news-inner
clock13:39 calendar-gray 04 İyun 2018 view-gray103 dəfə oxunub
view-gray103 dəfə oxunub

Rüşvətlə təqaüd alan yazıçı - Aslan Quliyev yazır...

Kulis.az yazıçı Aslan Quliyevin “Təqaüd” hekayəsini təqdim edir.

Yağış çiskinləyirdi. Kənardakı otlar, kollar qüssəsiylə ürək sıxırdı. Sanki bu otlar, çiçəklər, kollar onun öz doğma şəhərində yox, hansısa yad şəhərdə bitmişdi. Yad şəhərin yağışı da üzərlərinə şeh, qüssə çiləyirdi.

Yanından qızılı saçları dalğalanan bir qız keçib getdi. Qızın saçlarına şeh damlaları qonmuşdu, üstündən yasəmən qoxusu gəlirdi. Qız yasəmən qoxusunu payız küçəsinə səpərək uzaqlaşırdı. Son dəfə saçlarına şeh damlaları qonmuş qızı harda görmüşdü? Xatırlaya bilmədi.

Qəfildən Həmid qoluna girdi, bir şüşə şaftalı arağım var, dedi, gedək xalaoğlunun kafesinə. İçək və dərdləşək. Payızda, xüsusi ilə də belə havalarda içməkdən daha ağıllı nəsə düşünüb tapa bilmirəm.

- Yazda tapırsan?

- Nəyi? – Həmid duruxdu.

- Ağıllı nəyisə.

- Tapıram! – Həmid əminliklə dedi.

Tapırmış. Heç nə tapmırsan. Mənə qalarsa yazda lap xərifləyirsən. Yenə payızın soyuğu, yağışı beynini qızmağa qoymur, həmişə də olmasa, arada başına ağıllı nəsə gəlir.

Kafedə Həmid şaftalı arağını masanın üstünə qoyub, əllərini bir-birinə sürtərək düşdü xalası oğlunun üstünə, çığırtmanın reseptini zavallıya iki dəfə təkrarlatdı. Çığırtma gələndən sonra, baxdı, qoxladı, bir irad tapa bilmədi. Məndən fərqli olaraq bəzi adamların başı payızda daha yaxşı işləyir, dedi, xüsusi ilə də əlləri.

İlk qədəhləri dinməzcə içdilər. Yorğun və laqeyd idi, hətta qədəhini toqquşdurmağa belə həvəsi yox idi. Həmid şikayətlənirdi, gecədən zəng eləyirəm, telefonuna zəng çatmır. Telefonunu aç da. Bəlkə ölürəm, səni çağırıram gəl, başımın üstündə «Yasin» oxu.

Başını yırğaladı, Həmid, dedi, öləndə məni çağırma. Mən «Yasin» oxuya bilmirəm. Ölülərlə, ölmək üzrə olanlarla necə rəftar eləməyi də bilmirəm. Bizim tərəflərdən burda bir molla var. Telefonunu verərəm sənə, elə ki, gördün işin bitmək üzrədir, ona zəng elə. Uça-uça gələcək. «Yasin» də oxuyacaq, gözlərini də qapayacaq, çənəni də bağlayacaq. Amma sözün düzü, bilmirəm, bunlar sənin nəyinə lazımdır? Gözlərin qapanmasa, xortdayacaqsan?

Sözünə ara verdi, gülümsədi, gecələr yağış yağanda telefonu söndürürəm, dedi, yağışın səsinə qulaq asıram. Kənddəki evimizdə pəncərənin qabağında qocaman bir qarağac var idi. Gecələr yağış yağanda ağacı döyəcləyən yağışın boğuq tappıltılarına, yağışda yuyunan ağacın şikayət dolu səsinə qulaq asardım.

Mənimsə, Həmid hirslə dedi, yağışla bağlı ancaq acı xatirələrim var! Nə qədər isladıb məni, nə qədər üşüdüb məni, nə qədər yandırdığım ocaqları söndürüb! Bilirsən, bizim kənddə yağış necə yağır, düz alnının ortasına, gözünün içinə çırpır! Alnımın ortasına o qədər vurub, orda alma boyda bir çökək əmələ gəlib.

Növbəti qədəhləri də içdilər. Yaxşı araq imiş. Həmid birdən başını yuxarı qaldırmadan sakitcə dedi

- Mən təqaüd almaq istəyirəm.

- Hardan? – şairi heyrətlə süzdü.

- Yazıçılar birliyindən.

- Nə olsun? – qaşlarını çatdı.

- O olsun ki, vermirlər. Mənim tanıdığım nə qədər boz, duzsuz söz, qələm adamı varsa, hamısına təqaüd veriblər. Verməyə də davam eləyirlər. Bircə mənə deyirlər, sən hələ gözlə.

O da bir vaxtlar təqaüd almaq istəmişdi, birliyə getmiş, sədrin də qəbulunda olmuşdu. İşsiz qalandan sonra ərizələr də yazdı, azından bir il bəzi qayğılardan azad olar deyə. Vermədilər. Onu özlərinin düşməni kimi görürdülər. Düşmənlə necə rəftar eləyirlərsə, onunla da elə rəftar eləyirdilər. Onlara yaraşan da buydu. Yaxşılıq eləməyə, hər kəsə öz haqqını verməyə əlləri qalxmazdı.

Həmid şeir oxumaq istəyirdi, razı olmadı, oxuma, dedi. Sən yaxşı yazırsan, amma bərbad oxuyursan. Günlərin, ayların zəhmətini bir göz qırpımında yerə vurursan, mənsə buna dözə bilmirəm. Həmid hirsləndi, məclisin yaraşığı şeirdir, söz söhbətdir. Yoxsa harda görülüb, içəsən, hər tərəfdə də qəbiristanlıq sükutu. Sən içəndən sonra üz-gözün güzgüyə dönür, dünyanın nə qədər kədəri, qəhəri var, hamısını əks elətdirirsən. Məmləkətin payızı gəlib qonur üz-gözünə. Bax, küçədən turistlər keçir. İstəyirsən, çıxım küçəyə, onlara deyim, Azərbaycanın payızını görmək istəyirsinizsə, gəlin bu adamın gözlərinə, sifətinə baxın.

Çağırarsan, fikirli halda dedi, inanıram. Əcnəbilərə ölkənin payızını göstərmək istəyəndə mən yadınıza düşərəm. Həmid ona heyrətlə baxırdı, üzr istədi, sonra isə nəyisə xatırlayıbmış kimi tələsə-tələsə dedi, nə isə, mətləbdən yayındıq, sözümün canını deyə bilmədim. Mənə min beş yüz manat lazımdır.

- Nəyinə lazımdır?

- Dedim axı, təqaüd almaq istəyirəm.

Qədəhi yeri qoyub baxışlarını şairə zillədi. Buna nə olmuşdu bu gün, danışdıqca dolaşdırırdı. Birdən birə nə az, nə çox, min beş yüz manat istəyir. Bu adam təqaüd almaq istəyirdi, ya vermək? Almaq istəyirdisə, min beş yüz nəyinə lazım idi?

Həmid onu çox da intizarda qoymadı, mən getdim ora. Katiblərlə, sədrlə, sonda sədrin köməkçisi ilə görüşdüm. Hay-küy saldım. Amma belə məlum oldu özümü nahaq yoruram, yaxın illər üçün mənə təqaüd vermək fikirləri yoxdur. Pilləkənlə düşəndə şair dostum Ölməzlə rastlaşdım, dedi, bura hər gün gəlib getsən də, heç nə ala bilməyəcəksən. Nahaq özünü yorma. Deyir, burda mənim bir tanışım var, təqaüd işlərinə o baxır. Min beş yüz, yəni beş ayın pulunu hazırla, verək ona, adını təqaüdə yazdırsın. Təkcə bu il dörd nəfərin pulunu vermişəm. Hələ beşi də xahiş eləyib, onların da işini həll eləyəcəyəm. Görürsənmi, adam var, dostları təqaüd işlərinə baxırlar, mənim də dostum var, gecələr telefonunu söndürüb yağışın səsinə qulaq asır.

Bu nə danışırdı? Necə yəni, rüşvətlə təqaüd yazırdılar? Düşünür, inana bilmirdi. Yox, ola bilməzdi! Ala bilməzdilər! Bunca alçala, bunca düşə, enə bilməzdilər!

Həmid, az qala qışqırırdı, gör sənə nə deyirəm, səni aldadırlar. O, Ölməz dediyin dələduzun birisidir. Ədəbi camiədə nə şərəfsiz iş olursa, hamısının altından Ölməz çıxır. Təqaüd ala bilməyəcəksən, ara yerdə pulun gedəcək. Mənim o adamlardan xoşum gəlmir, yalançı, riyakardılar, istedadlı adam gözlərinin düşmənidir! Nəylə desən məşğul olarlar, amma rüşvət aldıqlarına məni inandıra bilməzsən!

- Sən de, verirsən, ya yox? – Həmid öz sözünü deyirdi.

- Nəyi?

- Min beş yüzü!

- Həmid, mən işsizəm. Son vaxtlar min beş yüzü bir yerdə nə vaxt gördüyümü xatırlamıram. Amma olsa da vermərəm. Sənin dələduzlara yem olmağına vasitəçi ola bilmərəm!

Həmid ondan pul ala bilməyəcəyini başa düşəndən sonra daha bu mövzuda danışmaq istəmədi. Şikayətlənirdi, niyə mənə təqaüd vermirlər? Bəlkə təqaüd alanlardan pis yazıram? Bəlkə pula ehtiyacım yoxdur? Elə hey deyirlər, lazım gələndə təqaüd alanların siyahısını dərc elətdirəcəyik. Yaxşı, düz adamsan, düz iş görürsənsə, niyə dərc elətdirmirsən? Sənin bu lazımın haçan gəlib çıxacaq? Prezident kimə təqaüd verirsə, sərəncam verir, sərəncamda bu adamın nəyə görə təqaüdə layiq görüldüyü qeyd olunur. Sən niyə belə eləmirsən? Çünki oğurluq iş görürsən.

- Təqaüdü ancaq öz dostlarına, tanışlarına, qohumlarına, işçilərinə, onlara yaltaqlananlara, bəy tərifi oxuyanlara yazırlar, - dedi. - Sənsə bu tələblərin heç birinə cavab vermirsən. Onlar nə varsa, ölkədə ədəbiyyat adamına nə verirlərsə, hamısını özlərinə istəyirlər. Bilirsən, Şurikin macəralarına baxanda ən çox hansı səhnəyə gülürəm? Milis on beş sutka alanların hara gedəcəklərini bir-bir elan eləyir. Haranın adını çəkirsə, yekəpər bir addım qabağa çıxıb qışqırır: «Mən!» O səhnəyə. Bunlar eynən o yekəpəri mənə xatırladırlar. Nə versələr, hamısını istəyirlər. Xaricdə kim çap olunsun – mən! Təqaüd kimə verilsin - mənə! Ad kimə verilsin - mənə! Kimin əsərinə kino çəkilsin- mənim! Konfransa kim getsin – mən! Ölkəni xaricdə kim təmsil eləsin – mən! Kimin yubileyi qeyd olunsun - mənim!

- Demək, hər nə varsa, alırlar, bircə rüşvət almırlar?

- Hə, almırlar. Sadəcə, şöhrət xəstəliyinə, necə olursa-olsun, gündəmdə qalmaq xəstəliyinə yoluxublar. Bu xəstəliyin iyrənc fəsadları olur. Əziyyətini özləri də çəkirlər, bizlər də, ədəbiyyat da. Sərhədlər açılanda, xaricdə çap olunmaq imkanı yarananda bunlar imkanlarından istifadə eləyib ilk olaraq öz əsərlərini çap elətdirməyə başladılar. Nəticədə burda ədəbiyyatı necə öldürmüşdülərsə, orda da elə öldürdülər. Uzağa getməyək, qardaş ölkədə naşirə yazı verirsən, yaxşıdır, deyir, amma üzürlü hesab elə, əvvəl çap elədiyimiz azəri yazarlardan dolayı bunları da çap eləyə bilmərik. Oxucu üstündə azəri yazıçının adını oxudumu, daha o kitabı açmır.

Həmidin uzun-uzadı sağlıq deməsini gözləmədən arağını içdi və yenidən sözünə davam elədi.

- Onlar az-çox istedadı olan hər kəsi özlərinin potensial rəqibləri kimi görürlər. Şöhrətlərinə xələl gələcəyidən ehtiyatlanırlar. Üç qəpiyə dəyməyən, ölkədə də, xaricdə də yalnız gülüş doğuran əsərlərini o qədər təriflətdirirlər, adamın ürəyi bulanır.

- Haqlısan, - Həmid təsdiqlədi.

- Heydər Əliyevlə görüşdə ölkə başçısı bunlardan soruşanda, sizdən sonra yenə gələn varmı, yox cavabı verdilər. Əslində, onlar reallığı yox, arzularını dilə gətirdilər. Hər şeyin onlarla da bitməsini, onlardan sonra heç kimin gəlməsini istəmirdilər. Bilirsənmi niyə? Çünki dünyadakı bütün şər qüvvələr sözdən qorxarlar. Bunlar da qorxurlar. Bilirdilər ki, onlardan sonra gələnlər bunların maskasını yırtacaq, əsl kimliklərini, əsl sifətlərini ortaya çıxaracaqlar. İllərdir özlərini İsa kimi qələmə verirdilər, indi isə birdən-birə İsaya daş atanlardan olduqları məlum olacaqdı. İsa İsmayılzadənin şeiri var, «Silin gözlərimdən bu qüssəni, bu kədəri, qoy üzə çıxsın kənd evləri». Düşündükləri kimi də oldu, onların indiyə qədər büründükləri peyğəmbər örtüyünü kənara çəkdik, altdan nə desən çıxdı. Bircə kənd evləri yox.

Kafedən çıxdılar. Payız küçəsiylə yanaşı addımlayırdılar. Həmidin səsi onu xəyaldan ayırdı.

- Görünür qaynımın yanına gedəsi olacağam.

- Niyə? – ayaq saxladı.

- Dedim axı, min beş yüz üçün.

Həmidin gözlərinə baxdı. Gözlərindən soyuq payız buludları dalğa-dalğa keçib gedirdi. Buludların üzərində sözlə ifadə olunmayacaq, həsrət boylanırdı. Başını yırğaladı. Bu mənzərə ürəyini sıxdı. Adam pul axtarırdı. Dələduz Ölməzə verəcək, o da buna təqaüd verdirəcəkdi. Ölkədə nələr olurdu? Lənətə gəlmişlər ədəbiyyatı nə günə salmışdılar!

- Həmid, - dedi.

- Nəydi?

- Gözlərindən payız…

Qəfildən sözünə ara verdi. Düşündü, buna gözlərindən payız buludları keçdiyini desinmi? Demədi, amma buludlar haqda danışdı. Bizim buludlar şən, fərəhli olurlar. Ağappaq. Rusiyada isə buludlar qaşqabaqlı və qorxunc olurlar. Bizim şən buludlar zəhlətökən yağışlar yağdırır. Hirslənirsən, şəxsən mən dəfələrlə başımı pəncərədən çıxardıb buludlara səslənmişəm. Gəlin aparın yağışlarınızı, istəmədik. Rusiyada isə gümüşü selləmə yağışlar yağır. Yağış dalğa-dalğa gəlir. Sonra da torpağa yağış dumanı çökür.

Susdu. Danışmağa dəyməzdi. Adamın payızı və buludlarını sevmədiyi apaçıq ortadaydı.

Ayrıldılar. Həmid qaynının yanına getdi, o isə evə. Hava qəfildən dəyişmişdi. Dəniz tərəfdən güclü külək əsirdi. Özünü bloka salana kimi külək az qala gödəkçəsini əynindən çıxardacaqdı.

Evə keçib, paltarlarını dəyişdi, yuyundu. İlıq suyla sanki üz-gözünə hopmuş soyuq payız kədərini yuyub aparmaq istəyirdi. Belə havalarda yarpız, qızılgül çayı içməyi xoşlayırdı. Yarpız qoxusuyla darısqal otaqlara çöl genişliyi, dağ havası, qızılgül isə xəfif bir həsrət gətirirdi.

Mətbəxə keçib qəhvədanı qazın üstünə qoydu, çay dəmlədi. Çayniki, gümüş altlıqlı stəkanını, peçenye və qəndqabını siniyə qoydu, sinini də götürüb öz otağına keçdi. Çaynikdən qalxan qoxular günün sıxıntılarını otaqdan qovurdu. Birdən saçlarının üzərində şeh damcıları işıldayan qızı harda gördüyünü xatırladı. Axşam çağı evə qayıdanda görmüşdü. Gözləri yaşıla çalan kənd qızı idi, qızılgül ləçəkləri satırdı. Ona üç manata az qala bir kisə qızılgül ləçəyi satmışdı. Birbaşa döşəmənin üzərinə kağız sərərək qızılgülləri qurutmuşdu, yaxşı qurusunlar deyə gündə beş-altı dəfə o üz-bu üzə çevirirdi. Otaqlara qızılgül qoxusu elə hopmuşdu, uzun müddət çəkilmədi. Amma o qızın gözləri necə də yaşıl idi!

Qapı döyüldü. Poçtalyon idi, məktub gətirmişdi. Elə qapının ağzındaca açıb oxudu. İşə görə yazdığı məktuba ən nəhayət cavab vermişdilər. Hələlik iş yeri yoxdur, oldumu, nəzərə alacaqdılar. Əslində isə açıqca işarə vururdular, ümid eləmə, iş-filan olmayacaq.

Keçib oturdu. Pəncərədən baxanda poçtalyonun küləkdən canını qurtarmaq üçün başını götürüb qaçdığını gördü. Külək qovur, adam qaçırdı. Külək ona çatır, tutub bir az boğmalayır, poçtalyon bir təhər küləyin əlindən çıxıb yıxıla-dura yenidən avtobus dayanacağına doğru qaçırdı.

***

Darıxırdı. Həmidə zəng elədi, parkın girişində görüşdülər. Həmid kədərlə gülümsəyirdi:

- Mən yalnız indi payızın gəldiyini hiss elədim.

- Hardan? – qaşqabağını tökdü.

- Səninlə gəldi, gözlərində, üst-başında bir əsrin payızı var.

- Eləmi? Onda tənbəllik eləmə, yoldan keçənləri, xarici turistləri çağır, qoy gəlib üst-başımdakı payıza baxsınlar, - hirslə dedi.

Həmid gülərək qoluna girdi, yenidən onun xalası oğlunun kafesinə getdilər. Kafenin yanındakı dükandan araq aldı. Həmid xalası oğluna toyuğu bişirmək üçün məsləhətlərini verdi, amma xalası oğlunun dediklərini yadda saxlayacağına əminliyi yox idi, təkrar da elətdirdi. Yalnız bundan sonra üzünü ona tutdu, dünən qocaman yazıçımızı gördüm, səndən gileylənirdi. Deyir, olan oldu, keçən keçdi, unudaq bunları getsin. Yoxsa elə hey deyir, yazır, ay qabağımı belə kəsdilər, belə imkan vermədilər.

Yalanmı deyirəm, hirslənmişdi. Hara gedirdimsə qapıları üzümə bağlayırdılar, hara üz tuturdumsa qabağımı kəsirdilər. Həmid, onlar məni öldürdülər. Bizləri öldürüb işlərini başa çatdırandan sonra ədəbiyyatı da öldürdülər. İndi də bu haqda danışanda, yazanda yüz yerdən səs gəlir. İndi bunları yada salmağa dəyməz. Təsəvvür eləyirsənmi, deyir, mən əclaflıq eləmişəm, amma keçib, bir daha bunları yada salmayaq. Olanların üstündən matəm sükutu ilə keçək. Mənsə, keçə bilmirəm. Unuda bilmirəm.

Həmid soruşdu, səni niyə çap eləmirdilər? «Yalnız bircə səbəbi var idi, - dedi, - onlardan yaxşı yazırdım. Kənddən təşrif gətirib, birdən-birə ədəbiyyatla dolanan, yaşayan, həyatda nə varsa hamısını ədəbiyyatdan əldə edən, xalqa yuxarıdan aşağı baxan, öz dillərində danışmağı belə özlərinə qəbahət sayan bu adamların qarşısına çıxmışdım. Adamsız, imkansız. Məni yaxın buraxardılarmı? İsa peyğəmbər onu daşlayanlara görə Tanrıya dua eləyir: «Ata, onları bağışla, çünki neylədiklərini bilmirlər» deyirdi. Bunlar isə neylədiklərini bilirdilər. Bilərəkdən öldürürdülər». «Bəs necə oldu səni çap eləməyə başladılar?» «Ölkə dağıldı, - fikirli halda dedi, - ədəbiyyat çökdü, insanlar bir göz qırpımında ədəbiyyatı və onu yaradanları unutdular. Heydər Əliyev yenidən hakimiyyətə gələndə yazıçılar birliyini və jurnalları büdcəyə qaytardı. Ədəbiyyata ikinci nəfəs verdi. Bunlar zorən yazıçıydılar. Artıq ədəbiyyatın onlara heç nə vermədiyini görüb yazmırdılar. Pul ayrılmışdı, jurnallar çap olunmalıydı. Bax onda illər uzunu yaxın buraxmadıqları mənə və mənim kimilərə yaşıl işıq yandırdılar». «Bəs ölkə dağılandan, bütün dünyaya yollar açılandan sonra niyə xaricdə çap olunmadın?»

Başını qaldırıb gözlərini Həmidə dikdi, gülümsəməyə cəhd elədi, alınmadı. Bilmirəm, dedi, məni həyatım boyu uğursuzluqlar addımbaaddım izləyib. Tərcümə elədiyim romanın qəhrəmanına keşiş deyir: «Mənim balam, üzünü Allaha çevir, O səni görər». Qəhrəman isə ona belə cavab verir: «Müqəddəs ata, son dəfə baxışlarımız rastlaşanda, O üzünü yana çevirdi». Mən də üzümü nə vaxt Ona çevirdimsə, O üzünü yana çevirdi.

- Ümidini üzmə, - Həmidin səsi uzaqdan gəlirdi. - Üzünü yenə də Ona çevir. O mütləq səni görəcək.

Çöldə payız idi. Yağış çiskinləməyə ara vermişdi. Payız günəşinin solğun şüaları pəncərənin qarşısındakı şam ağacının iynə yarpaqları üzərində oynaşırdı. Gecə lampalarının solğun işığı yaşıl gözlərində sayrışan qızı xatırladı və birdən sifəti işıqlandı

- Sən yaşıl gözlü qız görübsən?

- Görməmişəm, - Həmid səsini uzadaraq dedi.

- Mənsə görmüşəm. Qızılgül ləçəkləri satırdı.

- Hə?

- Nə hə?

- İş elə ləçək satmağıyla da bitdi?

- Başqa necə bitməliydi, - əllərini yana açdı,- gözləri yamyaşldı. Saçlarında şeh damlaları var idi.

Həmid hirslənmişdi, nə yaşıl gözlü? Uydurursan? Yaşıl gözlü də adam olar? Bəlkə su pərisiymiş, çayın sahilindən qzılgül ləçəyi yığır, gətirib satırmış.

***

Yenə də həmən kafedə oturmuşdular. Həmidə kəndlərindən danışırdı. Mən kənd adamıyam, deyirdi, otların, çiçəklərin, ağacların arasında böyümüşəm, onlarla birlikdə nəfəs alıb, onlarda birlikdə yaşamışam. Bəzən parklarda zəncirotu, çobanyasıtığı görəndə elə bil öz doğmalarımı görürəm. Məni ağlamaq tutur.

Həmid isə gözlərini bərəldirdi. Sən nə danışırsan? Bəzən dostlarım deyirlər, gaş uşaq olaydım, kaş o günləri bir də yaşayaydım. Qulaq asıram, başımda tüklərim qalxır. Çünki mən nə uşaq olmaq istəyirəm, nə də o günləri yaşamaq istəyirəm. İndinin özündə də kəndə gedəndə, ata evimizə özümdən asılı olmadan qorxa-qorxa girirəm. Mənə elə gəlir indicə hansısa küncdən atammı, böyük qardaşımmı çıxıb üstümə atılacaq, məni hansısa günahıma görə, - keçini çöldə qoymuşam, eşşəyi bağlamamışam, atın hörüyünü dəyişməmişəm, şumu yaxşı vurmamışam, nə bilim yüzlərlə belə günahıma görə təpik-yumruq altına salacaq. Bilirsən mən uşaqlıqda ən çox nəyə inanmırdım? İnsanın yeməkdən və yatmaqdan doymasına. Çünki heç vaxt doyunca yemir və doyunca yatmırdım.

Başını qaldırıb Həmidə baxdı. Adamın gözlərinin dərinliyindən elə bir kədər boylanırdı ki, ürəyi sıxıldı. Əslinə qalarsa, yeni bir söz demirdi. Bütün kənd uşaqları elə o deyən kimi də yaşamışdılar. Amma bunu Həmidin dilindən eşitmək onu üşəndirirdi.

Həmişə olduğu kimi Həmid sözünün canını bir qədər sonra deyirdi. Qaynım pulu verdi. Getdik yazıçılar birliyinə. Orda məndən başqa da beş nəfər var idi. Pullarımızı verdik Ölməzə. Qalxdı yuxarı, bir azdan qayıdıb gəldi. Dedi, arxayın olun, bu il təqaüd alacaqsınız.

Eşitdiklərinə inana bilmirdi. Həmidin yalan danışmadığını bilirdi, amma bu olan iş deyildi. Yəqin Ölməzin tanışı kim idisə, bu işləri sədrdən gizlin görürdü. Həmid isə onu eşitmək belə istəmirdi. Ölməz deyir o, sədrin ən yaxın adamıdır, birlikdə təkcə ona inanır. Necə ondan gizlin iş tuta bilər? Belə fərz eləyək sədrin xəbəri yoxdur, bu pulları Ölməzin tanışı alır. Bəs onda qabağına siyahı qoyulanda demirmi bu nə siyahıdır belə? Nəyə görə ədəbiyyatda tanınmayan, ya da yaxşı mənada tanınmayan bu qədər istedadsız, boz yazıçıya təqaüd verməliyik? Sən kim olursan siyahı tutursan?

Həmid, dedi, mən bəlkə də bu haqda bir yazı yazdım. Heç kim demir, yazmır. Amma kimsə deməlidir. «Nə danışırsan, - Həmid qorxmuş halda səsləndi, - səni yazıçılar birliyindən qovarlar». «Boş şeydir, - hirslə əlini yellədi. - Onların birliyi, ya özləri kimə lazımmış? Buna görə narahat olma. Amma onlar məni məhkəməyə verəcəklər. Yəqin sən məhkəməyə gəlib şahid qismində ifadə verəcəksən?» «Gələcəyəm də sözdür! Uça-uça gələcəyəm!» «Və bütün həqiqətləri, Ölməzə necə pul verdiyinizi, adınızı siyahıya necə yazdırdığını, bunların üzünə, gözlərinin içinə deyəcəksən?» «Hansı həqiqətləri? Sən hansı həqiqətlərdən danışırsan? Mən deyəcəyəm, Ölməzi görənin də, ona pul verənin də atabaatasına lənət! Bu adamı indiyə kimi görməmişəm, küçədə üz-üzə gəlsək də tanımaram!» «Nə danışırsan? – ağzı açıla qalmışdı. – Sən özünü necə söyərsən?» «Sən bir özün fikirləş. Əgər həqiqəti desəm, mənə deyəcəklər, sübut elə. Necə sübut eləyəcəyəm? Deyəcəyəm, filan beş nəfərlə bir yerdə getmiş, pulu bir yerdə vermişik, onda onları dindirəcəklər. O beş nəfər də bir ağızdan deyəcəklər. Biz bu adamla nəinki yazıçılar birliyinə, heç çay içməyə də getməmişik. Onda da məni böhtançı kimi atacaqlar içəri. Arvadım ora yemək gətirəcək. Məlum işdir, mənim üçün ölü-diri qoymayacaq. Deyəcək, ay əbləh, niyə oturmursan yerində? Şair olub bizə nə gün ağladın, indi də mən sənin üçün boğazımızdan kəsib türmələrə yemək daşıyam? Hələ bir qayınlarım, heç bilirsən onlar necə söyüş söyürlər? Qardaşlarım, qohumlarım da onlara qoşulacaqlar. İndi məni başa sal, tək mənim söyməyim yaxşıdır, ya bütöv bir ordunun?»

Gör sənə nə deyirəm, səsini qaldırmışdı, günlərin birində məni aldatdılar, pulumu yedilər, kömək elə deyə hay-küylə üstümə qaçacaqsan. Bax, onda mənim sənə heç bir köməym dəyməyəcək. Yorulmuşam, adamlar, həyat, ədəbiyyat məni yorub. Sakit yaşamaq, təmiz, tərtəmiz hava almaq istəyirəm. Sənin ətrafında isə artıq hava qoxumağa başlayır.

Mən sənin üstünə hay-küylə qaçmayacağam, Həmid başını yırğaladı, sakitcə yanına gələcək, kartı və üç yüz manatı şəstlə stolun üstünə qoyacaq, deyəcəyəm. Bu ilk ayımın təqaüdü, bu da kartım. İlk ayı yemək-içməyə xərcləyəcəyik. Düz bir ay bəsimizdir. Xalaoğlu çığırtma bişirəcək, mən də “Azqranata”nın araqlarından alacağam.

***

Günlər fərəhsiz və kədərli etinasızlıqla heç bir iz qoymadan keçib gedirdi. Pəncərə qabağına gəlir, payız ovqatına bürünmüş küçəyə baxıb düşünürdü. Əvvəllər yazın gəlişini qaranquşlar xəbər verərdi. Uçub gələr, bahar həsrətini, havasını, qoxularını gətirərdilər. Payızın gəlişini də uçub gedən durnalar xəbər verərdi. İndisə nə qaranquşlar uçub gəlir, nə durnalar uçub gedir. Nə gələnimiz var, nə gedənimiz.

Masa arxasına keçir, roman üzərində işləyirdi. İş alınmırdı. Bəzən özünü yazmağa məcbur eləyirdi, amma özünü məcbur eləyəndə yazdığı hissələr sönük olurdu. Yalnız yazmaq istəyi onu məcbur eləyəndə səhifələr canlanırdı.

Arada Həmidlə zəngləşir, şəhərə çıxır, xalaoğlunun kafesinə gedirdilər. Burda Həmidin reseptləri əsasında xalaoğlu onlar üçün nəsə bişirirdi. Bu reseptləri ilə Həmid zavallı xalaoğlunu o qədər təngə gətirirdi ki, adam bəzən göyərirdi və günün sonuna kimi də sifətinin göyü çəkilmirdi.

İçirdilər və Həmidi cırnadırdı. Həmid, mən ibtidai məktəbdə oxuyanda «Azərbayan pioneri» qəzetinə bir hekayə göndərdim. Məlum işdir, çap eləmədilər, amma mənə iki üç səhifəlik bir məktub göndərmişdilər. İşıltılı, gözəl kağızda suallar yazmış, işimi-gücümü soruşmuşdular. Dərhal da suallara cavab yazdım. Uçmağa qanadım yox idi, elə düşünürdüm, lap tezliklə məni aparmaq üçün vertalyot göndərəcəklər. Vertalyot evimizin qabağındakı təpəyə enəcək, ordan isə adamlar düşüb mənə əl eləyəcəklər. Göndərmədilər. Sonradan qəzetin onlara yazı göndərən hər kəsə bu standart məktubdan göndərdiyini öyrənsəm də, gözlərim təpədə oldu. Balaca qardaşımla mübahisəmiz düşən kimi məni cırnadırdı: «Gözləmə! Sənin üçün vertalyot göndərməyəcəklər!»

Həmid, qəzetə yazdığı bircə məktuba görə onun üçün vertalyot göndəriləcəyini zənn eləyən kənd uşağı nə qədər sadəlövhdürsə, hansısa fırıldaqçıya pul verib yazıçılar birliyindən təqaüd alacağını güman eləyən şair də bir o qədər sadəlövhdür.

- Eləmi? – Həmid incik halda səsləndi.

- Elə! – təsdiqlədi.

- Kimin sadəlövh olduğun zaman göstərər!

Həmid yenidən keçmişdə qarşısını kəsənlərdən danışırdı, mütləq hansısa tədbirdə bu adamlarla rastlaşır və mütləq də bu adamlar Həmiddən ona salam göndərmək əvəzinə, sifariş göndərirdilər. Unutsun, olan oldu, keçən keçdi. Zamanı gerimi qaytaracaq? O isə unuda bilmirdi, ən çox da ona görə ki, bu adamlar hələ də özlərini haqlı hesab eləyirdilər.

Həmid sözünə ara verdi, birdən qəfildən dedi:

- Onlar sənə nifrət eləyirlər.

- Bilirəm, - başıyla təsdiqlədi.

- Bəs sən?

- Mən yalnız şərəfsiz adamlara nifrət eləyirəm.

- Şərəfli, şərəfsiz olduqlarını hardan bilirsən? Bəlkə sənin elə bir bəsirətin var, adam küçəylə gedir, sən ona baxır və qışqırırsan: «Bax, bu adam şərəfsizdir!» Ya da şərəfli?

Cavab vermədi. Dalğın baxışlarını pəncərədən çəkə bilmirdi. Hava tutulmuşdu. Yağış yağacaqdı. Adamlar yəqin yağışa düşməmək üçün tələsirdilər. Başını yuxarı qaldırıb gözlərini Həmidə dikdi.

Fikirli halda danışırdı: «Dikkensin qəhrəmanı ona ölüm hökmü elan eləyən hakimə deyir: «Milord, mənə ölüm hökmünü Uca Yaradan verib, amma mən sizin də hökmünüzü qəbul eləyirəm». Bizə də bu taleyi Uca Tanrı verib, amma bizə insanların zora sırıdıqları taleyi də yaşayırıq». «Onlara da taleyi Tanrı verir. Onda belə çıxır Tanrı onlara deyir, insanlarla belə rəftar eləyin?» «Yox, Həmid, yanılırsan. Onlar Tanrını tanımırlar. Onun varlığına inanmırlar. Hamıya bir gözlə baxacaq əbədi məhkəmədən də xəbərsizdilər. Tanısalar, xəbərləri olsa, bu elədiklərinin onda birini də eləməzlər».

Ayağa qalxdı, kədərlə gülümsədi, nəyə görəsə gövrəlmiş halda dedi:

- İnsanları isə…

- A… - Həmid gözlərini bərəltdi, - insanlara nifrət eləyirsən?

- İnsanları isə sevirəm.

- Sevirsə…ən?

- Hamısını!

Kafedən çıxmışdılar, ağacların arasındakı tozlu cığırla qarşıdakı dayanacağa doğru gedirdilər. Həmiddən ayrılanda bir qədər boğuq səslə dedi:

- Ən pisi isə…

- Nəymiş ən pisi? – Həmid qulaqlarını şəkləmişdi.

- Ədəbi vicdanları susub. Ədəbiyyat adamlarının vicdanı susarsa, o ədəbiyyatın faciəsi başlar. Çökər, cılızlaşar, itib-batar. Əsrlərlə özünə gələ bilməz.

***

Həmid zəng elədi, sənin üçün yaxşı xəbərim var, hekayə müsabiqəsi elan olunub. Birinci yeri tutana üç min verəcəklər. Mütləq iştirak elə. Gör sənə nə deyirəm, mütləq yazı göndər, nə qədər alçaqlıq eləsələr də, sənə azından ikinci yeri verərlər. İki mindir.

Yox, dedi, Həmid, verməzlər. Mən indiyə qədər saysız-hesabsız müsabiqələrdə iştirak elədim, yalnız iki dəfə, birində İmperiya vaxtı üçüncü yerə layiq görüldüm, birində də həvəsləndirici mükafata. Vəssalam! Bir dəfə heç onuncu yerə də layiq görülməyəndə münsiflərin arasında yaxşı münasibətim olan tənqidçi mənə dedi: «Orda sənin yazılarını oxuyan olmadı, adını görən kimi üzlərini çevirdilər. Sən az qala hamısının hardasa quyruqlarını tapdalayıbsan». Onların fikrincə, gərək səni əzələr, haqqına sahib çıxalar, sənsə səsini çıxartmayacan. Səsini çıxartdınmı, bu onların quyruqlarını tapdalamaq anlamına gəlir. Dayan görüm, Həmid, yadımdan çıxmışdı. Sən belə işlərdə əməlli-başlı səriştə qazanıbsan. Elə bu gün cum qaynının yanına, bir qədər pul al. Yəqin münsiflərdən hansı birininsə də siyahısı olacaq. Adını yazdır ora. Ya da Ölməzə de.

Elə bilirsən yazdıra bilmərəm, Həmid özünü o yerə qoymurdu. Heyf, təqaüd məsələsi düşüb ortalığa. Yoxsa onu da həll edərdim. Qaynım mənə elə belə də deyib. Qoyun olma, gözü açıq ol, mən belə işlərə həmişə pul buraxacağam.

- Eşidirsən? - Həmidin səsi uzaqdan gəlirdi.

- Hə, - dedi.

- Mən daha qoyun olmaq istəmirəm.

***

Həmid zəng eləmişdi, mütləq kafeyə gəlməsini xahiş eləyirdi. Getdi. Kafeyə keçib oturan kimi də Həmid bir bank kartını və üç dənə də yüzlük qoydu masanın üstünə.

- Bu kartım. Bu da ilk ayımın təqaüdü! – Təntənəylə dedi.

Baxır gözlərinə inana bilmirdi. Ola bilməzdi. Onu qaramı basırdı? Onda bu kart, bu pullar hardandı? Demək, o yuxudaymış, demək, onu illər öncəsi o sadəlövh kənd uşağı kimi yenə də aldatmışdılar. Əlbəttə, təqaüdü rüşvətlə yazırmışlar! Yoxsa, illər uzunu ona niyə vermirdilər? Yalnız indi bunun səbəbini bütün reallığı ilə dərk eləyir, bu onu ağrıdırdı.

Ayağa qalxdı, Həmid, dedi, mən çox haqsızlıqlar gördüm, amma insanlara qarşı qəlbimdə hələ də ümid var idi, inam var idi. Ömrüm qüruba gedir, yəqin elə bu ümidlə, bu inamla da yer üzünü tərk eləyəcəkdim. Sən imkan vermədin! Bütün ümidlərimi puç elədin! Səni görüm lənətə gələsən! Lənətə gələsiniz! Hamınız!

Kafedən çıxdı. Hava tutulmuşdu. Oynaqlarında ağrılar başlamışdı. İncidimi, sıxıldımı, yoruldumu köhnə ağrıları baş qaldırırdı.

O uzaq, ucqar kənddən başlayan yol canlanırdı gözləri önündə. Bu yola düşüb gələn, saçlarına daraq batmayan, qəlbində arzuları aşıb-daşan sadəlövh kənd uşağını görürdü. Yola düşüb gəldi. Pir, məbəd bildiyi, vətən, torpaq, həqiqət deyə haray çəkən insanları sevdi, öz arzularını qəlbində boğdu, bütün həyatını bu adamlara həsr elədi, onların ideyalarına həsr elədi. Amma o insanlar onu aldatdılar, arzuladıqları məqama çatmaq üçün onun kimi sadəlövh kənd uşaqlarından pillə kimi istifadə elədilər. Yaşayırdılar. Həyat onlarındı.

Evinin yaxınlığındakı balaca bağda birdən həmən qızı gördü. Yaşıl gözlünü! Qız oturacağın yanında ayaq üstə dayanmışdı, yanında zənbil var idi, əlində iki banka tutmuşdu. İstədi Həmidə zəng eləsin, gəlib öz gözləriylə görsün, dərhal da fikrindən daşındı. Bu gün təzədən bu adamla danışmaq, onu görmək istəmirdi.

Yenə də şehləyirdi, qızın xurmayı saçlarının üstündə şeh damlaları görünürdü. Yaşıl gözlərində soyuq bir həsrət canlanırdı. Onun yaxınlaşdığını görüb, bankaları irəli uzatdı. Qızılgül mürəbbəsi, evdə bişirilib. Bankası beş manata.

Ayaq saxladı, amma mürəbbə almaq fikrində deyildi. Telefonu cibindən çıxartdı. Qızın yaşıl gözlərinə baxıb dedi:

- Gözlərinin şəklini çəkə bilərəmmi?

- Nə? – qız heyrətə düşmüşdü.

- Ancaq gözlərinin…

- Yox! – qız ona sözünü axıra qədər deməyə imkan vermədi.

- Bilirsiniz…

- Nəyinə lazımdır? – qız ona danışmağa imkan vermirdi.

- Bir dostum var… - indi də özü sözünü axıra çatdıra bilmirdi.

- Yox! – qız qətiyyətlə dedi.

Qızı razı salmağa çalışırdı, mənə mürəbbə-filan lazım deyil, iki bankanın pulunu verirəm, təki siz razı olun. Şair dostum deyir, yaşıl gözlü insan ola bilməz. Qoy öz gözləriylə görsün. Qız isə yox deyib başını yırğalayır, şeh qonmuş qıvrım saçları titrəşirdi. Daha təkid eləmədi, qızdan iki banka mürəbbə alıb, ayaqlarını sürüyərək uzaqlaşdı.

Bir az getmişdi, arxadan səs eşitdi.

- Dayı!

- Mənimləsən? – ayaq saxlayıb geri döndü.

- Hə! – qız başıyla təsdiq elədi.

- Nəydi?

- Çəkin!

Bayaq Həmid xəyallarını alt-üst eləmiş, ümidlərini boşa çıxartmışdı. İndi də qız dayısıyla sanki fərqində olmadığı bir həqiqəti düz alnının ortasına çırpmışdı. O qız üçün, o cümlədən bütün yaşıl, mavi, qəhvəyi gözlü qızlar üçün dayı idi. Vəssalam! İşə bax, ağlınımı itirirdi? Cavan qızı dilə tutur, gəl sənə bu qədər pul verim, sən də razı ol, gözlərinin şəklini çəkim.

- Yox, sağ olun, lazım olmadı. Bağışlayın, - dedi və addımlarını yeyinlətdi.

Evə gəldi. Yarpız çayı dəmləyib pəncərənin qabağında oturdu. Yağış birdən yağmağa başladı, yağış damlalarının çöldən gələn boğuq tappıltılarını eşidən kimi də telefonu söndürdü. İndi yeganə istədiyi beləcə oturmaq, ağacları, divarları döyəcləyən yağışın səsinə qulaq asmaqdı.

Gecədən xeyli keçmiş yatağına girdi. Yata bilmirdi. Yağışın səsi ona yuxu gətirmir, əksinə, tərki-dünyalığı təlqin eləyirdi. Gözlərini yumur, yata bilsin deyə heç nə haqda düşünməməyə çalışırdı. Gecə yarısına yaxın yuxuya getdi. Yuxusunda romanının qəhrəmanı olan sonuncu alban keşişini gördü. Baxışlarında sonsuz kədər və əzab ifadəsi var idi, gözlərindəki dünya işığı sönərkən əzablardan qıvrılan keşiş pıçıltı ilə deyirdi:

- Tanrım, onları bağışlama, çünki onlar neylədiklərini bilirlər.

news-inner-user

13457 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

1 manatdan pul yığıb toy edən cütlük
11:30 09 Dekabr 2019
“Çölçü” İsraildə ən yaxşı film oldu
10:50 09 Dekabr 2019
Təmizə çıxdıqca çirklənənlər - Səhər Əhməd yazır...
10:15 09 Dekabr 2019
Filmimiz beynəlxalq kinofestivalda
09:44 09 Dekabr 2019
İlqar Məmmədovla ədəbiyyat söhbəti: “Şair heç vaxt dövlət idarə edə bilməz”
08:59 09 Dekabr 2019
Böyük Azərbaycan şairi məşhur şeirlərini oxuyur - Video
12:11 08 Dekabr 2019
"Yuğ"da yenə "Vəsvəsə" olacaq
18:00 07 Dekabr 2019
Müdirinin katibəsi ilə evlənən kişi - İkinci Mahmudun hekayəsi
17:00 07 Dekabr 2019
İngiltərə Elif Şafakın bu romanını ilin ən yaxşısı elan etdi
16:00 07 Dekabr 2019
Məşhur aktyor sətəlcəmdən dünyasını dəyişdi
15:00 07 Dekabr 2019
Tanınmış şairin qızı Qüdsdə konsert verdi - Foto
14:01 07 Dekabr 2019
Azərbaycanlı naşir: “Kitablarımız Fransanın 70 min kitab mağazasında satılacaq” – Müsahibə
13:28 07 Dekabr 2019
Əlil aktyorların iştirakı ilə "Solğun çiçəklər" nümayiş olundu - Foto
12:30 07 Dekabr 2019
Azərbaycanlı dramaturq 65 yaşında vəfat etdi
12:00 07 Dekabr 2019
Ermitaj Muzeyi Çingiz xan daş kitabəsini Monqolustana hədiyyə etdi
11:20 07 Dekabr 2019
"Bu şəhərdə" 200 minlik "Şabaş"ı təqdim etdi - Foto
10:40 07 Dekabr 2019
"Qaranlıqdan reportaj" təqdim olunacaq
10:00 07 Dekabr 2019
Arvadbaz, dəlisov, qadın düşkünü... - Yeni layihə
09:00 07 Dekabr 2019
Cəmi 1 saata həyatınız dəyişə bilər
21:00 06 Dekabr 2019
"Mələk" filmi nümayiş olunacaq
18:53 06 Dekabr 2019