news-inner
clock13:22 calendar-gray 25 Aprel 2017 view-gray200 dəfə oxunub
view-gray200 dəfə oxunub

Rauf Əlvanın gözətçisi niyə öldürüldü? - Nigar AN

Kulis.az gənc tənqidçi Nigar Anın “Nəcib Məhfuz oxucuların gözü ilə...” esse yarışmasında ikinci yeri tutmuş essesini təqdim edir:

Nəcib Məhfuz yaradıcılığında özgələşmə problemi

(“Oğru və itlər”, “Yol” romanları əsasında)

Yaradıcılığında “ənənə və novatorluq”, “tarixilik və müasirlik” anlayışlarının vəhdətini ustalıqla yaradan Misir yazıçısı Nəcib Məhfuz dünya ədəbiyyatında koloritli əsərlərin sayını artırmışdır. Modern ərəb romanının qurucusu hesab edilən Məhfuzun əsərlərinin əsas qəhrəmanı orta statistik misirli, hadisələrin baş verdiyi məkan isə əsasən Qahirə şəhəridir. Yazıçı yaradıcılığının birinci mərhələsində roman janrına üstünlük verib, Misirin tarixini özündə əks etdirən irihəcmli əsərlər yazsa da, müəyyən “susqunluq dövrü”ndən sonra başlayan ikinci mərhələdə povest və kiçik hekayələr qələmə almışdır.

XVI-XVII əsrlərdə konseptual təlim kimi yaranan, dünya fəlsəfi və ədəbi-nəzəri fikir tarixində əhəmiyyətli yer tutan, J.P.Sartr, Q.Q.Markes, A.Kamyu və b. ekzistensialist yazıçıların əsərlərində əksini tapan “yadlaşma-özgələşmə problemi” Nəcib Məhfuz yaradıcılığından da yan ötməmişdir. Xüsusilə, fərdin cəmiyyətə özgələşməsinin əks olunduğu əsərlər kimi yazıçının “Oğru və itlər”, “Yol” detektiv romanlarını misal çəkə bilərik.

“Oğru və itlər” romanında oxucu ilk baxışdan adi məişət hadisəsinin əsərin əsas mövzusu olduğunu düşünə bilər, ancaq yazıçı əsərdə məhəllilikdən çıxaraq dünya oxucusuna bir sıra mühüm bəşəri dəyərləri çatdırmaq üçün uğurlu manevrlər etmişdir. Misirdə Camal Əbdül Nasirin başçılığı ilə baş verən 23 iyul, 1952-ci il inqilabından sonra qələmə aldığı bu romanda Nəcib Məhfuz fəlsəfi-siyasi görüşlərini sərgiləmişdir. Həcmcə qısa, ideya baxımından dərin olan bu əsərdə müəllif simvollardan, şərti-metaforizm elementlərindən məharətlə istifadə etmiş, gerçəkləri bədii donda oxucuya zövq verəcək şəkildə qələmə almışdır. Əslində əsərlərinin əksəriyyəti kimi bu romanını da Nəcib Məhfuzun avtobioqrafik əsəri adlandırmaq olar. Obrazları, hadisələri köçürməsinə baxmayaraq, ideya öz ideyasıdır - “Panərəbizm” meyilləri, milliyətçilik, Monarxiyanı devirib Respublika qurmaq, Misirin azadlığı” və s. Lakin Nəcib Məhfuz fərd kimi Millətçi partiyanın sol qanadına mənsub olan sosialist kimi düşünüb inqilabi mücadilə tərəfdarı olsa da, yazıçı kimi tolerant bir qələmi vardı – hakimiyyət dəyişikliyindən sonra onu Əbdül Nasir rejiminin antidemokratik, totalitar siyasəti də razı sala bilmir və bu ruh düşkünlüyü yazıçının əsərlərində özünü aşkar şəkildə büruzə verir.

“Oğru və itlər” detektiv romanının baş qəhrəmanı Səid Mehran da inqilabçı olmuş və 1952-ci il hadisələrindən sonra imzalanan əfv sərəncamına görə azad edilmişdir. Ancaq həbsxanaya düşməmişdən əvvəl başına gələnlər, məhbəsdə ikən keçirdiyi əzablı, təlatümlü illər, doğmalarının xəyanəti onu azadlığa çıxandan sonra yenidən cinayətə əl atmağa sövq edir. Və əsərin sonuna qədər Səid Mehranın polis tərəfindən axtarışının verdiyi həyəcan oxucunu tərk etmir. Səidin birinci düşməni ona aid olan hər şeyi – pullarını, arvadını ələ keçirən İleyş Sidra və onunla əlbir olan qadını Nəbəviyyədir. İlk baxışdan ailə-məişət müstəvisində olan xəyanət kimi başa düşülsə də, əslində İleyş Sidra da, Nəbəviyyə də şərti obrazlardır. Səid xalqı təmsil edir, onun pullarını ələ keçirən fərdlər isə hakimiyyəti – əsl oğruları.

Səidin bir zamanlar inqilabi yazar olan, əvvəllər “dost” dediyi Rauf Əlvanla düşmənçiliyinin isə elə ilk sətirlərdən məişət zəminində olmadığı aydın olur - bu, ideya xəyanəti, şəxsiyyət müstəvisində xəyanət idi və bəlkə də bu xəyanət Səidi daha çox ağrıdırdı. Bir zamanlar Səid və onun kimi bir çox gənci yetişdirən, onları inqilabi mübarizəyə, azadlıq mücadiləsinə hazırlayan, “Bizə ancaq iki şey lazımdır – silah və kitab” deyən, varlılardan oğurlanan pulları kasıblar arasında bölməyi ədalətli bir iş hesab edən adam indi bahalı villada yaşayır və hər gün öz ideyalarına xəyanət etməklə məşğuldur.

Səid bəsit bir oğru deyildi – bunu vaxtilə ən çox təsdiq və təqdir edən də elə Rauf Əlvan olmuşdu. Əfqan əsilli Amerikalı yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanında dünyada ən böyük günahın “oğurluq” olduğu deyilir: “Dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlifformalarıdır.Sən adam öldürəndə onun həyatını oğurlayırsan - arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə başqasının ədalət haqqını oğurlayırsan”. Səid Mehranın oğurluğu isə saf oğurluqdur - ədalətin bərpa edilməsi, “oğurluğun olmaması üçün edilən oğurluq”.

Qəhrəmanın təbiətində bir yadlaşma gedir. Lakin onun yadlaşması nə F.Dostoyevskinin Raskolnikovunun (“Cinayət və cəza”), nə A.Kamünün Mersosunun (“Yad”) özgələşməsinə bənzəyir. Raskolnikov da etdiyi cinayətə haqq qazandırır – qarını öldürməyini bir insanı öldürmək kimi deyil, cəmiyyəti bir mikrobdan xilas etmək kimi qiymətləndirir və insan faciəsinə yadlaşdığını sübut edir. “Yad”ın baş qəhrəmanı Merso isə yaradılışından vecsiz, nihilistdir, onun heç anasının dünənmi, bu günmü öldüyü belə yadında deyil. Bəs Səid Mehranı yadlaşdıran nədir? Adamlar, hadisələr. O, yadlaşmaq istəmir, ancaq gedişat buna imkan vermir, məcburiyyət və məhrumiyyətlər Səidin duyğularını, hisslərini əzir və sonda o, artıq heç nə hiss edə bilmir, ölümü belə özünü maraqlandırmır.

Səidin qadınlara münasibətində də bir yadlıq hiss olunur, belə ki, sevdiyi qadın Nəbəviyyənin xəyanətindən sonra o, hətta qızına da tam doğmalıq hiss edə bilmir. Düzdür, ona atalıq hissi bəsləyir, həbsxanadan çıxanda qızını görmək üçün can atır, ancaq balaca qızın ondan qaçması Səidi onun uğrunda mübarizəyə sövq etməkdənsə, daha da çəkindirir. Nura olan hissləri isə yalnız mərhəmətdən ibarətdir – bir qadın üçün bu, ən ağır əzab növüdür.

Səid əsl oğrulardan – satqınlardan, xəyanətkarlardan intiqam almaq istəyərkən istəmədən də olsa, məsum insanların canını alır. İleyş Sidranı və Nəbəviyyəni öldürmək əvəzinə günahsız yerə tanımadığı Şaban Hüseyn adlı birini öldürməsi ona özünü olduqca günahkar hiss etdirir. Ancaq ikinci “yanlış cinayət” Səidi artıq birinci dəfəki kimi narahat etmir o, törətdiyi cinayətə haqq qazandırmaqla insan faciəsinə də özgələşir: “Mən Rauf Əlvanın gözətçisini öldürməmişəm. Axı tanımadığım və məni tanımayan adamı necə öldürə bilərəm? Rauf Əlvanın gözətçisi sadəcə Rauf Əlvanın gözətçisi olduğu üçün öldürüldü”. Bir cinayətə bu qədərmi poetik haqq qazandırılar? Sanki edilən bütün cinayətlər haqlıdır...

İstəmədən cinayətə əl atması Səidi “Yol” romanının qəhrəmanı Sabirlə yaxınlaşdırır. Hər ikisini dar ağacına aparan səbəb – cinayətlər, yolda keçirdikləri həyəcan, təlaş, ümid və sondakı vecsizlik, oxşar olsa da, cinayət törətmək məqsədləri fərqlidir. Sabir bunu rahat yaşayış, maddiyyat üçün edirsə, Səid şərəfi, namusu, heysiyyəti üçün etmək istəyir. Hər iki əsərin sonu gözlənilməz, novellavari bitir. Oxucu qəbiristanlıqda gizlənən Səidin bu əzablı dirənişdən sonra çıxış yolu görmədiyi üçün özünü öldürəcəyini düşünür, ancaq o, son gülləsinə qədər vuruşur və polisə təslim olub-olmamağın artıq onun üçün heç bir fərqi olmur. “Hər şey bitmişdi, heç nə vecinə deyildi... Heç nə...”

“Yol”un qəhrəmanı Sabir də yaşadığı mühitə, öz taleyinə yaddır, sanki onun üçün yazılan ömrü yaşamağa məcburdur. O, “azadlıq, ləyaqət, rahatlığ”ını təmin etmək üçün qarşısında iki yol görür – varlı, tanınmış bir insan olan atasını – Seyid Rəhimini tapmaq; cinayətə əl atmaq. Atasını tapmağı ona ömrünü “çirkab yollarla” pul qazanmaqla keçirən anası ölüm yatağında tapşırmışdı, oğlunun xilasını, nicatını bunda görmüşdü. İsgəndəriyyə və Qahirədə uzun müddət davam edən axtarışlar bir nəticə vermir və Sabir ikinci varianta əl atır. Əslində bunu istəməzdi Sabir, ağır peşmanlıq hissi yaşayacağını dar ağacına getməmişdən də hiss edirdi. Ancaq xaraktercə zəif, müftə - anasının “əyri yol”larla qazandığı pulla günlərini eyş-işrətdə keçirən, heç bir sənətə, peşəyə yiyələnməyən adamdan bundan artığını gözləmək də ancaq ideallaşdırılmış obraz gözləntisi olardı. Nəcib Məhfuz yaradıcılığını fərqləndirən də onun qəhrəmanlarını məhz ideallaşdırmaması, müsbət və mənfi tərəfləri ilə birlikdə - olduğu kimi oxucuya təqdim etməsidir. Təsadüfi deyil ki, yazıçı Nobel mükafatını “Bütün bəşəriyyət üçün məna kəsb edən, incəliklərlə zəngin ərəb hekayələrinə və realizmə görə” almışdır.

Nəcib Məhfuz liberal yazıçı kimi dəyərləndirilir, buna görə də əsərlərinin qatı dindarlar tərəfindən narazılıqla qarşılandığı məlumdur. Yazıçıya hətta ölüm hökmü oxunmuş və bu da onun yaradıcılığına təsirsiz ötüşməmişdir. Belə ki, Məhfuzun işıq üzü görən “Yeddinci göy” adlı sonuncu kitabı ölümdən sonrakı həyatdan bəhs edir. Lakin hələ 1964-cü ildə yazdığı “Yol” romanında Sabiri dar ağacına qədər gətirməsi və ölüm dəhşətini yaşatması sanki iyirmi beş il sonra eyni hadisənin öz başına gələcəyinin bir işarəsi idi.

“Yol” romanındakı bir süjet xətti də Sabirin iki qadınla münasibətidir. Eyni anda münasibətdə olduğu qadınlara qarşı anlaşılmaz duyğular bəsləməsi onun “məhəbbət” adlanan hissə yadlığından xəbər verir. Sabiri Kəriməyə bağlayan şəhvani hisslər və cinayət planıdırsa, İlhama olan sevgisi ondan öz istəyi ilə əl çəkdirəcək qədər safdır, məsumdur.

Qəhrəman cinayət üstünə cinayət edir, var-dövlət və gözəl Kəriməni əldə etmək üçün öldürdüyü Xəlil Nacədən sonra Sabirin Kəriməyə də inamı itir və sevgilisini də danışmaq imkanı vermədən qətlə yetirir. Artıq onun üçün atası Seyid Seyid Rəhimini axtarmağın heç bir mənası qalmamışdır, lakin həyat şirindir, həbsxanada belə xilas olacağı ümidi ilə yenə də atasından bir xəbər gözləyir.

Bu roman da “Oğru və itlər” kimi gözlənilməz sonluqla bitir. Oxucu mütləq xoş bir sonluq, xoş olmasa belə Sabirin atasını tapacağı sonluğunu gözləyirdi, ancaq Rəhimi nəinki ortaya çıxır, hətta əsər sanki yarımçıq qalır. Yol ayrıcında qalan Sabirin sonunu müəyyənləşdirmək oxucunun ixtiyarına verilir. Ölüm hökmünü ömürlük həbslə əvəz etməyə çalışan vəkil bunu bacaracaqmı? İmkanlı, hər qitəni gəzən atası Sabiri məhbəsdən xilas edəcəkmi? Bu suallara müsbət cavab verilməsə də, mənfi bir şey də görünmür və oxucu əsəri tamamilə öz istəyinə uyğun sonlandıra bilir. Bu, yazıçının öz qəhrəmanının taleyinə yadlaşması deyilmi?!

news-inner-user

17199 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Qadın yazarın yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini - Ayxan Ayvaz yazır...
13:01 04 Dekabr 2020
Aqşin Yenisyey: “Bundan sonra hər gün “sayğı duruşu”nda dayanacağıq”
12:23 04 Dekabr 2020
Anar Vətən müharibəsindən danışdı: “Arzu edirəm ki...”
11:50 04 Dekabr 2020
Bir dəqiqə sükut... Gəmi siqnalı... – Günün şeiri
11:16 04 Dekabr 2020
Avropada şeir festivalında olan Ramil Əhməd: “Xalqımıza qarşı çox böyük sevgi gördüm”
10:45 04 Dekabr 2020
Mən də gedim komandir... – Döyüşçü-şair şəhid olan dostlarına şeir yazdı
10:15 04 Dekabr 2020
Bu gün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
09:45 04 Dekabr 2020
Daşları yuxarıdan-aşağı maşının üstünə yağdırdım - Bircənin romanı
09:01 04 Dekabr 2020
Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
04:14 04 Dekabr 2020
Gələn il Ağdamda özümə toy edəcəm – Aqil Abbas yazır...
21:49 03 Dekabr 2020
Aktrisa evində ölü tapıldı
18:57 03 Dekabr 2020
İşğaldan azad edilmiş rayonların kitabxanaçıları ilə görüş keçirildi
18:22 03 Dekabr 2020
Əməkdar rəssam vəfat etdi
17:54 03 Dekabr 2020
Vudi Allen yeni film çəkməyə hazırlaşır
17:19 03 Dekabr 2020