"Bu cəmiyyət nə qədər ki, müəllimini günahkar sayacaq..."- Əlləri silaha kim öyrədir?!

"Bu cəmiyyət nə qədər ki, müəllimini günahkar sayacaq..."- Əlləri silaha kim öyrədir?!
21 aprel 2026
# 12:00

Kulis.az İlkin Özün “Silah və qələm” adlı yeni yazısını təqdim edir.

“Açılan hər bir məktəb bir həbsxananın bağlanması deməkdir”.

Viktor Hüqo

Türkiyədə son günlərdə baş vermiş məktəb terrorundan, yəqin ki, hamının məlumatı var. Demək, bir ruhi xəstə (üzrlü sayın, psixatr olmadığıma görə konkret diaqnoz qoya bilməyəcəyəm) şagird məktəbdə qətl törədib, nəticədə, səkkiz şagirdi, bir müəllimi, axırda da özünü güllələyib.

Eşidəndə adamın tükləri biz-biz olur, inanmaq istəmir, fəqət nə qədər ağır olsa da, reallıqdır.

Əslində, belə mövzulardan yazmayacağıma söz vermişdim, daha yaxşı mövzulara fokuslanacaq, ürəkaçan şeylərdən yazacaqdım. Əfsus ki, bəzən alınmır, verdiyim sözlərə əməl edə bilmirəm.

İndi kimsə qayıdıb üzümə duracaq ki, özün üçün umac ova bilmirsən, başqaları üçün əriştə kəsirsən. Bu kontekstdən çıxış edib haman şəxslərə aydınlıq gətirmək istəyirəm:

"İdrak" liseyində də belə bir şey baş vermişdi, nə tez unutdunuz?! Onda da şagird müəllimi güllələmişdi də.

İstənilən situasiyada səbəbə yox, nəticəyə baxıram mən. Ya vəlvələdən, ya zəlzələdən belə hadisələr bizdən də yan keçmir. Və istər-istəməz bəzi şeylər adama pis təsir edir:

Şagird hara, silah hara? Qələm tutası əlləri silaha kim öyrədir – Məktəb, yoxsa valideynlər?!

Bayaq sosial şəbəkədə türkiyəli bir müəllimin baş vermiş hadisə ilə bağlı yayılan videoçarxını izlədikdən sonra qəti qərara gəldim, bir çox ölkələrdə (həmçinin bizdə) müəllim faktoru çox zəifləyib.

Sanki müəllim camaat üçün “stres topu” olub; kim əsəbiləşir, özünü pis hiss edirsə, acığını müəllimdən çıxır: "Sənə dərs deyən müəllimin...".

Yanılıramsa, keçin günahımdan, amma hazırda müəllimi ciddi qəbul edən yoxdur. Təhsil nazirimiz də hərdən nitqində bu faktı ya dolayı yolla, ya da birbaşa ifadə edir, söz yox. Şübhəsiz, hər şeyi onlara yükləmək də ədalətsizlik olardı.

Bu xüsusda unutmaq olmaz ki, Təhsil Nazirliyindən çox, cəmiyyət müəlliminə layiqincə dəyər verməyi bacarmalıdır!

Köhnə təhsil sistemi ilə müqayisədə, yeni sistemin yaxşı tərəfləri də, pis tərəfləri də var.

Əvvəla, yaxşı tərəflərindən danışaq. İndi savadsız, ixtisasını bilməyən müəllim demək olar ki, qalmır.

Köhnədənqalma bəzi kəmsavadlar ələkdən keçib, bu, bir yana.

Məsələnin pis tərəfi isə odur ki, təhsil alanların hüquqları təhsil verənlərlə müqayisədə daha yüksək səviyyəyə çatıb.

Yəni müəllimin bütün yaxşı funksiyalarının əlindən alınması, cəmiyyətin ona göstərdiyi dəyərsizlik, laqeydlik, biganəliyin nəticəsidir ki, bu gün təhsil ocaqlarında Texasda, Əfqanıstanda, Qüdsdəki kimi terror hadisələri baş verir.

Bəzi şagirdlər bir-birlərini didib-parçalayır, müəllimi saymırlar. Şagirdə "gözünün üstündə qaşın var" deyəndə mərəkə qopur. Nəhayət, bütün qəbahət qalır müəllimin üstündə...

Yazıq müəllim də çörəyinin xətrinə susur. Xırda bir məsələ olan kimi, ya məktəb rəhbərliyi ya valideynlər, ya da digərləri onu qapazaltı edirlər...

Bir nəfər də çıxıb müəllimlərin haqqını müdafiə etmir. Cəmiyyətin müzakirə predmeti ancaq filankəsin repetitorluq edib filan qədər pul qazanmağıdır.

Məşhur fransız mütəffəkkiri Russo “Təbii tərbiyə nəzəriyyəsi”ndə qeyd edir ki, valideynlər uşağın ilk tərbiyəçiləridir. Russo uşağın tərbiyəsində əsas faktoru, yaş və anlaq xüsusiyyətlərini nəzərə almaqda görürdü:

“Təbiət tələb edir ki, uşaqlar böyük olmazdan əvvəl, uşaq olmalıdırlar”.

Hə, onun dediyi kimi, tərbiyənin düzgün təşkili fundament rolunu oynayır. Məni qınamayın, əksər valideynlər tərbiyənin özülündə səhvə yol verirlər. Təəssüf ki, övladlarından bixəbərdirlər.

Uşağı dünyaya gətirməklə, geyindirib-kecindirməklə öz missiyalarını yerinə yetirdiklərini düşünürlər.

Ta smartfonla nə hoqqadan çıxır, hansı oyunlar oynayır, hansı saytlara daxil olur, maraqlanan yoxdur.

Nəzərə alınmalıdır ki, övladına yekə-yekə telefonlar, bahalı-bahalı hədiyələr alanda, yanında dörd-beş manatlıq kitab alsalar, arada onların dərdlərini, sıxıntılarını, problemlərini dinləsələr, belə hadisələr baş verməz.

Əlbəttə, bu cəmiyyət nə qədər ki, müəllimini günahkar sayacaq, nə qədər ki, hegemon valideynlərin, özündənrazı şagirdlərin ayağına verəcəksə, onda daha ağır fəsadlar qaçılmaz olacaqdır.

Deməyim odur, belə şeylər bizim üçün adiləşməsin gərək. Müəllimin müəllim, şagirdin şagird yeri olmalı, şagird-müəllim münasibətləri mütləq şəkildə balanslaşdırılmalıdır.

Demokratik təhsil sisteminin tərəfdarı olduğumu dəfələrlə demişəm.

Səkkizinci sinifdə oxuyanda qeyri-pedaqoji işçidən haqsız yerə bir şillə yemişdim və məşhərə qədər onun günahından keçməyəcəyəm.

Gəl ki indi həmin dövr deyil. Ona görə də, demokratiya olanda barı adamın başına çıxmasınlar.

Platon demişkən: "Bir çəkməçi işini pis görərsə, dövlət bundan ciddi zərər görməz, fəqət bir müəllim işini yaxşı görməsə, cəmiyyət məhvə sürüklənər...".

Müəllim bu proeslərdən iyrənməsin ki, rahat işini görsün...

Hərçənd ki, dəyər olmayan yerdə keyfiyyətdən söhbət belə gedə bilməz.


# 119 dəfə oxunub

Oxşar xəbərlər

Kamal Abdullanın "Gizli Dədə Qorqud"  kitabının müzakirəsi keçiriləcək

Kamal Abdullanın "Gizli Dədə Qorqud" kitabının müzakirəsi keçiriləcək

12:41 21 aprel 2026
"İşıq rəssamı"nın qaranlıq tərəfi: Milyonlar qazandıran nağılvari rəsmlərin arxasındakı faciə

"İşıq rəssamı"nın qaranlıq tərəfi: Milyonlar qazandıran nağılvari rəsmlərin arxasındakı faciə

12:33 21 aprel 2026
Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü

Xalq şairi haqqında elmi-tədqiqat kitabı işıq üzü gördü

12:02 21 aprel 2026
Uşaq nağıllarından "ehtiraslı pərilərə": Pəri romantikası nədir və niyə bu qədər populyardır?

Uşaq nağıllarından "ehtiraslı pərilərə": Pəri romantikası nədir və niyə bu qədər populyardır?

11:30 21 aprel 2026
Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

Zabit olan danimarkalı yazıçı necə Nobel Sülh Mükafatına layiq görüldü?

11:00 21 aprel 2026
Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

Rafaelin sirli tablosunun altından nələr çıxdı? - Qadın idealının əsrlərlə dəyişən siması

10:57 21 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər