news-inner
clock13:08 calendar-gray 02 İyun 2017 view-gray102 dəfə oxunub
view-gray102 dəfə oxunub

İsrafil İsrafilov: “Böhtanlara görə heç kəsdən incik deyiləm” – MÜSAHİBƏNİN DAVAMI

Kulis.az İsrafil İsrafilovla müsahibənin davamını təqdim edir.

əvvəli

- Madam ki, bunca ideal mühit yaranmışdı, üstəlik qayğı da hiss edirdilər, aktyorlar niyə özlərini doğma evdəki kimi hiss etmirdi? Nədən narazı idilər?

- Qəribə sualdır. Siz dünyada aktyorların özlərini öz evlərindəki kimi hiss etdikləri hansı teatrı tanıyırsınız? Bu gün, istər Postsovet məkanında, istər ABŞ-da, istər Avropada, istərsə də Asiyada və Uzaq Şərqdə sizin nəzərdə tutduğunuz gözmuncuğu teatr mövcud deyil.

Çalışdığım teatrda vəziyyətin ideal olduğunu söyləmədim. Mən sadəcə görülən işləri qeyd etdim. Aktyorların narazı olduqları məsələsinə qalınca, burada “bir qrup” ifadəsini işlətmək daha doğru olardı, çünki əksəriyyət o zaman susub gözləmə mövqeyi tutsa da, onlar əksəriyyət olaraq qalırdı. Əgər siz o dövrdəki bəzi saytlardakı və qəzetlərdəki müsahibələri xatırlasanız, orada sırf yaradıcılıq məsələlərinin olduqca azlığını, həm də bəsit mətləblərə toxunulduğunu görərsiniz. Nə oldu ki? Həmin o epotaj təbiətli “narazı aktyorlar” tərəfindən mənim suçum kimi söylənən (teatrda mühafizə kameralarının quraşdırılması, həyətdəki qonaq otaqlarının evsiz aktyorlara verilməsi kimi onlarla cəfəng məzmunlu) məsələlər ötən il yarım ərzində həll edildi? O vaxt artistik şüvənlə “teatr çökür” nalələri səslənirdisə, bu gün “teatr çiçəklənir” nidaları niyə eşidilmir?

Bu başdan deyim ki, mənə qarşı böhtanlara və hədyanlara görə heç kəsdən incik deyiləm. Onları çirkin bir oyuna cəlb olunub, əməllərinin əsl mahiyyətini bilmədikləri üçün bağışlamışam, amma etdiklərini unutmamışam. Sualınıza məndən cavab gözləyirsiniz? Uğursuz müqayisə kimi görünə bilər, amma M.Qəddafinin qurduğu Liviya həyat səviyyəsi etibarilə dünyanın ən uğurlu ölkələrindən sayılırdı. Madam ki, elə idi, bəs niyə məlum hadisələr baş verdi? Çünki harada, nə zaman olmasına baxmayaraq, təşəbbüskarlıq və xeyirxahlıq cəzasız qalmır.

Qayıdaq öz məsələmizə... Nəsə baş verirsə, deməli, bu, kiməsə lazımdır. Həmin leysan yazıların başlamasına fitva verənin dirijor çubuğunun işarəsi ilə həmin yazılar dayandırıldı. Mən o məchul qalmaq istəyəni tanıyıram və yaxşı tanıyıram. Bir neçə nəfəri şirnikləndirib meydana atan və tərəfdaşlar toplamağı tapşırıb, hər cür kömək vəd edib təkidlə hərəkətə keçməyə ruhlandıran həmin adam istəyinə çatdığını düşünürsə yanılır. Çünki mənim ona təkzibedilməz faktlarla hazırladığım sürpriz bu yaxında ictimai rəyə təqdim ediləcək. Əgər o məni zəhmətkeş arı zənn etmişdisə, balımın şirinliyini yox, neştərimin acısını düşünməli idi.

- Yaradıcı təşəbbüskarlığın bir əldə, daha konkret sizin əlinizdə cəmlənməsi, heç olmasa “biz” illüziyasının belə yaradılmaması kollektivdə qıcıq yaratmış ola bilərdimi?

- Əgər hər hansı yaradıcı kollektivin təbiətində “özündə sənəti sevmək” əqidəsi yaşayırsa, orada cılız iddialara yer olmur. Başqa bir məsələdir ki, kimsə ocağın altına odun atıb, ambisiyalı birisinin əlinə çömçə verib, qazan qarışdırmağı təkidlə tapşırır. Bu zaman eqoistik niyyətlər sağlam sənət məramlarına zərbələr vurmağa yönəlir. Hazırda rudiment şəklində mövcudluğunu qoruyan nimdaş aktyor texnikası ştamplarla “zəngin” oyun tərzi, köhnəlmiş rejissor üslubları nəticə etibarilə milli teatr sənətini staqnasiya halına düçar etmişdir. O vaxt bu halı aradan qaldırmaq cəhdlərini süngü ilə, isterik hikkə ilə qarşılayanların bu gün hər hansı şəkildə alternativ variantları gözə dəymir.

Bilirsiniz, biz bu dünyada tək deyilik. Teatr sənətinə önəm verən bütün ölkələrdə, lap elə qonşu Gürcüstanda bütün məsələlərə cavabdeh teatrın rəhbəri hesab edilir. Seçim haqqı da, məsuliyyət də ona məxsus olan işdir. Qəribədir, bu günümüzdə texnologiyanın, məişət dəblərinin dəyişdiyini nəzərə alsaq da, fəaliyyət məsələlərində köhnə baxışlardan qurtula bilmirik. Əgər etibar edilirsə, etimad göstərilirsə, teatra bir nəfər rəhbərlik edir və yaradıcılıq istiqamətini həmin o bir nəfər müəyyən edir. “Biz” illüziya kimi yox, konkret olaraq, hər tamaşanın təcəssümü prosesində yaranır. Çünki əqidə və məram əməl birliyinə vəsilə ola bilir. Əgər əqidədə cahillik, məramda fərqlilik varsa, əməl diletant nəticəyə aparır. Bu gün teatra rəhbərlik işi Azər Paşa Neymətova etibar edilibsə, burada bütün məsələlərin həllində söz sahibi odur. Bu mübahisə predmeti olmayan mövzudur.

- İşdən ayrıldığınız müddət ərzində əlbəttə ki, fəaliyyətinizi özünüz üçün analiz etmisiniz. “Kaş ki” deyib dəyişmək istədiyiniz məqam varmı?

- Bu sualınız məni, istər-istəməz sinesterik ovqata köklədi. Ötən müddət ərzində eskeypizmə dalmağa iradəm, düşünməyə vaxtım çox olub. Amma bu, keçmiş fəaliyyətim ilə bağlı deyil. Fizuli, Konfutsi və Motsart barədə, hikmətin ifadə edilməyəcək həzzi barədə düşünmüşəm. Mən həmin dövrdə mümkün olan ən optimal rejimdə çalışmış, ən effektiv tədbirlərin reallaşmasına cəhd etmişəm. Mövcud gerçəkliyin çətinliklərini bilməyib kənardan “müdrikcəsinə” iradlar bildirib, yol göstərmək istəyənlər çox zaman qəsdən, yaxud məlumatsızlıqdan yanlış mövqe tuturlar. Onlara elə gəlir ki, onların gördüklərini və düşündüklərini başqaları (indiki halda mən) nə görür, nə də düşünür. Bəzən insan öz valideynlərinin nə vaxtsa etdiklərini də sadəlövhcəsinə “təftiş” edirlər. Halbuki onların o zamanki həyat şərtlərinə müvafiq olaraq məhz o cür hərəkət etməli olduqlarının məntiqi nəzərə alınmalıdır.

Özümə gəlincə, mən yanan tonqal kimiyəm, qığılcımlarım kimisə narahat edirsə, məni qınamalı deyil, sadəcə kənarda durmalıdır.

“Kaş ki”yə qalsa, Şekspirin məşhur qəhrəmanının təbirincə desəm, “doğulmasaydım daha yaxşı olardı”.

- Dövlət Proqramına bunca məsuliyyətlə yanaşmanızdan onu qiymətləndirdiyinizi duydum. Yaranan problemlər teatrın idarəetmə strukturunun islahata ehtiyacı olduğunu deyirmi? Ümumiyyətlə, ən ideal teatr idarəetmə strukturunu necə görürsünüz?

- İcazənizlə, sualın sonundan başlayım. Ümumiyyətlə, ideal teatr idarəetmə strukturu mövcud deyil. Qəribə səslənsə də bu məsələ, hər bir ölkənin mövcud ictimai-mədəni prioritetləri, hər bir xalqın bədii yaradıcılıqda təzahür edən sosio-mental özünəməxsusluğu ilə bağlıdır. Bu, həmçinin hər bir toplumun intellektual, əxlaqi-mənəvi potensialının, yaradıcı iradəsinin ifadəsi kimi dəyərlidir. Mən sözügedən Dövlət Proqramını həqiqətən milli teatr sənətinin inkişafına ciddi təkan kimi olduqca mühüm fəaliyyət sənədi hesab edirəm. Amma təəssüf ki, həmin Dövlət Proqramının həyata keçirilməsi işində prinsipsizlik və naşılıq onun səmərəsini azaltdı. Və bu gün böyük və əhəmiyyətli islahatlara imkan verən milli teatrın 2009-2019-cu illərdəki fəaliyyətini nəzərdə tutan həmin Dövlət Proqramına faktiki olaraq lokal məsələlərin həlli işi səviyyəsində baxılır. Halbuki yaradıcılıq həyatına bələd olduğum dünyanın dörd qitəsində yerləşən ölkələrin heç birində teatrın inkişafını təmin edəcək ayrıca “Qanun” və belə bir “Dövlət Proqramı” yoxdur. Bu, dövlətimizin və tarixin verdiyi ən böyük şans idi. Təsəvvür edin ki, həmin Dövlət Proqramı milli teatr siyasətinin və fəlsəfəsinin əsaslı şəkildə dəyişməsinə, mədəniyyətimizin bu sahəsinin antropoloji mahiyyətinin perspektivdə dəyərləndirilməsinə, sənətin kadr seleksiyasına, bir küll halında götürsək, səhnə sənətimizin əvəzsiz tarixi-estetik irsinin təbliğinə, görünməmiş, mədəni islahatlara geniş imkanlar açırdı. İslahatlar isə, təbii olaraq, daşlaşmış ənənələrdən biryolluq imtina etməyi, daha dəqiq desək, intellektual-estetik özünüdərki, ambisiyalardan uzaq yaradıcılıq fədakarlığını, savadlanmanı və təkmilləşməni nəzərdə tutur. Oda təbiidir ki, hər bir yeni fikir, yaxud əməl özündən, əvvəlki ilə polemika və qarşıdurma prosesinin nəticəsi olaraq həyati güc əldə edir. Di gəl ki, bu dialektik həqiqətə kimlərisə inandırmaq olduqca çətindir.

- İdarəetmə prosesində olmuş bir teatrşünas kimi müstəqil teatrların indiki şəraitdə hansı perspektivlərini görürsünüz?

- Zarafat edirsiz? Hətta nəzəri cəhətcə belə müstəqil teatr anlayışı mübahisəlidir. Sonrası, indiki şəraitdə milli teatr sənətinin futuristik proqnozları məyusluq yaradır. Əgər mövcud vəziyyətin təhlilini istəsəniz, necə deyərlər, bilin və agah olun ki, burada bəzilərinin görə bilmədiyi, bəzilərinin bilmək istəmədiyi xeyli irili-xırdalı məsələlər var.

Birincisi, teatrlar sovet dövründəki kimi yüz, yaxud yetmiş faizlik maliyyə (bu gün yalnız maaş şəklində olan) dotasiyasından məhrum olsalar da, inzibati idarəetmə baxımdan həmin dövrün prinsipləri ilə idarə olunur. Başqa sözlə, onların cilovu “etibarlı” əllərdə saxlanılır, fəaliyyətlərinə inzibati nəzarət “uğurla” həyata keçirilir. Halbuki çağdaş dövrdə şaquli deyil, üfüqi idarəetmə prinsipi daha böyük səmərə verə bilərdi. Beynəlxalq teatr aləmində milliliyin və müasirliyin mədəni daşıyıcısı olan səhnə sənəti modelləri mövcuddur. Burada müəyyən hüquqi, mədəni, iqtisadi inzibati maliyyə və s. məsələləri nəzərdə tutan dövlət və teatr münasibətləri, cəmiyyət və sənət əlaqələri tənzimlənir.

Apardığımız müqayisəli təhlillər göstərir ki, müxtəlif ölkələrin teatrlarının fəaliyyət sistemləri ümumilikdə dörd modelin daxili prinsipləri əsasında qurulur. Bunlar: ABŞ, Rusiya, Qərbi Avropa və Şərqi Avropa teatr modelləri kimi tanınır və qəbul edilir. Qəribədir ki, Azərbaycan teatrının çağdaş dövrdəki fəaliyyəti həmin modellərdən heç birinin fəaliyyət prinsipinə uyğun deyil. Sanki milli teatrımız dədə-baba qaydası əsasında sovet teatrının rudiment şəklində qalmaqda davam edən estetik prinsiplərinin ətaləti ilə yoluna davam edir. Dünyanın mədəni aləmindən təcrid olunmuş halda fəaliyyət göstərməyin mümkünsüz olduğunu yaxşı bildiyimizə baxmayaraq, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə məhəl qoymamaq, onlardan bəhrələnib, tətbiqinə cəhd etməməyimiz görəsən, hansı “uzaqgörən” məntiqə əsaslanır.

İkincisi, cəmiyyətdə teatrın yeri və nüfuzu, burada sənətçilərin sosial müdafiəsi, statusu, eləcə də rifahı qeyri-müəyyəndir. Doğrudur, dövlət tərəfindən sənət adamlarına fəxri adlar, mükafatlar, təqaüdlər verilir və bu, olduqca əhəmiyyətli məsələdir. Amma sovet dövründən qalma həmin təltiflərə və mükafatlara namizədlərin seçilməsi proseslərində bəzən müşahidə edilən ədalətsizlik, meyarların və prinsiplərin pozulması faktları da az deyil. Sənət adamları üçün onların stabil yaradıcılıq həyatını təmin edəcək layiqli güzəran yaradılmalı, yaradıcılıq uğurlarının dəyərləndirilməsi işində ədalət prinsipi bərqərar edilməlidir. İdarəetmədə ömrünü bitirmiş klişelərdən imtina etmək, nimdaş prinsiplərdən birdəfəlik qurtulmaq lazımdır.

Üçüncüsü, teatrlarda işlək fəaliyyət strukturu qurulmalı, mobil truppalar formalaşdırılmalı, kollektivlər ballastdan azad edilməlidir. Burada əmək və yaradıcılıq intizamı, heç bir güzəştin yer almadığı sağlam sənət mühiti formalaşdırılmalıdır. Bölgə teatrları ilə bağlı xüsusi və konkret islahat tədbirləri həyata keçirilməlidir.

Burada dördüncü, beşinci, altıncı və yeddinci prinsiplər də ola bilər. Amma aydın olan budur ki, hazırkı vəziyyətdə ölkəmizin teatr sənəti hələ uzun müddət yerində saymaqda davam edərsə, onun dünya teatr prosesinə qatılmaq imkanı olmayacaq. Çünki indiki halda olduğu kimi, onun gələcəkdə də rəqabət iqtidarı əldə edəcəyinə inanmaq çətindir.

- Hər iki cəhətdə (istehsal və tənqid-təhlil) olan biri kimi teatrşünaslığın prosesə faydasını nədə görürsünüz?

- Mən bu mövzu ilə bağlı ayrıca məqalə yazmışam. Bu gün bir elm sahəsi olaraq, teatrşünaslıq özü də parlaq dövrünü yaşamır. Bu sahədə açıq-aşkar istedad qıtlığı mövcuddur. Yəni dissertasiya yazıb, alim adını alan, hətta başqasının yazdığı kitab və dissertasiya ilə “alimi-biəməl” olanlar da var, amma elmi fəhmi, analitik təfəkkürü ilə seçilən insanlarımız olduqca azdır.

Teatr tənqidimizin meydanında təsadüfi adamlar görünür, naşılıq və məddahlıq bu sahənin ciddiliyinə xələl gətirir. Yaradıcılığın hər sahəsində olduğu kimi teatr tənqidində də professionalizm çatışmır. Odur ki, prinsipiallıq, cəsarət, obyektivlik və yeni düşüncə tərzindən qidalanan elmi yanaşma getdikcə daha az-az təsadüf edilən xüsusiyyətlərdir. Bəzən təcrübəli tənqidin də həqiqəti yox, sərfəli olanı söylədiyini müşahidə edirik. Göründüyü kimi, teatr tənqidinin özünüqoruma instiktinə itaəti onun funksional mahiyyətini zədələyir, onu az qala gərəksizləşdirir.

Teatr həyatına gəlincə, o solğundur, bozdur, biri digərini əvəzləyən həftələrdən və aylardan ibarət olan mövsümlərdir. Və bir teatr mövsümü digərlərindən heç nə ilə seçilmir, çünki sənət hadisəsi baş vermir. Siz isə teatr prosesi haqqında soruşursunuz. Əsl mənada teatr prosesi yoxdur. Epizodik, adda-budda, hətta bəzən maraq doğuran tamaşalar ictimai-mədəni həyatın bədii seqmentinə çevrilə bilmir. Bu xaosun produktivliyi yoxdur. Hər bir prosesin (istər siyasi, istər kimyəvi olsa belə) nəticəsinin olması şərtdir. Bizim müşahidə etdiyimiz gerçəklik hər hansı nəticənin olduğunu söyləməyə əsas vermir.

Biz Azərbaycanın gələcək nəsillərinin teatr sənəti sahəsində çalışan sələfləriyik. Bu dialektik həqiqətə layiq ömür yaşayıb, xeyirli işlər görməliyik.

news-inner-user
Aliyə

997 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Aydın Talıbzadə yazır: Onun adı Gülşad...
17:41 18 Noyabr 2019
Mirzə Cəlilin nəticəsi danışdı: "Onunla fəxr edirəm"
17:00 18 Noyabr 2019
Mirzə Cəlilin 150 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
16:15 18 Noyabr 2019
50 yaşda eşqə düşən, işə içkili gələn, jurnalistləri aldadan Xalq artisti
15:33 18 Noyabr 2019
Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
14:40 18 Noyabr 2019
Ahmet Kayanı bu aktyor canlandıracaq - Foto
14:01 18 Noyabr 2019
Elməddin Cəfərov: "Söyüş intellektuallıqdırsa, Cem çox intellektualdır"
13:14 18 Noyabr 2019
Ayaz Salayevin çəkilməyə qorxduğu AzTV verilişi – Sevda Sultanova yazır...
12:40 18 Noyabr 2019
Nəticəsi Mirzə Cəlilin ev-muzeyinin açılışında - Fotolar
11:57 18 Noyabr 2019
Məhəmməd Hadinin müasiri Bakıda kitab satır
11:38 18 Noyabr 2019
Səfər Alışarlı: “İsa Hüseynovdan sonra nəsrimiz düşünməyə başladı” – Müsahibə
11:04 18 Noyabr 2019
Cem Yılmaz bizi necə utandırdı?
10:30 18 Noyabr 2019
Məşhur aktrisa avtobus qəzasında öldü
10:00 18 Noyabr 2019
Səfurə İbrahimova: “Ailəli olsa da, yalvarırdı ki, onunla yaşayım” - Müsahibə
09:03 18 Noyabr 2019
Mübariz Örənin Fransada romanı çıxır
14:32 17 Noyabr 2019
Rusiyada rəssamımızın sərgisi açılıb
16:12 16 Noyabr 2019
Mikayıl Müşfiqin xatirəsinə həsr olunan tamaşa
15:11 16 Noyabr 2019
Oğluna bacısı qızını alan ananın faciəsi - Hekayə
14:00 16 Noyabr 2019
TEAS Press Nəşriyyat Evinin 5 yaşı tamam olur
13:29 16 Noyabr 2019
Bizdə seks inqilabı olarsa...
12:25 16 Noyabr 2019