news-inner
clock14:30 calendar-gray 12 İyun 2017 view-gray372 dəfə oxunub
view-gray372 dəfə oxunub

“Ayə, bu nə şalvardı?” - Ölüb-dirilən şairin imza günündən REPORTAJ

Hikmət Orhunun “Qadın qolları dövrü” kitabının imza günü oldu. Gəlin reportajımıza keçmədən əvvəl Hikmətlə tanış olaq, görək kimdir, nəçidir?

Onu mənlə Mövlud Mövlud tanış eləyib. Nərimanovda çay içirdik, Mövlud gülə-gülə bu əhvalatı danışdı:

- Hikmət Qazaxda bir qız sevirdi. Günlərin birində Hikmət qıza məktub göndərir, deyir ki, hal-qəziyyə belədi, səni sevirəm...

Sonra nə olsa yaxşıdır? Qız amansız bir ultimatum göndərir: “Getsin yeriməyi öyrənsin, sonra sevər”.

Bu cümlə Hikməti atım-atım eləyir, özünə yer tapa bilmir, axsaya-axsaya özünü dartıb bir təpənin başına çatdırır.

Onu intihar istəyindən Mövlud xilas edir: “Başın xarabdı? Axsayırsan deyə özünü öldürməlisən? Sən canın, dur bir axsa görüm”.

O gündən təxminən 10 il keçib. İndi Hikmət gecələr yuxusunda Mövludu intiharın yaxasından almağa çalışır...

Və Hikmət təzəcə çap olunmuş kitabını Mövludun xatirəsinə həsr edir... Özü də kitabın girişində də dəhşətli bir yazı yazır.

Gəlin, bu yerdə beş dəqiqəlik imza gününə qayıdaq. Hikmət kitabları imzalamaqdaydı. Ədəbi mühitin yarısı orda üç-üç, beş-beş durub söhbət edirdi. Sol tərəfdə aşıq söhbəti gedirdi, sağ tərəfdən qulağım Prust, Nabokov sözlərini çalırdı.

- Bura intellektual xətdir deyəsən? – Qismətə baxıb dedim.

Gülüşdülər.

- Yəqin ora da aşıqlardı. – bunu da Fuad dedi.

Sonra Kəramət Böyükçöl gəldi:

- Ayə, bu Hikmət kitabın girişində yazı yazıb e... Adı nə olsa yaxşıdır? “Söz haqqında ön”. Bu nə deməkdi e?

Qismət intellektualcasına gülümsündü:

- Söz haqqında söz olsa daha yaxşı olardı.

Bu giriş sözünü Hikmətin Nobel Nitqi adlandıra bilərik:

“Bu kitab ölüb-dirilmiş bir adamın hesabatıdır. Bir yaşı tamam olmamış ölüb, sonradan zəmanətlə axsaya-axsaya həyata qayıdan körpənin hesabatı...

Mənim birinci şeirlər kitabım da bir növ özümlə eyni taleni yaşadı. Qonum-qonşudan borc alıb, nə ümidlə çıxardığım kitabda o qədər "axsaq" yerlər vardı, ayaq tutub yerimədi.

Məktəbdə ayağıma, ədəbi mühitdə kitabıma görə daimi kompleks yaşadım. Erkən şöhrətpərəstlik azarına tutulmuş bütün gənc istedadlar kimi yazmır, özümü tükənmiş hesab edir, küçədə gəzə bilmirdim.

İlk dəfə qəzetdə şeirlərim çap olunanda babam sevinə-sevinə cibimə şax onluq basmışdı. Qəzet səhifələrində şəklimi görəndə gözləri dolmuşdu, çünki zamanında özü də yazmış, cavanlığı repressiya illərinə düşdüyü üçün rejimin xofundan davam edə bilməmişdi.

1937-ci ildə güllələnən atasından sonra anasının yeganə ümid yeriydi.

Dinəndə deyirdi, sən həyata keçməyən arzularımın XXI əsrə uzanan qanadısan.

İndi isə şeirlər kitabımı oxuyanda o belə məni ələ salırdı. Bir uzaq səfərə çıxanda tapşırırdı ki, özünlə kitab götür, bəlkə, yolda qabağına bir-iki avara adam çıxdı, verərsən, vərəqləyər. Belə düşünürdüm ki, onun da xəyallarını puç eləmişəm.

Uzun müddət qələmi dincə qoydum...

Və günlərin bir günü Mövlud Mövludu tanıdım, xatirələrimizin əbədi qəhrəmanını. O isə kitabı götürüb təpəmə çırpdı ki, bu nədir, get, imtina elə. Bu adda kitabın müəllifiylə dost ola bilmərəm.

Sözsüz, tək imtina ilə iş düzələn deyildi, amma onun dediyini edəndən sonra elə bil, yüngülləşdim; daha çox oxumağa, daha çox çalışmağa başladım öz üzərimdə...

Yeddi ilin söhbətidir. O gündən bu yana çox şey dəyişib. İndi babam da yoxdur həyatda, Mövlud da...

Bəli, düz tapdınız.

Bu kitab həm də babam İkramın və dostum Mövludun narahat ruhunun qarşısında hesabatdır. Düz, yeddi illik hesabat...”

Hikmət bu yazıda özünün və yaradıcılığının (yekə çıxmasın) taleyini yazıb. Doğulanda az qala ölümün əllərinə düşən körpə, böyüyəndə axsaya-axsaya bir qızı sevən gənc, yüksəklikdən atlayıb ölümə qovuşmaq istəyən Hikmət...

Və bu gün Hikmət sağ-sağlam aramızdadır. Ayağı sözünə baxmır, düzdü, amma gülümsər çöhrəsi həmişə yerli-yerindədir. Ona “Getsin, yeriməyi öyrənsin” deyən qız bu gün gəlib Hikmətin masa arxasında kitabını imzaladığını görsə utandığından yerə girərdi. Dediyi sözlər boğazında ilişib qalardı.

Bir də Mövlud... O imza günündə Mövlud da vardı. Külək kimi gəlib keçdi, Hikmətin başını sığallayıb getdi. Hikməti xilas etdiyi yüksəklikdən özü atlanıb buludlara tərəf uçdu...

Təqdimatdan fraqmentlər:

- Şəklimizi çək görüm...

Leyla Namazovadır, mənə deyir. Mən boyda yazıçıdan istədiyinə bax.

Elçin Əlibəylini görürəm. Əlləri qoynunda ətrafı müşahidə edir. Elə bil “El içində” verilişindədir. Bircə o uzun stolu əskikdir.

Cavanşir Yusifli:

- Ayə, bu nə şalvardı? – deyə məndən soruşur.

- Aşıq şalvarıdı.

Hamı gülür. Burda nə qədər dost-tanış var. Sərdar Amin... Bıy, Şahin Yüksəl.

- Dur şəklini çəkim – mənə deyir.

- Şahin, yəqin gələn il bu vaxtı göndərərsən.

Qızlar axın eləyir, kitabın adını görüb gülümsünürlər: “Qadın qolları dövrü”.

Kafka da burdaymış ki.

- Necəsən, Kafka?

Az qala yadımdan çıxdı, Kafka deyəndə bizim Müşfiq Şükürlünü nəzərdə tuturam. Gənc istedad.

- Məni biabır eləmə... – deyir gülümsəyərək.

Sevinc Elsevər və qızları.

- Elsəvər niyə gəlməyib?

- Nümayəndələrini göndərib.

- Ay Sevinc, bu qızlarına denən yazmasınlar. Biz bədbəxt olduq, onlar olmasın – qəsdən cırnadıram.

Cəlil Cavanşir gəlir:

- Cəlil, çoxdandır intihar eləmirsən – zarafata salıram.

Kəramət:

- Vaxtı yoxdur yəqin.

Cəlil şirin-şirin gülür:

- Təxirə salmışam.

Havadan od yağır. Hikmət sevincəkdir, üzündə güllər açıb. Hiss edirəm ki, imza atmaqdan qolu yorulub. İndi qolu da axsayırdı yazığın.

Yaxınlaşıb soruşuram:

- Nə təhər gedir işlər?

- Əla, əla.

Yavaş-yavaş imza günü başa çatır. Biz ayaqüstü durub söhbət edirik. Nədən söhbət edirik? Bu elə də önəmli deyil. Növbəti abzasda kitabları götürüb getmiş olacağıq.

Bu vaxt bir qoca kişi kürəyimə vurur:

- A bala, o nə kitabıdır?

Göstərirəm:

- “Qadın qolları dövrü”... Maraqlıdır. – öz-özünə oxuyur. – Neçəyədir?

- 5 manat.

Geri qaytarır:

- Dayı, üstündə nə qədər var?

Bir manat uzadır, mən də kitabı ona verirəm.

Sonra küçədə iki xanım çıxır qabağımıza. Onlar da kitabı alırlar və Hikmətin boynuna sarılırlar. Qollarının izi qalır.

Hikmət sevincək ayağını darta-darta arxamca gəlir. Xoşbəxtdir...

news-inner-user
Ayxan Ayvaz

524 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Rüşvət alan kişilərin arvadları haqda 10 cümlə
14:45 16 İyun 2021
Nizamiyə həsr olunan müsabiqənin qalibləri bilindi
14:02 16 İyun 2021
Dayısı Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, küsüb Azərbaycandan getdi, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
13:11 16 İyun 2021
Tarix bizi Şuşada gözləyirdi – Aqşin Yenisey yazır...
12:39 16 İyun 2021
Vaqif İbrahimoğlunun 32 il sonra reallaşan xahişi
12:30 16 İyun 2021
Fərid Hüseyn Nizamidən mühazirə oxuyub
11:59 16 İyun 2021
Aləmi bürüyən ədəbiyyat ətri - İlham Əziz yazır...
11:30 16 İyun 2021
Seda Sayan Mehmet Ali Erbili təcavüzdə ittiham etdi
10:56 16 İyun 2021
Anar, Çingiz Abdullayev, Vaqif Səmədoğlu Monteneqro dilində…
10:05 16 İyun 2021
İlhamiyyə Rza: “Həmid efirdə lap ağ eləmişdi” – Müsahibə
09:01 16 İyun 2021
SSRİ-də yay istirahəti - Nostalji fotolar
21:00 15 İyun 2021
Nobelli yazıçı daha bir mükafata layiq görüldü
18:39 15 İyun 2021
Avropa Film Festivalında iştirak edən filmləri onlayn izləmək mümkündür
17:45 15 İyun 2021
Öz arvadını söydü, Səməd Vurğunu pislədi, yad qadınla yaxalandı – Hüseyn Arifin heç yerdə yayımlanmayan lətifələri
17:01 15 İyun 2021
Əməkdar artist vəfat etdi
16:18 15 İyun 2021
Bakının yaşı keçmiş ofisiant qadınları: Onları necə alçaldırlar?
15:30 15 İyun 2021
Müğənninin cızma-qarası 281 min dollara satıldı - Foto
14:41 15 İyun 2021
Məşhur bəstəkar vəfat etdi
14:01 15 İyun 2021
Mənə zorla köynək satan qız - Nihat Pir yazır
13:07 15 İyun 2021
Gənc rejissora görə Kürdəxanı həbsxanasına getdi, ən açıq səhnələrə çəkilən aktrisa kimi tarixə düşdü - Onu Təhminə roluna niyə layiq görmədilər?
12:15 15 İyun 2021