Kosmosa qayıdan kitablar

Kosmosa qayıdan kitablar
21 noyabr 2017
# 15:25

Kulis.az Xanəmir Telmanoğlunun “Kosmosa-göyə qayıdan kitablar” yazısını təqdim edir.

Ey dadi-bidad danəndə dəhan dərviş d...

Patişahın göydə nə işi var ki...

İcazənizlə, bu sözü də mən deyim: Dini şəkildə, mahiyyətdə yerə enən mətnlər ədəbi-bədii-poetk şəkildə, mahiyyətdə göyə qaldırılır. Mələklərlə yerə endirilən kutsal mətnlər göyə ədəbi-bədii mətnlər əvəzi olaraq yuxarılara qaytarılır.

Artıq bu informasiya dünyada sivilizasiyanın yeni bir ərəfəsindən xəbər verir.

Demək dünyanın ərazisi kosmosa qədər uzanır. Mars, Ay insan mədəniyyətinə, sivilizasiyaya aidiyyatını israrla sürdürür. Dünyada elə qitələr var, ora insan nəfəsi toxunmayıb, ayağı dəymədiyi halda, kosmosa, çəkisizliyə, insan marağı, insan elmi, yaşamı öz gərəkli adaptasiyasını görk eləyə bildi. Macar əsilli iş adamı Çarlz Simone illər öncə Rusiyanın «Soyuz» gəmisində göy üzünə səyahət edəcək, yazırdılar. O kosmosda kitab oxumağı çoxdan xəyal edib. O, alman yazıçısı Getenin «Faust»unu kosmosda – səmada mütaliə edəcək, söyləyirdilər.

Hər halda kosmosa kitab qaldırılması yeni bir xəbər deyil. Sadəcə Çarlzın ilk dəfə kosmosda kitab oxumaqla bağlı üzərində israrla durması kitabın kosmosa qaldırılmasının önəmini irəli çıxarır.

Şərqlilərin dini kitabları göydən gətirilməsini, qərblilər ədəbi-bədii sənət olaraq göyə qaldırırlar. Hər halda kosmos tam göy-o ilkin kitabların tam məkanı sayılması da kitabların endiyi, lövhü-məhfuz tərəf-istiqamət olaraq fikirlərimizə, gəldiyimiz qənaətə işıq tutur. Son zamanlar dünyaya yeni bir eranın başlanmasıyla bilgisayarın gündəmə çıxıb, insanlıq həyatını ən aparıcı yönünü bədirləndirməsiylə kitab mədəniyyətinin tədricən aradan qalxdığına işarə vuraraq XX əsrdən qalma insanların təfəkküründə izaholunmaz halsızlıq, ümidsizlik, süstlük təlqin edirdi. Ancaq Çarlz müəllimin adicə «Faust»u kosmosa aparmaq istəyi, xülyası, həm də bu burjua arzusundakı romantikanın gerçəkliyə çevrilməsi az da olsa yerindən oyanmış ağılları yerində oturtdu. Təsəvvür edin, Çarlz müəllim kosmik boşluqda bir xeyli marağını o sirli-sehirli dünyanın çəkisizliyi ilə doyuzdurduqdan sonra gözlərini çimir etməyib yuxusu göydən yerə çəkiləndə sayın Yohann Volfqanq Getenin «Faust» kitabının nə bilim, bəlkə də Avropada basılmış son basqısını əlinə alıb başlayır oxumağa: İlk «İt haf»ın ilk sətri:

– Gəncliyimdə gördüyüm, ey dumanlı kölgələr

Alıbsınız dövrəmi yenə də əvvəlkitək.

Dəxli yoxdur, bəlkə də Çarlz bu məşhur əsəri axıra kimi oxumayacaq, oxuya bilməyəcək. Bəlkə də oxuyacaq. Hər halda əsərin əsrarəngiz ilk misraları Çarlız müəllimin burdaca durmağa, düşünməyə, oturduğu yerin guşəsindən ətrafa göz gəzdirməyə ətrafdakı kölgələri əvəz edən yamaclar, daşlar, qayalıqlar heyrətə gətirəcək.

«İthaf»da sona yaxın bu yerə çatanda görünür Allahın Çarlızı o möhtəşəm, sükuta dalmış kosmik boşluğun yüksəkliyində özünü tuta, saxlaya bilməyib, əməlli-başlı ya diksinəcək, ya ağlayacaq, ya köklü-gövdəli kövrələcək, ya da düşünəcək:

– Daşa dönmüş ürəyim qəhərlənir, kövrəlir,

Nəyim varsa, – yox olub, uzaq keçmişə dönür;

Keçmişlər gerçək olub, gözlərimə görünür.

Əvət, qafil fil-fail, Fani. F. Çarlz orda «Faust» kitabı əlində bir zamanlar bilgisayarın ehtirassız düymələrinə barmaqlarını tuşlayıb ekranda sərvətinin, var-dövlətinin rəqəmlərini xatırlayacaq. Varın puç olduğunu bu burjua fanisi sonadək dərk edəcək. Ardınca insanlıq haqda fəlsəfəyə, xəyallara dalıb (anlamayacaq ki, o özü o saat xəyallarının üzərindəcə oturub, yellənir, ya süzür deyin) insanlığın keçmişinin, insanlığın geridə qalmış tarixinin elə bu daşa, qayaya dönüşüb üzərində havasızlıq dolaşdıran sükutunun lallığı, həyatsızlığından başqa bir şey olmayacağını görəcək. Çarlz yer üzünə insanlığın, keçmişin kosmik çəkisizlik olduğu düşüncəsiylə qayıdacaq. Bu düşüncə inanıram, yerə çatıb, ofisində işinin başına keçən bir burjua – kapitalist fanisinin topladığı sərvətə, onu necə xərcləməyinə, işində-gücündə dəyişikliklər etməyində böyük rol oynayacaq. Ən azından Çarlz Meksikada, yaxud dünyanın hər hansı bir təşkilatına, partiyasına, mafiyasına ödədiyi pulları barədə yenidən düşünəcək.

Bilmirəm, kosmosda bilgisayardan istifadə etmək olur, ya olmur – hər halda kosmik gəmi Marsa, Aya qalxırsa, necə olmaya bilər – məncə kitab oxumaq belə deyək, Yer üzünün ağaclarından xammal kimi istifadə olunaraq kağız düzəldilib, bilgisayarda yığılıb, mətbəələrdə basılan kitabı əllərinə alıb oxumaq başqa cür estetik zövq verər, həzz verər, duyğular yaşadar,(kosmosda) insana.

Üç böyük – Aztek, Mayya, İnq mədəniyyətinə sahib Cənubi Amerika hindularından, o cümlədən Meksikanı təmsil edən Çarlzdan, türk olmağından, türk mədəniyyətinə, türk mədəni köklərinə bağlılığından şübhələnmişəm. Ən azından kosmosa kitabla getdiyi üçün. Hinduların (qızıldərililər) türklərə dəxli olmasından az yazılmayıb. Getdiyi yerə kitab aparmaq insanın təfəkkürünün türk bucağı, türk tərəfidir. Çarlz milliyyətcə kim olursa-olsun, onun bu davranışı türk mədəniyyətinə mənsubiyyətini təsdiqlədi.

Mən bilən ismi Çarlz olan bu adam Aztek mədəniyyətinin, Mayya, İnk mədəniyyətlərinin sahibi, yetirməsi Cənubi Amerika hindularının, lap elə Çiapas ştatının övladıdır. İspan dilində hindu təfəkkürüylə, Az tek (türklər belə deyir) mədəniyyətinin etkisiylə kosmosda alman Getenin «Faust»unu oxuyacaq Çarlz, məncə bu ərəfələrdə hər kəsin qafasını qarışdıran bir sorğuya açıqlıq gətirərək, insanların son bədii psixologiyasında kitab mədəniyyəti adına çevriliş inqilab etdi. Elə özlərinin Meksikanın klassik demokratik inqilabının öndəri Xose Marti – dən daha üstün, daha ədəbi mədəni inqilabı!!!

Kağızlar həyatımızda uzun müddət rol oynayacaqlar. O cümlədən, kitablar. Tozluları yıpranmış, saralmış vərəqləri bir gün canımızı titrədəcəklər. İndi onlarla ruhumuz arasına elektronik səhifələr girmişlər deyil, təcavüz etmişlər.

Məhz Getenin «Faust» kitabının XXI əsrin başlanğıcında meksikalı hindu (mən belə anlayıram) əslən burjua fanisinin zehniyyət marağı ilə kosmosa aparılmasından danışmamışdan əvvəl, Getenin alman əsilliliyindən, bu mədəniyyətin dünyaya təlqinlərinin gizli ipucları ilə əlaqəsinin türklərlə bağ qurmasından bəhs etmək istəyirəm. «Faust» ideal bir cəmiyyətin utopiyasından bəhs edir. Görünür Çarlz müəllim də bu qarmaqarışıq, insan qanlarının su yerinə axdığı bir zamanda ideal cəmiyyət xülyasından bəhs edən bir kitabı, bədii sənət əsərini kosmosun boşluğuna götürməsi getdiyi yerin bu fikirlərə psixoloji münasibliyi baxımından başa düşüləndir. Bəlkə nə vaxtsa Çarlzın «Faust»u oxuduğu bu sonsuz çəkisizlikdə böyləsinə düşüncəyə sahib insanları yerin müxtəlif bucağından, ölkələrindən, millətləri içərisindən toparlayıb kosmosa qaldıraraq müvəqqəti də olsa bir cəmiyyət qurmaq mümkün ola. Çarlz özü ilə hər halda məsələn; Tövratı, Zəburu, İncili, Quranı, yaxud öz dil qohumu İbn Arabinin hər hansı bir əsərini, elə «Füsusul Hikəm»ini də götürə bilərdi. Bu bir daha təsdiq edir: göydən yerə yol gələn dini mətnlər, yerdən göyə insan psixikası, altşüuru, təfəkküründə ədəbi-bədii mətn variantında qayıdır. Bu qayıdışın içində Çarlzın öndərlik yapması, nə vaxtsa orda gerçəkləşəcək, azad cəmiyyət ideallarının bərqərar olma nümunəsinə sövqi-təbii yanaşması, onu mütləqa insanlığın ictimai fikir tarixinin kosmik Marksı, Lenini, Hegeli, Fərabisi edəcək. Onda kosmosun boşluğunda üzən divarlardan Çarlzın öndər şəkilləri, yerə dönərkən jurnalistlərə verdiyi müsahibəsində seçilmiş fikirləri çıxarış olaraq plakatları bəzəyərək, kosmosu da həqiqətən yerin tərkib hissəsinə, bir parçasına çevirəcək.

Alman düşüncəsinin kökündə nədənsə mənə həmişə elə gəlir türkün altşüuru cövlan edir. Hindu kökənli, ispan dilli, Meksika əsilli çağdaş burjua fanisinin alman düşüncəsinin həm təməllərini, həm də «krişasını» oluşduran bir əsərinə müraciət etməsi, türklərlə almanların münasibəti, ikinci dünya savaşındakı Hitlerin türklərə qarşı aldığı tavrı xatırladıqca nədənsə ortaya bir yəhudi məsələsinin çıxması şübhə doğurur. Axı inqilabların kökündə yəhudilik var. Ancaq kosmosa bir kitabla atılmış zehniyyət toxumu insanlığın bu gün üçün ən mədəni inqilabı sayılsa gərək.

Çarlızın kosmosda kitab oxuyarkən keçirdiyi ilk hiss:

P.S. Mən hələ də bu saat yerə dönəcəyim üçün, yerlə rabitəm olduğumdan kosmosda deyil, özümü yerin ərazisində hiss edirəm. Görünür bir gün günəşə də uçsaq yerin aurasından kənar çıxa bilməyəcəyik. Bu isə bizi həqiqətdən uzaq tutur. Heç vaxt ona yaxın düşməyə qoymayacaq.

Amma bir dəfə İstanbulda bir Çiləxanədə olduğum zaman ordakı dərvişlərdən biri ilə ünsiyyətimdə hiss etmişdim, mən yerin aurasından qopmuş, ayrılmış, çıxmışdım. Bu necə olur, qafil?!.

İndi gör o dərviş harda, nə halda idi?

Ölkələr yerləşdiyi ərazilərə məxsus deyillər. Ölkələr insanlarının hallarının coğrafiyasında, iqlimində yerləşir. Türkiyə yer kürəsinin ərazisindən qurtulmuş bir ölkə, bir məmləkətdir. Mən geriyə dönərkən Türkiyədə yaşamağa davam edəcəm.

# 2161 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #