Gənc amerikalı yazıçı: “Məni yaradan kitablar” – Bədii Seçim

<span style="color:red;">Gənc amerikalı yazıçı:  “Məni yaradan kitablar” – <span style="color:red;">Bədii Seçim
2 mart 2018
# 21:00

Kulis.az yapon əsilli müasir ABŞ yazıçı-publisisti və tənqidçisi Hanya Yanagiharanın "Məni yaradan kitablar" rubrikası çərçivəsində unutmadığı ədəbi nümunələri təqdim edir.

Arayış

Havay adalarına köç etmiş yaponların dördüncü nəslinə aid olan Hanya Yanagihara 1974-cü ildə Los Ancelesdə doğulub. Anası Seulda anadan olmuş.

1995-ci ildə Smits Qızlar Kollecindən məzun olduqdan sonra, Nyu-Yorka köçür və elə həmin ildən də yazı və ədəbiyyatla dərindən bağlanır. İlk romanı "Ağaclarda yaşayan adamlar” 2013-cü ildə işıq üzü görüb. Ona dünya şöhrəti gətirən romanı 2015-ci ildə çap edilmiş "Bir az da həyat” olur. Bu romanla müəllif "National Book Award” mükafatına layiq görülür, "Man Booker” mükafatının qısa siyahısına düşür. Hanya hazırda "New-York Times” qəzetinin köşə yazarı və ədəbiyyat şöbəsinin tənqidçisidir.

Guardian”ın "Məni yaradan kitablar” rubrikasının budəfəki qonağı da Hanya Yanagihara olub. Müəllif unutmadığı ədəbi nümunələrdən danışıb.

Hazırda oxuduğum kitab – İndi paralel olaraq, iki kitab oxuyuram. Son illər bu üsul çox işə yarayır. Devid Fransın QİÇS, xəstəliyin tarixi, yoluxma üsulları, statistikasına bir hekayənin fonunda işıq tutan "Bəladan qorunmağın yolları” kitabını evdəki rahat saatlarda əlimdən qoymuram. Avtomobili özüm idarə etmədiyim üçün yolda, növbədə, naharda keçən vaxtları isə Alan Hollinqhörstün "Sparşolt məsələsi”ni oxuyuram.

Ən son oxuduğum güldürən hekayə – Belə deyək də, oxuduqca ürəyimin ritmini sürətləndirən sonuncu kitab. Nil Mukerjinin "Azadlıq diyarı” romanının adını çəkə bilərəm. Həm ürküdücü, həm də təəccübləndirən hadisələrin baş verdiyi hekayənin olduqca hərəkətverici bir effekti var. Layiq olduğu dəyəri almadığını düşündüyüm kitab – Hilari Mantelin "Qurd süfrəsi” romanı ilk çap olunanda, bəlkə də, oxuyanlar az qalırdı ona sitayiş etsin. Bəli, hər yazarın ən dərin istedadının büruzə verdiyi belə nümunələr var. Amma mən çox istərdim ki, bu romanı oxuyanlar Hilarinin qələminin hələ oyunlara düşmədiyi vaxtlarda yazdığı zərif, əyləncəli və insana zövq verən ilk əsərləri ilə də tanış olsunlar – "Hər gün analar günüdür?”, "Vakant yer”, "Məhəbbət sınağı” və s. O qədər möhtəşəm nümunələrdir ki… Bir də Conatan Ko. Baxmayaraq ki, Birləşmiş Krallıqlarda onun oxucu auditoriyası ABŞ-dakından çoxdur. Amma mən də onun "Yağışdan əvvəl” romanına heyran olmuşdum və amerikalı oxucuların bu əsəri layiqincə qiymətləndirmədiyini düşünürəm.

Müəllifi olmaq istədiyim kitab – Kazuo İşiquronun "O günlərdən qalanlar” romanı. Əsəri oxuyanda qiymətləndirmə şkalasına baxmamışdım. Bununla belə, oxuyanda heyranlıq hissindən doğan dərin qısqanclıqdan doğrandığın əsərlər olur. Mən də bu romanı dəfələrlə məhz belə qısqanclıqdan qıvrıla-qıvrıla oxumuşam.

Həyatımı dəyişdirən kitab – Çoxdur. Ümumiyyətlə, bir romanın bir həyatı dəyişdirə biləcəyinə inanmıram. Bir hekayə insanın şüurunda, həyat tərzində nəyisə dəyişə bilər, amma bütünlüklə həyatın, baxışın dəyişməsi davamlı qiraətin nəticəsidir. Odur ki, məndə bu siyahı uzundur, amma bir neçəsinin adını çəkəcəyəm – yəqin ki, bu siyahıya Filip Rotun "Əlvida”, "Kolumb” romanları başçılıq edir. İkincini mənə atam hədiyyə etmişdi, mənimlə birgə özü də yenidən oxudu. Birinci dəfə elə də ciddi təsirləri olmamışdı, çünki yetkinlərin qiraət menyusu ilə ilk tanışlığım idi. Buna baxmayaraq, tarixin müəllifə xəyanəti, müəllifin tarixi həqiqətlərə meydan oxuya bilməsi bacarıqları ilə tanış olmuşdum. Bu, ədəbiyyat haqqında öyrəndiyim ilk ciddi nüans idi.

İlk qiraət siyahımı atam məsləhət görürdü, onun zövqü əsasında istiqamət alırdım – odur ki, həyatımı dəyişən yazarlar siyahısında Barbara Pim, Anita Brukner, VS Naypol, Devid Livit, Vladimir Nabokov, Ceyms Boldvin və təbii ki, yapon ədəbiyyatının çağdaş nümayəndələri var idi.

Baxış bucağımı, düşüncə tərzimi dəyişdirən kitab – insanın xarakterik keyfiyyətləri çox dəyişməsə də, düşüncə tərzi, həyata baxışları sürətlə dəyişir. Xüsusilə də, ədəbiyyatın, incəsənətin içində sovrulanların. Amma bu siyahıda mən sadalama apara bilməyəcəm – Ann Karsonun "Qırmızının avtobioqrafiyası” romanı alternativsiz nümunədir.

Yazı üslubuma təsir edən kitab – yazarlar bunu necə dəqiqləşdirə bilirlər, o mexanizmi dərk etməmişəm. Bunu kənardan müşahidə aparanlar deyə bilərlər. Mən sadəcə kimdən nümunə götürdüyümü bilirəm. Məsələn, Juniçiro Tanizakinin "Makioka bacıları” romanında sərgilədiyi təhkiyə üslubu mənim nəzərimdə nümunəvidir – mükəmmələ ən yaxın üslubdur.

Oxumağa səbrim çatmayan kitab – haradasa iki il bundan əvvəl bir kitab oxumuşdum, davam etmək istəmirdim, elə sətirlərə göz gəzdirə-gəzdirə "oxuyub qurtardım”. Sonra özümü çox günahkar hiss etdim və eyni zamanda cavabdeh, birinin əziyyətini alçaltmış kimi görünürdüm. Ona görə qəti qərar verdim, zövqümü oxşamayan əsəri sadəcə oxumayım – son zamanlarda yarımçıq qalan yeganə əsər Uilki Kollinsin "Göy daşı” romanı olub.

Oxumadığıma utandığım kitab – Aman Allah, bu siyahı o qədər uzundur ki, bunu etiraf etməkdən belə utanıram. Amma ən çox Henri Ceymsin "Xanımın portreti” romanını oxumamış olmaq məni utandırır. Yəqin ki, sırada o var. Bundan əvvəl isə Con Banvilin "Xanım Ozmond” romanını oxumaq istəyirdim, yaxşı ki, o əldən çıxdı.

Sevə-sevə hədiyə etdiyim kitab – yenə, Tanizakinin yaradıcılığına üz tutaram. Amma bu əsas hədiyə verəcəyin adamın xarakterindən, həmin dönəmdəki vəziyyətindən, zövqündən asılıdır.

İngilis dilindən tərcümə edən: Elcan Salmanqızı /artkaspi.az/

# 793 dəfə oxunub

Oxşar xəbərlər

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

"Cəlil Məmmədquluzadə Həmidə xanımla onun puluna görə evlənib..." - Ədəbiyyatımızın kədərli dəqiqələri

12:00 1 may 2024
Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

Şayiə yayılır ki, tezliklə müharibə başlanacaq... - Öz evində artıq adama çevrilən leytenant

09:10 29 aprel 2024
Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

Siyasət şairi öldürür... - Dünyada heç şeir yazmamış adam var?

12:00 28 aprel 2024
Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

Peşəsindən yarımayan zabit şöhrəti, ad-sanı necə qazansın? - Gözləməklə keçən ömür

10:00 27 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
# # #