Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı - “Naməlum kino”

Bu Azərbaycan filminin ssenaristi ölü tapıldı - <span style="color:red;">“Naməlum kino”
14 sentyabr 2016
# 08:00

Kulis.az “Naməlum kino” layihəsində Tofiq Tağızadənin 1972-ci ildə çəkdiyi “Qızıl qaz” filmini təqdim edir.

Süjet: Hadisələr Xəzər dənizinin sahilində yerləşən Sarı adasında baş verir. Adanın sakit həyatını qəsəbə sakini, Bakıda yaşayan Fərmanın (Həsən Məmmədov) qəfil qayıdışı pozur. Fərmanla Şəfiqə uşaqlıqda (Leyla Şıxlinskaya) bir-birini sevir. Amma Fərman Bakıda olanda Şəfiqəni sevmədiyi adama İsmayıla ərə verirlər. Geri dönən Fərmanı kənddə soyuq qarşılayırlar, onun qisas üçün gəldiyini zənn edirlər. Üstəlik, atası Ağabalanın (Şükür Bürhanov) da Fərmanla münasibəti yaxşı deyil. O, Bakıda olarkən Şəfiqənin başqasına verilməsində atasını da günahkar hesab edir. Fərman qəsəbəyə qayıdandan sonra qanunsuz balıq tutmaqla - brakonyerliklə məşğul olur, varlanır. O, qisas almaq üçün başqasını sevən Validəyə (Xalidə Quliyeva) elçi düşür. Validənin atası Əlihüseyn (Sadıq Hüseynov) imkanlı olduğu üçün qızını Fərmana nişanlayır. Gözlənilmədən Şəfiqənin əri İsmayıl dənizdəki fırtınada həlak olur. Fərman bu fürsətdən yararlanır, nişanı qaytarır, həyatını dəyişdirməyi, Şəfiqə ilə evlənməyi qərara alır. Atası ilə münasibətini düzəldir, brakonyerlikdən əl çəkir. Eyni zamanda hökumət orqanlarına təslim olmağı düşünür...

Bu layihədə haqqında danışdığım bir neçə film vardı ki, (“Üzü küləyə”, “Yeni horizont”, “Xatirələr sahili”) orda da süjetlərin əsasını istehsalat, təsərrüfat, ekoloji və bu kimi problemlər təşkil edirdi və məhz bunların fonunda insan problemi arxa planda qalırdı. Tofiq Tağızadə isə filmində mümkün qədər insan dramlarına, talelərinə vurğu eləməyə çalışıb və bu səbəbdən də əhvalat daha psixoloji, canlı, kinematoqrafik alınıb. Real təsvirlər, psixoloji vəziyyəti açan rakurslar, natural kütləvi səhnələr, rəvan kamera hərəkətləri - həm də kinomuzun ən yaxşı operatorlarından biri, hazırda Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyən Zaur Məhərrəmlinin xidmətidir. Qeyd edim ki, Z.Məhərrəmli “Uşağlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü” və s. filmlərin baş operatoru olub.

Bununla belə filmdə çoxsaylı, o qədər də dramaturji işləkliyi olmayan obrazlar qalereyası yaratmaqdansa, məsələn, onu bir qadın (Şəfiqənin) dramına və ya tamlıqla Fərmanın hekayəsinə çevirmək filmi daha təsirli, bədii cəhətdən daha mükəmməl edə bilərdi. Üstəlik, H. Məmmədovun personajı introvertdir – yəni qapalılığı, qaradinməzliyi əhvalatın psixoloji qatını, dramatizmini artırmaq üçün əlverişli material verir.

“Gün keçdi” filmində urbanistik məkanda rastlaşan Həsən Məmmədovla Leyla Şıxlinskaya tandeminin fərqli kinoməkanda - kənd naturasında, fərqli münasibətlərdə görmək maraqlıydı.

Müəllif bir neçə maraqlı fənddən yararlanıb. Məsələn, kolxozun sədri Muxtarov (Tofiq Tağızadə) televizorda qəsəbənin problemlərindən danışanda Fərman televizoru söndürür və qaralmış ekrandan sədrin müsahibə verdiyi real məkana keçid olunur.

Quran oxuyan, qəsəbədə Allah adamı kimi tanınan Əlihüseynin maddiyatçı göstərilməsi dinə sayğısızlıq kontekstində verilməyib. Əksinə, onun bu cəhəti dinə hörmətsizliyi intonasiyasında işlənib.

Əhvalatın natamam cəhətləri də az deyil. Məsələn, rüşvətxor Fazilovun (Həsənağa Turabov) yerinə qəsəbəyə yeni, gənc baş müfəttiş (Rafiq Əzimov) gəlir, əvvəldə buna xüsusi vurğu edilirdi, amma onun filmdəki personajının funksiyası əhəmiyyətsiz qalır. İsmayılın nədən fırtınalı dənizdə ova çıxması da qaranlıq qalır.

Çəkilişlər Lənkəranın şərqində yerləşən Sarı yarımadasında çəkilib.

Filmin ssenaristi Əli Qafarov millət vəkili Elmira Axundovanın qardaşı olub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb, bir neçə il sonra Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinə qəbul olunub. Az müddət sonra Ə.Qafarov kurs yoldaşları ilə birgə gizli gənclər dərnəyinin təşkilində ittiham olunaraq Sibir düşərgələrinə göndərilib. Cəzasını çəkəndən sonra bir neçə il fəhlə işləyib. Respublika və ümumittifaq dövri nəşrlərdə “Sibir” hekayələri nəşr olunub.

Ə.Qafarov 1979-cu ildə 44 yaşında faciəli şəkildə dünyasını dəyişib. O, evinin yaxınlığında ölü tapılanda paltarı qan içində olub. Milis orqanlarından bildiriblər ki, içkili halda başı daşa dəyib.

Ə.Qafarov “Çarvadarların izi ilə”, “Odla təmasda”, “Xəzər Atlantidası” və s. filmlərin ssenari müəllifidir.

# 2553 dəfə oxunub

Oxşar xəbərlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

Sənət tarixinin ən məşhur əsərləri haqqında bilinməyənlər

13:00 23 yanvar 2026
Gülab - Qərib Mehdinin hekayəsi

Gülab - Qərib Mehdinin hekayəsi

15:00 21 yanvar 2026
Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti  - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

Soyuq havada cəzalandırıldığı üçün böyrəyini itirən Xalq artisti - Onun atası evdəki pianonu niyə qıfıllı saxlayırdı?

10:00 21 yanvar 2026
Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

Cavan ölsəm, ellər məni ağlasa... - Ülvi Bünyadzadənin şeirləri

15:00 20 yanvar 2026
Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

Haradasa Allahı itiribdi zəvvarlar... - Rəvan Cavidin yeni şeirləri

12:00 19 yanvar 2026
Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

Tanrısansa, ətəyini yox, əlini mənə ver! - Qan dolu kasadan nə fərqin var?!

15:00 18 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər