Söyə-söyə küçə süpürən qadınlar

Söyə-söyə küçə süpürən qadınlar
18 mart 2019
# 09:58

Samirə Əşrəf

Müsəlmanın o günlərindən birində əlimdə zibil sellofanı həyətimizdəki zibilxanaya gedəndə, gördüm zibil qablarının ətrafını süpürən qadın dodağının altında elə hey nəsə vird edir. Xəbər alanda süpürgəçi qadın dedi ki, bəs gecəylə kimsə gəlib yenicə istifadəyə verilmiş zibil qutusunun təkərlərini söküb aparıb. Qadının bu sözlərindən sonra baxdım ki, doğurdan da zibil qutularından birinin iki təkərini yoxa çıxarıb yerinə ortabab daş parçası yumalayıblar. Sözün açığı çox məəttəl qaldım. Axı ilin, günün bu vaxtında zibil qutusunun təkəri kimə lazım ola bilərdi? Xeyli düşünsəm də, məsələyə vaqif ola bilmədim.

Zibili atıb ordan tezliklə uzaqlaşdım. Çünki qadın zibil qutusunun yaxınlığından topladığı ot-ələfdən, zir-zibildən elə bir tonqal çatmışdı ki, “Dədə Qorqud” boylarında düşmən basqınlarını xəbər verən Oğuz elinin tonqalları burada şam işığına bənzəyirdi.

Ümumiyyətlə, bizim millətin zibillə bağlı həmişə çox ciddi problemləri olub. Və zibil bizim gündəlik həyatımıza ən çox daxil olmağı bacaran tək-tük nəsnələrdən biridir.

Yeni il bayramı ərəfəsində Avropa ölkələrinin verilişlərinə baxanda bir məsələ diqqətimi cəlb edir. Məsələn, avropalılar yeni ildə şam ağacını bəzəyəndə onun hər tərəfini oyuncaqlarla, zərlərlə bəzəyirlər. Onlar heç vaxt düşünmürlər ki, yaxşı oyuncaqları ağacın qarşısına, pisləri isə arxa hissəsinə düzək. Və yaxud da bütün zərləri qarşıya səpək, arxa hissəsi zərsiz qalsın. Əskinə onlar həmişə yaşıl ağaca bəzək vuranda hər tərəfini nəzərə alırlar. Bizdə isə yolkaların həmişə ön tərəfi bəzənir, görünməyən hissəsi qalır lüt madar.

Əslində hər işimiz elə həmin şam ağacını bəzəməyə oxşayır. Biz həmişə ortalığı yaxşı vəziyyətdə saxlayırıq, kənar, görünməyən daldalıqlara əlimizin ucunu da vurmuruq. Eləcə də evimizin içini təmiz saxlayırıq, amma əlimizə keçəni eyvandan hara gəldi vızıldadırıq.

Avtomobillərimizi tərtəmiz yuyub parıldadırıq, suyunu isə camaatın gəlib getdiyi küçənin ortasına axıdırıq. Yayda dəniz kənarına çimməyə gedirik. İki metrə yeri cızıqlayıb üstündə bardaş qurub kef edirik, özümüzü günəşin şüalarına təhvil veririk, amma cızığımızdan o tərəfi yediyimiz ərzaqların zibilləri ilə doldururuq. Sonra da deyirik ki, bağ belə, bostan belə. Bizdən yoxdu, bizim xalq yer üzərində ən yaxşı xalqdı. Əslində doğurdan da bizdən yoxdur. Amma bu bizdən yox məsələsinə qonaqpərvərliyimizi, dolmamızı, armudu stəkanda çayımızı bir kənara qoyub yanaşsaq məsələ xeyli dəyişəcək. Misal üçün bizim şəhərin süpürgəçilərindən də heç bir xalqın küçələrində görə bilməzsiniz. Heç bir ölkədə küçənin ortasında əyin başından kir yağan süpürgəçinin insanları söyə-söyə küçəni süpürməsinə rast gələ bilməzsiniz. Çünki ən azı onları söyməyə vadar edəcək səbəblər yoxdur. Oralarda süpürgəçi də, zibilyığan da hamı kimi işçidir. Onlar topaladıqları bir-iki paketi zibilləri tərtəmiz zibil maşınlarına boşaldıb gedirlər evlərinə özləri üçün pivələrini içməyə.

Amma bizdə vəziyyət Orxan Fikrətoğlu demişkən alayı cürdü. Evlərimiz, iş yerlərimiz təmiz, küçələrimiz zibillikdir. İnsafla deyək ki, milləti də qınamaq olmur. Bir dəfə yaxın bir rəfiqəmlə oturub çay içirdik. O, çantasındakı kitabı mənə verənə qədər ordan bir qucaq zibil çıxartdı. konfet kağızları, yüklənmiş kontur kartı, boş su şüşəsi və.s.

Rəfiqəm təəccüblə ona baxdığımı görüb bildirdi ki, bu zibilləri küçələrdə zibil qutusu tapmadığından yerə atmayıb çantasına doldurub ki, evə gedəndə evdəki zibil qutusuna atsın, amma yadından çıxıb. Təsəvvür edirsiniz hansısa bir mötəbər məclisə və yaxud da elə iclasa, tədbirə gedirsiniz. Sizə nəsə lazım olur, əl atırsınız çantanıza, ordan da zir-zibil çıxır... Görünür küçələrimizə zibil qutuları qoyulanda kiminsə qənaətcillik damarı tutub. İndi biz də çox şey istəmirik, demirik hər səhər küçələrimizi bahalı şampunlarla yuyub, xlorlu su il dezinfeksiya etsinlər. Balaca, yığcam, materialı dəmirdən olan zibil qutuları istəyirik. Xlor satan demişkən, bayaq küçədə bir xlor satan kişi də gördüm. İçinə xlor butulkaları doldurduğu arabasını çəkib aparırdı. Birdən baxdım ki, arabanın təkərləri zibil qutularından oğurlanan təkərlərə çox bənzəyir. Ürəyimi qurd basdı. Kişinin binəvalıq, fağırlıq tökülən sifətinə baxıb istədim ondan soruşam. Bağışlayın, siz xlor satansınız, ya oğru?!

# 5853 dəfə oxunub

Oxşar xəbərlər

Pirat kitab saytına 19,5 milyon dollar cərimə –  Milyonlarla kitabın taleyi necə olacaq?

Pirat kitab saytına 19,5 milyon dollar cərimə – Milyonlarla kitabın taleyi necə olacaq?

11:12 12 noyabr 2026
"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

"BTS" ilin ən yaxşı mahnıları siyahısına düşdü – Qrupun yeddi aylıq uğuru davam edir

10:43 12 noyabr 2026
"Soul Food"  filminin aktrisası vəfat etdi

"Soul Food" filminin aktrisası vəfat etdi

10:21 12 noyabr 2026
Azərbaycanda Konstitusiya Günü  qeyd olunur

Azərbaycanda Konstitusiya Günü qeyd olunur

10:00 12 noyabr 2026
Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edildi

18:40 11 noyabr 2026
Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

Məşhur musiqiçi süni intellektlə hazırlanan mahnıları tənqid etdi

18:38 11 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər