Fuad Poladovdan utanmağımız

Fuad Poladovdan utanmağımız
27 sentyabr 2017
# 13:08

Şərif Ağayar

Musa Yaqubun bir şeiri var - “Dağlar nə qəribə olur gecələr”…

Məzmunu təxminən belədir ki, dağların qüdrəti qarşısında adam öz kiçik sevgisindən utanır.

Şairin bu poetik qənaətini unutmamaq şərti ilə gəlin yazımızın kamerasını 90-ların İstanbuluna çevirək. Azərbaycanın tanınmış publisisti, şairi, dəyərli və maraqlı insan Tofiq Abdin basabas avtobusların birində qəfil Türkiyənin böyük şairi Attila İlhanla qarşılaşır. Başında mütəvaze kepka büzüşüb oturacaqların birində oturub. İlahi! O boyda Attila İlhan hara, bu mənzərə hara.

Tofiq müəllim heyrətdən yerində donmasın, neyləsin? Dılğır bir Bakı şöhrətini həzm edə bilməyən, adama üstdən aşağı baxan, nəinki avtobusa, heç taksiyə minməyi özünə sığışdırmayan danqa şairlərin arasından gəlib Parisin mədəni elitasında fransızca lotuluq edən bir qələm adamını belə təvazökar görəsən...

Həmyerlimiz ikinci dəfə, Attila İlhanla ünsiyyətə girəndə heyrətlənir. Əfəndim, Azerbaycandan, Baküden geldim, sizi seven biriyim, şiirilerinizi çok okudum, sizi burda insanların içinde böyle görmek beni şaşırtdı. Attila İlhan balaca bir təbəssümlə “Teşekkür ederim” deyib də üzünü soyuq-soyuq döndərməzmi? Və Tofiq Abdin çıldırmazmı?

Rəhmətlik bu əhvalatı səsinin gur yerində ölən günəcən heyranlıqla danışdı.

Günlərin bir günü mən də bu cür heyrətləndim. Özü də İstanbulda yox, Bakıda. Fuad Poladovu boz və nimdaş paltarda keçmiş 106 nömrəli avtobusun arxa oturacağında görəndə...

İçimdəki həyəcan üç dalğada beynimə vurdu.

Birinci dalğa: adam necə də Fuad Poladova oxşayır...

İkinci dalğa: yox eee.. adam adama bu qədər oxşamaz.

Üçüncü dalğa: canım, nə oxşamaq, Fuad Poladovdur özüdür ki, durub!

Tofiq Abdin kimi mən də bu gözəlim məmləkətdə Fuad Poladovun istedadının və şəxsiyyətinin demirəm, şöhrətinin yarısının-yarısına sahib olmayan adamları xoruz-beçə ədasında gördüm.

Sonralar Fuad müəllimi tanıdıqca bu heyrətim əriyib getdi. Onun hamı kimi olmadığını, istisna şəxsiyyətə malik olduğunu anladım. Sənəti öz yerində, içində Nazim Hikmətinin gündüzlər əliçıraqlı axtardığı BÖYÜK İNSANLIĞI gördüm.

Bu gün bu böyük insan ağır xəstəliklə göz-gözə dayanıb və müalicəsi üçün heç kimə müraciət etmək istəmir.

İstəməsin də!

Zatən ona yaraşan budur. Bəs bizə nə gəlib? Əlimizi pişikmi yeyib ki, yazıb-pozub, ictimailəşdirməyək?

Elə bu ağılla Fuad Poladovun bir müddət əvvəl sakitcə istefa verdiyi “Azdrama”nın rəhbəri, Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova zəng vurduq, katibəsi götürdü, dedi, iclasdadır, ürəklənib sözümüzü bu xanıma dedik.

Dedik, Azərbaycan Yazıçılar Birliyinin “26-lar kafesi”nə görə quyruğu qapı arasında qalanda, xəstələnən yazıçılara yardım edirik deyib sudan quru çıxmağa çalışdı. Sizi əmin edirəm, bir gün Azər Paşa Nemətovun da başına oxşar hadisə gələcək və həmin gün özünə bəraət qazandırmaq üçün bu gün bir addım atmaq şansı var: Fuad Poladovla bağlı açıqlama versin, tədbir görsün! Azər Paşa Nemətovun “Azdrama”nın rəhbəri kimi Fuad Poladovdan xoşu gəlməyə bilər, amma Teatr Xadimləri İttifaqının sədri kimi aktyorun müalicəsi ilə bağlı məsələ qaldırmaq onun vəzifəsidir.

Xanım məni əmin etdi ki, sizi axtaracağıq.

Dediyi kimi də oldu. Bizi axtardılar. Azər Paşa Nemətov açıqlama verib Fuad Poladova kömək göstərməyə hazır olduğunu bildirdi.

Bu dəfə sərt bir mesaj Fuad Poladovdan gəldi. O, xəstəlik mövzusunda şəxsinin müzakirə olunmasına qəti etiraz edirdi.

Mən onun alicənab susqunluğu qarşısında ehtiramla baş əyməkdən başqa bir yol görmədim.

Tamam, ustad, biz də susuruq və qiyamətəcən ağzımızı açmayacağımıza söz veririk, amma bircə cümlə deməyimizə icazə ver:

Sənin bu jestinin qarşısında xırda dərdlərimizdən, balaca qayğılarımızdan, miskin arzularımızdan xeyli utandıq.

Musa Yaqub dağlardan utanan kimi...

# 2366 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
#
#
# # #