Sabir Rüstəmxanlı: “Dostoyevski özünü gözümdə kiçildir”

Sabir Rüstəmxanlı: “Dostoyevski özünü gözümdə kiçildir”
29 avqust 2016
# 15:00

Ədəbiyyat qəzetinin “Mən necə yazıçı oldum” layihəsində Sabir Rüstəmxanlı ilə söhbəti təqdim edirik.

- Necə yazıçı oldunuz?

- Bunu çox soruşublar məndən. Ənənəvi sualdı və yəqin bütün üzdə olan yazarlara verilir.

Məncə, sağlam böyümüş, normal tərbiyə almış uşaqların qan yaddaşında və genetik kodlarında yan-yana bir sıra potensial bacarıq və vergi var. Onların hansını seçmək, ömrünü nə işə sərf etmək çox vaxt təsadüflərlə bağlı olur. Bu təsadüflərin çox arxa planda bəlli bir qanuna-uyğunluğu varmı? İstedad ana bətnindən, yoxsa, uşaqlıq mühitinin hər hansı anından başlanır?-ayırd etmək mümkün deyil.

İnsanın sənət yolu seçiminə yüngül atletlər üçün çəkilmiş paralel yollar kimi də baxmaq olar. Eyni sıralanmadan başlanan maraqların hansı üstələyəcək, yolda hansı irəli çıxacaq? Bu, əsasən, şəraitdən asılıdır və şərait deyilən bəla da çox vaxt milyonlarla insanı təbii imkanlarını aşkarlamaq üçün gərəkən yoldan məhrum edir, arzuladıqları qalır, mümkün olan yöndə irəliləyirlər, seçim imkanı qalmır.

Buna görə də, Azərbaycan kəndlərində vaxtı ilə daha çox üç sənət dalınca gedirdilər-müəllimlik, həkimlik, aqronomluq. Şəhərlərdə buna mühəndislik də əlavə olunur. Təbii ki, ölülərə yasin oxumağa mollanın olması da şərtdir. Başqa sənət, peşə növləri yada düşmürdü. Çünki həmin peşələri nişan verən, tanıdan olmayıb.

Mənim uşaqlıq arzularımın onlarla şaxəsindən sona ikisi qalmışdı: ədəbiyyat və riyaziyyat. Riyaziyyata daha çox maraq göstərdiyim halda, axırda seçimimi bir təsadüf müəyyənləşdirdi.

Ədəbiyyat həvəsim daha erkən yaşlarımdan-ibtidai məktəbdən başlanır: anamın cavan ölmüş qardaşı üçün axıtdığı göz yaşlarından və ağılarından. Şeirə bənzər bir neçə ağrılı misra ilə onları davam etdirməyə çalışmışdım.

Yetkin yaşlarımda baxdım ki, mənim bütün yazılarım ya taleyimin verdiyi acılara və millətimin taleyinə ağılardan, ya da xalqımızın gələcəyi üçün mübarizəyə, etiraza, müqavimətə çağıran üsyan səsindən ibarətdir.

Beşinci sinifdə ədəbiyyat müəllimimiz əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindən olan Cavad Məmmədov idi. O ilk cızma-qaralarımı oxuyandan sonra məni həvəsləndirdi. Məktəb və kənd kitabxanasında olmayan kitablar verdi, sərbəst mövzuda yazılar yazdırmağa başladı (Ölümünə az qalmış o yazılarımın və ilk şeirlərimin toplandığı qovluğu mənə gətirdi). İndi baxıram, o sərbəst yazılar mənim ilk publisistik “ əsərlərim” olub. Diqqətimi çəkən o yazıların mükəmməl bir səliqəylə, heç bir orfoqrafik səhvə yol verilmədən, səlis cümlələrlə və o yaş üçün qeyri-adi bir vətən sevgisiylə yazılmasıdır. Cavad müəllimin Səməd Vurğun yaradıcılığı haqqındakı söhbətlərindən sonra içimdə bir təəssüüf hissi oyandı ki, niyə bizim dağlar, meşələr, insanlar haqqında da şeirlər yazılmasın. Görünür bu qısqanclıq, özünü və doğulduğu yeri tanıtmaq arzusu da ədəbiyyata gəlişin ilkin səbəblərindən biridir. Cavad müəllim mənim içimdəki cəsarət, özünə inam, doğulduğu yerin qədrini bilmək, kasıblıqdan sıxılmamaq duyğularını oyatdı və gücləndirdi. 11 yaşımdan yazmağa başladım, ancaq bu, uzun müddət qeyri-ciddi bir həvəs olaraq qaldı, yalnız 20 yaşımdan sonra söz mənim əsas işimə çevrildi.

- Sizin üçün yazmaq nədir? Niyə yazırsınız?

- Yazmaq həvəsi, səni qələm götürməyə vadar edən duyğular da zaman içində dəyişilir. Gənclik illərində yazmaq mənim üçün mahnı oxumaq kimi bir şey idi. İstər qəmli olsun, istər şən. Ürəyim atlananda, içimdə duyğular kükrəyəndə yazırdım. Duyğular isə çox həssas idi: sübh mehindən, çiçək mehrindən, ağacdan vaxtsız saralıb qopan yarpaqdan, qar altından süzülən zərif su şırnağından, zəmilərin xışıltısından, havadan asılmış torağayın nəğməsindən və ya ata, ana üzündən keçən zərif təbəssümdən təsirlənirdim. Sonralar daha çox yaşadığımız mühitin ictimai bəlalarına və milli problemlərə kökləndim. Yazmaq-paylaşmaqdır. Hisslərini, dərdini, sevincini, arzularını, sevgini paylaşmaq! İlk şeirlərim daha çox məktuba bənzəyirdi. Çox vaxt konkret ünvanlara yazılırdı. Sonralar bu ünvan kütləviləşdi.

Sözünü bütün millətə demək istəyi və cürəti yavaş-yavaş gəlir. Bu işin ən vahiməli cəhəti odur ki, ədəbi görüşlər nəzərə alınmasa, sən sözünü həmişə üzünü görmədiyin, varlığını yalnız xəyalən dərk etdiyin saysız insana göndərirsən. Dialoq bir tərəfli olur: sən danışırsan, cavabı illər keçəndən sonra eşidirsən.

Niyə yazmağımın bir səbəbi də bəsit bir həqiqəti təsdiqləmək arzusu olmuşdur. Yəni uşaq iddiamla sübut etməyə çalışmışam ki, bizim tanınmaz-bilinməz ucqar kəndlərimizin də şairi ola bilər.

- İçinizdə gizli də olsa məşhur olmaq, dünyada tanınmaq hissi varmı, yoxsa, yazmaq içinizdə ağrını boşaltmaqmı?

- Əslində, mən bu suala qismən cavab verdim. Bilmirəm, yolun başlanğıcında hansı hiss daha güclü idi: özümü tanıtmaq, yoxsa, bizim dünyadan aralıdakı, dağlar arxasındakı elimizi-obamızı tanıtmaq. Yəqin ikisi də bir yerdə idi. Kim deyirsə heç vaxt işimdə şöhrət qazanmaq hissi olmayıb, yalan deyir. Özünütəsdiq, gücünü, qabiliyyətini, ağlını sübut edə bilmək istəyi də-özü-özlüyündə şöhrət duyğusunun bir parçasıdır. Mənim ilk arzum kəndimizi dörd tərəfdən əhatəyə almış dağları aşıb böyük dünyaya çıxmaq olub. Bunun özü mənə qəhrəmanlıq kimi görünürdü; sonralar bizə qonaq gələn bəzi şəhərli qələm dostlarım da bu yerlərdən qopub gəlməyimi zarafatla igidlik sayırdılar. Təbii ki, içində deyiləcək sözün, çatdırılacaq hissin yoxdursa, yalnız şöhrətli olmaq iddiası ilə heç nə qazana bilməzsən. Deməyə sözün yoxdursa, kürsüyə niyə dırmaşmalısan ki... Sonralar “özünü tanıtmaq,” şöhrət hissi tamamilə çəkilib getdi. Yerinə millətimizin dərdlərini dünyaya çatdırmaq istəyi qaldı.

- Markes deyir “Külək olmasaydı dünyada çox şey dəyişilərdi, amma ədəbiyyat olmasaydı heç nə”. Sizcə ədəbiyyat olmasaydı dünyada nəsə dəyişərdi, yoxsa, Markeslə şəriksiniz?

- Şərik deyiləm! Ədəbiyyat da beyinlərdən əsib keçən rüzgardır. Söz və mənəviyyat küləkləri tozlu yer küləklərindən az əhəmiyyətli deyil. Məncə, Markesin o sözü hansı kontekstdə deməsini dəqiqləşdirmək lazımdır. İnsanlığın sonunu- ağrılı reallıq ütopyası adlandıran Markes ədəbiyyata qeyri-adi dərəcədə böyük dəyər verir, onu yeni və möhtəşəm həyat utopiyası adlandırır. (“İnsanlığın hansı yolla gələcəyinin başqaları tərəfində müəyyən edilmədiyi, sevginin həqiqət, xoşbəxtliyin mümkün olduğu, yüzillik tənhalığa məhkum olunanların, nəhayət, ikinci dəfə və həmişəlik şans qazandığı yeni və möhtəşəm həyat ütopyası”) Möhtəşəm həyat utopiyasının dünyada heç nəyi dəyişmədiyini düşünmək özü də bir utopiyadır.

Mən tam fərqli düşünürəm. Tarix yazıdan başlandığı kimi, insanlığın böyük mədəniyyəti də bədii sözdən, ədəbiyyatdan başlanır. Dünya sivilizasiyalarını ədəbiyyatsız təsəvvür etmək mümkün deyil. Ədəbiyyatsız dünya lal olardı. Millətləri millət edən onların bədii sözü, poeziyasıdır. Bir anlığa fransız, rus, ingilis, ərəb, türk xalqlarının əlindən onların yüz illər boyunca yaratdıqları ədəbiyyatı alın, görün yerində nə qalacaq...

Mənim siyasi xəttimə yaxın olduğuna görə Markesin başqa bir sözünü də vurğulamaq istəyirəm. O deyir ki, “Həmrəylik mənim gözümdə katoliklərin müqəddəs ayini ilə eynidir”. Bununla o, milli birliyə xidmət edən ədəbiyyatın həm də siyasi önəmini müəyyənləşdirir: “Həyatımda elə bir hadisə olmayıb ki, siyasi akta çevrilməsin.”

- Yazmaq üçün nə lazımdır. Müşahidə, mütaliə, yoxsa ancaq yazmaq?

- Yəqin ki, bunların hamısı. Üstəgəl iradə, cəsarət, uğursuzluqlardan qorxmamaq. Yuxarıda dedim, şeir nəğmə kimi doğulur. Yolla gedə-gedə, öz-özünə pıçıldaya bilərsən onu. Günlərlə kağıza köçürmədən yaddaşında cilalayarsan. Ancaq nəsr oturmaq istəyir, həm də özünə güzəşt etmədən, ardıcıl çalışmalısan. Hər halda, kim deyirsə ki, əsas iş yazı masasının arxasına keçib qələmi əlinə götürmək, ağ kağızda ilk kəlməni yazmaqdır, öz dediyinə özü də inanmır. Bu yalnız o zaman uğur gətirir ki, yazı masasının arxasına keçən istedadlıdır və ürəyi doludur. Belədirsə, ilhamı gözləmək, yaxud vaxt aramaq boş şeydir. Deyiləsi sözün olandan sonra onu günün istənilən vaxtında və istənilən şəraitdə yazmaq olar.

- Yazıçı vərdişiniz, ritualınız varmı ki, onu eləməmiş yaza bilmirsiz?

- Biz ərköyün böyüməmişik. Evsiz-eşiksiz gənclik illərimizdə şeirlərimin çoxunu Bakıdan kənarda yazırdım. İl boyu yığılan qeydlərimi götürüb harasa uzaq bir yerə qaçıb təklənir və işləyirdim. Həyatımın böyük hissini jurnalistikaya vermişəm. Publisistika özümü yetərincə güclü və iddialı hiss elədiyim sahələrdən biridir. Dolanmaq, kirayə haqqını vermək üçün çox yazmalıydım. Qəzetlərə, radioya, televiziyaya... Eyni zamanda yaşamaq eşqi də güclü idi. Qəzetdəki və ya nəşriyyatdakı vəzifə borcumdan sonra dostlarla görüşlər, əyləncələr, xeyir-şər məclisləri, böyük ailəmizin qayğıları bütün vaxtımı aldığından axşamlar yazı işinə həvəs qalmırdı. Məcbur olub yuxularımı qısaldırdım. Mənim iş rejimimi əslində kənd həyatı və atam müəyyənləşdirib. Hər gün sübh tezdən saat 4-də, 5 də zorla oyadıb məni “ örüyə”- atımızı otarmağa göndərirdi. Bunu “At haqqında iki əfsanə“ adlı şeirlərimdə yazmışam. O vaxtdan tez durmağa öyrəşmişəm, indi də gərgin iş gününün axırında daha çox ailəmlə, ömrümüzün başdan aşan qayğıları ilə məşğul oluram. Yazı-pozu işinin əsas vaxtı səhər tezdəndir. Gözüm yumulana və ya barmağım bilgisayardakı işarələri səhv salana qədər. Sonra yarım saat gözümün acısını alıb evdən çıxıram. Ancaq başqa bir vərdişim də var. O da bundan ibarətdir ki, yazı stolunun arxasına gözümü ovalaşdıra-ovalaşdıra keçmirəm. Öncə yuyunur, üzümü qırxır və işimə ciddi bir ovqatla başlayıram. Bütün yazıçıların etiraf etdiyi kimi, istər hekayə olsun, istər roman, istər publisist yazı, ən çətini ilk cümləni yazmaqdır. Bu da musiqi alətini kökləməyə bənzəyir. Buna görə də qələmlə yazıramsa, adətən, birinci səhifə hökmən cırılıb atılmalıdır. İstər birinci xətdən olsun, istər sonuncu sətirdən. Tez olsa, daha yaxşı.

- Uilyam Folkner yazıçılığı məğlubiyyət hesab edirdi...

- Mən Folknerin heç bir əsərində və əlimə keçən heç bir müsahibəsində məğlubiyyət duyğusu görməmişəm. Sadəcə olaraq, bütün böyük yazıçılara xas olan bir duyğu var. Əsər bitəndən sonra elə düşünür ki, onu yenidən başlasa daha yaxşı yaza bilərdi. Hər mövzuya bir azca borclu qalırsan. Mən məğlubiyyəti ancaq bu anlamda başa düşürəm. Folknerin başqa bir sözü də var: “ Axı insanlığı yazıçıdan, şairdən, sənətkardan başqa kim xilas edə bilər”. Məğlublar xilaskar ola bilməz. Folkner bunu deyərkən bəlkə də müasirləri olan yazıçıların “ən yüksək mükəmməllik idealı”na çata bilməməsini nəzərdə tutur və “ mən yazıçıları qeyri-mümkün olanı əldə etmək cəhdlərindəki məğlubiyyətlərinə görə dəyərləndiririrəm”-deyir. Bunlar fərqli fikirlərdir. Əgər arzuladığını tam şəkildə əldə etmək mümkün olsaydı yazıçı qələmi yerə qoyar və sonrakı əsərlərini yazmaqdan əl çəkərdi.

Folknerin başqa bir fikri ilə də razı deyiləm. O deyir ki, “Ümimiyyətlə, Şekspir, Balzak, Homer eyni şeylər yazıblar və əgər onlar min və ya iki min il yaşasaydılar, naşirlərin yeni müəllifləri axtarmasına gərək qalmayacaqdı.”

İnsanlığın böyük ideallarının, müxtəlif estetik dəyərlərin əsrdən-əsrə uzandığını və ya təkrarlandığını nəzərə alsaq, onu başa düşmək olar. Şərqdə də bir sıra böyük sənətkarlar eyni mövzuları qələmə almışlar. Ancaq o mövzunu hərə öz dövrünün rəngləri ilə bəzəyib. Bu gün ədəbiyyat yaşayırsa və yeni dühalar yetirirsə, deməli onlar eyni şeyi yazmırlar.

- Mario Varqas Lyosa özünün Nobel nitqində ədəbi ustadlarının adlarını (Martorel, Servantes, Dikkens, Balzak, Tolstoy, Konrad, Tomas Mann) çəkir, onlardan öyrəndiklərini sadalayır. Bəs sizin üçün belə ustadlar varmı və kimlərdir?

- Bu Perulu romançı-dramaturq Folkneri, Hemunqueyi, Malronu, Dos Rassosu, Kamyu və Sartrı öz qibləgahı sayırdı. Adları çəkilən yazarların məşhur əsərləri ilə mən də tanışam, lakin mənim qibləgahım onlar deyil. Və əslinə qalsa mənim ədəbi qibləgahım yoxdur. Mənim üçün dünyada əbədi qibləgah sözünə az-çox uyğun gələn bir ünvan varsa, o da türk dilində ilk bədii mətnlərin yazıldığı Tonyuquq və Gültəkin abidələridir. Adları çəkilənlər böyük ustadlardır. Ədəbiyyat daha çox dil hadisəsi olduğuna görə və bu adları çəkilən insanların əsərlərini ancaq tərcümədə oxuduğuma görə mən onların sözünün sehrini, deyək ki, Nəsiminin, Fizulinin, Xətainin, Vaqifin sözünün sehri kimi hiss edə bilmirəm.

Hər yazıçı bir şah əsəriylə yadımızda qalır. Ürəyimdə iz buraxmış əsərlər çoxdur. Bunlar ilk növbədə öz ədəbiyyatımızın nümunələridir. “Kitabi Dədə Qorqud”, “Divan-i lüğətül türk” (içindəki bədii parçalar), Nizaminin bütün dünya sirlərini içinə almış “Xəmsə”si, Cəlil Məmmədquluzadənin nəsri və dramaturgiyası, böyük Sabirin “Hophopnamə”si, Məhəmməd Hadinin istiqlal nəğmələri, Ordubadinin “Qılınc və Qələm”i, Mirzə İbrahimovun “Gələcək gün”ü, İsmayıl Şıxlının “Dəli Kür”ü.

İndi bizdə öz ədəbiyyatımızı ədəbiyyat yerinə qoymamaq xəstəliyi yaranıb. Hansı gənc yazıçı ağzını açsa deyəcək mənim laylamı Kafka, Dostoyevski, Sartr, yaxud Murakami oxuyub. Öz ədəbiyyatımızdan misal çəkməyi gerilikçilik sayırlar. Adları çəkilən yazıçılara şöhrət qazandıran əsərləri oxumuşam. Ancaq mənim mayam öz ədəbiyyatımızdan tutulub. Sonra Puşkin, Tolstoy başda olmaqla, bütövlüklə zəngin rus ədəbiyyatının və dünya şöhrətli Şərq klassiklərinin məktəbini keçmişik.

Musiqidə də belədir. Hər müğənnidən müəyyən mahnılar qalır yadımızda. Bu baxımdan dünya ədəbiyyatının durna çıraqları çoxdur: həmişə yanan və yol göstərən. Sofoklun və Şeksprin dramları, Servantesin “Don Kixot”u, Getenin “Faust” və “Gənc Verterin iztirabları”, Hüqonun “Səfillər”i, Floberin “Madam Bovari”si, Taqorun “Bağban”ı, Kuperin “Ləpirçi”si, Balzakın “Qorio ata”sı, Heminqueyin “Qoca və dəniz”i, Cek Londonun “Martin İden”, Voyniçin “Ovod” u, Romen Rollanın “Jan Kristof”u, Prustun “Faraon”u, Sartırın “Sözlər”i, Remarkın “Zəfər tağı”, Kavabatanın “Dağın səsi”, Kutzeenin “Maykl K-nın həyatı və zəmanəsi”, Saramaqonun “Təxirə salınmış ölüm”ü, Çingiz Aytmatovun “Ağ gəmi”si və bundan əlavə daha neçə-neçə dünya şöhrətli nəsr əsəri mənim də sevə-sevə oxuduğum və təsirləndiyim incilərdir. Burada böyük şairlər haqqında danışmıram, çünki onlar gündəlik həmsöhbətlərimizdir.

- Siz özünüzü hansı cəbhədə hiss edirsiniz, Dostoyevskiçi, yoxsa Tolstoyçu.

- Mən Dostoyevski və Tolstoyu iki cəbhə yox, 19-cu yüzil rus ədəbiyyatının bir kökə bağlı olan iki nəhəng budağı sayıram. Onlar sağlıqlarında görüşməsələr, üz-üzə gəlməsələr də bir-birlərini yaxşı tanıyır və izləyirdilər. Dostoyevski “Anna Karenina”nı oxuduqdan sonra Tolstoyu cəmiyyətin müəllimi, özünü isə onun öyrəncisi adlandırmışdı. Tolstoy isə “Ölü evindən qeydlər” kitabını oxuduqdan sonra Dostoyevskini hər kəsdən üstün tutaraq, “Rus ədəbiyyatında, Puşkinin əsərləri də daxil, belə gözəl bir kitab” oxumadığını söyləmişdi. Bu iki nəhəng yazıçının hansının daha böyük olması haqqında mübahisə yüz ildən artıqdır davam edir. Tolstoyda ağılın, Dostoyevskidə duyğunun güclü olması, birinin materiyadan ruha doğru, digərinin ruhdan reallıqlara doğru hərəkət etdiyini yazaraq, müxtəlif müstəvilərdə müqayisələr aparmışlar. Dünya yazıçılarının fikirləri də fərqlidir. Məsələn 20-ci yüzilin ən böyük söz üstalarından biri olan Markes yazır: “Mənə bütün dünya ədəbiyyatından yalnız bircə nəfəri seçməyi təklif etsəydilər mən, heç şübhəsiz, rus yazıçısı Tolstoyu seçərdim. Məncə, “Hərb və Sülh” insan tarixinin şah əsəridir.”

Mən də Tolstoyu daha çox, daha həvəslə oxumuşam, deməli, onu daha çox sevirəm, o, məni işığa və gözəlliyə səsləyir. Burda mənim bir qafqazlı, azərbaycanlı olmağım da rol oynayır. Tolstoy Qafqazı çox sevirdi, Qafqaz xalqlarının mübarizəsinin, adət-ənənələrinin, azadlıq eşqinin yer aldığı “Kazaklar”, “Hacı Murad” kimi gözəl əsərlər yazmışdır. Bəzi Azərbaycan ailələri ilə məktublaşmaları, islam dininə münasibəti hamıya məlumdur.

Dostoyevski isə daha çox bir rus –slavyan və xristianlıq tərəfkeşi idi. Tolstoy Rusiyanın Qafqaz müharibəsinə təbiət qanunlarının pozulması kimi baxır. Dostoyevski isə Rusiyanın işğalçılıq siyasətini alqışlayır. Onun rus millətçisi olmasını mən bir türk millətçisi olaraq anlayıram, əslində buna görə ona sayqıyla yanaşmalıyam. Lakin bizim millətçiliyimiz başqa xalqların aşağılanması və təhqiri deyildir. Bizim millətçiliyimiz millətimizin ləyaqət duyğusunun güclənməsinə, milli kimliyini dərkinə, müdafiə qüdrətinin güclənməsinə xidmət edir, barışdan yanadır. Dostoyevski türk xalqını vəhşi adlandırır, ancaq biz Rusiyadan gördüyümüz zülmlərə görə heç vaxt bütünlüklə rus xalqına vəhşi deməmişik, dövlət siyasəti ilə milləti qarışdırmamışıq.

İki dövlət üz-üzə dayananda, Osmanlı İmperatorluğunun Balkanlarda öz ərazilərini qorumasını türklərin vəhşiliyi saydığı halda, Rusiyanın yardımı ilə türklərə qarşı törədilmiş vəhşiliklərə sevinir və haqq qazandırır. Bu ikili standart və Rusiyanın başqa xalqların torpaqları hesabına böyüməsi və güclənməsini, yəni işğalçılığı-rus ruhunun qələbəsi saymaq ənənəsi bu gün də davam edir. Bu, Dostoyevskinin dünyaya yaydığı ideyalardan biridir və Qarabağ olaylarına rus ziyalılarının münasibətinədək uzanıb gəlir. Rus öldürəndə haqlı, Türk müdafiə olunanda vəhşidir. Dostoyevskinin “Yazıçının gündəlikləri” əsərindəki türk nifrəti onun böyük əsərlərindəki humanist prinsiplərlə daban-dabana ziddir. Damarlarında polyak qanı ilə yanaşı, tatar qanı axan Dostoyevskinin türk varlığını yox etmək üçün yol göstərərək, onlara Kazandakı kimi xalat geydirib, başlarını alverlə qatın kimi alçaldıcı münasibəti onu gözümdə kiçildir, əsərlərini oxumağıma və sevməyimə mane olur.

- Hansı bədii əsərdə yaşamaq istərdiniz?

- Öz əsərlərimdə yaşayıram.

- Əsərlərinizi hansı “İzm”ə aid edirsiniz?

- İzmlərlə oynamaq intellektual görünmək xəstəliyindən başqa bir şey deyildir. Böyük yazarlardan biri bu prosesi gözəl ifadə edir: ”Mənim anlamımda intellektual-real gerçəkliyi qabaqcadan düşünülmüş qərəzli nəzəriyyə ilə tutuşduran və bu gerçəkliyi nəyin bahasına olur-olsun, o nəzəriyyəyə dürtmək istəyən qəribə məxluqdur.”

Öz yazılarımı hansısa izmin çətiri altına itələyə bilmərəm. Mənim işim öz hisslərimi və xalqımın dərdlərini yazmaqdır. Elə bir şəkildə yazmaq ki, o həmin dərdin sahibinə, yəni topluma, xalqa çatsın, müəyyən yanğı oyada bilsin, buna görə də yazı tərzimi izmlərə yox, millətin ədəbi, bədii ənənələrinə, milli antenaların tuta biləcəyi dalğalara uyğunlaşdırmağa çalışıram. Bu dalğa mifdən başlamış real tarixə, tənqidi realizmdən sürrealist təcrübələrə , içində olduğumuz mübarizələrin sərt realizmindən sevgi romantizminə qədər, hər şeyi qəbul edir. Yazılarım bu çərçivə daxilindədir.

- Hazırkı gənclərin çoxu yaradıcılığa demək olar ki, romanla başlayır. Amma nisbətən yaşlı nəsil bunu onlara irad tutur; əvvəl hekayə, sonra roman. Siz də bu fikirdəsizmi? Axı dünyada nə qədər yazıçı adı çəkmək olar ki, yaradıcılığa romanla başlayıb uğur da qazanıblar.

- Bunu gəclərin uğuru və yetkinliyi hesab edirəm. Zaman dəyişilir. İndiki nəslin önündə dünyanın bütün ədəbi qapıları və kitabxanaları açıqdır. Bizim illər ötəndən sonra zorla tapıb oxuduqlarımızı uşaqkən oxuya bilirlər. Ədəbiyyatda “hardan başlayıb, hara getmək” adlı bir yol xəritəsi yoxdur. Kim özünü roman yazmağa hazır hesab edirsə, içində bu cəsarət varsa, ona halal olsun.

- İndi hamı kiçik həcmli romanlar yazır.

- Məncə indi də kifayət qədər iri həcmli romanlar yazılır. Xronikalar, fantastik və ya detektiv əsərlər, çox cildli həyat tarixçələri yenə də dəbdən düşməyib. Hər şey mövzuya bağlıdır. Kiçik həcmli romanlar daha çox oxunusa, ona tələbat varsa, bu cür əsərlərin yazılmasına da təbii baxmalıyıq. Burda bir psixoloji məqam da var. Gənclərin çoxu yaradıcılığa romanla başlayırlarsa bu romanlarda epik vüsət və səbirli araşdırmalar axtarmaq düzgün deyil. Bu zamanla gələcək. Həcm həlledici deyil.

- Sizcə yazıçının köşə yazarlığı , tərcüməçiliklə bağlı kənar işlərlə məşğul olması onun yaradıcılığına kömək edir?

- Mən şəxsən jurnalistliyi şairlikdən və nasirlikdən ayrı tutmamışam. Mənimçün jurnalistika həmişə cəmiyyəti və dünyanı daha yaxşı öyrənmək yolu olub və köşə yazılarımı, publisistik yazılarımı romanlarımdan və şeirlərimdən daha vacib sayıram. Ancaq təbii ki, imkanım olsaydı yazmaq enerjisinin aşıb-daşan illərindən bəri jurnalistikaya, siyasətə, məclis və görüşlərə sərf etdiyim vaxtın hamısını, tərəddüd etmədən, bədii yaradıcılığa verərdim. İndi beynimdə onlarla mövzu var, amma yazmaq imkanı azalır.

Sözümü böyük yazıçımız Mirzə İbrahimovun mənə verdiyi bir nəsihəti indiki gənc yazarlara ünvanlayaraq bitirmək istəyirəm: Sabah yazmağı planlaşdırdığınız əsas kitabınızı və ya şah əsərinizi bu gün yazın...

# 1498 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #