news-inner
clock16:52 calendar-gray 23 Sentyabr 2017 view-gray177 dəfə oxunub
view-gray177 dəfə oxunub

SÜDAydın Talıbzadənin hekayəsi

Kulis.az Aydın Talıbzadənin “Süd” hekayəsini təqdim edir.

(hekayə-memi)

– Habı sən Qərib dayının kürəkənisənmi?

***

Vurğu mizrab qismində “n” və “m” hərflərinə sürtünüb onları cızıldatdı.

***

– Husaat bilinir ki, haburaların camaatınnan döyülsən.

***

Qənşərimdə dayanmışdı: gombul, balacaboy bir kişi idi, gipgirdə üzü vardı, gilgilə gözləri; sanki bir çəlləyə qol-qıç taxmışdılar, kömürlə qalın qaşlar çəkmişdilər, fındıq burnunun altına bir dıqqılı kirpitikanı bığ əkmişdilər, yekə qara şalvar geyindirmişdilər və dığırlada-dığırlada gətirib qarşımda dikəltmişdilər.

***

– Çoxdan burdasuuzmu?

***

Bakıya qayıdıram. Biletim saat 12-yədir.

Tez gəlmişəm: hələ avtobusa bir sərnişin də minməyib.

Dilxoram.

Hava mısmırığını salladıb: günəş türmə pəncərəsindən baxan dustaqlar kimi baxır azadlığa buludların arxasından.

Talaya mal-qaranı səlləm buraxıblar.

İnəklər boşluğu ağızlarına atıb gövşəyir: heç biri heç hara tələsmir; onlara saat lazım deyil.

Sahibsiz qoyun iti çöçəsinin biriylə örtüb gözlərinin üstünü, yumrulanıb kölgədə tənbəl-tənbəl yatır.

Arıq, nimdaş geyimli bir kəndçi asfalt yolu aram-aram gəlir, gələ-gələ arabir məni süzür, gəlib önümdən keçir, keçib gedir, gedə-gedə qəfil çönüb təzədən mənə tərəf boylanır, baxır, baxır, sonra baxışlarını yerə tullayıb onların ardınca addımlayır, məni unudur və sakitliyə girib buxarlanır.

Biletim saat 12-yədir.

***

– İstilər hələ bir xeyli çəkəsidi, hara tələsiyirsuz? Geib bu bişə-bişdə nağayrasısuz ki şəhərdə? Yorğunsuuz?

***

Heç bilmədim nəyə “hə” dedim, amma dedim. O da duydu ki, əlacsızlıqdan dedim, naçar qalıb dedim. Dedim və gözlədim ki, bəlkə sağollaşa, ayrılaq. Sağollaşmadı: asfalta mıxlanıb tərpənmədi. Mənsə pauzadan özümə skafandr düzəltdim. Çünki bu tip adamlar danqa milçəklər kimi uçub-uçub sakitcə qonurlar birisinin aurasına və başlayırlar günün qanını içib vaxtı çürütməyə; onu lırt, mənasız eləyirlər.

Sonra fikirləşdim ki, Qərib dayının yox, qızının kürəkəni olsam belə, gərək onun adı urvatına hökmən dinəm. Dindim və dinəndə rəsmiyyətimlə kişini aparıb yabançılığın ən son nöqtəsinə qoydum.

***

– Üzr istəyirəm, siz kimsiniz, xatırlamıram?

***

Adətən qırsaqqız özgəsinin mənimlə söhbətləşməsinə dözümsüzəm; bezirəm, acıqlı oluram, aqressivləşirəm: hətta həqarət eləyə bilərəm.

Hərçənd bu dəfə…

Adamın qıvraq, optimist görünməsinə rəğmən, ağır xəstə olduğu apaşkar idi: yekə bir fır boynunun solundan qumbara kimi dəbərmişdi.

Özümü toparladım: hikkəni, kinayəni gözlərimdən, burnumdan, dodaqlarımdan silib nəm yaylığıma bükdüm. İçimi farağata qurdum, bütün bədənimlə təsəlli cümləsinə döndüm: günahkar-günahkar gülümsədim və onu üzrxahlıqla yabançılıqdan götürüb geri qaytardım. Həmən-həmən fürsətini dəyərləndirib emosiyalarını səsində çimdirdi.

***

– Ə, sənin canın qalsın, – qaşlarını dartdı yuxarı, – Küp Mahmudam da, Küp Mahmud, – qalın dodaqları bant kimi açılıb sifətinə yayıldı,– eşitməmiş olmazsan, – şabalıda bənzər qara gözlərini düz gözlərimə zillədi, – Qərib dayının dostuyam da, – məndən reaksiya almadığını duyunca baxışlarını kənara qaçırtdı, yüngülvari kövrəlib əlini ərkyana çiynimə toxundurdu: – Sən məni tanımazsan, hardan tanıyasısan, səni bizə qonaq gətirməyiblər ki, tanıyasan. Amma mən səni tanıyıram, – onun şişkin çöhrəsindəm bir xeyirxahlıq, alicənablıq dağılırdı ətrafa, – Səmimət bacının yanında görmüşəm. Bir gün də uşaxlar evdə çığırışdılar ki, bəs Qərib dayının kürəkənini televizornan göstərirlər.

***

Avtomat çənəsinin tətiyini çəkib sözləri mənə sarı vıy-vıy vıyıldadırdı: heç biri beynimə dəymirdi; yanaqlarımdan sivişib sağa, sola, yuxarı, aşağı səpələnirdi, kətan köynəyimin liflərinə ilişib “ölürdü”: qulaqlarımın macalı olmurdu onların hamısını havadan sovurub içəri yığmağa.

Nə düşündüyüm, hansı ovqatda olduğum Küp Mahmudun eyninə deyildi: o, sadəcə, məni tapdığına, mənə “ilişdiyinə”, tamam yad bir adama ürəyini boşaltmaq imkanı əldə etdiyinə sevinirdi və aramsız danışırdı: danışırdı ki, peşəsi aşpazdsır, kənd toylarında kababçılara patronluq eləyir; danışırdı ki, bir çətən külfəti var; danışırdı ki, özü atasından erkən yetim qaldığından oğlunu lap tez evləndirib; danışırdı ki, Qərib dayı bu meşələrin padşahı sayılıb, olağanüstü xeyirxahlığı və səxavətilə seçilib. Hətta cəbhədən onun gətirdiyi medalların sinəsində necə cingildədiyindən də danışırdı… danışırdı… danışırdı…

***

Hövsələm daraldı, bıkdım: bir təhər öz sualımı onun nöqtəsiz cümlələri arasına basıb çalışdım ki, söhbəti yekunlaşdırım və xudafizləşim:

– Yaxşı, həkimlər bu şişlə bağlı nə deyirlər axı?

– Əşii, həblə heş-zad, – barmaqları ilə sığalladı şişi: elə bil pişik balasını tumarlayırdı, – şişdi də, həblə asılıb haburdan. – Sanki fikirləri dolaşdı və səsinə qaranlıq çökdü: – Həblə asılıb da. Nə bilim hey, deyirlər guya Almaniyada-zadda bəlkə əlac eləyələr. – Başını çiyinlərinə çəkib fağır-fağır irişdi: – Mən haburdan Bakıya getməyə pul tapammıram, oralara getməyə pulu hardan tapasıyam ki? Kimdi maa hu pulu verən? Həkimlərdi də… Mahmud qaqaşuun bileti alınıb eee, düz qəbir evinəcən, daa onnan o yana olmaz. – Udqundu. Amma pauzanın içinə girmədi. Udqunanda nəsə bir ideya batmışdı ağlına. Çöhrəsi işıqlandı: – Habura bax, haburdaca maa bir söz ver. Söz ver ki, hu ölüb-elədim ha, məni yerdən götürəndə sən də gəlicisən. Hu canuu yiyim, imkan elə, gəl. Qoy, görsünlər mənim üzümün hörmətini ki, Bakıdan durub maa görə də… – Cümləsini tamamlamadı, sifətini qırışdırıb üzünü günəşə sarı tutdu və gözlərinin nəmini buludların pambığı ilə quruladı.

– Əh, bəsdirin görək ha, noolub sizə, maşallah, div kimisiz. – Könlünü qırmaq istəmədim: “küp” əvəzinə “div” dedim, pozitiv dalğa yaratmağa cəhd elədim.

– Özuu yorma, olası iş deyil. – Nəzərlərini səmadan ayırıb məni süzdü və təəssüfsüz-filansız əlavə etdi: – Öləsiyəm, vəssalam.

***

Onun öz ölümünə belə biganə, yad münasibəti məni yüngülcə çaşdırdı. İnanmırdım ki, bu çılxa ət çəlləyində bu cür iradə olar. Susdum və zənn etdim ki, söhbət daha bitdi. Bir siqaret götürdüm. Yandırmadım. Sadəcə, burnuma yaxınlaşdırıb qoxuladım. Saatıma baxdım, çönüb avtobusuma baxdım: dayandığı yerdə dayanmışdı, bir başıləçəkli qadın da keçib tək əyləşmişdi birinci sırada. Avtobusun pəncərəsindən siluetini görürdüm.

***

– Tələsməsənə kiii… vaxtı çatıncayana qədər bu hələ burda durucutdu. Sənsiz hara geecitdi ki?

– Siz mənə fikir verməyin, vərdişimdi. Hər 5-10 dəqiqədən bir saata baxmasam, gün yaşanmır elə bil. – Məni çözmüşdülər, məni oxumuşdular. Küp Mahmud, əslində, sözü fırladıb mənə deyirdi ki, “səbrini bas, hələ səninlə sağollaşmaq istəmirəm, onsuz da bekarsan, rahat ol”. Ləngimədən bəraət adına bir bəhanə buldum: – Yola çıxmamışdan öncə həmişə dilxor-dilxor gəzirəm. Heç kim, heç nə gözümə olmur: bir mən oluram, bir də saat. – Sözlərim Küp Mahmuda təsir eləmədi.

***

Avtovağzalın həyətinə qırmızı rəngli köhnə “jiquli” burulurdu.

Çayxana sahibi armudu istəkanları bir tas suda yaxalayırdı.

Qarşı dükandan bir oğlan “Qax” suyu alıb küçəyə çıxırdı.

Haradasa qəssab baltası ilə iri sümükləri sındırırdılar.

Başıma, üzümə, çiyinlərimə sakitliyin tozu ələnirdi.

Birdən Küp Mahmudun dilindən qopan “ov” sözü qəfil nizə kimi sancıldı gicgahıma: qulaqlarımın qıfılları açıldı.

***

Biz dağnan qalxırdıq, çay dağnan aşağı düşürdü: kənddə olanda heş Qaraçaya getmisənmi, oğul, bax, haa, hu çay… düşürdü heylə pilləkən-pilləkən aşağı… hərdən lap qaça-qaça düşürdü… bir də ayılırdım ki, çay haburdan sakitdəşdi, itdi, yox oldu, hordan köpüklənib hayxırdı. Mənnən qabaxda Qərib dayı habu cırğanın, – barmaqlarını qara lak çəkmələrinin böyrünə tuşladı, – sağıyla geeirdi; hərdən çönüb maa əl yelliyirdi ki, tez ol, a dədə, yubanma, tələs. Mən də özümü top kimi tulluyurdum hara gəldi, deyirdim ondan dala qalmıyım daa. Meşənin qalın yerinə girmişdıx: böyrümdəcə hu dərədə keçəl daşları şapalaxlıyan çayı eşidirdim, görəmmirdim. Haa, heylə… Hu dəli böyürtikənnər, hu həyasız itburnu kolları necə qucaqlaşıb dörd bir yandan cökələri, vələsləri, palıddarı həblə nətəər dövrələmişdilərsə, adamı addım atmağa qoymurdular: köynəyimə, şalvarıma ilişib dartırdılar məni geriyə. – Sanki çalışırdı ki, ov yerini keçmişindən götürüb asfaltın üstünə gətirsin. – Qılçalarım zoqquldamağa başlamışdı. Öyrəncəli deyildim ha. Qərib dayısa heş nəyi vejinə almırdı, bax, həblə, ayı kimi yumalana-yumalana geirdi, yorulmaq bilmirdi, günəşin budaqlara yosun-yosun dolaşmış saçaqlarını həblə ayı kimi xamçalayırdı, qırıb tökürdü ağacların altına, meşənin işığını söndürürdü. Birdən maa sarı döndü, ağac kimi qurudu və əliylə sol tərəfi göstərdi. Gördüm ki, budey ha, mənnən cüyürün arasında, 25 metrə məsafə ola, ya olmuya: bir ayağnı həblə götürüb, o birini həblə qoyur, hu canımçun haa. Gəlibdi çaydan su içə. Çayın qırağında heylə başını aşağı salıb hu sudan qurtum-qurtum içir… İçmir heeey… hu nəziy dodaxlarıyla elə bil suyun üzündən öpür, sora dayanıb duruxur, qulaxlarını şəkləyib zillənir bir nöqtəyə, sora yenə suyu həblə sourub içir. Qərib dayı bilirdi daa məni hara gətirir. Yavaş-yavaş qabağa getdim: çayın şırıltısından hənirtimi alammadı. Ehmallıca sarıqundaq qoşalüləni onun hu düz təpəsinə tuşduyub atdım. Tüfəngin çatdamağıynan cüyürün həblə səntirləyib yıxılması bir oldu. Haindi bir sevinirəm, bir sevinirəm, balaca uşax kimi. Ürəyimdə də öz-özümə deyirəm, şükür saa, ay allah ki, gülləm dəydi, habugün evə deyəsən ət aparıcıyam, ov əti… Qışqırdım ay Qərib dayı, ay Qərib dayıııı! Bir də baxdım ki rəhmətlik, – huuyy, – eliyə-eliyə gəlir. Dedim, – ay kişi, atmışam ey, gedək götürək. Dedi, – di get, götür gəl, mən haburda oturub səni gözdüyürəm. – Bir kötüyün üstündə oturdu. Yaşdı adamıydı da. Tüfəngi ona verib qaşdım cüyürə sarı. Çayı keşdim. Ayağımı sudan ayırmışdım ki, oğul, nə görsəm yaxşıdı? Cüyür həblə yerdəcə heysiz düşüb qalıb haça-paça, yanında da balası. Sən demə, cüyür çaya enəndə balasını qıjalıxda gizlədibmiş. Haindi bu bala iki qabax qılçalarını bax, həblə vurutdu yerə, bunun əmcəyini burunlaya-burunlaya bir əmir, bir əmir, bir əmir ki, adamın tükləri biz-biz olur: hərdən də başını qovzayıb ora-bura baxır, yenə əmir. Arada durub geeir anasının qulaxlarını, ağzını qoxlayır, gəlir dodaxlarını yenə dirəyir əmcəklərə. Əmcəklərdən də bir süd gəlir, bir süd gəlir, həblə baax, ağappax, axıb tökülür yerə, hu canımçun. Hu ana öləndə qanını cöürüb süd eliyitdi də balasıyçun… Oğul, elə hu andaca qəhər boğazımda böyüyüb qurudu, qəmbər kimi oldu. Havam çatmadı, gözlərim alacalandı. Habu dizlərimi meşənin torpağına nətəər vurdumsa, heş biləmmədim: haindi bir hönkürürəm, bir hönkürürəm, olmuyan kimi; sürtürəm üzümü torpağa, ağlıyıram; başımı qaldırıram hu uca göylərə, ağlıyıram. Hikkəynən yapışıram hu acı gəndəlaşlardan, böyürtikən yarpaqlarınnan, dartıram özümə sarı, ağlıyıram. Əllərimin içi qana bulaşır, onları qoynuma həblə sıxıb torpağa yıxılıram, özümdən geeirəm. Haa heylə… Hordaca nəqədə vaxt düşüb qaldımsa, deyəmmərəm. Bir də gördüm Qərib dayı məni şilləliyir ki, a dədə, nooldu saa, harda ölüb-batmısan? Dikəlib oturdum. Dedim bəs həblə-həblə iş olubdu. Dedi, ə, ağlıvı başıva yığ, gic olmaaa, götür cüyürü də, balasını da düşək kəndə. Habundan ötrü gəlməmişdin ki? Allah göndərən paydı, dur ayağa! Dedim yox, Qərib dayı, daa mən o cüyürün ətini yeyəmmərəm, nə də uşaxlara yedirdə bilmərəm. Qərib dayı istədi cüyürün balasını həblə qucaqlasın, başaramadı. Mən də dedim tutub aparım onı evə, saxlayıb böüdüm, olmadı. Bala heşjür ələ gəlmədi, yaman qoparax idi, qaşdı qıjalıxa. Hunda Qərib dayı istədi balanı da vura, mən qoymadım, öz canımçun, haaa… Dedi, a kişi, onsuz da habu öləsidi: habu qalasıdı ki? Qalmıycıtdı axı, hardan süd tapasıdı habu meşənin ortasında? Dedim: Yox, balaya toxunmayaq, haburdan da qayıdıb gedək. Daa o bala nə oldu, nə olmadı, biləmmədim. Hudu-budu, and işdim ki, daa mən bir də ov etmiyciyəm. Etsəm, hu allah maa qənim olsun! – Elə bil Küp Mahmudun işığı öləzidi: – Hovaxtdan bir də ova getmədim, ama o bala cüyürün ahından da qurtarammadım…

***

Ağlamırdı; ancaq gözlərinin içi qızarmışdı, səsi də balaca titrəyirdi.

***

– Habu fırı, oğul, görürsənmi, nə bohdadısa? Bala, saa deyim, heş çox cəkmədi ki, habu fır ilişdi boğazıma, böüdü, böüdü, ha bu bohda oldu, lap mənim ürəyim bohda. – Ovcunu bərk-bərk yumub mənə göstərdi. – Sehrli nağıllarda həblə olur, allahhaqqıçın, oğul… Ah yerdə qalmaz ki… Ah Allahın yarısıdır, qalxar Allahın yanına… Onda həblə heş-zad… qapıların bağlandı…. – Və sağollaşmadan itirdiyini tapmamış yorğun adamlar kimi ayaqlarının altına baxa-baxa məndən uzaqlaşdı.

***

Bir də yay vaxtı qayıtdım kəndə. Küp Mahmudu soruşdum. Söylədilər ki, çoxdan dəfn eləyiblər. İlk qar torpağa kəpənək-kəpənək qonduğu gecə kişi elə yuxusundaca keçinibmiş… Məclisində arvadı xısın-xısın ağlayıb deyirmiş ki, o cüyür balası Küp Mahmudun yadından heç cür çıxmırdı: axırı onun ürəyini oğurrayıb apardı meşələrə…

Ləngimədən qəbrinin üstünə getdim: məzarını günəş qucaqlamışdı.

Siqaretim tüstü-tüstü kiçilirdi…

news-inner-user
Aydın Talıbzadə

25 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti