Dövlət-sənət münasibətlərində SSRİ modeli

 Dövlət-sənət münasibətlərində SSRİ modeli
12 mart 2019
# 11:50

Kulis.az firudin Allahverdinin “Mədəniyyət və incəsənət sahəsində zəruri islahatlar barədə qeydlər” yazısını təqdim edir.

Bu günlərdə Prezidentin mədəniyyət xadimləri ilə görüşünü, doğurduğu rezonansa görə mühüm saymaq olar. Dövlətin yüksək mərtəbələrinin incəsənət xadimlərini bir yerə yığaraq gələcək mədəniyyət siyasətini onlarla müzakirə etmək istəməsi özü ümidverici hadisə olduğundan və bu görüşün ölkə ictimaiyyətinin nəzərini incəsənət sahəsinin bütöv halda vəziyyətinə fokusladığından, bu sahənin nümayəndəsi kimi məni də düşüncələrimi paylaşmağa həvəsləndirdi.

Görüşdə səslənən fikirləri şərh etmək fikrindən çox uzağam; baxmayaraq ki, onların arasında səmərəliliyinə şübhə etmədiklərim olduğu kimi, birmənalı qarşılanması mümkün olmayanlar da vardı. Ölkə incəsənətinin davamlı inkişafının təmin olunması üçün isə daha fundamental dəyişikliklərə ehtiyac olduğunu düşünürəm.

Fikrimcə, Azərbaycan mədəniyyətinin qarşısında duran əsas vəzifə beynəlxalq arenaya kəmiyyətli və keyfiyyətli surətdə inteqrasiya etməyin yollarını tapmaqdır. Bunun üçün isə sistematik dəyişikliklər, hətta yenidənqurma prosesi aparmaq labüddür. Bu dəyişikliklər ilk növbədə incəsənət sferasında təhsil proqramlarının ən müasir dünya standartlarına cavab verməsini təmin etməkdən başlamış, dövlət-incəsənət münasibətlərinin ən səmərəli yollarını müəyyən etməyə qədər sahələri əhatə etməlidir.

Məsələ burasındadır ki, təhsil proqramlarımızın da, dövlət-sənət münasibətlərimizin də kökü, eyni zamanda mahiyyət və forması SSRİ-nin ilkin və orta dövrlərində bərqərar olduğundan və Sovet İttifaqının reallığına əsasən müəyyənləşdiyindən, onların müasir dünyanın standartlarına cavab verməsi şübhə doğurur.

Ayrıca musiqi təhsilini götürsək, deyə bilərəm ki, proqramlar Sovet dövründə yarandığı üçün orada azərbaycanlı yeniyetmə və gənclərin Rus və Sovet musiqisi barədə bilməsələr eyib sayılmayacağı xeyli informasiya var ki, onların yerinə 1930-lardan üzümüzə bağlanan dünyada baş verən mühüm sənət hadisələrindən danışmaq daha xeyirli olardı.

Biz bu gün 21-ci əsrin informasiya dünyasına hazır olacaq incəsənət xadimləri yetişdirmək istəyiriksə, qabaqcıl ölkələrdə incəsənət təhsili sistemini mükəmməl öyrənib, onları ölkəmizdə tətbiq etməliyik. Eyni zamanda yerli ehtiyaclar lazım gələrsə xarici mütəxəssislər tərəfindən monitorinq olunmalı, lokal xüsusiyyətlər də nəzərə alınaraq, yeni tədris proqramları hazırlanmalıdır. Bəlkə təhsil sisteminin özündə də müəyyən dəyişikliklər də zəruri olsun.

Təhsil proqramlarımızda bir çox məsələlər Sovet nəzəriyyəçiliyi nöqteyi-nəzərindən təfsir edildiyindən, həmçinin müəyyən terminlər hələ də rusca olduğundan, arzu olunandır ki, bu məsələlər də təftiş olunsun və müasir beynəlxalq standartlara uyğunlaşdırılsın.

Qarşıda duran əsas vəzifələrdən biri də incəsənət məhsullarımızın xaricdə bazarlanmasıdır. Yəqin ölkə ictimaiyyətinin əksəriyyəti razılaşar ki, bizim dünyaya təqdim edə biləcəyimiz sənət məhsulları, yəni mənəvi sərvət, hal-hazırda təqdim etməkdə olduğumuz yeraltı və yerüstü maddi sərvətdən heç də az deyil. Musiqimizin, ədəbiyyatımızın, həmçinin təsviri incəsənətimizin beynəlxalq arenada düzgün təbliğ və bazarlanması məsələsinə də ayrıca proqram kimi baxa, müəyyən strategiyalar qura bilsək, ölkə büdcəsinə əlavə gəlir də gələ bilər. Özü də maddi sərvətlər kobud desək, bir dəfə satılırsa, konsert və sərgi salonlarında, eləcə də internet platformalarında təqdim olunan sənət məhsulları daimi gəlir deməkdir.

Söhbət dövlət büdcəsinə gəlirlərdən getdisə, yavaş-yavaş dövlət və sənət münasibətlərinin arzuedilən halı barədə də söhbət açmaqda fayda var. Yuxarıda qeyd etdiyim kimi, bizim dövlət-sənət münasibətlərimiz əsasən XX əsrin 2-ci çərəyində, SSRİ-də yaranıb. İndi bildiyimiz bütün struktur və təltif standartlarımız o dövrdə, özü də çox qeyri-normal şəraitdə - Sovet dövrünün ən totalitar zamanında formalaşıb. Sənət xadiminin gözlənilən davranışından, habelə onların necə təltif olunmasından tutmuş, dövlətin birbaşa idarə etdiyi təşkilatlara (teatrlar, incəsənət kollektivləri və s.) qədər bütün sistem, uğurlu olmadığı artıq çoxdan bəlli olmuş 30-cu illər Sovet modelinə söykənir. Məncə, biz bütün bunları dəyişmək üçün çox gecikirik.

Götürək təltif modellərini - xalq artisti, əməkdar artist və digər nümunələrin təkcə adları kifayət edir ki, onların hansı şəraitdə yarandığı aydın olsun. Xatırlasaq, bu o dövrlər idi ki, “xalq” və “əmək” anlayışları müasir dillə desək trenddəydi; amma “xalq” deyiləndə siyasi mübarizədə yenicə qalib gəlmiş fəhlə-kəndli sinfi, “əmək” deyiləndə isə sosialist əməyi nəzərdə tutulurdu. Təltif modellərinin dəyişdirilməsi eyni zamanda bəzi sahələrdə gecikdiyimiz desovetizasiya prosesinə də töhfə olar.

Dünya praktikasında dövlət mükafat və təltifləri adətən obyektiv, “merkantil” maraqlara əsaslanır. Çox zaman mədəniyyət xadimlərini ölkə içində deyil, ölkə xaricində uğurlarına görə mükafatlandırırlar. Səbəb isə sadədir: dövlət, incəsənət sahəsinin xaricdə təbliğindən uzunmüddətli zaman kəsiyində büdcəyə daxil olacaq valyuta gözləyir. Böyük Britaniya kraliçası The Beatles qrupunu boşuna təltif etməmişdi: 1960-larda,The Beatles-dən gələn gəlirlər krallıq büdcəsinin əhəmiyyətli maddəsinə çevrilmişdi. Elə indinin özündə belə The Beatles təkcə Liverpool şəhərinin büdcəsinə hər il 82 milyon funt sterlinq qazandırır.

Mövcud dövlət-sənət münasibətlərimizin əhəmiyyətli sahələrindən biri də dövlət teatrları və kollektivləridir. 1930-larda, SSRİ-də ictimai fikrin formalaşması baxımından teatrlar mühüm çəkiyə malik idi. Radionun hər evdə olmadığı, televiziyanın yenicə yaranmaqda olduğu dövrdə dövlətin mesajının ictimaiyyətə çatdırılması üçün əsas vasitələrdən biri teatr idi. Teatrın bu sahədə rəqibi yəqin ki, yalnız çap məhsulları ola bilərdi. Buna görə dövlət teatra xüsusi münasibət göstərir, sayını çoxaldır və yaxşı da dəstəkləyirdi. Amma indi dövran o dövran deyil. Bir zamanların qüdrətli çap məhsulları - qəzetlər və kitablar da öz yerlərini internet resurslara və rəqəmsal mediaya veribsə, demək teatrların yenidən qurulması işinə də çoxdan başlamalıydıq.

Əslində, geniş kütlələr çoxdan dövlət teatrlarından üz döndərərək “Bu şəhərdə”, “Planet Parni iz Baku”nun timsalında öz teatrlarını tapıb. Bu fikrimdə heç bir ironiya yoxdur; onlarda teatra aid demək olar ki, bütün xüsusiyyətlər mövcuddur; üstəlik onların səhnəciklərində dövlət teatrlarının tamaşalarına nisbətən daha aktual mövzulardan bəhs olunur. Bunun nəticəsi olaraq daimi tamaşaçıları var, bilet satmaq problemləri isə yoxdur. Burdan bu nəticəyə gəlmək olar ki, əslində xalq mahiyyət etibarı ilə teatra gedir, hətta onu dəstəkləyir. Dövlət teatrlarının tamaşalarına bilet satışının təşkilinə yardım etmək üçün isə, bildiyimiz kimi, bəzən dövlətin digər strukturlarında bilet satılması kimi o qədər də ürəkaçan olmayan təcrübədən istifadə olunur.

Dotasiya ilə dolanmaq incəsənət sahələrini istixanada yaşatmaq effekti yaradır. Halbuki biz incəsənət sektorunun təbiətə, özü də bizim təbiətimizə öyrəşdirməyin, bazar iqtisadiyyatı şəraitində yaşatmağın yollarını axtarmalıyıq. Bunun üçünsə böyük reformlara, yenidənqurmalara ehtiyac var.

Hələ mən sənət ehtirasının alovlanması, yeni yaradıcı ideyaların yaranması və həyata keçirilməsi üçün münbit şəraitin, yəni sənət atmosferinin dövlət müəssisəsində nə dərəcədə mümkün ola biləcəyindən danışmıram.

Əlbəttə, dotasiyaya mütləq ehtiyac qalacaq, dünyanın ən qabaqcıl ölkələrində də Filarmonik orkestr, ya da Opera teatrı kimi ocaqlar dövlətin köməyindən daima istifadə edir - çünki onlar millətin mədəniyyət göstəricilərinə, simvola çevrilmiş sənət ocaqları olduğu kimi, eyni zamanda idarəsi asan olmayan mürəkkəb struktura malikdir. Amma onların bizdəki analoqlarının da texniki və bədii keyfiyyət etibarı ilə heç olmasa Şərqi Avropa standartlarına yaxınlaşdırılması yolunda addımlar da arzuolunandır.

Bütün bu incəsənət ocaqlarının dövlətdən maddi asılılığının azalmasının real həlli, onların əhaliyə cəlbedici olması yollarının tapılmasından keçir. Bunun üçün əvvəla onların məhsulu həm bədii, həm də texniki baxımdan keyfiyyətli olmalıdır. İkincisi, reklam və təqdimatların cəlbediciliyinə önəm verilməlidir. Müasir dünyanın nemətlərindən olan sosial şəbəkələrdə reklamın, TV və radiodan daha effektiv olması mütəxəssislər tərəfindən qəbul edilmiş bir gerçəkdir. Üçüncüsü və ən mühümü, əhalinin incəsənət barədə məlumatlandırılmasının effektiv yollarının tapılmasıdır. Sözsüz ki, burda əsas addım təhsildən başlamalıdır. Bu gün əhalinin bayağı mahnılara meylindən narahat oluruqsa, bunun kökünü orta məktəbdəki musiqi dərslərində axtarmalıyıq. Orta məktəblərdəki Musiqi dərsində uşaq və yeyiyetmələrə musiqi barədə aydın izahlar verilsə, biz nə simfonik musiqi dinləyənlərin, nə operaya gedənlərin azlığından, nə də bayağı musiqiyə qulaq asanların çoxluğundan şikayətlənəcəyik.

Dövlət-sənət münasibətlərinin tənzimlənməsində bir məsələyə də vurğu yerinə düşərdi. Bu, bədii meyarlara qarışan dövlətin paradoksal mahiyyətidir. Qədim zamanlardan bəri dövlət fəlsəfəsinin əsasında cəmiyyətin idarəsini tənzimləmək məqsədi ilə çərçivələr yaratmaq durur. Yəni dövlət çərçivəni sevir; o, çərçivə qoymağa meylli olmasa özü reqresə uğraya bilər. Bədiilik isə tam əksinə, demək olar məhz hansısa çərçivədən (tutaq ki, sənətin özünə aid doqmaların çərçivəsindən) kənara çıxmaqla əldə olunur. Bu baxımdan, mürəkkəb bürokratik struktura malik, maşın kimi, zavod kimi hərəkət edən dövlət aparatının incə mətləblərdən bəhs edən sənət nümunələrində bədii aspektlərə qarışması təcrübəsinin özünə yenidən baxılmalıdır. Dövlət yaxşı olar ki, bədii deyil, texniki keyfiyyətə nəzarət eləsin. Çünki, texniki keyfiyyətin aydın ölçü vahidləri mövcuddur və elə məhz bu sahədə (xüsusilə də audio-vizual bazarda) dövlətin müdaxiləsi effektiv nəticələr verə bilər.

İslahat mövzusunun gündəmdə olduğu, müəyyən bir hərəkətliliyin müşahidə olunduğu bu günlər, bizə həm də mədəniyyət və incəsənət sahələrində fundamental dəyişikliklər etməli olduğumuzu xatırlatmalıdır. Sovet mədəniyyət sistemi irsi ilə çox uzağa getməyin mümkün olmayacağını qəbul etməli, qərarlı şəkildə beynəlxalq arenaya köklənməliyik. Bu yol əvvəl-axır keçiləcək; əslində elə indinin özündə də pərakəndə və piyada halda o yolun yolçusuyuq. Amma bu istiqamətdə işlərin sistematik və planlı şəkildə görülməsi Azərbaycanın yeni və özünəməxsus sima ilə dünya sənət cameəsində layiqli yer alması prosesini sürətləndirə bilər.

azlogos.eu

# 2555 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #