İt başlı adamlar - Fəridə Uğur yazır...

İt başlı adamlar - <span style="color:red;">Fəridə Uğur yazır...
30 iyun 2019
# 16:25

Milan Kunderanın 1969-cu ildə çap olunan bu romanını oxumaq fotokolleksiyaya baxmaq kimi idi. İndiyəcən oxuduğum bir çox bədii kitablar, psixologiya problemləri, fəlsəfi təlimlər, müxtəlif müəlliflər təqvim vərəqləri kimi fikrimdə qopub bir-bir ətrafıma səpələnirdi – şair, şeir, Haydeger, kommunizm, bir az da Freyd.

Əsərin qəhrəmanı olan şairin kommunistlərə qoşulması, kommunizmi dəstəkləməsi boşuna deyil – pulsuz, sinifsiz, dövlətsiz bir cəmiyyət tərəfdarı olan kommunizm ucsuz-bucaqsız xəyal dünyasında üzən bir şairin simvolik işarəsidir, Artur Rembonun "bütün şairlər qardaşdır’ fikrinin kod yazısıdır sanki. Jaromilin (əsərin qəhrəmanı) anası ilə münasibətlərinin fonunda yaradılan mənzərə isə Freydin "Edip kompleksi" nə tamam əks qütbdən – ana tərəfdən baxmaqdır ki, fikrimcə, buna nə psixologiyada, nə də psixoanalizdə (həmçinin ədəbiyyatda da) hələ ki, cəhd edən olmayıb.

Eksiztensializmin öncüllərindən sayılan Haydeger öz fəlsəfəsində belə bir fikir irəli sürür: "Heç bir insan bu dünyada yalqız varola bilməz. İnsanın varoluşu digər insanlarla birgə mövcuddur. Özünün "man sferası’’ (yaxud, onlar sahəsi) adlandırdığı bu "digər insanlar’’ asanca görülən, təxmin edilən adamlar deyil, varlığımızın ətrafında, beynimizdə, içimizdəkilər – kim olduqları məlum olmayanlardır.

"Həyat başqa yerdə"də Jaromilin xəyalında canlandırdığı, yaşatdığı, haqqında danışdığı Xavieer də Jaromilin man sferası’ndakı insanlardan yalnızca biridir.

Haydegerin düşüncəsinə görə insanın içində mövcud olduğu dünya onun öz seçimi deyilsə, demək ki, insan bu dünyada yaşamağa məcbur edilmişdir (dünyaya atılmışlıq fikri) və buna görə də bizim içində var olduğumuz dünya bizim deyil, o bizə yaddır, düşməndir. "Dünyaya atılmışlıq fikri’’ qorxu, can sıxıntısı gətirir, amma bu adi, hansısa təhlükə düşüncəsinə qarşı yaranan qorxudan tam fərqli, naməlumluq qarışıq bir vəziyyətdir – eynilə Jaromilin qorxuları kimi. Və insan özünü axtarmağa, tanımağa başlayır, bunun üçün öz üzərində düşünmək əvəzinə, öz bacarıqlarının sərhədlərini zorlamaq, haracan gedə biləcəyini izləmək lazım olduğunu deyir Haydegger fəlsəfəsi. İnsan durmadan "mən”in sərhədlərini ötməklə məşğuldu, başqa sözlə – varoluş daimi bir aşmadır.

Jaromil də yazmaqla, rəsm çəkməklə elə bunu edirdi. Özünü aşmağa, naməlumluq duyğusundan arınmağa çalışırdı. Adam başı çəkə bilmədiyi üçün portretlərini it başı ilə çəkməsi kənarda anlaşılmazlıq, maraq, doğursa da, özü səbəbin nə olduğunu bilirdi. Başqalarının qorxulu, vahiməli, maraqlı qəbul etdiyi bir hadisənin necə sadə səbəbi vardı, deyilmi?

Və şairlər də çox vaxt şeirlərində bu sirli, dumanlı abu-havanı yaradırlar, sanki nələrinsə qarşısına pərdə çəkməyə çalışırlar. Metaforalar, altqatda gizlənmələr... Şairlər içinə atıldıqları dünya ilə içlərindəki dünyanın heç birində yaşaya bilməyənlərdir, iki dünyanın arasında yuxuda olanlardır. Bütün şairlər yuxuyla reallıq arasındakı sərhəddi itirib, nəyin xəyal, nəyin reallıq olduğunu çaşdıran "kəpənək filosof’lardır.

Əsərdə belə bir fikir var – şeir deyilən hər şeyin gerçək olduğu bir nəsnədir. Şairin nəyisə isbatlamaq, sübut etmək kimi bir məcburluğu yoxdur. Hər şey duyğuların gücü ilə var olur. Şair şeirləri ilə avtoportret çəkir, özünü anlaşılmaz hiss etdiyi üçün şeirləri ilə özünü çəkməyə – aydınlanmağa çalışır.

Əsəri oxuduqca düşünürsən ki, bəlkə də şair özü şeirləri ilə yaratdığı alatoranlıqda azır, qurduğu tələyə özü düşür, oxucuya ötürməyə çalışdığı sualın cavabını özü tapmağa çalışır, sonra görür ki, axı bu az öncə özünün yaratdığı, səbəbini (adi bir səbəb) bildiyi bir şeydir. Və "necə oldu ki, bu tələyə özüm düşdüm” – deyə düşünməyə başlayan şair yenidən o toz-dumanın içində qərq olur. Beləcə "dumanlı vəziyyət’’ daimi hökmranlığa başlayır.

Əsər oxucuya belə bir mesaj ötürür – şeir məntiqsizliyi məntiqə düzmək cəhdidir. İnsan doğularkən məntiq yoxdur, məntiq yaşadıqca öyrənilir – ilk dəfə əlini yandıran uşaq oddan uzaq gəzəcək. Çünki tanıyır, bilir, düşünür. Şair də o uşaqdır – tanımadığı, bilmədiyi üçün darıxan, maraqlanan, əlini yandıran od haqda danışan, gileylənən, qorxan, çəkinən...

"Həyat başqa yerdə” – bir şairin öz beynində azmasının, öz düşüncəsində itməsinin hekayəsidir.

Image result for Jaromil portre

# 4230 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #