Qurumuş ağacın yamyaşıl səsi - Zahid Sarıtorpaqdan ESSE

Qurumuş ağacın yamyaşıl səsi - <span style="color:red;">Zahid Sarıtorpaqdan ESSE
7 avqust 2017
# 16:45

Hədiyyə Şəfaqətin Kulis.az-da getmiş şeirləri haqda esse

...biz Ölümlə siam ekizləri kimi qoşa doğulmuşuq – o bizdən qopa bilməz, biz ondan... amma nə qədər birlikdə olsaq da onu hiss etmirik, duymuruq ...

...biz Sevgiylə siam ekizləri kimi qoşa doğulmamışıq, yox... amma həmişə hiss edirik, həmişə duyuruq onu – di gəl ki, toranlıq içində, əlçatmaz şəkildə, anlaşılmaz halda...

Güzgü... hə, bütün zamanlarda Güzgü gərəkdi Sözün üzünə tutmağa, çünki Güzgü – Gerçəkdi. Sözün nəfəsi tərlədirsə Gerçəyin üzünü, deməli Söz diridi, deməli Söz Gerçəkdən də o yanadı...

Söz Gerçəkdən də o yanadı, siam ekizi kimi bizimlə qoşa doğulmuş, daim bizimlə birgə olan Ölümdən də o tərəfədi...

İçində qıvrıldığımız bu Dünyanın üzünə Güzgü əvəzinə Hədiyyə Şəfaqətin Şeirlərini – Sözünü tutmaq istədim bu səhər. Görək, Sözdə – ruhun Gerçəyində Dünyanın nəfəsi iz buraxacaqmı?

Düzünü deyim, son vaxtlar poetik gəzişmələrinə heyran olduğum şairlər çox azdı. Amma var. Onlardan biri də Hədiyyə Şəfaqətdi.

...Sən bilirsənmi göyləri yerdən seyr etmək nə deməkdir,

Nə deməkdir quş uçuşundakı sehrli pırıltı,

Bilirsənmi,

Yuxularda...

Yuxularda...

Yuxularda...

Yol getmək nə deməkdir gözü yumulu adamlar üçün

Günəş doğarkən

Ayna yolda oynayan parıltı...

Bax, əsl şair öz məqamına yetişincə, o parıltını gözlərinin içinə yığıb hönkürə-hönkürə qaçmaqdansa, şüşə qırıntısı kimi daşıyır kiprikləri altında və oxucu onu hiss edir, təkcə ürəyilə deyil, həm də gözləriylə – günəş doğarkən...

...Mən o səsi quru ağacın nəfəsindən aldım...

Yam-yaşıldı o səs,

İçində ağappaq kəpənək vardı...

Quru ağacın nəfəsindən əsən səs yamyaşıl olmasaydı içiylə ağappaq kəpənək uçardımı? Ağac quruyub, amma o yaşıl səs solmayıb. İnnən belə də solmayacaq... Çünki artıq “qapalı baxışlar” içindədi...

...Ayaqlarım çölə dəymədi bu yaz,

Əllərim çölə toxunmadı,

Mən

Bu yaz göyərmədim çöldə

Pəncərəmin qarşısındakı quru ağaca zillənib qalmışam...

Quru ağacın budaqlarında can var – can titrəyir, can üşüyür. Amma ağacın ölüb-ölmədiyinə təkcə şair qərar verir. Heç kim onu ağacın öldüyünə inandıra bilməz. O ağacın yaşıllaşmaqdan başqa yolu yoxdu... Və yazdığı Sözün, pıçıldadığı Səsin Tanrısı olan Şairi o ağac eşidir...

Pəncərəmin qarşısındakı quru ağaca zillənib qalmışam

Öldük

Həqiqət budur...

Şair: “öldük, həqiqət budur!” hayqırsa da, içdən gələn bir ümidlə, inamla həmin ağaca: “oyan...” da pıçıldayır.

- Oyan

Mən səni sevirəm və ölməyini istəmirəm...

Bu bir sevda təbəddülatı, bir nisgil paradoksumu? Şeirin damarındakı qrupu fərqli olan qanmı?.. Hər nədirsə, ahəngi çərpələnglər uçurur sonsuzluğa, və şair hər şeydən bixəbər bir çocuq kimi sevincək-sevincək baxır onun arxasınca...

…kiminsə

Uçulmaqda olan yetim evi,

Baxımsız həyətinin ovulub tökülməyə başlayan kərpic hasarı...

Əllərim,

O evin qarşısındakı yarıqurumuş ağacın budaqları...

İndi şair “əllərini yarpaq kimi dərəcək o yarıqurumuş ağacın budaqlarından…” Bu, taledir, Azza, tale. Belədə fələyin üzünə sovrulan bir ovuc kül də ola bilərsən, aynalarda süzülən bir damla su da,

Qurumuş ağac da...

Vaxtı yetişdiyində, Azza...

Yaşam nədi axı? Gözümüzün gördüklərimi? İçimizdə daşınanlarmı? Ya vur-tut heç kimin fikir vermədiyi çiçəkdi ömür adlı bu çalpaşıqlı çəmənlikdə.

Bir dəstə çöl çiçəyi

Bir dəstə çöl çiçəyi

Bir dəstə çöl çiçəyi -

Yaşam.

Ümid

Arzu

Xəyal

Yuxu

Qoxu -

Sevgi

Amma nə olsun? Nə olsun ki belədi? Bunlar hamısı sevgi ola bilər. Bəs Sevgi hansı yöntəmin bünövrəsidi? – barışığa gedən yolunmu? ayrılığın kor olmuş gecələrininmi? işığı arxasıyca aparan inamınmı? Ölümünmü?

Heç biri

Heç biri

Heç biri üstünü örtməyə yaramır gerçəyin

Gerçək!.. Hə, gerçək... Gerçək – Güzgüdü. Sözün nəfəsi tərlətmirsə onun üzünü hansı yaşamdan söhbət gedə bilər? Tiyəsi qan ləkəli bıçaq... külqabı... təsbeh... üsütü mavi çiçəkli bant... quş ölüsü... yalqız lələyə daraşan qarışqalar... Bəlkə qurumuş ağacın yaddaşından çoxdan silinmiş hönkürtüdü bunlar – özü də qəbiristanlıq hasarının o üzündəki ağacın yaddaşından? Bilirsənmi, Azza? Bilirsənsə, pıçılda – ağac yaşıllaşsın, içimdə ağappaq bir kəpənək uçur...

06. 05. 2017

# 1883 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #