news-inner
clock12:47 calendar-gray 18 Yanvar 2017 view-gray63 dəfə oxunub
view-gray63 dəfə oxunub

Buğda dənəsi doğan qadın – Fərhad Metenin ŞEİRLƏRİ

Fərhad Mete 1976-cı ildə Sumqayıt şəhərində anadan olub.

1984-1994-cü illərdə Sumqayıt şəhərindəki 4 saylı orta məktəbdə təhsil alıb.

1998-2000-ci illərdə Azərbaycan ordusunda xidmət edib.

2008-2009-cu illərdə Bakı Slavyan Universitetinin yaradıcılıq fakültəsində təhsil alıb. Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə təsis etdikləri “Gənc Ədiblər Məktəbi”nin ən fəal üzvlərindən biriydi, əsərləri dövri mətbuatda mütəmadi çap olunurdu.

2009-cu ildə Akif Səməd adına ədəbi mükafata layiq görülmüşdü.

2009-cu il avqustun 13-də avtomobil qəzasında həlak olub.

Kulis.az Fərhad Metenin seçmə şeirlərini təqdim edir.

Həyat

Bütün acı xəbərlər gecə saatlarında gəlir,

məsələn, bir körpənin doğuluşu xəbəri

və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə –

həm də əgər bu, oğlan uşağıysa...

Bütün acı xəbərlər gecə saatlarında gəlir.

məsələn, "oğlunuz savaşa gedir" xəbəri

və nöqtə qoyur kişiylə qadının ayrılmaq istəyinə –

həm də əgər geri dönəcəyi bəlli deyilsə.


Bütün acı xəbərlər gecə saatlarında gəlir,

məsələn, "oğlunuz əsir düşüb" xəbəri kimi

Və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə –

həm də əgər xilasına ümid qalmışsa…


Bütün acı xəbərlər gecə saatlarında gəlir,

məsələn "oğlunuz güllələnib əsirlikdən qaçarkən" xəbəri kimi,

ölüm xəbəri kəsdirir qapının ağzını,

bir də əli zəngin üstündə, o biri əli kişi ilə qadının yuxusunda –

dən verir doğma evinin önündəki bəyaz göyərçinlərə

və nöqtə qoyur kişi ilə qadının ayrılmaq istəyinə.

Bu dəfə qəti və son nöqtəni...

Hələ vaxt var

Alatoran… Hamı susur…

On yeddi nəfər qalmışıq.

Az sonra

ikinci həmlə olacaq qarşıdakı səngərə.

siqnal fişəngindən sonra

Hələ vaxt var ölənləri saymağa,

sonra bir siqaret yandırıb səni xatırlamağa…

Yadıma düşür, meydan izdihamının içində

düyünləyib hirsimi-hikkəmi,

ən çox da sənə olan sevgimi

yumruq şəklində qaldırmışdım göylərə

və o şairin nitqindən sonra

"azadlıq" sözünü üç hecaya bölüb

bağırmışdım bağıra bildikcə,

nə boyunduruqdan, nə də köləlikdən,

səndən azad olmaq üçün.

Hələ vaxt var…

Axşamları çörək növbələrində

baxışları yerə dikilmiş,

bir-birindən utanan insanların içində

səni axtarmışdım.

Sonra satıcı xanımın sanki qəsdən

"Bəlkə bu axşam çörək olmadı" sözündən sonra

izdihamdakı "Azadlıq!" bağırtımı xatırlamışdım

və küsmüşdüm sənə olan ehtiyacımdan...

Üstü yaşıl örtüklü şəhid tabutu önündə

cənazə namazı qılarkən

səni istəmişdim ayaqda və səcdədə

hamıdan gizli və səssiz...

Və bir gün qapınıza gəlib…

Bu da siqnal fişəngi,

vaxt bitdi…

Yadda saxlayın – on yeddi nəfər qalmışdıq.

İkinci həmlədən sonra

yenidən sayarsınız ölənləri

və bir siqaret yandırıb xatırlayarsınız –

mən olmasam…

Adagio

Dünən...

dağıldı sevgi üçbucağı –

o getdi, ikimiz qaldıq gecə kafesində.

Gecə kafesindəki bütün baxışlar üzərimizdəydi sanki

sonra mən bir az sevincək, sən bir az məyus oldun –

onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm,

səssizcə ağlamaq keçirdi içindən

o isə nə sevindi, nə də məyus oldu,

üstəlik hesabı da ödədi gedərkən...

Bəyaz pərdələrlə qapanıb gecəni üç yerə böldük səninlə

yorulduq, bitdik, tükəndik

İçimizdə ehtirasın amansızca yatırdığı bir kölə üsyanı.

Atəşimiz soyudu, beynimiz zəhərli fikirlərlə doldu,

yanaşı söndürülmüş siqaret kötüklərinə bənzədik.

sonra sən bir az sevincək, mən bir az məyus oldum –

onun getdiyinəmi, mənimlə qaldığınamı, bilmirəm.

Bir bəhanə tapıb hirslənmək də keçdi içimdən,

hirsləndim və getdi ...

Bu gün dünənkiylə eyni saatda

gecə kafesiylə evinizin arasındayam.

bəhanəm var sizə gəlməyə – evinizə daha yaxınam,

qapında dayanmışam, nə məyusam, nə sevincək,

çox soyuqdu, acmışam, üşüyürəm

aç qapını, səni deyəsən sevirəm...

Ayin

Görüşdük, gizləndik.

İki pilləkən yuxarı qalxdın,

Öpüşdük, getdin...

bağırdım, çağırdım, pıçıldadım, dönmədin.

Adın dilimə yapışdı,

su içmədim, çörək yemədim,

qorxdum ki, qanıma qarışarsan,

tək qaldım, mübtəla oldum qorxulara,

dua etdim qaranlıqlarda,

gücüm bircə kəlməyə yetdi

“İlahi” dedim ...“İlahi”...

Sonra onlar gəldilər – tanımadığım yad adamlar,

boyları boyumdan uca, addımları addımlarımdan iri,

hamısı canlı, hamısı diri:

qapımı döydülər,

işıqları yandırdılar, bir bütöv çörəyi böldülər,

su içirdilər,

qorxum, təlaşım çəkildi getdi, pəncərəmi açdılar,

onun adını ucadan söylə dedilər,

adının hər hərfini bir quş alıb apardı,

qalxdılar getmək üçün, sonuncu ayaq saxladı və dedi:

“Bir böyük yatağın üstündə iki nəfər –

biri ölər, biri qalar...”

Yatdım, yuxumda çatlamış toxum gördüm

içindən ağac çıxdı, altında quşlar kölgələndi,

bir də o adam, yanında su və bir bütöv çörək,

gülümsəyək dedi: “xoş gəldin...”

İstədiyin kimi

İstədiyin kimi oldum

İstədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan,

gülümsəyən gözlərində böyütdün məni

sonra hazır sabahları yaratdım sənin üçün,

sən yatmışkən

qaranlıqlardan keçən hazır sabahları,

Küçələrdə ölmüş quşlara can verdim,

ayaqlarıma yıxılıb yalmanan köpəklərin

başını tumarladım hürməsinlər deyə,

ağacların qəddini düzəltdim, çiçəkləri rənglədim,

divara yazılmış “sevirəm” sözünün üstünü qaraladım,

sabah yenidən oxuyasan deyə.

Bütün səsləri içimə çəkdim oyanmayasan deyə.

Sonra sənə yuxuları verdim qarmaqarışıq,

sirrini yalnız mən bildiyim yuxuları,

içində ölmüş quşlar, qəddi əyilmiş ağaclar,

rəngsiz çiçəklər, üstünə qaçıb ayaqlarına yıxılan küçə köpəkləri,

bir də bəyaz divarda “üstəgəl” və “bərabərlik” işarəsi –

sirrini tək mən bildiyim qarmaqarışıq yuxuları verdim sənə,

hər sabah onları nəyəsə oxşadasan deyə.

Sonra qayıdıb yatağına gəldim, uzun-uzadı üzünə baxdım

və dedim astadan, pıçıltı ilə istədiyin kimi oldum,

istədiyin kimi güclü, bir az sərt və heç zaman ağlamayan –

səni sevdiyim üçün

mən – atasız, utancaq və qorxaq yeniyetmə...

Ailə

Bir sabah ayılıb görsən ki,

hər şey dəyişib,

yəni, gördüyün kimi deyil nə varsa –

yəni, göy üzü yerində Günəşdi.

Sonra yadına düşsə ki, yuxunda qadın görmüşdün –

uşaq yerinə iri buğda dənəsi doğan

çılpaq qadın.

Qorxma, sığal çək sevgilinin saçlarına

Və də pıçıltı ilə “səni sevirəm” de

O da mütləq “mən də sevirəm” deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib,

Yəni gördüyün kimi deyil nə varsa,

bomboz evlərin önündəki dəniz deyil zəmidir –

həm də içinə girib aza biləcəyin qədər sonsuz zəmi.

Sonra yadına düşsə ki, yuxundakı o qadın

qorxudan atıb getmişdi ağlayan buğda dənəsini.

Qorxma, başını əyib sevgilinin önündə diz çök

və pıçıltı ilə “mənə ümid ver” de!

O da mütləq “mənəm ümidin” deyəcək.

O sabah ayılıb görsən ki, hər şey dəyişib,

yəni gördüyün kimi deyil nə varsa,

yəni birləşir günəşlə o sonsuz zəmi

birləşdikcə də boğulursan, nəfəsin kəsilir.

Yadına düşəcək ki, yuxunda ağlayan buğda dənəsini

qucağına alıb qaçmışdın arxana baxmadan.

Qorxma, qaldır otağın küncündəki boş

beşiyin örtüyünü

və soruş sevgilindən “içində bir şey tərpəndimi?” deyə

O da mütləq “tərpəndi” deyəcək.

Mütləq deyəcək...

Yoxluğun

Sadəcə gedişin deyil yoxluğun...

Baxıram pəncərədən sanki hər şey yerli yerində –

sabahları məktəbə gedən uşaqlar,

göy üzünə bulud kimi dağılan quşlar,

azad, qayğısız uçuşlar,

və televizordakı savaş xəbərləri:

İraq, Fələstin, Somali...

Bombalanmış şəhərlər,

küçələrdə sürünən yaralılar,

ölmüş qızına ağlaya bilməyən ata,

yarıuçuq divarın kölgəsində gizlənən ölüm,

o biri üzündə nəfəsini dərən fotoreportyor,

dodağında qorxulu gülüş

Yox... Sadəcə gedişin deyil yoxluğun...

Bir azdan...

Ölüm dəyişəcək yerini,

keçəcək divarın o biri üzünə.

Fotoreportyorun gülüşü donacaq dodağında

çəkdiyi şəkillər kimi.

Ata qızını pencəyinə büküb aparacaq,

sonra yaralıları güllələyəcəklər,

dağılmış şəhərə qaranlıq çökəcək,

sabaha qədər bir sükut yaranacaq.

Və şəhər nəfəsini dərəcək ki,

sabah hər şey yenidən başlasın.

Elə yoxluğun da...

Torpaq olacam

Mən bir şəhid meyitiyəm,

könüllü getdiyim yolu könülsüz qayıdıram,

üstümdə saç yolacaq boyalı qadınlar

və ağlayacaq qorxaq kişilər

məni aparmayın evimizə, nə olar, ruhum inciyər…

Üzüqara dönmək istəmirəm,

axı söz vermişdim o qıza qəhrəman olacam deyə,

elə buralarda basdırın məni,

yanıma qoyun silahımı, gülləmi,

yağış suyunu da qarışdırın qara torpağa

və çəkib doldurun üzümün cizgilərini,

bir az gülümsər, qayğısız görsənim…

Sonra üç rəngli bayrağıma sarın məni,

al qanım üstünə qırmızı rəngi düşsün,

saçlarını yolub rüzgara verməsin qadınlar,

və qorxmasın kişilər…

Mən uğrunda ölümdən gizlədiyiniz

bir ovuc torpaq olacam…

Image result for fərhad mete

news-inner-user

12872 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

“O əsəri oxuyan yataq xəstəsi olmalıdır...” – Mətləb Muxtarov yazır
16:27 19 Oktyabr 2019
“YUĞ”da “Lənət” olacaq
15:20 19 Oktyabr 2019
Bakıda məşhur yazarın seminarı keçirilib - Fotolar
14:34 19 Oktyabr 2019
Təşəkkür borcu - Hekayə
13:02 19 Oktyabr 2019
Qadın stendap deyə bilərmi? – Soğru
12:04 19 Oktyabr 2019
Nazim Əhmədlidən yeni şeirlər kitabı
11:19 19 Oktyabr 2019
Vilnüsdə Azərbaycan musiqisi dinlənib
10:22 19 Oktyabr 2019
Ərini terrorla sağaldan qadın
09:00 19 Oktyabr 2019
Məhəmməd peyğəmbərdən həyat dərsi
21:00 18 Oktyabr 2019
Filmimiz beynəlxalq kinofestivalda
18:45 18 Oktyabr 2019
Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclər 6 milyon manat artırılır
18:17 18 Oktyabr 2019
Quşları heç kəs öpmür – Salam Sarvandan tərcümələr
17:46 18 Oktyabr 2019
Günel Natiqin kitabı çıxdı
17:01 18 Oktyabr 2019
Şoka düşən Bakı, diri-diri yanan əsgərlər, 5 dəqiqənin hökmü - Səbuhi Sədəf yazır...
16:16 18 Oktyabr 2019
Performativ meditasiya: Eucenio Barbanın tənqidi – Aydın Talıbzadə yazır...
15:47 18 Oktyabr 2019
“Bir şeir” müsabiqəsinin mükafatlandırma mərasimi - Video
15:14 18 Oktyabr 2019
Azərbaycan teatrının Oyun Babası - Vaqif İbrahimoğlu 70
14:21 18 Oktyabr 2019
Milli azlıqların antologiyası təqdim olunub
13:41 18 Oktyabr 2019
Bir qrup mədəniyyət xadiminə mükafatlar təqdim edilib - Fotolar
13:02 18 Oktyabr 2019
İsi Məlikzadənin hekayələri Kulis-də
12:51 18 Oktyabr 2019