news-inner
clock13:00 calendar-gray 10 May 2017 view-gray138 dəfə oxunub
view-gray138 dəfə oxunub

İradə Musayevanın ədəbiyyatşünas portreti-VURĞUN ƏYYUBUN MƏQALƏSİ

Kulis.Az ədəbiyyatşünas alim, Xəzər universitetinin dosenti Vurğun Əyyubun “İradə Musayevanın ədəbiyyatşünas portreti” məqaləsini təqdim edir.

İradə Musayeva imzasına ilk dəfə Vaqif Səmədoğlu haqqında yazılmış kitabın üz səhifəsində rast gəlmişəm. Kitabı maraqla oxumuşdum. V. Səmədoğlu yaradıcılığına yaxından bələd olan, haqqında yazan bir adam kimi təhlilərin bir çoxu ilə razı idim, bəziləri ilə yox. Kitabın müəllifi yadımda qaldı...və illər boyu yazılarını izlədim, “Tənqidin sözü-sözün tənqidi” kitabındakı məqalələrini çox bəyəndim, son illərdə yazdığı bir xeyli yazısını komputerimin yaddaşında saxladım. Bu yaxınlarda çap olunmuş “XXI əsrdən baxış: ədəbi tənqid və bədii söz” (“Elm və təhsil” nəşriyyatı, Bakı 2017) kitabında isə o məqalələri toplu şəkildə yenidən oxumaq imkanı əldə etdim. Təsəvvürümdə İradə Musayevanın bir ədəbiyyatşünas portreti şəkilləndi. Beləliklə, bu portretin bəzi cizgiləri ilə oxucuları da tanış etmək qərarına gəldim.

İradə Musayeva savadlı ədəbiyyatşünasdır. Onun elmi-nəzəri bazası, ədəbi-estetik bilikləri haqqında söhbət açdığı problemin şərhi, apardığı elmi araşdırmanın səviyyəsi, seçdiyi bədii nümunənin təhlili üçün yetərlidir. Sözsüz ki, müasir elmi tədqiqatlarla tanış olmadan, nəzəri biliklərə yiyələnmədən ədəbiyyata yeni münasibət sərgiləmək, samballı elmi qənaətlər ortaya qoymaq mümkün olmazdı. Ədəbiyyatşünasın geniş mütaliəsi imkan verir ki, təhlil etdiyi bədii əsərə, araşdırdığı problemə dünya ədəbiyyatının və ədəbi-estetik fikrinin uğurları səviyyəsindən baxa bilsin. Kitablarında nəsrin və poeziyanın problemlərinə, ədəbi şəxsiyyətlərə həsr olunmuş silsilə məqalələrlə tanışlıq aydın şəkildə göstərir ki, ədəbiyyatşünas məsələyə ötəri həvəsdən irəli gələn baxışlar ifadə etmir, haqqında söhbət açdığı problem onu ciddi və ardıcıl şəkildə düşündürür. Müəllifin son kitabında “Çağdaş Azərbaycan nəsri və roman problemləri” başlığı altında 14 məqaləsi toplanmışdır. Hətta sırf statistik baxımdan yanaşsaq belə, məqalələrin sayı ədəbiyyatşünasın araşdırmağa çalışdığı problemə dərin marağının nəticəsi kimi ortaya çıxır. Bu məqalələrdə dünya romançılıq ənənə və uğurlarının işığı altında Azərbaycan romançılığının problemləri araşdırılır, onun keçdiyi yola, çatdığı bu günkü mənzilə obyektiv baxış sərgilənir.

İ. Musayeva bir ədəbiyyatşünas olaraq onu narahat edən ədəbi-elmi problemlər qarşısında “yox, bu mənim sahəm deyil”-deyə təslim bayrağı qaldırmır. Problemi görür, səbəbləri üzərində düşünür, təhlilnə girişir, çıxış yollarını arayır, qənaətlərini ən müxtəlif sübutlarla təsdiqə çalışır. Bir çox ədəbiyyatşünas tanıyıram ki, klassik ədəbiyyatın müəyyən bir dövrü ilə məşğuldursa, müasir ədəbi prosesi qətiyyən izləmir, yaxud əksinə... Söhbət müasir ədəbi proses, yaxud klassik irs barədə hökmən yazmaqdan, araşdırmaqdan yox, sadəcə, mütaliədən, klassik irsə yeni baxışlar ifadə edən tədqiqatlarla, müasir yazıçıların bədii yaradıcılığı ilə tanışlıqdan gedir. Xeyli folklorşünas tanıyıram ki, folklor və folklorşünaslıqdan başqa ədəbi-estetik düşüncənin yeni əsərlərindən xəbərsizdir, on nəfər gənc yazıçının, nasirin, şairin adını belə çəkə bilməz. İstənilən bir ədəbiyyatşünasın müasir elmi-nəzəri fikrin uğurlarından xəbərsiz olub ortaya layiqli bir elmi əsər qoya bilməsi məndə böyük şübhə yaradır.

İradə Musayeva istedadlıdır. Bəli, istedad şairə, nasirə, ümumən, sənətkara vacib olduğu qədər də ədəbiyyatşünasa, xüsusən, ədəbi tənqidlə məşğul olan şəxsə gərəkdir. Ədəbi mətndə qarşısına çıxan obrazları, bədii deyimləri, priyomları anlayıb təhlil edə bilmək üçün alimə də elə yazıçı, şair qədər istedad lazım olur. Tənqidçi də oxucunun estetik zövqünü təmin etmək üçün cəlbedici formalar, maraqlı üslub axtarışında olmalıdır. Əks təqdirdə ədəbiyyat aliminin yazdıqları kənd təsərrüfatının inkişafından bəhs edən, quru, cansız dillə, müəyyən elmi şablonlar əsasında yazılmış əsərlərdən heç nə ilə fərqlənməz.

Ümumən, ədəbi tənqidə, əsasən, iki baxış mövcuddur. Birinci qism hesab edir ki, tənqidçinin işi əsəri, faktiki materialı ədəbiyyatşünaslıq qanunlarına, meyarlarına görə araşdırıb qiymət verməkdir. İkinci bir baxış da var ki, bədii nümunə tənqidçi üçün dünya, insan, sənət haqqında fikirlərini ifadə etməyə bir vasitədir, necə deyərlər, bir bəhanədir. (Asif Əfəndiyev, Yaşar Qarayev bu yanaşma və üslubun parlaq nümayəndələrindəndir.) İ. Musayeva bəzi məqalələrində məhz ikinci yolu tutur. Məsələn, onun geniş həcmli “Remark və remarkizm” məqaləsinə baxın. Müəllif “Zəfər tağı” romanını təhlil etməklə yanaşı, Remark yaradıcılığından istifadə edərək əsərin qaldırdığı məsələlər barəsində özünün də düşüncələrini oxucuya çatdırır: “Deməli, çöl, ətraf dediyimiz bir şey yoxdur əslində. Yalnız insan var, yalnız içimiz var. Bu dairədədir dünya həyatımız, bütün mübarizələr, bütün ziddiyyətlər, barışmazlıqlar burdadır. Sülh də, müharibə də, sevgi də, nifrət burdadır. Ədalətli, ədalətsiz qütb yoxdur, ikisi də bir dairənin, insanda başlayıb, insanda bitən boşluğun içərisindədir. Bizdən başlayan bizdə bitən dairədə...” Sözsüz ki, tənqidçinin bu düşüncə və yanaşmasını qəbul edib-etməmək oxucunun ixtiyarındadır.

Zəruri qeyd. Yuxarıda göstərdiyimiz üslub heç də hər zaman məziyyətə çevrilmir. Müəllif bəzən ilhamını cilovlaya bilmir, fikri əsas mətləbdən yayındıran ricətlərə, təhlillərə də yol verir. Bu cür qüsurlara Nizami Gəncəvinin “Xosrov və Şirin” romanının təhlilində rast gəlmək olur. Alim, vaxtilə ədəbiyyatşünaslığımızda ortaya atılan, ancaq əsaslandırılmayan bir fikri - Nizaminin epik əsərlərinin “roman” adlandırlması tezisini orijinal yanaşmaları, maraqlı təhlillərilə, dünya ədəbiyyatındakı faktlara istinad etməklə sübuta çalışır. Lakin əsərin məziyyətlərinin təhlilinə aludəçilik hərdən onu əsas məqsəddən uzaqlaşdırır. Məsələn, “amma bu mənzərədəki kontrast, gərginlik də xüsusi bir fəlsəfi-romantik ovqat yaradır” cümləsi ilə başlanıb əsərdən gətirilən sitatla tamamlanan abzasın “Xosrov və Şirin”in roman olmasının sübutu üçün nəqədər rol oynadığını aydınlaşdıra bilmədik.(s.29)

Müəllifin hansısa bir əsərdən, ya fikir adamından gətirdiyi sitatlar bəzən bütöv bir kitab səhifəsini ötüb keçir. Bunlar yazıya ağırlıq gətirir, müəllifin öz fikri ilə tanış olmaq istəyən oxucunu yorur, bezdirir. (Məsələn, “Çağdaş Azərbaycan romanının mövzu və ideya problematikası” məqaləsində “Ədəbiyyat və incəsənət” qəzetinin roman haqqında baş məqaləsindən gətirilən sitat. (s.303)

Tənqidçi məqalələrinin dili, məzmunu üzərində ciddi redaktə işi aparmalıdır. Fikrə əlavə çalar gətirməyən sözə, yerinə düşməyən ifadəyə, düşüncə axarını yazının məqsədindən uzaqlaşdıran cümləyə yer verməməlidir. İ. Musayevanın məqalələrindən bu cür qüsurları nümunə gətirib oxucunu yormaq istəmirəm, amma azacıq da olsa belə, onların olmamasını arzulayıram. Əgər Söz İlahidəndirsə, biz də İlahi sözün təəssübünü çəkiriksə, nə fərqi var ki, onu başqası yazır, ya biz özümüz? Nə fərqi var ki, bu Söz hansı üslubda, hansı növdə və ya janrda deyilir? Başqalarından tələb etdiyimizi bizim özümüzdən tələb etməkdə haqlı deyillərmi?

İradə Musayeva cəsarətlidir. Tənqidçi üçün cəsarət mühüm keyfiyyətlərdəndir. Sözsüz ki, bu cəsarət elmi obeyktivliklə, ətrafında müzakirə açdığın mövzuya, tənqid etdiyin fikrə dərindən bələdliklə, nəzəri hazırlıqla, alim-vətəndaşlıq yanğısı ilə müşaiyət olunduqda fayda verir, nəzəri və praktik məsələlərin həllinə yardımçı ola bilir. İ. Musayevanın kəskin, polemik məqalələrində yuxarıda sadaladığımız keyfiyyətləri görmək mümkündür. Məsələn, ədəbiyyatşünaslığa dair yazılan kitab və dərsliklərin zəifliyini çoxları bilsə də, orda-burda şikayətlənsə də, onları elmi müzakirəyə çıxarmağa böyük əksəriyyət cəsarət etmir, ağrımaz başlarını ağrıtmaq istəmir, ya da dostbazlıq, tərəfkeşlik, yerliçilik ucbatından ağızlarına su alıb otururlar. Nəticədə, zərəri sadə, anlaşıqlı bir şəkildə ədəbiyyatşünaslıq və ya ədəbiyyat nəzəriyyəsi haqqında konkret bilik almaq istəyən tələbələr görür, bu kitabları oxumağı məsləhət görmüş müəllimlər isə onların imdad diləyən çaşqın, bəzən də istehzalı baxışları altında naəlac şəkildə susurlar. İradə xanım tələbələrə təqdim edilən ədəbiyyatşünaslıq və ədəbiyyat nəzəriyyəsinə dair kitab və dərsliklərin zəif tərəflərini, elmi-nəzəri baza zəifliyini, bəzi hallarda isə yararsızlığını və ziyanlı olmasını cəsarətlə, faktlarla, kitablardan, dərsliklərdən gətirdiyi konkret misallarla təhlil edib göstərir.

Təbii ki, mən cəsarət deyərkən yalnızca onun hansısa elmi-ədəbi avtoritetdən çəkinməməyini, haqlı-haqsız tənqidlərdən, təşkil edilmiş hücumlardan qorxmadığını nəzərdə tutmuram. O, bir elm adamı kimi müşahidə etdiyi problemlərin üzərinə cəsarətlə gedir, onun həllinə girişir, problemin ağırlığı, mübahisəli tərəfləri onu qorxutmur. Bütün bu cəsarətin arxasında isə onun nə qorxu saçan rəsmi vəzifəsi, nə də dəbdəbəli ad-titulları dayanır. Bu cəsarətin özülündə ədəbiyyatşünasın elmi-nəzəri hazırlığı, obyektivliyin verdiyi inam və təəssübkeşlik dayanır.

İradə Musayeva təəssübkeşdir. Yox, o, ayrı-ayrı ədəbi şəxsiyyətlərin təəssübünü çəkmir. Bütünlükdə, Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslıq elmimizin təəssübünü çəkir. Tutaq ki, böyük nasirimiz Sabir Əhmədli yaradıcılığına akademik elmi nəşrdə göstərilən diqqətsizlik və soyuq münasibətə qarşı kəskin çıxışı təkcə bir yazıçının haqqının müdafiəsi kimi qəbul edilməməlidir. Əslində bu etiraz ədəbiyyatçünaslığımızda kök salmış tərəfkeşliyə, rəsmi mövqeyə uyğunlaşmaq arzusu ilə elmi-ədəbi obyektivliyi unutmaq tendensiyasına, nəsrimizin mühüm və parlaq nümunələrini gözardı etmək cəhdinə qarşıdır.

Milli ədəbiyyatmızın dünya ədəbiyyatı zirvəsinə qalxa bilməməyinin, ədəbiyyatımızın həyatla ayaqlaşa bilməməsinin ağrılarını yaşamaq və onu bir alim-vətəndaş narahatlığı ilə dilə gətirmək də bu təəssübkeşliyin başqa bir təzahürüdür. Tənqidçi “Bizim romanlarımız niyə dünyada tanınmır, oxunmur?” kimi ədəbi mühiti silkələyən sualla ortaya çıxır, adlı-sanlı ədəbiyyatşünaslarımızın hay-küylü etirazlarına fikir vermədən, sualın cavabını tapmaq üçün axtarır, təhlil edir, fikirlərini özündən əvvəl bu narahatlığı yaşayan düşüncə adamlarımızın (Ə. Hüseynzadə, Ə. Ağayev) söylədikləri, dünya ədəbiyyatının sevilən əsərlərinin nümunəsində arqumentləşdirməyə çalışır.

Tənqidi münasibətlə yanaşı ədəbiyyatşünas, eyni zamanda müasir ədəbiyyatımızın uğurlarından da ürəklə söhbət açır, ayrı-ayrı imzaların şəxsində gerçəkləşən müsbət təmayülləri də təhlil edib ədəbiyyatımızın sabahına ümidlə baxmaq nikbinliyi oyadır. Onun müasir poeziyamız və onun istedadlı nümayəndələri haqqında yazılmış məqalələri maraqla oxunur, müəllifin bədii mətnə həssaslıq və tələbkarlıqla yanaşması hörmət doğurur. Həm də tənqidçi ədəbiyyatşünaslığımızın lazımi dərəcədə diqqət göstərmədiyi və diqqətsizlik ucundan kölgədə qalaraq geniş oxucu kütləsinin qiymət və sevgisindən uzaq qalmış imzalar barəsində ardıcıl yazmaqla sanki ədəbiyyatşünaslığımızın günahlarını yumağa çalışır. Tənqidçinin Ə. Salahzadə haqqında yazılmış silsilə məqalələri dediyimizə parlaq misaldır.

İradə Musayeva zəhmətkeşdir. Ədəbi prosesi izləmək, elmi-nəzəri fikrin son nəticələri ilə tanışlıq və ədəbi problemlər, bədii əsərlər haqqında davamlı, gecikmədən yazmaq ədəbiyyatşünasdan böyük zəhmət, vaxt, enerji tələb edir. Ədəbi prosesi ardıcıl və diqqətlə izləmək ədəbi tənqidlə məşğul olan şəxs üçün bir vəzifədir, borcdur və həm də peşəkarlığın bir atributudur. Tənqidçi müasir ədəbi prosesə zaman itirmədən reaksiya verə bilməli, uğurlu-uğursuz cəhətlərini söyləməklə onu yönləndirməyi bacarmalı, ədəbiyyat tarixçiləri üçün baza yaratmalıdır. İ. Musayeva bir tənqidçi kimi bu işin öhdəsindən layiqincə gəlir, peşə borcunu ləyaqətlə yerinə yetirir. Kitabdakı məqalələrin toplandğı başlıqlara fikir verin. Müəllif klassik irsimiz, nəsrimiz, poeziyamız, ədəbiyyatşünaslıq elmimiz, tərcümə problemləri - ən vacib və geniş diapozunlu məsələlərdən yan keçməmiş, hər biri haqqında geniş söhbət açmışdır. Ədəbiyyatşünas “qoca” və müdrik Nizamidən də, məsafə baxımından uzaq, amma doğma, şöhrətli Markesdən də, ədəbiyyat aləmində addımlarını yeni atan gənc Fərid Hüseyndən də eyni bir həvəs və sevgi ilə yazır.

Zəruri qeyd: İradə xanım çox yazır. Bəlkə də bunun nəticəsidir ki, bəzi hallarda tələsik hökmlər verir, səthi qənaətlər ortaya qoyur ki, bu cür “bəzi halları” onun qələminə yaraşdırmıram. Məsələn,ədəbiyyatşünas Füzulinin “Leyli və Məcnun” əsəri barədə məqaləsində yazır: “Düzdür, bizə M. Füzulini romantik, daima xəyalət aləmində olub, eşqə, məşuqəyə uyan bir müəllif kimi tədris ediblər (çox-çox təəssüf ki, bu yanaşma artıq XXI əsrdə də qüvvədən düşmədi), amma M. Füzuli çox böyük siyasətçi, filosof və zamanının ən ayıq-sayıq insanı olub.” (s.66) Buradakı həqiqətə uyğun olmayan fikirlərin əvvəlinə bir “düzdür” kimi təsdiqləyici ifadə artırmaq da müəllifin tələsik, birtərəfli hökmünə, haqsız iradına bəraət qazandıra bilmir. Kimlər Füzulini belə tədris edib? Hətta bir-iki nəfər beləsi varsa, bunu ümumən ədəbəiyyatşünaslığımızın ayağına yazmaq nə dərəcədə həqiqətdir? Füzulinin məşhur tədqiqatçılarının mütləq əksəriyyəti Füzuli sənətinin əsasında “obyektiv həyat həqiqətləri,real gerçəkliklər”dayandığını göstərmiş, hətta ifrata vararaq onu realizmin ilkin bünövrəsi də hesab etmişlər. Əslində, sovetlər zamanında Füzulinin “Şikayətnaməsi” daha çox qiymətləndirilib, nəinki onun aşiqanə qəzəlləri. Bəlkə Füzulini romantik də deyil, realist bir şair kimi tədris etməliydilər?Füzulinin “çox böyük siyasətçi” olması hansı faktlarla əsaslandırılır?Eyni şəkildə sənətdə reallıq və realist metod anlayışlarını eyniləşdirmək yanlışlığı İ. Musayevanı klassik romantikimiz Nizamini, Fransız romantizminin parlaq nümayəndəsi Hüqonu belə realist sənətkarlar elan etməkdən çəkindirmir! Bizim ədəbiyyatşünaslıq tariximiz bu yanlış yanaşma dövrünü artıq yaşayıb: realizmin kökünü Nizamidə axtarmaq meylləri özünü doğrultmayıb!

İ. Musayevanın çox və davamlı yazdığını artıq qeyd etmişəm. Bu cür məhsuldarlığın müsbət tərəfləri ilə yanaşı zəif cəhətləri də olmamış deyil. Fikrimcə, o, bundan belə zəhmət, bilik və istedadını bir problem ətrafında yazılmış ayrı-ayrı məqalələrə sərf etməkdənsə (bununla heç də onu məqalə janrından tam imtinaya çağırmıram), həmin problem barədə fundamental, ətraflı, dərin tədqiqatlara üz tutmalıdır. Bunun üçün ədəbiyyatşünasdan tələb olunan bütün keyfiyyətlər onda vardır!

news-inner-user

12873 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti