Əlabbas: “Belə yazıçı olmaq heç mənə də lazım deyil”

Əlabbas: “Belə yazıçı olmaq heç mənə də lazım deyil”
2 may 2017
# 12:06

Bu günlərdə tanınmış yazıçı Əlabbasın 60 yaşı tamam olur. “Xan” nəşriyyatı bu il onun “Şəbi-hicran”, “Köhnə kişi” və “Dağların duman çağı” kitablarını nəşr eləyib. Kulis.az yazıçının sonuncu kitabda işıq üzü görən müsahibəsini ixtisarla təqdim edir.

- Nə var, nə yox, qardaş?

- Desəm ki, hər şey var, heç nə yoxdu, səni qane eləyər?

- Onda hesab elə ki, iki qardaş çay süfrəsində olub-keçənləri çözələyir. Guya, özünü yad bir adama təqdim edirsən. Nədən başlardın?

- Ondan ki, bir arvaddan üç uşağım, iki övladdan dörd nəvəm, hər on ilə biri olmaqla dörd də kitabım var. Səndən də soruşan olsa, deyərsən, axıra beş-üç də vəfalı dostu qalıb Əlabbasın. Belə... Bir insan olaraq bu gün yalnız bundan ibarətəm.

- Aradan qırx beş iləcən vaxt ötüb, amma tələbəlik illərindəki o qara, qıvrım saçların hələ də gözlərim önündədi. Uzaqdan görəndə deyirdim bəs başında qaragül dərisindən motal papaq var.

- Gördüyün kimi, o papağın yerini indi balaca, ağ şapka tutub, dəyərli dostların sırası günbəgün seyrəlir, yaradıcılıq eşqi də əvvəlki deyil. Amma yaş sözünü tək bununla desəydi, nə vardı ki? Mənim də belə görünməyimə baxma, vəziyyət ruscadı. Hərçənd ölüm Allah qismətidi, amma Puşkinə, Çexova, Yeseninə, Cek Londona, Mopassana, Müşfiqə, Əhməd Cavada, Əli Kərimə baxanda, çox yaşadığıma görə bəzən xəcalət də çəkirəm.

- Qəribə duyğudu... O vaxtlar yazmırdın. Ya sandıq ədəbiyyatı yaradırdın, biz xəbərsiz idik?

- Yoox, hər şey kəndə qayıdandan sonra oldu. Üz-gözüm alışan tələbə dostlarla vida, hamı kimi bir ara mənə də “Aman ayrılığ”ı oxutdu.

- Deyəsən, səbəb tək “Aman ayrılıq” deyil axı. Ortada başqa faktorlar da var. Sanki adsız bir qadın bəmbəyaz işığa bələnmiş teyf kimi yazıdan-yazıya dolaşır. Deyərdim ki, hər yazında var o.

- Onu mənə çoxları deyib. Yazı prosesində yox, sonradan özüm də hiss eləmişəm ki, deyəsən, o haqda qədərindən artıq yazmışam.

-“Səni tez-tez yuxularımda görürəm, haralardasan indi?” Sonra bir maraqlı açıqlaman da gəldi. Sual beləydi ki, əsərlərinin hansı dilə tərcümə olunmağını istərdin? Cavab verirsən ki, bu dünyada dilimi başa düşməyən bir adam var, onun dilinə çevrilsə, bəsimdi.

- Deyirdim barı otuz ildən sonra bilə ki, o vaxt, iyirmi yaşımda ürəyimi ona açanda oxuduğum nə imiş.

- Nədi belə bu, əbədi vida duyğusu, yainki iddialardan əl çəkmək?

- Elə hər ikisi. Guya, bundan sonra ingiliscəyə, ya ispancaya tərcümə mənə hansı nüfuzu qazandırandı? Demirəm bəlkə, Nobel alasan, səni adam yerinə qoyalar. Bizdə bu işlə dövlət məşğul olmur, maliyyə vəsaiti olmayan isə təkbaşına heç nə eləyə bilməz. İstedadın lap başdan aşsa da. Ona görə də burda hərə öz ölüsünün hayındadı. Kənar dillərə tərcümənin “mövcud qaydaları” Azərbaycan yazıçısına deyir ki, yetim qızsan, qıvrıl yat. Şəxsən mən uzun illərdi dərin bir yuxuya dalmışam. Qaldı sevgi məsələsinə, köhnənin söhbətidi, yazmışdım ki, o sevda içimi kotan kimi şumlayıb.

- Evdə necə baxıblar buna?

- Oğulsan, barmağını qatlayıb mənə elə bir adam göstər ki, həyatında ilk sevginin şərbətini içməmiş olsun. Göstərə bilərsən? Biri müəlliməsini sevib, açıb-ağarda bilməyib, biri qonşunun özündən böyük qızına vurulub, deməyə cəsarəti çatmayıb, bir ayrısının dərdi tamam başqa şey olub, səsini çıxartmayıb. Amma olub o. İnsanın evlənməməyi, ailə qurmamağı mümkündü, ola bilər o, amma sevməməyinə, kiməsə könül verməməyinə, desələr də, inanmanam. Bu cür insanların arasında fərq bircə ondadı ki, onların bir qismi başına gələnləri danışmağı, digəri isə gizlətməyi xoşlayır. Mə-nimsə hər ikisindən fərqim, belə baxıram ki, üstəlik həm də onu yazmağımda olub. O sualı da ki verirsən, elə bilmə təzə söhbətdi, ona cavab istəyənlərin, bəlkə də, yüzüncüsü sənsən. Deyim biləsən, belədi də bizdə vəziyyət: ixtisasca psixoloq olan yoldaşım həmişə belə məqamların fövqündə dayanmağı bacarıb, bir fərd kimi xüsusən yaradıcı insanın həyatında belə gizlinlərin ola biləcəyinə çoxundan fərqli yanaşdığına görə heç nəyi üzümə vurmayıb, uzaqbaşı can atdığı o olub ki, görsün kimdi axı illər uzunu yaddan çıxmayan o adam, layiqdi bu sevgiyə, ya yox?

- Kənddən gələndə özümlə iki yara gətirmişdim, yazmısan, biri ürəyimdə, biri mədəmdə. Qəribədi ki, sənə bir-birindən maraqlı əsərlər yazdıran o yaranın sağalmamağı da öz arzun olub.

- Qəribə o deyil, ay Səməd, qəribə odu ki, Tanrıdan qırx il sağ can istədim, bir yol səsimi eşitmədi, amma bircə dəfə, sözgəlişi pünhan mərəz dilədim, o saat qismət elədi, özü də lap o sağalmazından. Düz iyirmi beş il, 77-dən 2002-yə qədər mədə xorası, ağrı, qanaxmalar mənə göz verib işıq verməyib. Dəfələrlə olub bu. Axırı bıçaqlar işə düşüb, kəsib-doğrayıb yaxamı ondan da qorxulu düşmənin cənginə keçiriblər. On beş il də “Hepatit C” ilə bir təndə can sürürük. Bu, altmış illik bir ömrün düz qırx ili deməkdi. Mən yalnız Allahın lütfü və qismən də öz iradəmin sayəsində sağ qalmışam. Özüm haqda ədəbi taleyinin və həyat dramının Tanrı ilə həmşərik müəllifi ifadəsini işlədəndə də buna işarə eləmişəm. Axırda da bildim ki, sevgi yarasından ölüm yoxdu insana, amma daha sağalmır da o. Oldu, keçdi, yaşandı, sona vardı hər şey və o acı qənaət axırı getdi “Ovçu” hekayəmdə də üzə çıxdı. Təxminən belə: “Sən demə, tək dava-dərmanın yox, hiss və duyğuların da etibarlılıq müddətinin sona çatan vaxtı varmış”.

- Necə deyərlər, film kimi bir həyat.

- Filmdən söz düşmüşkən, bir dəfə Rzaya, bilmirəm sən onu tanıyırsan, ya yox, Nyu-York Film Akademiyasının məzunudu, tək gözəl aktyor yox, həm də istedadlı şair, yazıçı və publisistdi, həyatımla bağlı bir neçə epizod danışdım, dedi, nə ekran əsəri çıxar bundan?! Bunu çox dərin inamla deyirəm, vaxt gələcək Azərbaycan kinematoqrafiyasında bir rejissor olaraq Rza Rzayev epoxası başlayacaq. Allah ömür yazsın, biz də ona şahidlik eləyə bilək. O da yazılarımı sevir, onlarda gözü qalıb. Xüsusən də, “Köhnə kişi”də. Haqqımda maraqlı bir yazısı da var, “Kölgəsi özündən uzun adam”. Deyir, gec-tez “Köhnə kişi”ni ekranlaşdıracam. Başqa ssenarilər də sifariş verib. Sağlıq olsun, görək nə olur.

- Söz ki “Köhnə kişi”nin üstünə gəldi, deyəsən, özünün də ona xüsusi simpatiyan var. Deyərdim ki, hər kəlməbaşı xatırlayırsan onu.

- Sən arif adamsan axı, Səməd, səbəbi var onun. Bir dəfə yazmışdım ki, ilk sevgimin qara qutusudu o əsər. Hansı cümləsini, hətta hansı kəlməsini hansı şəraitdə, hansı hissin təsiri ilə yazdığım da indiki kimi xatirimdədi. O biri tərəfdən də, mən ağır yazıçı qılıncının altından “Köhnə kişi” ilə keçmişəm. Bəlalar çəksəm də, axıracan onu taleyin ümidinə buraxmadım. Çünki o vaxt onun çapına ölüm-dirim məsələsi kimi baxırdım. O yazının ucbatından mən ədəbiyyata da qoca gəldim, heç gənclik üzü də görmədim, uzun illər adım bir yerdə çəkilmədi, almanaxlarda hamıya yer tapıldı, məndən başqa. Adımın yer ala bilmədiyi o siyahılara baxmağın ancaq həsrəti qaldı mənə. Nə gizlədim, çap olunan qələm dostları yanında, o illər özümü çörəyi əlin-dən alınmış uşaq kimi hiss eləyirdim. İllər uzunu bunun xəcaləti ilə yaşadım, sındım, sıxıldım, sidqim sıyrıldı, ümidlərim heç-puç oldu. O gözləyən, bu gözləyən otuz yaşı tamam elədim. Şükür Allaha, özün söz adamısan, boş-boşuna itirilmiş on ilin, özü də yaradıcılıq təbinin çaylar kimi çağladığı, insan ömrünün hər mənada ən əlahiddə dövrü saydığım iyirmi-otuz yaş arasının nə demək olduğunu, məndən yaxşı bilərsən. Bir dəfə bu mövzuda çox qızdığımı görən dostlardan biri irad tutdu ki, o, boş şeydi, çap eləmirlər, eləməsinlər, sən yazmağında ol, xalqı təzə-təzə əsərlərinlə sevindir. Gör ha, əsərlə xalq sevindirmək! Məncə, yenicə közərən atəşin üstə su əndərməyin nə demək olduğunu bilməyənlər belə danışa bilərlər. Başqaları Marksdan, Engelsdən sitat çəkən kimi, mən də özümdən misal gətirməyə məcburam. Elə belə şeyləri nəzərdə tutub yazmışdım ki, istedad dediyin nazəndə qız kimidi, nazını çəkməsən, həmişəlik küsüb gedir. Ya ümumiyyətlə qayıtmır, ya da qayıdırsa, qarımış qız kimi qayıdır. Oğulsansa, on ildən sonra gəl qaldığın yerdən başla görüm, necə başlayırsan.

- Yüzdə yüz şərikəm, farslar demiş, an koca, in koca?

- O povest hər şeydən əvvəl dil və üslub hadisəsi idi. Səksəninci illərin əvvəlində ədəbiyyata gəlmək istəyən hər hansı gəncin başqalarından fərqlənmək üçün yeganə çıxış yolu az-çox özünü bunda, bir də mövzu seçimində göstərmək idi. Yazıçının yazıçıdan fərqi onun dil və üslubundadı. Dövr də o dövr idi ki, ağına-bozuna baxmadan ədəbiyyata gələnləri Əkrəm, Anar və Elçini təqliddə günahlandırmaq, qəzet və jurnal redaksiyalarının, gülməli çixmasın, az qala sipər və müdafiə istehkamına çevrilmişdi. Məlum səddi yalnız dediyim o dil və üslub silahıyla keçə bilənlər nəsə edə bi-lərdilər. O da bəlkə. Götür Şahmarı, Rafiqi, Firuzu, Afaqı, Aqili, Sadayı, Səfəri, Azadı, bir qədər sonra isə ədəbi səhnəyə onlardan fərqli olaraq cırmaq-cırmaq, amma öz fərqli üslubları ilə gələn iki Eyvazı, bir rəh-mətlik Əlləzoğlunu, bir Zeynalovu, Aslanı, Nərimanı, Vaqifi, Kamranı, Kamili və digərlərini... Bir nəfər də onları kimisə yamsılamaqda suçlaya bilmədi. İndi vəziyyətə bax: onların heç biri ədəbiyyata birbaşa povestlə gəlməmişdi. Mənim bəlamsa həm də onda oldu ki, “Köhnə kişi” janr etibarıyla povest alındı. Bəlkə də, o, yığcam bir hekayə olsaydı, rahatca çap olunar, həm də bu qədər dilə-dişə düşməzdi. Amma bədii yaradıcılığa iyirmi yaşda povestlə, həm o cür xarakterik obrazlarla, polifonik dil və üslubla, həm də möhtəşəm ədəbiyyat atmosferinin olduğu 80-ci illərin əvvəlində gəlmək ədəbi-bədii proseslərin birbaşa episentrinə düşmək idi. O vaxt öz aləmimdə elə bilirdim, tək bir povest yox, həm də nəsrdə uzun illər kök salmış monoton təsvir üsulundan imtina manifesti yazmışam. O ritm, o intonasiya, o səs hər nə idi, pis-yaxşı özümün idi. Başqa sözlə desək, qat-qarışığı, konservantı yox idi. “Heydərbabaya salam”a Şəhriyarın öz ifasında qulaq asmağın ləzzəti bilirsən nədədi? Müəllifin öz səsində. Yadına sal onu, necə asta, ağırsəng, özünəməxsus, sirli bir ahəngdi. Ən tanınmış qiraət ustası belə onu o şirinlikdə təqdim eləyə bilməz. Nəsə, qapayaq bu söhbəti.

- Nədən narazısan?

- Soruş ki, nədən razıyam?

- Həyatda bir, sənətdə isə başqa sifətlə yaşamaq olur?

- Elə zaman onun zamanı deyil? Sözün hər iki mənasında o qədər nadürüst simalar peyda olub ki, nə fırça onu rəsm, nə söz onu təsvir, nə də kamera ponoram eləməyə qadirdi. Böyür-başın belə cılız tiplərlə doludu. Xarakterik kişi obrazı olsa, heç ilə biri rastına çıxmaz e.

- Boş vaxtında neynirsən?

- Boş yox, olsa asudə vaxtım olur, o da çox az. Dostlarla dərdləşir, hərdən nərd oynayır, ya da yığışıb yaxın rayonlara gedirik. Təklik əl verəndə isə muğam köməyə gəlir.

- Kimləri çox dinləyirsən?

- “Şur” dəstgahı, Xanın “Şahnaz”ı, Mütəllimin “Mirzə Hüseyn”i, Yaqubun “Bayatı-Şiraz”ı, Sabirin “Çahargah”ı, Arifin “Rast”i, Qəndabın “Xaric segah”ı, Güllünün “Pəncgah”ı... Onlara qoşulub zümzümə eləyəndə heç özüm də pis oxumuram.

- Ovaxtkı səsin qalıb hələ?

- Daha o məlahəti yoxdu, amma belə dəə... Bir dəfə Azər Zeynalov dedi, bəlkə, səsini yazdıraq, yadigar qalsın. Dedim, bilirsən, Azər, sən ağıllı adamsan, bəlkə də, bir şey fikirləşmək olardı, amma o yerdə ki, dəllək müştəridən çox oldu, ortabab müğənnidənsə qədirbilən dinləyici yaxşıdı.

- Əcnəbilərə necə, qulaq asırsan?

- Qulaq asanda onun əcnəbi olmasının fərqinə varırsan ki? Bethoveni dinləyəndə elə bilirsən “Bayatı-Şiraz”ı nota əliylə o özü köçürüb. Dediyim nədi? Əsas odu səni sehrləyən, kamına çəkən bir aləm ola. Nə fərqi, onu Üzeyir bəy yazıb, ya Ennio Marikone? Bəsdi ki, zövq ala biləsən. Əsrarəngiz bahar lövhəsi, yamyaşıl biçənəklər, sürü səpələnmiş yal-yamac və Georq Zamfirin möhtəşəm təqdimatında o azad çöllərin “Tənha çoban”ı... Musiqinin, fotonun, boyakarlıq, ya rəsm əsərinin üstünlüyü də bundadı, o da nəsr, ya poeziya kimi səndən tərcümə istəmir ki! Yaxud orqan musiqisi, kilsə xoru, bunu yalnız nadan xoşlamaya bilər.

- Ürəyinə ən çox yatan film.

- Çoxdu, amma “Apokalipsis”in əvəzi yoxdu. Yaxud “Pianoçu”. “Qəddar, namərd, comərd” də yaxşılar sırasındadı. Olsun ki, bu, daha çox musiqinin fütuhatına görədi, yeri gəlmişkən, o da Marikonenin beyin məhsuludu və fakt budu ki, valehi-heyranlarından biri də mənəm o filmin.

- Dünyada ən əzablı iş nədi, sizcə?

- Ən əzablı iş? Əzablı iş çoxdu, amma sevmədiyin insanla bir yerdə yaşamaqdan da əzablı bir iş yoxdu, məncə. Xüsusilə də, mental dəyərlər səltənətində.

- Çağdaş dünya nəsrindən kimləri oxuyursan?

- Ekonu, Pamuku, Kunderanı, Murakamini, Sorokini, Xalid Hüseyni və digərlərini oxudum, axırı yenə klassiklərə, Çexova, Cek Londona, Mopassana, Platonova, Kavabataya, Kamyu, Sveyq, Şukşin, Dumbadze, Rasputin və lap axırda isə yenə nəhəng türk oğlu türkə qayıtdım.

- Aytmatova?

- Aytmatova. Mənə elə gəlir, çox yox, lazım olanı bilmək daha vacibdi. İnformasiya bolluğu, fasiləsiz məlumat axını, dağınıq, bir az da süjetsiz təhkiyə bəzən səni çaşdırır, azdırır, bilmirsən nə nədi. Həm də sənin, üzərində formalaşdığın özül var axı. O istinaddan uzaqlaşmaq ola bilməz qələmə təsirsiz ötüşsün. Nəticədə həm ondan olursan, həm bundan. Vaxtilə o yazıçıları xəzinə axtarırmış kimi oxumuşam, bilə-bilə ki, o, heç də hər səhifədə rasta çıxan şey deyil. Bəyəm mirvari dənizin hər yerində olur? Pisi odu ki, artıq o aramsız axtarışlar səngiyib, daha ara-sıra, ehtiyac olandan-olana baş vururam o məxəzə.

- Kimləri heç sevmədin?

- Kafkanı. O cür şan-şöhrətinə rəğmən bir işıqlı məqama rast gəlmədim onda. Pessimizmdən adamın olub-qalan həyat eşqi də sönür.

- Təkrar-təkrar qayıtdığın əsərlər necə, olub?

- Nə qədər istəsən. Məsələn, “Ağ Arvana”.

- Kimindi o, oxumamışam.

- Sanbayevin. Həm yığcamdı, yorulmursan, həm də obrazlı, parlaq bədii dil, rəvan müəllif təhkiyəsi səni alıb aparır. Elə bil arvana hürkücündə yovşanlı çöllərlə axşamın sərinində yol yortursan. Söz düşmüşkən, bir müşahidəmi də bölüşüm, mənə elə gəlir, Çingiz ağanın Qaranəri Arvananın törəməsidi. Qəribə şeylər var.

- Son vaxtlar kiçikhəcmli yazıların daha çox gözə dəyir.

- Deməli, belədi. İngilis dilinə tərcümə üçün hekayə istədilər, mən də “Gecəyarı hadisə”ni göndərdim. Dedilər, müəllim, povest yox e, hekayə istəyirik. Bu dəfə də “Mərənd ölüsü”nü yolladım. Aydın oldu ki, o da böyükdü, həm də tərcüməsi bir ətək pul eləyir. Onda qərara gəldim ki, bir-iki balaca hekayə yazım. Belə-belə, hiss olunmadan silsilə yazılar alındı. Hətta bir cümlədən ibarət hekayələr də peyda oldu. İnşallah, “Ustad” jurnalında oxuyarsan onları. Sənə deyim ki, vəzni ağır yığcam hekayə yazmaq çox çətin imiş. Çexov, Mirzə Cəlil, Mopassan, Lents nümunəsi bu məqamda öz sözünü deyir bax.

- O ki ad çəkdin, Mərəndlik nə var orda? İki dəfə oxudum da bir şey hasil eləyə bilmədim. Özünü damdan atır.

- Mərənd zəlzələsi dünyaca məşhur təbii fəlakətlərdən biri sayılır. Hadisə zamanı o qədər ölüm-itim olub ki, günlərlə ortada qalan meyitləri yığıb-yığışdırmağa da adam tapılmayıb. Nəticədə yiyəsiz, sahibsiz anlamına gələn o ifadə yaranıb. Sonralar ağlıma gəldi ki, bəlkə də, o fəlakətdən sağ-salamat qalan yeganə yadigar elə o söz olub - Mərənd ölüsü...

- Bədii əsərdə əsas nəyə fikir verilməlidi?

- Dində vacibat deyilən şey ki var, namaz, oruc, fitrə, xüms, zəkat, bu qism sualları eşidəndə yadıma birinci o düşür. Bədii əsərdə ideya və məzmun, dil və üslub, süjet və kompozisiya, obrazlılıq və bədii-estetik dəyər, söz yox ki, birinci sırada dayanır. Amma deyək ki, məsələn, ədəbiyyatın zövq mənbəyi olması, ictimai rəy formalaşdırmaq funksiyası, həqiqəti deyə bilmək cəsarəti, oxucunu dediyin sözün mətləbinə inandırmaq bacarığı bəyəm az vacib komponentdi?

- Heç olub ki, yazı prosesində lazım olan sözü və ya ifadəni tapmayıb, işi yarımçıq saxlayasan?

- Bəs qədər. Onun klassik tərifini Mopassan verib. Deyirdi ki, bir əşyanın adını çəkmək üçün ancaq bir isim, onun hərəkəti üçün ancaq bir feil, əlaməti üçünsə ancaq bir sifət tapmaq lazımdır. Heç vaxt təxmini, onların yerini qismən verən ayrı sözlərdən istifadə etmək olmaz. “Qiyamçı”da Şəhrizin zahiri portretinə bir müəllif əlavəsi etmək istəyim onlarca fikrin ortaya çıx-masına səbəb oldu. Sıra “Qapının ağzında qara gözün giləsi kimi qəşəng bir qız dayanmışdı” cümləsinə çatanda bildim ki, axtardığım o imiş elə.

- Səncə, kimlər yazıçı-şair olur? Bunun da bir düsturu-əməli olur, ya kim istəsə yaza bilər?

- Yazmağa yaza bilər, maşallah, elə yazırlar da. Qoy yazsınlar, başları qarışsın, gedib cinayət-zad törətməsinlər. Qaldı düstur məsələsinə, olmur elə bir şey, mənim də yozumum belədi ki, başında uşaqlıq havası qalanlar gec-tez yazıçı olurlar. Allah bilir, bəlkə, heç belə deyil, hər şey tərsinədi?

- Xeyirxahların sırasında kimlər olub?

- İsi Məlikzadə, Əlibala Hacızadə, Tofiq Hacıyev, Əhəd Muxtar, İsa İsmayılzadə, Natiq Səfərov, Nahid Hacızadə, Akif Hüseynov, Əkrəm Əylisli, Abbas Abdulla, Hidayət, Allahverdi Eminov, Səyavuş Məmmədzadə, Sabir Rüstəmxanlı, Natiq Rəsulzadə, bir sözlə, nəhəng bir yazıçı pleyadası... Biri sınan qol-qanadıma yaxu salıb, biri yarama məlhəm qoyub, o biri barəmdə yazı yazıb, bir ayrısı nəsə edə bilməyəndə heç olmasa ürək-dirək, ruh və əzm verib. Bu haqqı heç unutduğum olmadı.

- “Köhnə kişi”ni təzədən yazası olsaydın, nəsə çıxara, ya əlavə elərdin ona?

- Maraqlı o deyil, odu ki, o vaxt o yazını yazanda Qaratellə bir yaşda idim, indi bu müsahibəni verəndə isə Muradla bir yaşdayam. Qırx il zarafatına gəlir? Nə bir müəllif kimi məndən yarıdı o yazıq qız, nə bir yar kimi Muraddan. Niyə belə oldu, heç özüm də bilmirəm. Mən gəncliyimdə o qızın prototipinə vurulmuşdum bax, ənlik-kirşansız bir kənd gözəlinə... Murada gələndə, kaş bir az cavan təsvir elərdim onu, ya da dama gec saldırardım. Kolxoz söhbətini isə birdəfəlik yığışdırardım. Maraqlıdı ki, illər sonra da məndən o yazının davamını gözləyənlər var.

- Niyə də yox?

- Onda o, hind filmi olar ki. Hər şeyi müəllif dedisə, daha nə oldu? Yazıçı, əsər və oxucu şəbəkəsində bəs sənin iştirakın nədən ibarətdi, yoldaş oxucu?

- Dünya nəsrindən yalnız bir kitabı xilas eləmək sənə həvalə olunsaydı, nəyi götürərdin?

- “Əsrə bərabər gün”ü.

- Öz əsərin olsaydı, necə?

- “Qiyamçı”nı.

- “Köhnə kişi”ni yox?

- Mən “Qiyamçı”nı nə ağlımla, nə qələmimlə yazmışam. O yazı ürəyimin qanı ilə yazılıb. Ona həyatımın bir neçə və ən yaşanmalı ilini vermişəm. Hər şeydən bezəndə indinin özündə də hərdən “Qiyamçı”nı oxuyur və qəribədi ki, ləzzət də alıram.

- Yazıçı olmasaydın, hansı sənəti seçərdin?

- Yəqin ki, müəllimliyi. 78-də əmək fəaliyyətinə kənd müəllimi kimi başlayıb, bu sənətə də ordan gəlmişəm. Balaca Azərbaycanın böyük söz adamlarından biri sandığım Kənan Hacının “Qaraqovaq çölləri” haqda bir yazısı var: “Onu yaşamağa qoymadılar”. Əslində Kənan onu əsərin qəhrəmanı Əfsun Əlibəyli yox, üstüörtülü bəndeyi-həqiriniz haqda yazıb. Və başı da az ağrımayıb. Danlayıb-dansayıblar ki, iş-gücü qurtarıb, mövzu tapmır yazmağa? Bax belə... Bizdə adamı dinc yaşamağa qoymurlar ki! Qırmızı xəttə yaxınlaşdın, yıxıldı evin. O baxımdan xəstə canımla indiyəcən bu səngərdə sitildəyə-sitildəyə duruş gətirməyimin elə özü də bir işdi.

-Ən gözəl hekayən?

- Ən gözəl hekayəm? Yəqin ki, “Acı bir xatirəyə sözardı” olardı o,

- Sualım başqaydı.

- Nə dediyimi yaxşı bilirəm. Borxes yazırdı ki, məqalə də hekayə formasında olmalıdır. İndi məndə tərsinədi, hekayə məktub şəklindədi. Təəccüblü də olsa, Puşkin “Yevgeni Onegin”i roman, Qoqol “Ölü canlar”ı poema adlandırırdı. Xoşbəxtlikdən bizdə də belə nümunələr var. Məsələn, mən çoxsayğılı Tofiq Hacıyevin, Əsgər Rəsulovun, son vaxtlar isə Rüstəm Kamalın elmi əsərlərini hekayə kimi oxumuşam.

- Ən çox nəyə sevinmisən?

- Sevinc var, sevinc. Yeddi yaşım olanda atam mənə qəşəng səndəl almışdı, gündüz ayağımdan çıxartmadım, gecə olanda isə başımın altda qoyub yatdım. Deyirdim, bircə səhər tez açılaydı, aparıb onu sinif yol-daşlarıma da göstərəydim. Sonra kəndimizə kinolar gəldi, bəlkə də, heç nə məni ogünkü qədər sevincə bələməyib. Kino? Bütün günü çöllərdə, tək-tənha dana-davar, qidik-midik otarmaqla keçən bir kənd uşağı üçün bu, sözün əsl mənasında, möcüzə idi. Tələbə bileti, diplom, iyirmi il sonra isə ev almağımın da bir özgə feyzi olub. Hər arzu çatdığında adiləşir və ən möcüzəli şey də odu ki, mübarizə bitdikdən sonra silah özü də yükə çevrilir.

- Olub ki, nəyinsə xəcalətini çəkəsən?

- Bu gün kimsə məni öz dostuna təqdim edib, bilirsən də, bu da yazıçı Əlabbas Bağırovdu, deyəndə köynək-köynək ət tökürəm. Gör cəmiyyət hara gəlib çıxıb, yazıçını tacir-tüccara təqdim eləyirlər. Belə yazıçı olmaq, vallah, heç mənim də lazımım deyil. Qonorar almırsan, bir toy müğənnisicən hörmətin yox, cəmiyyət səni tanımır, kitaba həvəs də günü-gündən ölür. Bu gün haqqı verilməyən iki sənət sahibindən biri və birincisi, yəqin ki, yazıçı-şair tayfasıdı. O sözü kim deyibsə ki, malın mal olunca, bazarın bazar olsun, kəllə yiyəsi imiş.

- Axırıncı dəfə haçan qonorar almısan?

- “İkinci oğul” çıxanda. “Ulduz”da. İki çap vərəqinə iyirmi neçə manat...

- Nəyi bacarmazsan?

- Yəqin ki, adam öldürməyi.

- Heç bir halda?

- Yazıçının adam öldürməyi olsa-olsa qələmlə olar. Ondan da kimsəyə bir zaval yox, cinayət sayılmaz bu.

-Hazırda qorxduğun bir şey varmı?

- Var. Özü də necə? Cin bismillahdan qorxan kimi. Bu namərd “Hepatit C” gözümün odunu elə alıb, harda “H” və “C” hərfi ilə başlanan sözə rast gəlirəmsə, dərhal canımı üşütmə sarır. Tərslikdən də gecə-gündüz sözlər mənim, mən sözlərin içindəyəm. İndi gəl insan kimi yaşa, həm də yaxşı yazı yaz.

- Qəbul edə bilmədiyin nəsə oldu həyatda?

- Həmişə götür-qoydayam ki, olum varkən ölüm nə? Bir tərəfdə bal kimi möcüzəvi nemət, o biri tərəfdə şəkər tək azar. Qadın kimi zərif bir varlıq xəlq elə, dalınca da ətürpədən cinsi xəstəliklər. Yağ-qaymağı bu yandan yetir, kirəc, təzyiqi də o biri. Belə çıxmır ki, bu qəfəs dediyin elə bineyi-qədimdən binəva bülbüldən ötrü imiş?

- Hikməti nədi bunun?

- Demək istəyir ki, qızıl orta deyilən bir şey var, onu da yaradan mənəm, ey insan, həmişə riayət elə ona, nəfsinin qulu olma, qoru onu.

- Tənqidə münasibətin?

- Çəkmə, ey dust, bu gün daməni-səhrayə məni... deyiblər. Onsuz da əskim yanıqdı, qoy marığa yatanlara bir fürsət də özüm verməyim, kəsə-çölləmə deyim: düz yumurta döyüşdürənə əla, qərəzliyə zay.

- Bir də görürsən tanınmış bir imza sahibi kimisə nobelçidən danışırmış kimi təqdim eləyir.

- Yaxşıları görməzdən gəlmək, ortabablardan dahi, miyanələrdən şedevr düzəltmək azarı Azərbaycan ədəbi tənqidinin illərlə xroniki xəstəliyi olub.

- Səbəb nədi?

- Özünü nə qədər oda-közə vursan da, hayıf ki, ələ-baxımlıq faktorunun üstdən heç cür sükutla keçmək olmur. Müşahidələrim də mənə deyir ki, gənc və sağlam ədəbi qüvvələr tənqidə daha ləng gəlir, nəinki nəsr və poeziyaya. Nə qədər ki, ortada sifariş, qərəz, təmənna, ədalətsiz yanaşma, qeyri-obyektivlik var, bu xəstəlik sağalan deyil. Jül Renarın yazıçının xatirinə dəyən oxucu hesab elədiyi tənqidçi, mənim nəzərimdə, istedaddan da əvvəl, daha vacib bir fəzilət yiyəsi olmalıdı: müsbət reputasiya! Məsələn, Rüstəm Kamal... Mən bilən, o öz imicini məhz bunun sayəsində yaradıb, illərlə gözümüzü yağır, qulağımızı döyənək eləyən tənqidi məqalə tiplərindən imtina bacarığını ortaya qoya bildi. Ənənəvi yazıları yığcam və yüksək kondisiyalara malik esselərə çox ustalıqla dəyişdi və bəxti də onda gətirdi ki, bu, ədəbi tənqiddəki ciddi boşluqların olduğu ilə bir vaxta düşdü, dərhal da ədəbi elitanın diqqətini öz üzərinə çəkmiş oldu. Mirzə Cəlil demiş, burdan ona işarə eləmirəm ki, o yazılar həm nəzəriyyəbazlara ibrət dərsi, həm də “Azərbaycan ədəbi tənqidi” dərsliyidi, amma vaxt gələcək palazqulaq yazıların əvəzinə, ədəbi tənqid məhz bu formatda olacaq...

- Razısınız ki, ədəbiyyata yeni qüvvələr gəlib, nəsil dəyişməsi gedir?...

- Necə razı olmaya bilərəm? Söz yox ki, yaxşı nümunələr və imzalar çoxdu, bunu danmaq nainsaflıq olar. Əksinə sevinmək lazımdı. Ancaq sosial şəbəkələrin xitinə çevrilənlərin bir çoxunu vərəqləyib, yalnız təəssüfləndim. Nə qədər ki, onlara layiq olduğu dəyər verilməyib, onlar bundan yaxşı yazmayıb, elə belə də davam edəcəklər. Gəldiyim başqa bir qənaəti də deyim. Bizdə yeni-yeni intişar tapan çağdaş ədəbi nəsil ki var, Allah yollarını açıq eləsin, onlar klassiklərdən, tutaq ki, Hüqo, Balzak, Tolstoy, Dostoyevski, Cek London, Sveyq, Steynbek, Heminquey, Kamyu, Folkner, Şoloxov, Moem, Abe, Misima və Markesdən daha çox, Eko, Pamuk, Əlif Şəfəq, Kundera, Pelevin, Murakami, Sorokin, Xalid Hüseyni və başqalarından gələn ənənə əsasında formalaşır.

- Siyasətlə maraqlanırsan?

- Siyasət hər sözdən yanağı nar çiçəyinə dönənlərin meydanı deyil axı. Yəni bunun üçün də kəllə işlətmək lazımdı?

- Futbolla aran necədi? Baxırsan?

- Baxmaq niyə, 2013-ə qədər fasiləsiz olaraq futbol oynamışam və necə deyərlər, karyeramın ən gözəl qollarını əlli yaşdan sonra vurmuşam.

- Yazılarından hiss elədim ki, nərdlə də aran sazdı?

- Deyə bilmərəm hansı anlama gəlir bu, intəhası üç il Bakı şəhər çempionu olmuşam.

- Qarşıdan altmış yaş gəlir, xəbərin var?

- Tay-tuşdan, tanış-bilişdən soruşan olsa, deyərsən, ömrü yaz tufanı kimi gəlib keçən Əlabbas əlli yaşa hələ indi çatır.

- Nə mənada?

- General Şıxlinski xatirələrində yazırdı ki, mənim ölüm tariximi sevimli Nigar xanımın vəfatı günündən hesablayın. İndi də mən. Ömrümün sər-tamam on ilini tək “Köhnə kişi”nin çapı əlimdən aldı, o illəri yaşamadım mən. İşdi, şayəd, gəlib siz yaşa çatmasam, qoy dostlar da bilsin ki, papağı harda günə yandırmışam. Di Allah amanında, sən sağ, mən salamat!...

Səməd Məlikzadə

# 1088 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #