Uşaq - Orxan Fikrətoğlunun YENİ HEKAYƏSİ

Uşaq - Orxan Fikrətoğlunun YENİ HEKAYƏSİ
11 may 2017
# 13:40

Kulis.az yazıçı Orxan Fikrətoğlunun yeni yazdığı “Uşaq” hekayəsini təqdim edir.

Axşama yaxın külək qalxdı.

Qaranlıq dalanlara, bit-birəli itlərə, polis dəyənəklərinə alışmış uşaq qəfil qopan uğultulu küləklərdən hələ də qorxurdu. Bu qorxudan da qorxulu olan, qorxusunu duyub onu ələ salacaq qəddar uşaqlardı. Belə küləkli gecələrdə uşaq “dostlarının” “gözünü oğurlayıb” işığa doğru qaçardı. Yad küçələrdə təkbaşına maşın yuyardı. Onu öz “qazanc ərazilərinə” buraxmaq istəməyən yerli uşaqlar tanımadıqları üçün döyərdilər.

Şəhərə təzə köçmüşdülər. Evləri yox idi. Qızıllı kilsənin həyətindəki kartondan düzəldilmiş daldalanacaqda yaşayırdılar. Bir özüydü, bir də nənəsi. Atası ilə anası nənəsinin gözlərindəydi. Nənəsi hər dəfə ağlayanda onlar bir-bir nənəsinin gözlərindən su kimi aşağı damıb aydınca görünərdilər. Uşaq ac olanda nənəsinin göz yaşlarını sevməzdi. Nənəsinin özü də ac olanda ağlamazdı. Hələ keçmişlərini xatırlamaq qədər arxayın deyildilər. Bu yad şəhərdə, qəddar adamların içində xatirələrə dalsaydılar, gündəlik çörək savaşına duruş gətirə bilməzdilər. Uşağın yeməkdən başqa nəsə düşünməyə taqəti yox idi. Şəhərə köçəndən ancaq yemək haqda düşünürdü. Ağlına başqa heç nə gəlmirdi. Yuxudan qalxan kimi əl-üzünü yumamış “çörək dalınca” qaçardı. Nə edir etsin, hansı işin qulpundan yapışır-yapışsın fərq etməzdi, beynində ancaq “nə yeyəcəm?” sualı dolaşardı. Beləcə bütün günlərini də çörək kimi yeyərdi.

Hələ şəhərə gəldikləri ilk günlərdə özlərinə “bir babat dam” axtardıqları zaman avtomobillərin qarşısına qaçıb şüşəsini silən uşaqları nənəsi ona göstərib ”Bax gör bu şəhərdə necə fərasətli uşaqlar var. Sabah onlardan nazir də çıxacaq, məktəb direktoru da. Sən niyə tumanımın dalında gizlənirsən. Kişi deyilsən? Get bunlar kimi pul qazan da!” - demişdi.

Əvvəllər uşaq bu zirək tay-tuşlarına uzaqdan çox baxmışdı. Lap sonralar nənəsinin son ümid yeri olan qızıl nişan üzüyünü gürcülər oğurlayanda gedib onlara qoşulmuşdu. Qazandığı pulun çoxunu cantaraq polisə versə də maşın yumaqla gündəlik çörəyini çıxarırdı. Nənəsi əvvəllər onun çörəyini ağlaya-ağlaya yeyərdi. Sonra o da səkkiz yaşlı nəvəsinin bu “təmiz çörəyinə” öyrəşdi.

Keçmiş uşağın yadında qaranlıq quyu içinə düşmüş ay əksi kimi qalmışdı. Bu əksin istisi, məhrəmliyi onu hər dəfə xatırlandıqca ovudurdu. Keçmişini xatırlayanda uşaq nədənsə kövrələrdi. Nədən kövrəldiyini anlamadığından başını nənəsinin dizi üstünə qoyub ağlayırdı. Maşının yolun harasında dayanacağını sürücüsünün qırımından bilən, polislə əlüstü dil tapmağı bacaran, sürücülərin cibini gülüşündən hesablayan güclü və sağlam küçə uşaqlarının içində kövrəlmək olmazdı. Onu hoydu-hoyduya qoyardılar. Uşaq bunu bilirdi. Onsuz da bir çox işlərdə onlardan geridəydi. İşıqforların qırmızı işığı yanan müddətə şüşələri silinməli olan maşınlara hamıdan gec çatardı. Boyu balaca olduğu üçün qabaq şüşələrə əli çatmazdı. Yan şüşələrə əli çatsa da gözü pis gördüyündən onları təmiz silə bilməzdi. Buna baxmayaraq sürücülər çox vaxt ona qahmar çıxardılar. Pulunu kəsməzdilər.

- Hey balaca, al bu da sənin payın - deyib cibinə pul basardılar.

Səkinin üstünə oturub əlini yun corabının içinə saldı. Pis işləməmişdi. Gizlətdiyi pulları çıxarıb saydı. Polisə verəcəyi pulu arxa cibinə qoydu. Qalanını yenə corabının içinə dürtdü. Ayağa qalxıb ovçu dükanına tərəf qaçdı. Bir neçə aydı bu dükandan özünə bıçaq almaq istəyirdi. Küçə qanunları ədalətli deyildilər. Küçə əxlaqına görə güclülər zəifləri döyməliydilər. Uşağın özündən savayı, güvənəcəyi bir kimsə yox idi. Heç kəsə inanmırdı da. Ona görə də nənəsini qorumaq üçün güclü olmalıydı. Bıçaq ona güclü olmaqda kömək ola bilərdi. Əvvəllər uşaq kiminsə ona bıçaq bağışlayacağına çox ümid etmişdi. Sonra anlamışdı ki, bu qəddar şəhərdə bıçaqları ya pul ilə alırlar, ya da kiminsə əlindən zorla alıb qarnına soxurlar. Burda heç kəs heç kəsə elə-belə, bıçaq hədiyyə etmir. Tay-tuşlarının hamısının öz bıçağı var idi. Təkcə o, pul düzəldib özünə bıçaq ala bilməmişdi. Boğazlarından kəsib, qəpik-qəpik pul yığmağı nənəsinə xəyanət sayırdı. Pul yığmaq üçün sən deyən gizlin yeri də yox idi. Harda yığsın? Hara yığsın? Gecələr yatdığı karton qutunun altına? Cibində gəzdirsə döyüb əlindən alacaqdılar. Nənəsinə versə itirəcəkdi. Sən deyən elə pulu da yox idi ki yığsın. Uşaq bıçağı fikirləşdikcə hirslənirdi. Di gəl necə olur-olsun bıçağı almaq arzusu onu rahat buraxmırdı.

Bıçaq vitrindəydi. İşım-işım işıldayırdı. İndicə yuyulmuş maşın şüşəsi kimi parlaqdı. Corabına dürtdüyü pullar uşağı güclü edirdi. Bu gün o, barmaqlarının ucuyla olsa belə bıçağa toxunmaq istəyirdi. Hələ ala bilməsə də onu əlində tutub hiss etmək arzusundaydı. Əgər satıcı ondan soruşsa ki, nə cürətlə dükana girib, corabından pulları çıxarıb ona göstərə bilərdi. Burda nə var ki? Uşağin fikrincə satıcı ona etməsə də, pula hörmət edib, xətrinə dəyməyəcəkdi. Axı o bıçağı boş-boşuna əlində tutmurdu. Bəyənsə, pul verib ala bilərdi. Pulu var idi də!”

Uşaq arxayınca dükana girdi. Vitrinə qoyulmuş tutacağı ceyran sümüyündən olan bıçaqdan içəridə çox idi. Titrəyən əlləriylə üstünü toz basmış bıçaqlardan birini götürüb işığa tutdu. Bıçaq neon lampanın işığı altında ulduz kimi parıldayırdı. Nənəsinin bu gecə ac yata biləcəyini dərk etsə də, bıçaq almaq həvəsini heç cür içində boğa bilmirdi. Bu dəli istək onu o qədər çaşdırmışdı ki, piştaxtanın arxasından qalxıb ona doğru qaçan satıcını da görmədi. Satıcı uşağı içəri girəndən izləyirdi. Küçə uşağının dükanında özünü belə arxayın aparması satıcının xoşuna gəlməmişdi.

O, uşağa çatar çatmaz: “Bıçağı yerinə qoy, dilənçi köpəyoğlu” - qışqırdı.

Uşaq özündə olmadığı üçün satıcının nə dediyini eşitmədi. Satıcı sükutu saymamazlığa yozub televizor pultunu uşağın başına vurdu. Uşaq satıcını ancaq indi gördü. Və onun üzündəki aşırı nifrəti heç cür anlamadı. Axı o, satıcıya heç bir pislik eləməmişdi.

Uşaq əliylə başını tutub: “Mən oğru deyiləm! İstəsəm bu bıçağı alaram da! Pulum da var!” - dedi.

“Alaram” sözü satıcını lap özündən çıxardı. Uşağın qulağından tutub sürüyə-sürüyə dükandan eşiyə çıxardı.

- Bir bıçağın çatmır elə, avara! - deyib dükanın qapısını hirslə çırpdı.

Uşaq əvvəlcə susdu. Sonra üzünü dükanın soyuq şüşəsinə söykəyib ağladı. Satıcı şüşənin arxasından görünürdü.

Sakitləşməmişdi. Əl-qol ata-ata nəsə danışırdı. Vıy-vıy vıyıldayan küləyin səsi də sanki onun əl-qol hərəkətləri ilə artıb-azalırdı. Uşağa elə gəlirdi ki qorxduğu vahiməli küləyi də səhərə həmin bu satıcı satıb. Külək qəfildən elə bərkdən uğuldadı ki, uşaq qorxdu. Və nə edəcəyini kəsdirməyib, yenidən dükana qayıtdı. Satıcı onu görüb geri çəkildi. Cınqırını belə çıxarmadan divara qısıldı. Gözlərində qorxu əmələ gəldi. Uşaq ancaq indi bıçağın əlində olduğunu xatırladı. Və anladı ki, satıcını qorxudan əlindəki bıçaqdır. Bıçaq uşağa heç vaxt yaşamadığı üstünlük hissini yaşadırdı. O, satıcıdan güclü olduğunu anlamışdı. Və bundan həzz alırdı. Uşaq heç nə düşünmədən satıcıya yaxınlaşdı. Özünün də anlamadığı soyuq qəddarlıqla əlindəki bıçağı tiyəsinə qədər satıcının qarnına soxdu. Ölümün belə asan olduğunu görən uşaq birdən-birə yüngülləşdi. “Bu ölümün nəyindən qorxurlar?! Bu ki çox asan işdir, görəsən ondan nəyə görə belə çəkinirlər?” - düşündü. Bayaqdan bəri qorxudan dili tutulmuş satıcının səsi qarnından fışqıran qanıyla bir açıldı.

- Sən neynədin? - qışqıran satıcı uşağı yumruqla vurmaq istədi.

Uşaq elə bil yuxudan ayıldı. Satıcının əlinin altından sivişib eşiyə qaçdı. Və daha heç kimdən qorxmadığından qorxub arxasınca bağıran satıcını dükanla birgə həmin o küləkli küçədə qoyub, tini buruldu.

Geniş yol ilə maşınlar şütüyürdülər. Uşaq əl qaldırıb onlardan birini əylədi. Arxa qapını açıb maşına oturdu.

- Qızıllı kilsənin yanına! - deyib oturacağa yayxandı.

Sürücü:

- Pulun var? - xəbər aldı.

Uşaq dinmədi.

Sürücü həmin sualı bir də verəndə uşaq:

- Var! Allaha çox şükür ki, pulum var! - dedi.

Sürücü mühərriki işə saldı.

Maşın yerindən tərpənəndə uşaq hiss etdi ki, daha küləkdən qorxmur.

# 908 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #