöhrə xalanın yanına sürüklədi.

Cavid geri dartındı, çevrikib gözləriylə məndən imdad istədi. Qaynanam oturduğu yerdəcə qırıq-kəsik sözlər deyib ağlayırdı, uşağın ondan qaçdığını gördükcə şişmiş qollarını qaldırıb başına qapaz salırdı. Bu dəm baldızım hardansa peyda olub yenə gül ağzını açdı:

- Uşağın yanında bizi o qədər pisləyiblər, yaxınımıza da durmur.

Eldar evin yuxarı başından, arvadların arasından Bəstiyə qolaylandı:

- Ağız, ay ağbirçək, hələ sevinək ki, bunları ölümüzün üstünə buraxıblar, dilini dinməz qoy.

Eldar Bakıda yaşayırdı, ailədaxili, qohumlararası intriqalara qoşulmazdı. Kəndə hər gəlişində Mahmud əmisiylə birgə Zöhrə bibisinə də pay gətirərdi. Bir dəfə anası mənim gözüm görə-görə payı onun əlindən alıb dedi:

- Bu, Zöhrəni xarab eləyər, ver bura, qəşənəg parçadı, bundan özümə don tikdirəcəm.

Onda Eldar səbirlə parçanı anasından alıb dedi:

- Sən Allah məni davanıza qatmayın, o mənim böyük əmimin arvadıdı, babamın ocağının ilk gəlinidi, bu pay ona çatacaq...

İndi son nəfəsində yenə Zöhrə xalanın hovuna yetmişdi. Yaxınlaşıb məni qucaqladı, saçlarımdan öpüb qulağıma pıçıldadı:

- Əmiqızı, sənin atanı, qardaşlarını Allah saxlasın, gör nə yaxşı baxıblar sizə. İndi uşağının əlindən tut irəli dur, bibimlə görüş, qoy nəvəsini son dəfə görsün. Vallah bu arvad sizi gözləyirdi, baxarsan, bir azdan canını tapşıracaq. Burda danışılanın da heç birinə cavab vermə, sən mənim ölmüşüm səbirli ol!

Eldarın sözünü yerə salmadım, Cavidin biləyindən tutub Zöhrə xalaya yaxınlaşdım, arvadı qucaqlayıb üzündən öpdüm, uşağı nənəsinin qənşərinə tutub dedim:

- Nə tez unutdun nənəni, sən deyildin axşama kimi ağlayıb mən nənəmsiz yaşaya bilmərəm deyən?

Qaynanam Cavidi sinəsinə sıxıb:

- Ay Emin, belin qırılsın, harda qalmısan, gör bizə kim gəlib, - deyəndə ev yas çadırına döndü.

Cavid baldızımın əlində atasının böyüdülmüş şəklini görcək var səsiylə qışqırdı. Eminin xalaları şəkli qabaqlarına qoyub yerdən, qaynanam çarpayıdan ağlaşmağa başlayanda Eldar Cavidlə məni qamarlayıb eşiyə çıxardı. Zöhrə xala elə oturuqluca yaylığının qulağını ağzına basıb ehmal səslə bayatı çəkdi:

Dağlar dağladı məni,

Görən ağladı məni.

Ayırdı zalım fələk,

Dərdə bağladı məni.

Canımdan yüngül bir titrətmə keçdi. Pilləkənin başından bir zamanlar mənə doğma olan həyətə baxdım, qovağımı axtardım. Qış ağzından çıxmış qapı-baca xarabaya oxşayırdı, qovağın parası qurumuşdu, gövdəsinə çoxlu mismar çalınmışdı, budaqlarından iplər asılıb üstünə paltar-palaz sərilmişdi. Sağlığında Mahmud əmi qovağı həmişə paslı dəmirdən, yanan ocaqdan qorğanırdı:

- Dovşan, bu ağacı küsdürməsən, - deyirdi, - yerini tanıyandan sonra lap Allahından dönüb su da verməsən qurumayacaq, sənin qulluğunda duracaq.

Mən:

- Ağacı necə küsdürmək olar axı, - soruşanda kişi deyirdi:

- Dibinə murdar su, sabunlu su töksən, gövdəsinə mıx-mismar vursan, o ağacdan gözünü çək.

İndi halından görünürdü ki, mənim qovağımın başına nə oyunlar açıblar, onu necə murdarlayıb-haramlayıb saf həyatdan küsdürüblər...

***

Bəhruz yenə özünü sağ böyrümə yamamışdı. O biri uşaqlar da böyüyüb dəyişmişdilər, bir az utancaq olmuşdular. Bəhruz ağı-qarası dupduru iri, sulu gözlərini üzümə zilləyib deyirdi:

- Bax bu gecə bizdə qalacaqsız haa!

Onu yanıma alıb bağa sarı adladım. İlahi, mənim qoyub getdiyim bağdan əsər-əlamət qalmamışdı! İri qoz ağaclarının kötükləri yenə heç olmasa görünürdü, innab, əncir, badam ağaclarınin yeri də bilinmirdi. Mahmud əminin min əziyyətlə saldığı güllü bağçada həmişəyaşıl dəfnə ağaclarından başqa gözədəyən heç nə yoxuydu. Bəhruz ürəyimdən keçənləri üzümdən oxuyub pəltəkləyə-pəltəkləyə dedi:

- Neyləsinlər ey, bibi, qaz kəsildi, əmim hamısını doğrayıb qış uzunu ocağa atdı.

- Əmin bir maşın odun almağın dərdindən bu cür ağaclara necə qıydı?

- Yazığın pulu vardı odun almağa?

Başım viranə bağı gəzməyə qarışmışdı, bir də gördüm Maral əndamını ata-ata gəlir.

- Evin tikilsin, hardasan, tülüngü zənbilini eşir!

Siftəcə söz mənə çatmadı:

- Hansı zənbili?

- Sən düşüb evə girəndən sonra Misir əmi maşından mənə bir zənbil verdi, dedi Bircənindi, bunu qoy bir əlyetməzə. Həmən o zənbili deyirəm – gəlin eşir.

Məni gic gülmək tutdu:

- Qoy eşsin, o zənbildə ona çatası heç nə yoxdu. Cavidin yeməyidi, çayıdı, bir də sənin bayram payındı.

Çay-çörək adı gələndə Maralın sulxu düşdü:

- Balam, bizim evimizdən su çıxıb ki, sən belə hazırlıqlı gəlmisən?

Onu bağrıma basıb könlünü aldım:

- Ay bacı, o çayı-çörəyi anam qoyub ki, bu evdə uşağa heç nə yedirtməyim.

Maralın dalına düşüb şıdırğı evə qalxdım – gəlinin başı hələ də zənbildəydi. Maral adını tutana qədər onun bu evdəki varlığı heç yadıma düşməmişdi. Zalın arxasında bütün otaqların açıldığı bir arakəsmə vardı, Maral zənbili arakəsmənin divarına söykəmişdi. Nərgiz arxası bizə Cavidin xırda termosunu çıxarıb yerə qoyub zənbildəki düyünçələri əlləşdirirdi. Utandım irəli durmağa, Maral gülməyini birtəhər boğub gəlinin yanbızını dümsüklədi:

- Ay bala, ay qızım, nə eşirsən orda?

Nərgiz dik atıldı, bizi qarşısında görəndə çaşıb duruxdu, əlindəki torbaları qaytarıb zənbilə qoydu, sonra da üstümə şığıdı:

- Xoş gəlmisən, ay Bircə, nə təhərsən?

İki daşın arasında neylədimsə üzümü güldürə bilmədim, onun üzünə quru-quru baxıb:

- Yaxşıyam, sağ ol, - dedim.

Mənim soyuqluğum Nərgizi geri itələdi, çevrilib burda yaşadığım müddətdə mənim dediyim otağa girdi. Zənbili Marala verib onun dalınca mən də öz otağımın qapısını araladım – içəridə iri bir odun sobası vardı, Mahmud əminin köhnəlmiş divanının üstündə üç balaca qız uşağı oturmuşdu, yanlarında da Nərgizin anası. Sidik qoxusuna qarışmış qıfşıq iyi burnuma dolub məni boğdu. Elə bilərdin nə vaxtsa bu evi sel basıb – divarlarda iz salmış xırda su cığırlarında tüstü qurum bağlamışdı.

Nərgizin anası üzümə də baxmadı. Qızlardan bir cüt gimriyinin alnına yenicə yandırılmış üzərliyin külü yaxılmışdı. İçimdən bir əl məni bu göyçək qızlara sarı itələyirdi. Qızlar da mənə baxıb qımışırdılar. Onları qucaqlayıb öpüb bağrıma basmaq istəyirdim. Bir addım irəli atan kimi Nərgizin təvərədodaq, xəlbirbaş anası qızların ikisini də sürüyüb çəkib arxasında gizlətdi, mənə meydan oxuyurmuş kimi sinəsini qabağa verdi. Arvadın da, mənim də ürəyimizdən keçənləri duyan Maral qolumdan tutub məni qapıya sarı dartdı:

- Aaazz, belə gəl, görmürsən uşaqların alnına külü hara kimi yaxıb? Özünü dürtüb içəri, qapını da basıb, guya burdakıların bunlara gözü dəyəcək.

Biz çölə çıxan məqamda arvadın içəridən səsi gəlirdi:

- Yaxşı eləmişəm, əlimin içindən gəlib...

***

Zənbilimdən Maralın payını çıxarıb qucağına qoydum, sonra keçib durdum Zöhrə xalanın yanında. Arvad o qədər şişmişdi, elə bilirdim bədəni indicə çat verib partlayacaq. Qollarının dərisi dəridən çox şüşəyə bənzəyirdi. Oturuqlu üzümə bir xeyli baxandan sonra kəsik-kəsik danışmağa başladı:

- Allah sənin qardaşlarını saxlasın, bizim də üzümüzü qara eləsin! Nə yaxşı burda qalmadın, indi çoxdan ölmüşdün. Əllərinlə mənə çörək yedirtmisən, qulluğumda durmusan, evimi çiçək kimi bəzəmisən – mənə halallıq ver. Sən gedəndən sonra mən yetim qaldım, qarnım ac oldu, evim, canım, əynim kirə bələndi. Sənin gedişin Eminin gedişindən betər oldu.

Qəribədi ki, arvadın danışığı gözünün yaşı ovcunda olan məni ağlada bilmədi, ha sıxdımsa gözümdən bir zingilə yaş gəlmədi. Zöhrə xalanı huş aparanda çölə çıxdım. Şər qarışmışdı. Misir əmi Cavidi Maralın balalarından ayırıb, uşağın biləyindən tutub pilləkəndə durmuşdu:

- Bircə, gəl gedək bizə, acsınız, yemək yeyin, bir az dincəlin, yenə gələrik.

Zənbilimi götürüb düşdüm Misir əminin yanına, ara yoldan keçib onlara getdik. Misir əminin bağı-bağçası həmişəki kimi abadan idi. Bostanında yazlıq göyərtisi dingəlirdi, ağacları, gülləri, limonları hələ də polietilenə bükülüydü.

Kişinin iki gəlini, arvadı bizi mehriban qarşıladı. Süfrələrini bəzəkli görəndə yadıma düşdü ki, Novruz gəlib. Utandığından küncə sıxılan Cavid evdə adamı çox görcək dedi:

- Ana, bayıra çıxaq, sənə sözüm var.

Elə bildim qulaqlarımda bomba partladı, istiliyi dalğa-dalğa içimə yayıldı. Cavidin dilindən eşitdiyim “ana” sözü məni əməlli-başlı sərxoş elədi. Canımı dişimə tutub valaylana-valaylana bayıra çıxdım, Cavidi qucaqlayıb qulağına xısıldadım:

- Nə yaxşı sən hamının yanında mənə ana dedin?

Uşaq üzümə diqqətlə baxıb udqundu:

- Bəs nə deyim? Kamil dayım tapşırıb, evə gedənəcən sənə ana deyəcəm. Hələ bax, mənə pul da verdi, dedi qoyarsan nənənin yastığının altına.

- Qoydun?

Cavid cibindən əllimanatlıq çıxarıb gözlərimin qabağında oynatdı:

- Qoymadım. Sabah Bəhruzgilə qonaqlıq verəcəm, onlara dükandan nə istəsələr alacam, kef eləyək.

Cavidi dilə tutub pulu əlindən almaq istədim:

- Ayıbdı, nənən ölür, sən də kef eləyirsən? Gedəndə dayına nə deyəcəksən?

Bizim xırra-boğmamızı eşidən Misir əmi yanımıza gəldi. Mən pulu göstərib olanları danışdım. Misir əmi evə girib pencəyini çiyninə salıb yanımıza qayıtdı, Cavidin əlindən tutub dedi:

- Qadan alım, dayın nə deyib onu da elə. Gəl mən səni aparım pulu ver nənənə, qayıdaq çörəyimizi yeyək.

Cavidin ayrı yolu qalmamışdı:

- Onda mən anamla burda yemək yeyəcəm, heç kim yanımıza gəlməsin.

Onlar qayıdanacan mən gətirdiklərimdən Cavidə balaca bir süfrə açdım. Çığırtmanın quru tikələrini boşqaba yığıb yanına bir az göy-göyərti qoydum. Termosdakı çayın içinə şəkər atmışdım – Cavid yeməyin üstündən şirinçay içməsə doymurdu.

Misir əminin gəlinləri az qaldılar mənlə davaya çıxsınlar. Mən uşağımın xasiyyətini bilirdim:

- Qoyun burda bir tikə yesin, - dedim, - sonra gələcəyik sizin süfrəyə.

Cavidin əlindən tutub geri qayıdan Misir əmi mənim xudmani süfrəmə baxıb gəlinlərini çağırdı:

- Mən Bircəni, o kəndin camaatını bax buna görə çox istəyirəm. Bircə bu kənddə kimin qapısından girsə, ən kasıbı ona bir beçə kəsər, amma o yenə ehtiyatını əldən verməyib. Baxın – uşağına çay, çörək, meyvə, salfet, hətta su da götürüb. Mən o kənddə kolxoz sədri işlədim, ixtiyarım olsaydı ordakı qadınların bir gününə iki əməkgünü yazardım. O kəndin qadınları həm çox qoçaq, həm də təmizkardılar. Körpələrinin yüyrük ipini, çubuğunu, örüşdə qaynatmağa çaydanı da özləriylə aparırdılar, daha bizimkilər kimi günorta çay-çörək bəhanəsiylə evə qaçmırdılar. Uşaqlarına baxa-baxa axşama filan qədər məhsul toplayırdılar. Daş yamansın bizim kəndin arvadlarının üzünə, iş görmədikləri bir yana, il on iki ay anonim məktub yazırdılar.

Yeyib doyandan sonra Cavidin əllərini yudum. Təzəcə keçib süfrə başında oturmuşduq, xəbər gəldi ki, Zöhrə xala keçindi. Hamı yerindən qalxdı, Misir əmi də bir dəfə durub oturdu. Gəlinlər süfrədən əl çəkib özlərinə münasib paltar axtarmağa başlayanda evin ağbirçəyi dilləndi:

- Oturun yeməyinizi yeyin! Qəfil xəbər deyil ha, hamımız bilirdik gedəsi qonaq getməlidi.

Qaynana sözünü qanun bilən gəlinlər süfrə başına qayıtdılar. Özümlə gətirdiyim yaylığı zənbilimdən çıxarıb başıma örtüb Misir əmiyə baxdım...

***

Biz çatanda Zöhrə xalanı üzü qibləyə uzadırdılar. Onun yanından ayrılmayan Eldar son tapşırıqlarını verirdi:

- Ayaqlarını çataqlayın, sinəsinə qoymağa güzgü gətirin, yatağına balaca bir daş qoyun.

Baldızım yastığı çarpayının üstündən götürəndə Cavidin qoyduğu pul yerə düşdü. Eldar pulu götürüb Elgizə uzatdı:

- Bunu verərsən bibimin mollasına, atası əvəzdən Cavidin nənəsinə Quran hədiyyəsi olsun.

Belə deyəndə baldızımın səsi evi başına götürdü:

- Ay Emin, gözün aydın olsun, anan yanına gəlir!

Eldar məni yanlayıb soruşdu:

- Bəs bizim arvadağalar harda qaldılar, onlar niyə gəlmədilər?

- Süfrəni yığıb gəlirlər.

Eldar başımdakı yaylığa ötəri nəzər salandan sonra Bəhruzu çağırıb qulağına pıçıldadı:

- Qaç bizə, gəlinlərə denən başlarına yaylıq örtüb tez bura gəlsinlər.

Mərhum yerə uzadılan kimi ev adamla doldu. Gələnlər Zöhrə xaladan çox Mahmud əmini, Emini ağlayırdılar. Gözüm onların ağzında, xəyalım Mahmud əminin dəfn olunduğu gündə, Eminin bu həyətdə keçirdiyi son gecədəydi. Nənəm günün bu vədələrinə heç vaxt axşamüstü deməzdi, həmişə şər çağı, şərqovuşan deyərdi. Zöhrə xala da bu dəqiqələrdə keçinəndən sonra yaddaşımı çözələdim ki, deyəsən adamlar çox zaman ya sübh çağı, ya da şər vaxtı ölürlər. Günorta ölən adam çox az görmüşəm. Hə, bir söz də deyirdi nənəm; deyirdi hava qaralanda şeytanlar zəncirdən açılır.

Misir əminin arvadına, gəlinlərinə qoşulub Cavid də gəldi. Baldızım uşağı dartıb üzü yaşıl ipəklə örtülmüş anasına doğru aparmaq istədi, ancaq nə illah elədisə Cavidi yerindən qoparammadı. Bəsti Cavidlə süpürləşəndə xəbəri yenicə almış Sahib əmi içəri girdi, Zöhrə xalanın meyidinə, başının üstündəki qohumlarına tələsik bir nəzər salıb:

- Allah günahlarını bağışlasın, - dedi, - o dünyasını versin.

Çevrilib Mahmud əminin boy-boya vermiş qayınlarıma yox, Eldara sarıldı, onu öpüb bağrına basdı:

- Allah sənə dəyməsin, - dedi, - sən hamımızdan təpərli, hamımızdan ürəyitəmiz oldun.

Baldızım hələ də Cavidi meyidə tərəf dartırdı. Kişi qapıdan çıxanda bu səhnəni görüb ayaq saxladı:

- Ay bala, o uşaq kimdi, niyə onu dartışdırırsan?

Bəsti bilirdi ki, əmisi ağzını açsa xeyirə açmayacaq, odu ki, Cavidi buraxdı, uşaq qaçıb özünü üstümə atanda kişi məni gördü:

- Boyy, Bircə, sən də burdasan? Sizi kim gətirdi?

Arvadların arasından sıyrılıb Cavid yedəyimdə Sahib əmini qucaqladım. Qocalıb əldən düşmüş, bir az da arıqlamış kişi gah məni öpür, gah Cavidə sarılır, ga da bir əlini boşaldıb gözünün yaşını silirdi:

- Ay maşallah, əyə, sən nə qəşəng oğlan olmusan, nə təpərli kişi olmusan, - ağlaya-ağlaya deyirdi, - bizim papağımıza sənin hər yerin! Biz də sizi bunlara (əlini meyidə uzatdı) satdıq, bir dəfə arayıb axtarmadıq. Yenə sən kişi çıxdın, ananı götürüb ölümüzün üstünə gəldin.

Sahib əmi Cavidin əlini Eldarın əlinə verib dedi:

- Əmisi, bunu apar eşiyə.

Sonra qolunu boynuma salıb baldızıma tərəf qolaylandı:

- Uşaq qorxar, onu meyidə tərəf niyə sürüyürsən?! Bura qədər gəldiyi anana bəsdi.

Yenə saçımdan öpüb hamı eşitsin deyə Bəstiyə ucadan dedi:

- Anan da, sən də, Fərmanın qızı da, qardaşların da elə bilirdiniz burdan çıxan kimi Bircə ərə gedəcək. Baxın, utanın, qurban olum bunun qeyrətinə! Oturub atasının evində, ağılla-başla uşağını böyüdür.

Sahib əmi baldızıma acıqlı baxa-baxa eşiyə çıxdı. O gedəndən sonra məni xəcalət təri basdı, içimdəki o qadından elə utandım, elə utandım ki, Zöhrə xalanın halına bütün qəlbimlə həsəd apardım. Sahib əminin əli çiynimdə olanda Fuad başımda peyda olub qurdalanmağa başlamışdı, o səbəbdən özümü o kişinin dediyi sözlərə, göstərdiyi etimada layiq bilə bilmirdim. Axı lap xəyalən də olsa Sahib əminin cızdığı o parlaq obraza, o pak surətə xəyanət eləmişdim, ömrümü bir yad oğlunun ömrünə calamaq istəmişdim.

Sahib əminin məni layiq olmadığım ucalıqlara qaldırması əslində imanımı yandırmışdı. Gözüm arvadlarda bir küncə qısılıb üzümə tüpürürdüm, canımı qarğıyırdım, özümü asıb-kəsirdim. Nə yaxşı Maral varmış, onun yanıqlı səsi məni öz əlimdən aldı.

Bostanda tağım ağlar,

Basma, yarpağım ağlar.

Oğlu ölən ananın,

Ölsə torpağı ağlar.

Maral həmişə cəngə çıxdığı Zöhrə xalanın Emin yarasına layla dedikcə məni də ağladırdı.

Divarda kilim yandı,

Əl atdın, əlim yandı.

Bala, bala deməkdən

Ağzımda dilim yandı.

Doğrudan da Zöhrə xalanın Emindən sonra bütün dünyası yanmışdı. Maral ağı dedikcə elə bilirdim o bayatıları məxsusi qaynanasının bu günü üçün seçib əzbərləyib. Emin öləndə də gəlin özünə belə sitəm eləmişdi.

Verən sənsən, alan sən,

Söyləməzsən yalan sən.

Əvvəl evimi bəzədin,

Sonra saldın talan sən.

Maral düz deyirdi, bu evin-ocağın bəzəyi, dirəyi Mahmud əmi, bir də cavankən el içində hörmət-izzət qazanmış Emin idi. Fələk onları aparandan sonra bu ev talan olunmuşdu, bu yurdda bayquşlar ulayırdı. O cah-cəlal bu ocağa bir də çətin qayıdaydı.

İçimdəki xəcaləti Maralın səsiylə, gözümün yaşıyla yuyub suya çəkirdim. Üzünə baxdığım adamların, Mahmud əmidən savayı bu evdən köçənlərin dərdi, yarası mənlik deyildi. Özümü ha didib-töksəm də, ha qınasam da onların ağrısını öz ağrım saya bilmirdim. Nənəm deyərdi yara yiyəsini ağrıdar. Mən öz dərdimə, öz baxtıma, qanı heç qurumayan yarama ağlayırdım...

***

Gecə yarıdan keçəndə Misir əmi Zöhrə xalanın bacılarını, bacısı qızlarını meyidə qarovul qoyub hamını evinə göndərdi. Cavid ətəyimi buraxıb heç kimə yovuşmadı. Maral bizim üstümüzdə Misir əmiylə şirin dilləşdi – eltim Cavidlə məni öz evinə aparmaq istəyəndə kişi narazılıq elədi:

- Ay balam, sənin qaynanan ölüb, ağbirçək gəlinsən, yaxşı dil deyib ağlayırsan, get məclisini yola ver. Uşaqlar bu gecə mənim qonağımdı, sabah sizdə qalarlar, - deyib mənə bir göz basdı, sonra da bizi evlərinə apardı.

Yuxuya gedənəcən Cavid məni suallarıyla yordu: adam niyə qocalır, niyə ölür, uşaqlar da ölürmü, səndəmi öləcəksən?.. Onun suallarına səbirlə cavab verirdim. Mən də öləcəm deyəndə uşaq qalxıb yatağının içində oturdu:

- Ana, onda sən bir az gec öl, qoy mən arvad alım, tək qalmayım.

Mən gülüb onu qucaqladım:

- Yaxşı, gec öləcəm, sənin arvadın, uşağın olsun, sonra aparıb məni basdırarsan.

Cavid üzümə baxıb duruxdu:

- Nə vaxt istəyirsən öl, mən Lalə xalamla yaşaya bilərəm, sənin məzarına gül gətirərik, - deyib qaqqıldadı, sonra üzümə bic-bic baxıb gözlərini yumdu.

Onu yorğana bürüyüb gecənin içinə girdim. Martın 22-si başlanmışdı. İşə bax, illər öncə bax elə bu gün bu ocağa gəlin köçmüşdüm – indi bilmirdim bu uyğunluq təsadüfdü, yoxsa hansısa bir əlamət, işarə, fələk dilində mənə göndərilmiş bir tapmaca.

Sazaqlı gecənin başına narın çiskin ələnirdi. Hamı kiriyib yatışmışdı, Zöhrə xalanın mafəsi sabahın açılmağını həsrətlə gözləyirdi. Sabah o, dünyada ən çox istədiyi varlığın yoxluğuna qovuşacaqdı...

ardı var

# 7986 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #