news-inner
clock09:03 calendar-gray 22 İyul 2018 view-gray385 dəfə oxunub
view-gray385 dəfə oxunub

Məşhur aktyorun qızı: “Anam atamın qəbrinə gül düzən o qadını çox axtardı” - MÜSAHİBƏ

Kulis.az tanınmış aktyor, Əməkdar artist Hamlet Xanızadənin qızı Aygün Xanızadə ilə müsahibəni təqdim edir.

- Aygün xanım, vaxtilə atanızın işlədiyi teatrda indi özünüzün işləməsi, gəlib-getməsi necə hissdir?

- Biz həmişə uşaqlıqdan bura gəlmişik. İndi burdakı iş yoldaşlarımla hərdən söhbətləşəndə deyirəm ki, teatrın qoxusu mənim üçün tanışdır. Çünki uşaqlıqdan atam bizi həmişə bura gətirirdi. Əlbəttə ki, atama doğma olan teatrda indi özümün işləməyim fəxr vericidir. Teatrda mən sanki özümü tapmışam.

- Atanız uzun illər işlədiyi teatrdan sonralar uzaqlaşır. Sizcə, buna səbəb nə idi?

- Teatrla əlaqələrini kəsəndən sonra o, daha çox kinolara çəkilməyə başladı. Əlbəttə ki, teatrdan getməsinin səbəbləri var idi. Ancaq o, ümumiyyətlə, evdən kənarda baş verənlər haqqında, problemləri barədə danışmağı sevməzdi. Bizim qonşularımızın çoxu sənət adamları idi. Bürcəli Əsgərovun ailəsi ilə çox yaxın olmuşuq. O da evdə söz danışan adam deyildi. Amma arada qulağımıza çatırdı ki, atamı teatrda incidiblər. İndi özüm burda işləyəndən sonra daha çox buna əmin oldum ki, onu həm incidiblər, həm irəli getməsinə imkan verməyiblər. Elə rollar olub ki, onları atam ifa etməli olduğu halda, onu başqa aktyorlara veriblər. Düzdür, atam işdən çıxma səbəbini maaşının az olması ilə əlaqələndirirdi. Lakin mən buna inanmıram. Çünki o, sənətini sevən insan idi. Bu sevgidə maddiyyat rol oynaya bilməzdi. Sadəcə olaraq incimişdi.

- Təxminən üç-dörd il əvvəl siz atanızın fotosunun teatrdan asılmaması barədə də narahatlığınızı dilə gətirmişdiniz...

- Mənim anamın bir sözü vardı. O, həmişə deyirdi, "elə insanlar var ki, onlar ölünü belə qısqanırlar". Özümün də ağlım kəsəndən sonra görürdüm ki, Hamlet Xanızadənin adı gələn yerə istəyirlər ki, başqa bir ad yazsınlar. Bir dəfə də teatra gələndə atamın şəklinin foyedəki divarda olmadığını gördüm. Amma təmirdən əvvəl var idi. O vaxtı burada işləyən baş rejissora yaxınlaşıb narazılığımı bildirdim. O, isə mənə dedi ki, "təmir vaxtı şəkli çıxarıb bir kənara atıblar". Onda dedim ki, "necə yəni atıblar? Siz bu sözü necə belə rahatlıqla deyirsiniz?"

Doğrudan da bu laqeydlik bizə pis təsir etmişdi. Axı atam teatrda uzun illər böyük sənətkarlarla işləyib, canını qoymuşdu.

Həmin adam mənə şəkli asdıracağı barədə söz verdi. Sonralar atamın və digər sənətkarlarımızın şəkilləri divara vuruldu. Hansılar ki, onların şəkilləri də foyedə yox idi.

- İki bacı olmusunuz. Atanızın nə vaxtsa oğul xiffəti çəkdiyini hiss etmişdiniz?

- Xeyr. Həmişə deyirdi ki, "mənim iki qızım min oğula dəyər." Həm də bizi elə oğlansayağı, kişi kimi böyütmüşdü. İndinin özündə bacım da, mən də istənilən işi görə bilərik. Çətinlikdən qorxan deyilik. Düzdür, bu dövrün uşaqları ilə müqayisədə biz - sovet dövrünün uşaqları çəkingən olmuşuq. İndi yaşa dolduqca bir az bu xasiyyətimizi yerə qoyuruq. Amma atam bizi cəsarətli böyütmüşdü.

- Atanızı bir aktyor kimi necə xarakterizə edərdiniz?

- Mən atamı heç vaxt komik obrazda təsəvvür etməmişəm. Məncə, o, komik rolu ifa edə bilməzdi. Bir balaca fraqment "Yaramaz" filmində olub. Amma həmin obrazda da ciddiliyi hiss olunur. Hərdən teatrda qoyulan tamaşalara baxıram. Onların bir çoxunda atamı görürəm. Fikirləşirəm ki, bu rolu atam tamam başqa cür ifa edərdi. Ümumiyyətlə, atam sağ qalsaydı, çox böyük rollar yaradardı.

- Ən çox hansı obraz sizə atanızı xatırladır?

- "Şah Qacar" tamaşasındakı Şah Qacar obrazını ona çox yaraşdırıram. Düzdür, rəhmətlik Fuad Poladov da o rolu qəşəng ifa edirdi. Amma mənə elə gəlir ki, Fuad müəllim də həmin rol üçün atamdan çox şeylər götürüb. Çünki o, atamdan nisbətən cavan olsa da, atamla çox ünsiyyətdə olub.

Premyeraya Fuad müəllim bizi də dəvət etmişdi. İlk dəfə həmin tamaşaya baxanda, tüklərim biz-biz oldu. Sanki səhnədə atamı görürdüm.

- Bəs özünün ən çox bəyəndiyi rolu hansı olmuşdu?

- "İblis" tamaşasındakı İblis obrazı onun üçün unudulmaz idi. O, ümumiyyətlə, Hüseyn Cavidin əsərləri ilə çox maraqlanırdı. Onun qəhrəmanlarını canlandırmaq istəyirdi. İblis onun teatrdakı son rolu olmuşdu. Doğrudan da həmin rolu gözəl ifa etmişdi. Dublyoru isə Həsənağa Turabov idi.

Ümumiyyətlə, Turabov da, atam da, hər ikisi güclü aktyor olublar. Onların arasında həmişə rəqabət, rol üzərində mübarizə olub. Düzdür, mən inanmıram ki, atam Turabova məxsus hansısa obraza yiyələnsin. Amma bildiyim qədər Turabov atama qarşı belə rəqabət ovqatında olub. Təbii ki, mən sənət müstəvisində rəqabətdən bəhs edirəm.

- Bəhs etdiyiniz rəqabət, sizcə, hansı rollar üzərində olub?

- Elə İblis rolu barədə eşitmişəm. Ümumiyyətlə, elə nə olubsa, "İblis" tamaşasından sonra olub. Həmin tamaşadan sonra atam teatrdan getdi.

Teatrda Mehdi Məmmədovun yubileyi keçirilirdi. Foyedə də onun yaradıcılığı ilə bağlı şəkillər düzülmüşdü. İblis tamaşasından olan şəkillərdə İblis rolunda ancaq Turabovun şəkli verilmişdi. Mən bundan gec xəbər tutdum. Tez bilsəydim, atamın şəklinin qoyulmasını tələb edərdim. Çünki bayaq dediyim kimi, axı həmin rolu həmişə atam ifa edib. Necə ola bilər ki, onu həmin tamaşa ilə bağlı yada salmasınlar?..

- Aygün xanım, böyüməyə, özünüzü dərk etməyə təzəcə başladığınız dönəmdə birdən-birə həm böyük bir sənətkarı, həm də, sözün əsl mənasında, qayğıkeş atanı, ailə başçısını itirdiniz. Üç qadın günün birində gözlənilmədən Hamlet Xanızadəsiz qalır. Necə xatırlayırsınız həmin dövrü?

- Atam rəhmətə gedən günü evimizdə təmir gedirdi. Üçotaqlı evimizin təmiri üçün də atamın çox böyük planları vardı. 20 Yanvar hadisəsi olan günü atam qonşularımızla birgə yığışıb şəhərə getdilər. Səhəri gün rəngi boğulmuş, qapqara vəziyyətdə hardasa saat on birdə qayıdıb gəldi. İnsanların ölümü, küçələrdəki meyitlər, şəhərdə baş verən qırğın onu dəhşətli dərəcədə sarsıtmışdı. Hər gün Şəhidlər Xiyabanına gedirdi, meyitxanaları gəzib kimisə axtarırdı, kimlərəsə kömək etməyə çalışırdı. Evə də gələndə nə çörək yeyərdi, nə söhbət edərdi. Hətta televizoru yandırmağımıza da icazə vermirdi. Onsuz da siqaret çəkən adam idi. Həmin hadisələr vaxtı da siqareti siqaretə calayırdı.

Fevral ayının birində də elə qəfildən bizi də özü ilə götürüb Şağan kəndinə getdi. Bütün qohum-əqrəbayla görüşdü, söhbət elədi, hətta şəhərdəki qırğından danışıb ağladığını da xatırlayıram. Növbəti gün, yəni ayın ikisində yenə Şəhidlər Xiyabanına getdi. Kimisə dəfn etdikləri zaman başından ağrı tutur. Yanında aktyor dostları və rejissor Hafiz Fətullayev olmuşdu. Onlar atamın vəziyyətinin pisləşdiyini görüb evə gətirirlər. Evə gələndə artıq o, halsız və huşsuz idi. Bürcəli müəllimin oğlu da kardioloq idi. Onu çağırdıq. O, atama baxandan sonra kədərli halda evlərinə gedib atamın vəziyyətinin pis olduğunu deyir. Sən demə, o, artıq bilirmiş ki, atamın beyninə qan sızıb. Sonra "Təcili yardım"la atamı xəstəxanaya apardıq. Orda dərhal reanimasiyaya götürdülər, bizi isə evə göndərdilər. Səhərə yaxın anam hazırlaşıb evdən çıxanda əmimin həyat yoldaşı gəlib xəbər verdi ki, atam artıq keçinib.

Mən indi-indi başa düşürəm ki, atamın itkisi anam üçün nə qədər ağır zərbə olub. Düzdür, ata qohumlarımızdan, onların bizə qarşı olan soyuq münasibətlərindən fərqli olaraq, ana baba və nənəm bizə atamın sağlığında da, elə sonralar da köməklik ediblər. Onların, belə deyək də, bir əli elə həmişə bizim üstümüzdə olub. Amma yenə də cavan qadın, iki qız xeylağı ilə qəfildən təkbaşına qalmışdı. Onun yoxluğu bizim üçün çox çətin oldu. Düzdür, hər şey pis-yaxşı yerbəyer oldu. Bircə o, bizim həyatımızda olmadı.

- Ən çox hansı məqamlarda onu axtarmısınız?

- (xeyli müddət susur) Çox axtarmışam. Demək olar ki, həmişə... O, mənim yuxularıma tez-tez girir. Evdə kimin yuxusuna girsə, mütləq xeyirliyə bir iş olur. Yuxularımda da həmişə gülür, nəvaziş göstərir. Nə vaxt çətinlikdə, sıxıntıda olmuşamsa, mütləq yuxuma girib. Ondan sonra da həmin çətinliyim aradan qalxıb. Atamın yeri rəhmətə gedəndən sonra da, elə indi də çox görünür.

- "Qətl günü" filmi son çəkildiyi film olub. Filmdəki Sədi Əfəndi obrazı, elə bil, bir az da onun öz taleyi ilə səsləşdi...

- Filmdəki rolu çox ağır idi. Filmdən də əvvəl Fuad Poladov və Nəsir Sadıqzadə ilə birlikdə yol qəzasına düşmüşdülər. Onda çox ağır əməliyyat keçirdi. Həkimlər ona danışmağı və ağır işi qadağan etmişdilər. Amma atam buna əməl etmirdi.

Ondan sonra Gülbəniz xanım onu "Qətl günü" filminə dəvət etdi. O filmdə də üç rol ifa edirdi. Ümumiyyətlə, son vaxtlar fikirli, qaraqabaq olmuşdu. Bəzən söz deyirdik, eşitmirdi, bizə yaxşı vaxt ayıra bilmirdi. Çəkilişlər də onu xeyli yormuşdu.

- Evdə hansısa rolunu məşq edirdi?

- İblisi premyeradan əvvəl məşq edərkən görmüşəm. Hətta bir dəfə "İblis" tamaşasından sonra evə gələndə tamaşada geyindiyi qırmızı plaşı, bir də ona yazılan məktubları da özü ilə evə gətirmişdi. Qırmızı plaşı bacım Xumarla geyindiyimizi xatırlayıram. Bizə teatrdan gələn material kimi maraqlı gəlmişdi.

- Özü iştirak edən tamaşalara sizi aparırdı?

- "Dəli yığıncağı", "İblis" tamaşına gətirmişdi. "Dəli yığıncağı" tamaşasında bir hissə var ki, o, səhnədə yıxılır. Həmin məqamda mən "ata, ata" deyib ağlamağa başladım. Yadıma gəlir ki, məni tez zaldan bayıra çıxarmışdılar. Foyedə də ağladım ki, məni aparın atamı görüm. Fasilə vaxtı atamın otağına apardılar. Onda məni öpüb-qucaqlayıb dedi ki, "get, get, qorxma. Bu tamaşadı, həyat deyil. Rol ifa edirəm".

- Tamaşalarda istifadə etdiyi əşyalardan qalıb?

- Elə həmin tamaşada Molla Abbas obrazı üçün istifadə etdiyi eynəyi qalmışdı. Başqa əşyaları ilə birlikdə Şağan kəndindəki muzeyə bağışladım. Ümumiyyətlə, şəkillərindən başqa evdə heç nəyi qalmayıb.

- Bildiyimə görə, evinizdə uzun müddət telefon olmayıb. O da heç kimə bu barədə xahişə getməyib.

- Çünki bir dəfə bu işlə məşğul olan bir nəfərdən bu barədə xahiş etmişdi, sözü yerə düşmüşdü. Ondan sonra bir də heç vaxt, heç kimə ağız açmadı. Qonşumuzda telefon vardı. Onu tanıyanların hamısı qonşumuzun nömrəsini bilirdi, kimsə onu axtaranda da gedib qonşudan danışardı. O, rəhmətə gedəndən sonra Fuad Poladovun köməkliyilə bizim evə telefon xətti çəkildi.

- "Qətl günü" filmini izləyə bilmədən dünyasını dəyişmişdi. Hətta filmi səsləndirmək belə qismət olmamışdı. Onun obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib...

- Fuad müəllim demişdi ki, mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa bunu etmək mənim üçün çox çətin olar... Amma oxşada bilmişdi. Ümumiyyətlə, mənə elə gəlir ki, Fuad müəllim atamdan çox təsirlənmişdi.

- Atanızın qəbri üzərinə mütəmadi olaraq bir qadın tərəfindən qırmızı güllər qoyulurdu. Həmin qadının kimliyini bilə bildiniz?

- Yox, heç nə öyrənə bilmədik. Son üç-dörd ildə o qadının gəlişləri azalıb. Daha gəlmir. Amma əvvəllər nə vaxt gedirdiksə, təzə güllər görürdük. Kənd adamlarının dediyinə görə, hündürboylu bir qadın avtomobillə gəlib gülləri düzüb, bir müddət orda ağlayıb gedirmiş.

- Ananızın buna münasibəti necə olmuşdu?

- Anam həmişə deyirdi ki, mən ailə quranda bilirdim ki, aktyorla ailə qururam. Atam həm də çox ailəcanlı idi. Onu bəlkə də anamın qısqanclıqlarından ailəcanlı olmağı xilas edirdi (gülür). Amma atamın ətrafında ona rəğbət bəsləyən qadınlar həmişə olub. Yadıma gəlir ki, atam rəhmətə gedəndə rejissor Gülbəniz Əzimzadə ən yaxın qohumlarından belə yanıqlı-yanıqlı ağlayırdı. Sonra Zərnigar Atakişiyevanın qara şlyapa, üzünə atdığı qara örtüyün altından atamın hüzründə çox ağladığını xatırlayıram. Əminə Yusifqızı, Flora Kərimova atamın çox yaxın dostları idilər.

- Bayaq dediniz, ata qohumlarımızla atamız rəhmətə gedəndən sonra əlaqələrimiz itdi. Bu nə ilə bağlı oldu?

- Vallah, bunun səbəbi mənim üçün də məlum deyil. Atam sağ olana qədər onun bütün qohumları ilə get-gəlimiz olub. Atam özü də dəhşətli dərəcədə qohumcanlı idi. Həmişə də bir əli elə qardaşının, bacısının və digər qohumlarının üstündə olub. Onlar üçün canını da verən adam idi. Sadəcə olaraq onun qırxı məclisindən sonra hamı ayağını bizdən çəkdi. Biz onda uşaq idik. Anamız da təkbaşına qalmışdı. Onlar bizə heç bir maddi və mənəvi köməklik etmədilər. Hərdən fikirləşirəm ki, elə sağ olsun dostlar, qonşular. Bəzən deyirlər ki, insana ən yaxın adam onun qohumudur. Məncə, yaxşı dost da, qonşu da adama qohum qədər yaxın ola bilir. Adam yaşa dolduqca başa düşür ki, elə ətrafında kimlər ki, yaxşıdır, onlarla da həyata davam etmək lazımdır. Başqa kimlərisə axtarmağa ehtiyac yoxdur.

- Aygün xanım, tam məsuliyyətlə demək olar ki, böyük bir sənətkarın qızısınız. Hamlet Xanızadədən Aygün Xanızadə kimi sizə nə qaldı?

- Təbii ki, onun soyadı həmişə bizim üzərimizdədir. Ailə quranda da yoldaşıma dedim ki, "atamın oğlu yoxdur, ona görə də icazə ver, onun soyadını mən yaşadım".

Bacım da, mən də bu yaşa çatmışıq, atamın soyadı bizim üçün həmişə açar rolunu oynayıb. Harda onun qızı olduğumuzu biliblərsə, bizi çox böyük hörmətlə qarşılayıb, yola salıblar.

Sosial şəbəkədə onun adına açdığım səhifədə o qədər məktublar gəlir ki. Hərdən onlardan anama, bacıma oxuyuram, söhbət edirik, atamı yada salıb ağlayırıq, sonra da sakitləşib hərəmiz bir tərəfə çəkilirik.

Mən həmişə bir şeyə əmin olmuşam ki, atam onu tanıyanların, dostlarının yaddaşında qüvvətli aktyor və yaxşı insan kimi qaldı. Biz sağ olduqca da o, həmişə bizim xatirələrimizdə gözəl ata kimi yaşayacaq.

Söhbətləşdi: Samirə Əşrəf /”Ədəbiyyat qəzeti”/

news-inner-user

16863 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Ona xəyanət etdiyini öləndən sonra bildi - Böyük adamın balaca sevgilisi
16:41 31 Oktyabr 2020
Əməkdar incəsənət xadimi: "Bu, tarixdə görülməmiş hadisədir"
15:38 31 Oktyabr 2020
Azad olunan daha bir mədəniyyət abidəsi: Laləzar körpüsü
14:36 31 Oktyabr 2020
Yazıçı psixologiyası sirri-xudadır - Elçin yazır...
13:27 31 Oktyabr 2020
Xoş xəbəri elan olunacaq növbəti rayon hansıdır?
12:28 31 Oktyabr 2020
Məşhur müəğənninin iştirakı ilə Gəncədə törədilən erməni terroruna klip çəkildi - Video
11:32 31 Oktyabr 2020
Mədəniyyət Nazirliyi yeni islahat strategiyasını açıqladı
10:29 31 Oktyabr 2020
Oğlu ermənilər tərəfdən döyüşən muzdlu rus snayperin anası: O, Bakıda kimi axtarırdı?
09:00 31 Oktyabr 2020
Vətənpərvərlik mövzusunda şeir müsabiqəsi elan olunub
18:43 30 Oktyabr 2020
“YARAT”da sərgi davam edir
18:09 30 Oktyabr 2020
Səngərdəki səs - Kamal Abdulladan yeni hekayə
17:15 30 Oktyabr 2020
Gəzən kinoteatr dövrü geri qayıtdı
16:29 30 Oktyabr 2020
Kukla Teatrının noyabr repertuarı
15:42 30 Oktyabr 2020
Bred Pitt yeni filmə çəkilir
15:01 30 Oktyabr 2020
Dinini dəyişdi, dəlixanaya düşdü, milyonçu ola-ola acından öldü - "Təbrizim" mahnısının müəllifinin dəhşətli həyatı
14:20 30 Oktyabr 2020
Məşhur tarixi əsərin komiksi hazırlanır
13:30 30 Oktyabr 2020
"Yazıq" ermənilərlə necə davranaq? - Sərdar Amin yazır...
12:49 30 Oktyabr 2020
Qadınlar paltarlı yatır ki, ölsələr ayıb olmasın - Gəncəli jurnalist yazır...
12:10 30 Oktyabr 2020
İstanbulda əxlaqsız erməni yuvası - Aqşin yazır...
11:36 30 Oktyabr 2020
Günün şeiri: Salam, Şuşam!
11:01 30 Oktyabr 2020