news-inner
clock12:32 calendar-gray 31 İyul 2017 view-gray400 dəfə oxunub
view-gray400 dəfə oxunub

Cavan şairlər müharibə görməyib – Anar yazır...

Bugünlərdə Azərbaycan Yazıçılar Birliyinin və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu (QƏBƏLƏ - 2017) nəşrə hazırlanıb. Kitaba "Gənclərin vətən nəğməsi" adlı ön sözü Xalq yazıçısı Anar yazıb. Ön sözü oxuculara təqdim edirik.

Ədəbiyyatın xilaskar missiyası haqqında, sənətin mübarizə əzmi yaratması, insanda güc, iradə aşılaması barədə çox yazılıb, çox deyilib. Azərbaycan ədəbiyyatında isə bu mövzunun, vətənpərvərlik ideyalarının tarixi qədimdir. Yaşı bilinməyən, ağızdan ağıza, dildən-dilə bu günümüzə gəlib çatan bayatılarımızda, aşıq şeirində, dastanlarda və atalar sözlərində əsas aparıcı xətt məhz vətən mövzusudur. Bu ənənənin yazılı ədəbiyyatımızda da davam etdirilməsinin şahidiyik.

Şərqdə ilk dünyəvi dövlətin, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması və qısa müddətlik də olsa mövcudluğu ilə isə poeziyamızda bu mövzuda şeirlərin, vətən motivli əsərlərin sayı artdı. Ədəbiyyatın müxtəlif janrlarında Azərbaycan vətənpərvərliyi aşılayan, (yeni şeirlərin çoxusunun məzmununda və adında "Azərbaycan” sözü hallanırdı) türk ideyalarını, Azərbaycan bayrağını tərənnüm edən yeni əsərlər meydana gəldi. Azərbaycanın istiqlaliyyətini şairlərdən, yazıçılardan, dramaturqlardan, publisistlərdən Məhəmməd Hadi, Abdulla Şaiq, Nəcəf bəy Vəzirov, Firudin bəy Köçərli, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Hüseyn Cavid, Hacı Kərim Sanılı, Sultan Məcid Qənizadə, Ömər Faiq, Salman Mümtaz, Əliabbas Müznib, Əmin Abid, Eynəli Sultanov, Üzeyir və Ceyhun Hacıbəylilər, Yusif Vəzir, Seyid Hüseyn, Ümmugülsüm, cavanlardan Əhməd Cavad, Cəfər Cabbarlı, Əli Yusif və bir çox başqaları fəxarət duyğusu ilə salamladılar. Türkiyədə məşhurlaşan və bütün Sovet tarixi dövrü ərzində məhz bu ölkədə qorunub saxlanılan "Çırpınırdı Qara dəniz” mahnısının sözlərini Əhməd Cavad, musiqisini Üzeyir Hacıbəyli yazdılar.

Ölkəmizdə Sovet hakimiyyətinin qurulması ilə isə bu mövzuya ayrı bir yanaşma, ayrı bir baxış ortaya çıxdı. Hətta bəzi şərhçilər bu dövrdə yazılmış vətənpərvərlik əsərlərini Azərbaycana, vətənə sevginin nümunəsi kimi yox, mövcud rejimin boğazdan yuxarı tərifi kimi yozdular. Lakin heç şübhəsiz ki, Azərbaycanın şairləri, nasirləri, alimləri - xalqımızın böyük tarixi irsini, ədəbiyyatının, incəsənətinin zəngin xəzinəsini, şan-şöhrətli hökmdarlarını, doğma dilin əbədiliyini təbliğ və tərənnüm edərkən heç vəchlə Sovet rejiminin məddahı kimi çıxış etmirdilər. Həmçinin, bu dövrdə vətən mövzusunda yazmağın ayrı bir çətinliyi də vardı. Bu cür əsərlərin içərisində "türkçülük ideyalarını” asanlıqla tapa, aşkara çıxara bilirdilər. Əlbəttə, əgər müəllifin pantürkizmdə ittiham olunması mövcud şəraitdə lazım idisə... Lakin bununla belə, dəhşətli repressiya illərində, yalnız yazıçılar yox, həm də alimlər, incəsənət xadimləri, aktyorlar (Azərbaycan dram teatrının əsas aktyorları Abbas Mirzə Şərifzadə və Ülvi Rəcəb repressiya olunub güllələnmişdilər) millətçilikdə, pantürkizmdə suçlananda, Azərbaycan xalqının milli ruhunu özündə əks etdirən iki proqram mədəniyyət nümunəsi meydana gəldi - Üzeyir Hacıbəylinin "Koroğlu” operası və Səməd Vurğunun "Vaqif” dramı.

Azərbaycan xalqının vətənpərvər ruhunun parlaq ifadəsi olan "Koroğlu” operası məhz ölməz Üzeyir Hacıbəyli musiqisinə görə əbədi həyat qazandı. Ötən əsrin 80-ci illərinin axırlarında, 90-cı illərin əvvəllərində azadlıq hərəkatı baş qaldıranda "Azadlıq” meydanında xalqı mərdliyə, mübarizəyə, birliyə çağıran "Koroğlu” üvertürasının səslənməsi təsadüfi deyildi.

Səməd Vurğun "Vaqif” pyesində süni sürətdə xalqa sırınmış yabançı dilin deyil, doğma Azərbaycan-türk dilinin son dərəcə əhəmiyyət daşıdığını, gözəlliyini və əzəmətini ifadə edib. Pyesdə yabançı dil kimi fars dili göstərilir, amma tamaşaçılar doğma dilin üstünlüyünü müasir kontekstdə qəbul etdilər və bu səbəbdən də Azərbaycan gənclərinin bir neçə nəsli nəzmlə yazılmış Vurğun dramının bütün mətnini demək olar ki, əzbər bilirdi.

Bu faktlar vətənpərvərlik mövzusunda əsərlərin millətə təsirini göstərir. Xalqın başına gələn bəlalar, bir çox əsərlərin, xüsusən poeziya nümunələrinin mövzusu olub. İllərdir ki, həllini tapmayan Qarabağ problemi ürəyində vətən sevgisi olan hər kəsi düşündürür, ağrıdır. Qələm adamlarının bu ağrını ifadə etmək imkanları daha çoxdur.

Əlinizdə tutduğunuz bu kitab çağdaş Azərbaycan gənc qələm sahiblərinin vətənpərvərlik mövzusunda şeirlərindən ibarətdir. Şeirləri toplu halında oxuyanda məni onların bədii və estetik məziyyətlərindən daha çox, bunlarda gördüyüm, duyduğum ağrı düşündürdü. Çağdaş gəncliyin bu mövzulara müraciət etməsi, ağrılı məsələləri bu cür həssaslıqla qələmə alması məni yaxşı mənada təəccübləndirdi də. Burada şeirləri yer alan cavan şairlərin əksəriyyəti (bəlkə heç biri) müharibə görməyib... Xalqımızın başına gələn bəlaları sənədli kadrlardan, kitablardan və s.dən öyrəniblər. Amma şeirlərdə məhz Qarabağ, müharibə, itki mövzusunun üstünlük təşkil etməsi yenə də bu gənc qələm adamlarının istedadından, şair fəhmindən xəbər verir. Həmçinin, bəzi müəlliflərin doğulduqları şəhərlərə, kəndlərə aid də şeirləri orijinaldır. Əlbəttə, zamanla bu müəlliflərin həm vətənpərvərlik duyğuları durulacaq, dərinləşəcək, həm də bu hissləri ifadə tərzi daha peşəkar olacaq. Ona görə indi bu şeirlərin bədii, estetik, poetik keyfiyyəti haqqında danışmaq tezdir. Amma bununla belə, bu cür kitabın nəşri, faktın özü sevindiricidir. Ona görə mən kitabda şeirləri yer alan hər bir müəllifi təbrik edir, gələcək işlərində uğurlar diləyirəm... /“525-ci qəzet"/

news-inner-user

19982 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qardaşının ölümünü ondan gizlədilər, həkimlər övlad qadağası qoydu, “Ağlama, Zaur” şeirini yazdı - Anar Təhminəni onun həyatından götürmüşdü?
12:10 21 Sentyabr 2021
Şəhid anasının əli ilə veriliş bağlayan Tolik
11:33 21 Sentyabr 2021
Səməd Vurğuna görə ianə toplanır – Foto
11:01 21 Sentyabr 2021
Laçında teatr açmaq istəyən aktyor – Müzakirə
10:33 21 Sentyabr 2021
Çingiz Abdullayev Vətən müharibəsindən hekayə yazdı – Mətn
10:05 21 Sentyabr 2021
Məşhur müğənni əməliyyat olundu
09:31 21 Sentyabr 2021
Toy gecəsi mahnıya görə döyülən gəlin – Yeni hekayə
09:01 21 Sentyabr 2021
Vyetnam prezidenti ilə dostluq edən, 4 qardaşını vaxtsız itirən, Türkan Şorayı filmə çəkən Xalq artistimiz - Maraqlı faktlar
21:00 20 Sentyabr 2021
Qarabağda 15 tarix-memarlıq abidəsi pasportlaşdırılıb
18:59 20 Sentyabr 2021
Pikassonun əsərləri Fransa hökumətinə bağışlanacaq
18:31 20 Sentyabr 2021
Britaniya filmi beynəlxalq müsabiqədinin qalibi oldu
18:00 20 Sentyabr 2021
Uşaqları sevməyimizin sirri - Sahib Altay yazır...
17:16 20 Sentyabr 2021
Məmməd Əmin Rəsulzadənin nəvəsinin ölüm anı lentə alınıbmış - İlk dəfə - Video
16:38 20 Sentyabr 2021
Soyuq burnunla toxunursan üzümə - Rasim Qaracadan şeirlər
16:17 20 Sentyabr 2021
Səyyad Əlizadədən xəbər var
15:30 20 Sentyabr 2021
Ölkəmiz Tallində keçirilən festivalda təmsil olunub -Fotolar
15:20 20 Sentyabr 2021
Ramiz, Əkrəm, Seymur... – Oxucular kimi görmək istəyir? - Sorğu
14:41 20 Sentyabr 2021
"Emmy" mükafatının qalibləri bəlli olub - Siyahı
13:49 20 Sentyabr 2021
Tanınmış şairin Cıdır düzündə yazdığı şeir – Mətn
13:25 20 Sentyabr 2021
Atasını həbsxanada öldürdülər, haqqında Stalinə məruzə edildi, rus qızlara görə Sofi Loreni rədd etdi - Tolstoyun qohumu olan azərbaycanlı
12:28 20 Sentyabr 2021