Peşəsinə görə bacısı ilə hədələnən jurnalist

Peşəsinə görə bacısı ilə hədələnən jurnalist
8 aprel 2017
# 09:00

Kulis.az “Naməlum kino” layihəsində Oqtay Mirqasımovun 1987-ci ildə çəkdiyi “Şeytan göz qabağında” filmini təqdim edir.

Süjet: Filmin qəhrəmanı “Respublika” qəzetinin əməkdaşı Teymur Alimov (Fəxrəddin Manafov) ekoloji problemlərdən yazır. O, prinsipiallığı, kompromissiz məqalələri ilə tanınır. Teymur gələcək karyerası üçün Moskvaya, ordan da xaricə getməyə hazırlaşır. Bu ərəfədə qəzet redaksiyasına rayonlardan birində çayın qabağını kəsməklə balıqların kütləvi ovlanması haqda anonim məktub daxil olur. Amma Teymur Moskva səfərindən qalmaq istəmir. Onunla birgə işləyən, sevdiyi qadın Sona (Larisa Xələfova) onu qorxaqlıqda günahlandırır. Hərçənd, qəzetdə rəhbər vəzifələrindən birini tutan Nazimzadə (Yaşar Nuri) Teymurun bunu araşdırmasını istəmir. Çünki o da bu adamlarla əlbirdir.

Cinayətin şahidi olmuş sadə vətəndaş (Hacı İsmayılov) Teymura qanunsuz ovun vaxtını xəbər verir. Moskva səfərindən imtina edən Teymur hadisə yerinə gedərək kütləvi balıq ovunu fotolentə alır. Amma cinayətkar dəstə duyuq düşür, onun fotoaparatı əlindən alınır, özü təqib olunur. Teymur onlara yaxalanmaqdan qurtulur, yaxınlıqdakı milis şöbəsinə məlumat verir.

Milis isə onu həbs edir və maşını oğurlanır. Rayon rəhbərliyi onun nüfuzlu qəzetdən olduğunu bilərək, azad edir. Teymur başa düşür ki, cinayətə rəhbərlik edən rayonun birinci katibi Nəzərov (Rasim Balayev), milis rəisi Paşayev (Hamlet Xanızadə) və başqa vəzifəli şəxslərdir. Onlar Teymuru pulla şirnikləndirməyə çalışır. O, isə təslim olmur. Kömək üçün zona müxbiri Sabirə (Həsən Məmmədov) müraciət edir. Sabir əvvəlcə boyun qaçırsa da, sonradan kömək etməyə razılaşır.

Teymur fotolentin neqativlərini əldə edə bilir və sübuta yetirir ki, Su Elektrik Stansiyasının rəhbərliyi çayın qabağını alır, nəticədə balıqlar dayaz yerə düşərək ölür. Onlar satılaraq vəzifəli şəxslərə böyük gəlir gətirir.

Teymuru qətlə yetirmək istəsələr də, o rayondan qaça bilir. Məqalə qəzetdə çap olunur...

Kriminal dram janrında olan film jurnalist araşdırması, reportaj, dokumental manerada çəkilib. Hərəkətli kamera, qırıq, sürətli montaj, minimal gərgin musiqi əhvalatı daha da dinamikləşdirir, tamaşaçını həyəcanda saxlayır.

Teymurun araşdırmasından narahat olan yüksək vəzifəli məmurlar onu təqibə başlayır, addım-addım izləyirlər. Bəzi epizodlarda təqibi rejissor vizual yox, kadrarxası səslə həll edib. Kadrda Teymur maşında görünür, kadrarxasında səslənən müxtəlif kişi səsləri ondan yaxa qurtarmağın yollarını axtarır. Belə bir fənd filmin janrı ilə tamamilə ilə orqanikləşir.

“Şeytan göz qabağında” yenidənqurma illərinin məhsuludur. Yenidənqurma milli kinomuzda həm məzmun, həm üslub baxımından yeni, cəsarətli baxışa səbəb oldu. Film kinomuzun uğurlu ekran əsərlərindən sayıla bilər. Üstəlik, qaldırılan problemlər, süjetin çoxmənalılığı günümüzdə daha da aktualdır.

Maraqlı epizodlardan biri raykom katibinin Teymurun inadkarlığından əsəbiləşərək kresloda yayxanması və başının üstündə asılan Qorbaçovun portretinə sanki bir qəzəblə, məzəmmətlə baxmasıdır. Yaxşı düşünülmüş mizan partokratiyanın yenilənməyə qarşı narazılığının təsviridir.

“Şeytan göz qabağında” korrupsiya, rüşvətxorluq, şantaj, hədə-qorxu üzərində qurulan sovet quruluşunun məhvinin labüdlüyünü göstərir.

Zona müxbiri Sabir həqiqəti yazdığı üçün evi yandırılır, oğlu şikəst edilir. SES-in mühəndisi, Teymurun çoxillik dostu (Eldəniz Rəsulov) çayın qarşısını bilərəkdən kəsilməsini təsdiqləməkdən çəkinir. Sabir Teymura kömək edəndə onun maşınına spirtli içki, balıq qoyub şərləyirlər.

Rayon rəhbərliyi cinayətdən yaxasını qurtarmaq üçün kiçik adamları qurban vermək istəyir. Teymura təzyiq eləmək üçün şəxsi həyatına müdaxilə edirlər. Bacısı imkanlı ailənin nişanlısıdır. Qayınatası məqalə çap olunacağı təqdirdə nişanı qaytarmaqla hədələyir.

Teymurun mübarizəsi fonunda kadrarxasında çap makinasının səsi eşidilir.

Çap makinasını burda Teymurun mübarizəsinin fon gücləndiricisidir, yəni heç nəyə baxmayaraq Teymur mübarizədən çəkinməyəcək və məqalə yayımlanacaq.

Finalda məqalə çap olunur. Teymurun oğurlanmış maşını isə əzilmiş şəkildə ona qaytarılır. Ədalətin, haqqın bədəli çətindir, amma buna görə mübarizə aparmağa dəyər.

Bakıda və Mingəçevirdə lentə alınan filmin ssenari müəllifi Asim Cəlilov, operatorları Ələsgər Ələkbərov, Nizami Abbasov, bəstəkarı Rafiq Babayevdir.

# 4458 dəfə oxunub

Oxşar xəbərlər

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

İnancın ən ağır sınağının təsviri - "İshaqın qurban verilməsi" tablosu

13:30 4 oktyabr 2026
Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan  "Qraf Orqasın dəfni"

Fani dünya ilə ilahi aləmin qovuşduğu yer - El Qrekodan "Qraf Orqasın dəfni"

14:30 1 oktyabr 2026
Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

Teatral işıqda İsanın cansız bədəni – Karavacconun “Məsihin dəfni” tablosu

15:30 29 sentyabr 2026
“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

“Daha körpələrə kəfən çatmasın” - Mehdi Dostəlizadənin yeni şeirləri

15:00 29 sentyabr 2026
Derbi - Vüsal Bağırlının yeni hekayəsi

Derbi - Vüsal Bağırlının yeni hekayəsi

12:00 29 sentyabr 2026
Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

Mastroyanni niyə “zəif kişiləri” oynayırdı? - Kino əfsanəsinin sirlərlə dolu həyatı

17:00 28 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər