Aydın Dadaşov kimi gözləyirdi? – ALİYƏ YAZIR

Aydın Dadaşov kimi gözləyirdi? – ALİYƏ YAZIR
27 mart 2017
# 12:30

“Dünən bağda: "Savadın var, dilin də acı olmasaydı bir vəzifə tutub, beş-altı yüz qarabağlının evinə çörək aparmasına imkan yaradardın" - deyən, pedaqoq kimi uzun illər Neft Akademiyasında çalışmış qohumuma cavabım: "Kotanı dartıb yer şumlayan traktorun ardınca uçan qarğalar, məqsədin soxulcan çıxarmaq olduğunu zənn edərlər!" - cümləsi oldu. Qohumum məni söyüb getdi...”

Bu sərrast cavab elə xoşuma gəlmişdi ki, Aydın Dadaşovun Facebookdakı bu statusunu iki dəfə paylaşmışdım. Bir cavabla Aydın müəllim pedaqoq qohumuna ziyalı sözünün tərifini verir.

Aydın Dadaşov xatirələrdə yazılan kimi heç kimi dolamırdı, o, həqiqətlə, ya da həqiqəti bildiyi ilə mükafatlandırırdı - müsahibin üzünə yox, hədəfə çırpdığı dəqiq təyinlərlə, çevikcə tapıb söylədiyi, kobudluq olmasın deyə ətrafına müsahibinə təriflər düzdüyü amansız metaforalarla.

Son vaxtlar elmi işə bağlı Aydın müəllimlə görüşdük. Hər görüşsə mütləq bir imtahan idi-mütləqa janrın, fabuladan, süjetdən, ekspozisiyadan hansınınsa birinin tərifini soruşurdu, özü də cavab verirdi. Təxmini cavabları sevmirdi. İstəyirdi peşəkar olaq. Aydın Dadaşovun tələbləri yüksək idi, onun qarşısında özünü dolu stəkan kimi yox, iri qabın dibində bir stəkan su kimi hiss edirdin. Arada mənə elə gəlirdi ki, onun cüssəli görkəmi, qətiyyətli intonasiyası elmin gücünü göstərmək üçün verilib ona.

Amma onunla görüşmək tək imtahan narahatlığı deyildi. Onunla hər görüş kimisə gözləmək üzüntüsü, gərginliyi kimi bir şey idi. Sanki Aydın Dadaşov kimisə axtarır, gözləyirdi, o adamsa gəlib çıxmırdı, vaxt daralır, onu darıxdırırdı, gərginlik də buna müvafiq artırdı. Və qəflətən Aydın Dadaşov onunla birgə gözləməyə nəfəsinin çatmadığını başa düşüb gözlənilməz bir sitatla görüşə, söhbətə nöqtə qoyur, səni yola salırdı. “Bəlkə də Aydın Dadaşov konkret kimisə gözləmir, bizdən çox şey gözləyir”- yolda bağışladığı kitabını açanda son qənaətə gəlirdim. Dolaşıq, uzun, əvvəli ilə sonunu güclə uzlaşdırdığım cümlələrinin arasında yenə də nəfəsim çatmırdı, amma sətirlərdə, seçilən sözlərdə Aydın müəllimin ruhunu duyurdum.

İş orasındadır ki, Aydın Dadaşov bomboz elmi mühitdə şəxsiyyət olaraq maraqlı, haqqında qadınların “qəribə” dedikləri gözlənilməz adamlardan idi. Və biz onun haqqında sağlığında da danışırdıq. Danışa-danışa, gülə-gülə biz onu mifləşdirirdik. Az qala hər fikrin dramaturgiyasını qurur, bəzən özü də baş rolda oynayır, gözləmədiyin yerdə ideyanı tapmağı da sənin fəhminə buraxıb gedirdi. Və ya gözlənilməz replikaları ilə şablon tədbir atmosferini dağıda bilir, növbətçi tədbir təşkilatçılarının da qanını qaraldırdı). “Bəlkə də kosmosda nadir olan həyatı, zamanı ciddi bir şeyə xərcləmək lazımdı” - Tədbirin artıq mənasını tamamən dəyişmiş finalından belə bir ali ideya çıxarırdıq gülümsəyə-gülümsəyə...

Və o gözəl mart günündə ondan hər şeyi gözləyirdik, amma doğrudan ölməyi yox.

“Doğrudan ölmək” nədir axı, Aydın müəllim? Bəlkə yenə də ideyanı düz tapmamışıq?...

# 2938 dəfə oxunub

Oxşar xəbərlər

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

"Başqasının səmasında ulduz olacaqsan..." - Məşhur "Black" necə yarandı?

17:00 31 avqust 2026
Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

Barokko işığında küçə estetikası - Dan Vitzin məşhur əsərləri

16:00 31 avqust 2026
Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

Napoleonun portretlərini çəkən məşhur neoklassik rəssam - Jak-Lui David kimdir?

12:30 30 avqust 2026
Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

Napoleonu "Yupiter" kimi təsvir edən rəssam - Jan Ogüst Dominik Enqr kim idi?

12:00 29 avqust 2026
"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın  "Qızıl pillələri"

"Haradan gəlib hara getdiyi bilinməyən qadınlar..." - İngilis rəssamın "Qızıl pillələri"

17:30 28 avqust 2026
Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

Ölümsüz qocanın başına gələnlər - Andrey Platonovun hekayəsi

10:00 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər