Aliyə Dadaşova: "Hərdən deyirlər ki, qərəzli yazır"

Aliyə Dadaşova: "Hərdən deyirlər ki, qərəzli yazır"
30 yanvar 2017
# 16:54

Aliyə Dadaşova günümüzdə teatrşünas kimi tanınan, teatr proseslərinə tez və konkret reaksiya verən gənc tənqidçilərdən biridir. Peşəkar, yaşlı teartşünasların olduqca politkorrekt davrandığı, daha çox tərif yüklü məqalələr yazdıqları bir dövrdə onun kəskinliyi və sürətli reaksiyası xüsusilə maraq doğurur. Aliyə xanım tənqid işinin özəllikləri, teatr prosesinin vəziyyəti və başqa aktual məsələlər barədə Meydan TV-yə danışıb.

- Aliyə xanım, gəlin ondan başlayaq ki, hər dəfə sizin tamaşalar barədə yazılarınızı oxuyanda mənə elə gəlir, son on ildə İncəsənət Universitetindən bircə nəfər teatrşünas çıxıb. Halbuki, hər il eyniadli fakültəni onlarla tələbənin bitirdiyii bilirəm. Sizcə, o tələbələr diplomu alıb hara yoxa çıxırlar?

- Siz özünüz də o fakültəni bitirmisiz, bilirsiz. Teatrşünaslıqda qabiliyyət imtahanı vermirlər. İldə məzun olan 30 teatrşünas tələbənin 99, yox, hətta 100 faizi təsadüfən o fakültəyə düşür. Heç qəbul olana kimi mənim özümün də yadımda deyildi ki, o ixtisası seçmişəm. Oxuduğu 4 il ərzində də əgər təsadüfən və nadirən yaxşı bir tamaşa görsə, teatrı sevsə, onda güman var ki, o teatrdan yazmağa başlayar. Mənimlə məhz bu baş verdi. Demək belə bir az bayağı çıxsa da. O dərəcədə ki, hətta aktrisa kimi teatrlardan birində işləmək istəyirdim. Çoxu ilə bu olmadı. Diplomu alıb getdilər qaldıqları yerdən həyatlarına davam etməyə. Amma bircə nəfər deyil, daha iki-üç nəfər var ki, onlar da ardıcıl olaraq teatrdan yazırlar. Teatrşünaslar Elçin Cəfərov, Könül Cəfərova. Onların yazılarını, fikirlərini izləyirəm. Ədəbiyyat adamları ara-sıra teatrdan yazırlar. Mütləq oxuyuram. Həm də elə bu bir neçə tənqidçi bizim teatra bəs edir, məncə - yəni bu məsələdə tənqid prosesə adekvatdı.

- İkinci bir dərd də budur ki, yaşlı, peşəkar tənqidçilər də demək olar ki, yoxa çıxıb. Yoxa çıxıb deyəndə, ola bilər onlar hansısa dərgilərdə, saytlarda nələrsə barədə yazırlar. Amma ya mətnləri diri deyil, ya günümüzlə ayaqlaşa bilmirlər, ya da nə varsa biz onların yazılarını görə bilmirik. Bəlkə mən yanılıram? Siz yaşlı tənqidçilərin məqalələrini izləyirsinizmi?

- Bizim teatr adamlarında peşəkarlıq meyarlarından biri nədənsə yaşdır. Gəncsənsə, açıq tənqid yazırsansa, bu diletantlıqdır. Yaşlısansa, susursansa və politkorrekt şəkildə lazımi məqalələr yazırsansa, deməli, peşəkarsan. Bu, tənqidçi uzaqgörənliyi deyil. Tənqidçi uzaqgörənliyi prosesi bütöv halda bütün qatlardan görə bilməkdir, özünun istiqamətini təyin edə bilən, üfüqlərini hiss edən adamdır. O rakursdan baxanda, əlbəttə, mənim kimi, yəni media tənqidçisi kimi hər tamaşadan da yazmaq lazım deyil, belə tənqidçi prosesdə göstərici olan məqamları - tamaşaları seçir. Məsələn, Aydın müəllimin (Talıbzadə) yaradıcılığı bu baxımdan əhəmiyyətlidir və deyəsən elə saytlara ən çox yazan yaşlı nəsil tənqidçi də odur.

- Keçək teatrlara. Aliyə, istərdim, səmimi cavab verəsiniz. Bu gün teatrdan yazmağınıza daha çox kimin ehtiyacı var – sizin, teatrın, yoxsa izləyicinin-oxucunun?

- Ən əvvəl özümün. Baxırsan və istəyirsən nələrisə bölüşəsən. İnanmıram, teatr mənim yazdıqlarıma elə bir ehtiyac duya. Həm də tamaşadan mətbuata yazmaq bir cür müsibətdi. Yenə filmləri hər kəs qabağına qoyub baxa, sonra resenziyanı oxuya bilər. Tamaşadan yazanda nəzərə almalısan ki, oxucunun əksəriyyəti o tamaşanı görməyib. Hətta görənlər də məhz sənin baxdığını görməyib. Ona orda işığın necə olması maraqlı deyil. Ona görə teatr tamaşasından yazmağı həm də mövzudan yazmağa fürsət sayırsan.

Bir də bizdə sırf teatr nəşrləri yoxdur. Qəribə odur ki, Bakıda iki ildən bir beynəlxalq teatr konfransı keçiririk, amma bir dənə teatr nəşrimiz, dərgimiz yoxdur. Ona görə də teatr adamları media tənqidçisindən nəzəri məqalələr umurlar. Amma axı bu nəzəriyyə interaktiv saytlar üçün maraqlı deyil. Hələ teatr adamlarının özlərini demirəm. Bax elə bu günlərdə çevirdiyim post-dramatik teatr haqda məqaləni 4 saata 73 nəfər oxuyub. Halbuki belə məqalələr sırf teatr profilli dərgilər üçündür.

- Yazılarınızda tənqid təhlildən daha artıq olur. Bu da məlumdur ki, bizim sənət adamları tənqidə o qədər də dözümlü deyillər. Sizdən inciyən, küsən, hədələyən, yanıldığınızı izah etməyə çalışanlar çoxmu olur?

- Hərdən olur ki, deyirlər, qərəzli yazır, nə bilim, sifarişdi. Teatrın intriqaları dəhşət olur. Bunu son qalmaqallardan bilirsiniz. Amma bəxtimiz gətirir ki, teatr adamlarının çoxu indi-indi ciddi şəkildə izləyir mətbuatı.

Oxuyan təbəqə də dözümlü yanaşanlar, hətta təşəkkür belə edənlərdir. Tənqidi heç kim sevmir. Olsa-olsa ona laqeyd ola bilərsən, vecinə gəlməz, tənqid edənin özünü bəyənməzsən, ağıllı adam saymazsan. Amma yenə də ən pis tənqid yalançı tərifdən yaxşdı.

Tənqid həm də bir az xatırlatmaqdır. Sənətçi öz məsuliyyətini sorumluluğunu hiss eləməlidi. İnsandan yana sorumlu olduğunu. Tənha qalan, yaşam gücünü itirən, düşünmək istəyən, fərqli ünsiyyət axtaran və heç, ümumiyyətlə, teatrın nə olduğunu belə bilməyən insandan yana.

Axı teatrı tarixi uzatmaq üçün yaşatmırlar, ya da onun ənənələrini nəsildən nəslə ötürmək üçün. Teatr bir ünsiyyət qatıdır.

Tənqidə münasibət özü elə qərəzlidir. Elə bilirlər, dözülməz tamaşaya düşəndə də "aha, fürsət düşdü, gedim bu tamaşanı pisləyim" - deyə bir maniyamız var, halbuki, o gün öz-özümə deyirdim: "Əlbəttə, mən Allahın lənətinə keçmişəm, yoxsa bunun bir izahı yoxdur" .

Hətta tənqidçi təəssübkeşliyi deyə bir şey də var: ümumi mənzərəni düşünürsən, xüsusən özünü könüllü şəkildə səhnənin qaranlıq ağzına atan adamları - aktyorları düşünürsən.

- Son illərin tapıntısı, kəşfi hesab olunacaq teatr prosesləri, tamaşalar və ya aktyorlar varmı? Varsa, hansılardır, özəllikləri nədir?

- Bu, çətin sualdır. Ona görə yox ki, proses-zad getmir, hər şey pisdir, kimsə yoxdur-filan. Ona görə ki, burada o dediyim əsl tənqidçi uzaqgörənliyi lazımdır və o bəlkə də məndə mənfi iki dərəcədi.

Ümumiyyətlə, heç bir halda teatra ayrıca bir predmet kimi yanaşmaq düz deyil. Bu gün nə baş verir? O, dünəndən nə ilə fərqlənir? Məsələn, bu gün informasiya axını dəhşətli dərəcədə güclüdür. İnsanın bu axının qabağında dayanmağa gücü yoxdur. Siyasət, sosial media, TV hamısı bolluca sözdü. Heç kimə heç nə eləməyən söz. İndi bu tək-tək olanda zəif, amma sellə gələndə adamı yıxan söz teatrda adamlara nə edəcək? Ona görə bugünün teatrı sözlə bağlı böhran keçirir. Amma bizim teatrda monoloqlar deyirlər, gözünə pafos qatırlar. Hərdən mənə elə gəlir ki, teatrda söz yox, bir vaxtlar Artonun istədiyi kimi səslər, hətta qırıq-qırıq səslər olmalıdır.

Çünki söz heç nə eləmir daha.

Qoy sənə bir şey danışım. Bir-iki il əvvəl yaxın bir qohumum ağır xəstəlik keçirirdi. Bütün müayinələr boyu yanında oldum. Elə diktor mətn deyən kimi ona bir dünya söz - informasiya deyirdim: "Ay indi tibb inkişaf edib, ay nə bilim, əvvəlki deyil, əsas olan vaxtında müalicədir-zad". Əməliyyat günü onu soyunduranda uşaq kimi əllərini yuxarı qaldırdı ki, köynəyini çıxarmağa kömək edim. Bu mənzərəni görəndə birdən sanki şok oldum.

Ortayaşlı qadın balaca uşağa oxşayırdı, amma əllərini də təslim olurmuş kimi qaldırmışdı. Bu jestlə mən onun halını duydum. Sözlər lazım deyilmiş, mənsə bayaqdan onu duymadan çərənləyirdim.

Bu, gündəlik həyatdan olan epizoddu. Amma teatrın gücü gizlənib orada. Jestin təsir gücü.

Ona görə də "bizdə tamaşaçı bayağılığa meyllidi", "sənət kiməsə lazım deyil" fikirlərini bəhanə sayıram. Tamaşaçı var və o, hardasa darıxır.

İndi yeni müstəqil teatrlar yaranır. Hətta primitiv olsa belə yeni teatrların yaranması, mövzuların dəyişməsi, yeni ünsiyyət deməkdir. Rəng deməkdir. Plüralizm deməkdir. Bizdə mövzular da o qədər az dəyişib ki, zəif tamaşalar belə mövzusuna görə böyük hay-küylə qarşılanır. Amma bunun özündə də is heç nə yoxdur - hər şey yaxşılığa doğrudu.

Konkret tamaşalara gəlincə, Yuğ teatrının "Naməlum Axundzadə"si, "Medeya. Sekvensiya 001"-i, Oda teatrının iki-üç il əvvəl oynadıqları "Tikanlı məftillər"i, Gənc Tamaşaçılar Teatrının "Lineyn trilogiyası", İradə Sayyanın Musiqili teatrdakı "999-cu gecə" unutduğum xeyli başqa tamaşalar xeyli ciddi qüsurlara rəğmən yalnızca təqdimat formasına, aktyor oyunu və rəqsdə tapdığı alternativlərə görə "Yasaq cəh-cəhlər", Akademik tearın "Şah Qacar"ını müxtəlif aspektlərinə görə bugünün sosial-mədəni mühitində göstərici hesab edirəm.

- Bütün dünyada teatr həm məzmun, həm texnika olaraq xeyli yeniliklər yaşayır. Məsələn, elə Rusiyada son günlər adı çox hallanan Teatr.DOC teatra xeyli yenilik gətirib. Bizdə isə sanki illərlə heç nə dəyişmir. Nə texnikada, nə məzmunda. Sizcə, bunun səbəbi nədir? Konservativlik, yaradıcı azadlığın olmaması, bu dəyişikliklərdən xəbərsizlik...

- Bunların hamısı. Amma həm də odur ki, bizim yeniliyi kənardan gətirmək kimi bir ənənəmiz var. Sovet teatrından qalma ənənədir. Pis tərəfi də odur ki, kənardan gələndə onun təyinatı yolda itir. Buralara gəlib çıxmır. Teatrsa içində oldugu mühitin ünsiyyət faktı olmalıdır. Formanı kənardan gətirib məzmunu milli eləməklə deyil. Forma elə burdakı məzmundan yaransa, onda bizim teatrımız olacaq. Milli teatr. Yoxsa "Azdrama" olacaq.
Bir də mən saytlar üçün sənət adamılarından müsahibələr edirdim. Onlardan mütləq hər dəfə hansı kitabları, müəllifləri oxuduğunu soruşurdum. Əksər teatr adamları bu günün ədəbi proseslərini izləmirdi. Yerli prosesi ən azından. Məsələ oxuyub onu teatra gətirmək deyil, sadəcə belə qapalı, hermetik mühitdə hansı dəyişiklikdən danışmaq olar?

Yaradıcılıq özü elə azadlıq deməkdir. "Yaradıcı azadlıq" tabu mövzuya toxunmaq, nə bilim "streotipləri sındırmaq" streotipi deyil. Yaradıcı azadlıq hər halı ilə insanı duymaq qabiliyyətidir. Adamları inandırmaqsa artıq peşəkarlıqdır. Məsələn, kinorejissor Verner Fassbenderin (yaradıcı adam və azadlıq deyəndə yadıma o düşür niyəsə) obraz məsələsində hansısa çərçivəsi yoxdur, amma tamaşaçısını Meri Braunun ziddiyyətlərinə, azadlığına, hisslərinə inandırmaq artıq onun peşəkarlığıdır. Belədə konservativ olmaq da mümkün deyil. Ümumiyyətlə, dəyişiklik bir-biri ilə bağlı olan o qədər məsələdən asılıdır ki..

- Sonda rejissor İnyaritunun son filmlərindən "Bördmən"in qəhrəmanının sualına cavab verməyinizi istəyərdim: İnsanın həyatında nə baş verir ki, o, tənqidçi olur?

- Həyat yoldaşım aktyordu. Bir dəfə mənə dedi ki tənqidçilik əsl sənət deyil, hamı pis-yaxşı ortaya məhsul çıxarır, sizsə olsa-olsa məhsul haqda danışır və yazırsız. Bu söz ağlıma batmışdı. Hər kəs fikir deyə bilər onsuz da və deyir. Ən azı sosial şəbəkələrdə. Amma indi düşünürəm ki, bu, tənqidə loru yanaşmaqdır. Tənqid baş verənləri geniş kontekstdə dərk etmək, düşünmək ehtiyacıdır. Sadəcə, indi cəmiyyətin tələbləri təklifləri başqadır. Ya "bəyən" düyməsi verir, ya da "kişik şərh yaz" təklifi -"bəyənmirsənsə, zəhərini tök" deyə.

“Bördmən”in qəhrəmanının acığı bu formal, pedant, sinik tənqid üsulunadır. Bir vaxt tələbə olanda mən də elə bilirdim ki, tənqidçinin işi pərdə açılar-açılmaz tamaşada qüsur tutmaqdır. Bu sinikliyin peşə olaraq tənqidçiyə aidiyyatı yoxdur, hər kəs sinik ola bilər.

# 2395 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
Qaranquş səsli sevgili  - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

Qaranquş səsli sevgili - Zahid Sarıtorpağın povesti - Dördüncü hissə

10:00 13 aprel 2024
#
#
# # #