Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna

Şəkillər aldadıcı bir oyundur, görüşəcəyik! - Səma Muğanna
13 fevral 2026
# 14:30

Kulis.az Səma Muğannanın "Tanrının işarəsi" yazısını təqdim edir.

Bəzən şəkillər danışır, amma biz düşünürük ki, şəkillərdəki insanlar sadəcə susub, əslində isə realda yaşayırlar...

Hava soyuq idi. Sərt külək insanın simasına işgəncə verirmiş kimi əsirdi. Yağış hayqırtılarını ürəyində saxlamağı bacarmayıb damla-damla ağlayır. Qəribədir, “damla-damla ağlayırdı” desəm də, hayqırtıların səssiz olduğunu demədim. Bəzən hayqırtılar nə yüksəkdən, nə də səssiz olur. Bu hayqırtılar sadəcə “boşluqdan” ibarətdir. Bu boşluqda bir insan görürsünüz, amma o insan deyil.. Onun ruhudur və sizi aldadır. Bəlkə səni aldadan da bu ruhdur? Sakit! Gözlə... Səni uzaq, amma sənə yaxın olan bir evə aparacam. Bu evin otaqları qaranlıq və susqundur. Divarlarda əriyən şamların yarımçıq parçaları qalıb. Ev yanmayıb, amma olduqca istidir. Arxamca gəl, gözlərini qapat, qorxma, əlimdən bərk-bərk yapış, səni buraxmayacam.

Məni tanımırsan. Adım Rüzgardır. Neçə yaşım var bilmirəm. Təxminən 15-20 yaşlarında bir yeniyetməyəm. Doğulduğum günü xatırlamıram, çünki ilk hiss etdiyim balaca bir qəfəsdə zorla nəfəs almağımdır. Bu nəfəs həm isti, həm də çox soyuq idi. İsti ana qucağında olmağım, soyuq isə bağlı, bapbalaca bir qəfəs... Bəlkə də o qəfəs torpağın ətri idi. Qanadı qırılmış sərçənin aldığı nəfəs qədər canım vardı. Gözlərimi nə zaman açdığımı belə xatırlamıram. İndi məni izləyirsən, ya oxuyursan bilmirəm, amma mən uzun bir yola çıxmışam. Bu yolda ayaqlarım getmir. Qəlbimi başqa bir insanın əllərinə vermişəm. Bəlkə də dünyamı dəyişmişəm, səninlə danışan ruhumdur. Bir az səbr et. Bəsdir ağır dərmanlara qaçdın. Axı səbr hər şeyin dərmanıdır...

Rüzgar qaranlıq otaqda o tərəf, bu tərəfə təlaşla gəzişirdi. İşığı yandırmaq istəsə də, lampaları tapa bilmirdi. Birdən ayağı dəyib yerə yıxıldı. Qəribədir, səsini çıxartmadı. Yavaşca ayağa qalxıb otağın işığını yandırdı. Evdə heç kəs yox idi.

Axı bir neçə dəqiqə bundan öncə hamı evdə idi? İndi necə oldu ki, hər kəs getdi? Məni qoyub getdilər? Niyə? Sən də? Sən niyə?

Rüzgar sanki zamanın aldadıcı oyununu anlamayıb, onunla savaşırdı, amma hər şey aydın idi. Sadəcə olanları görmək istəmirdi. Çətinliklə də olsa, addımlayıb digər otaqların da işıqlarını yandırdı. Bayaq divarlarda gördüyü əriyən şamlar yox olmuşdu. Bəlkə də tale onunla bir oyun oynayırdı.

Rüzgara birdən dərin bir yuxu gəldi. Otağına keçib, yatağına uzandı, amma işığı söndürmədi. Yorğanı üstünə çəkib, qıvrılıb yatdı...

Bəlkə də şəkillər aldadıcı deyil, biz insanlar nankoruq!

Zaman 2025-ci il.. 2026-cı ilə son dəqiqələr. Hazırlaş.

Tık, tık, tık, tık.... Şşşş.. Sakit. Gəlirəm, yavaşca mənə doğru addımla... Mənim ruhum danışmır, cismim torpaqda deyil.. Bəlkə də mən heç vaxt dünyaya gəlməmişəm.. Ancaq sənə maraqlı olan mənim kimliyimdir. Səncə, mən kiməm?

Bir az düşün.. Üzümdəki qırışlarım qədər yaşım var.. İndi sənə maraqlı gələcək, axı insanın üzündəki qırışları saymaq mümkün deyil... Bir körpə üçün mən 30-40 yaşlı, yeniyetmə üçün 50-60, yaşlı bir insan üçünsə 20-25 yaşlarında gənc bir qadınam. Mənim ruhumun hansı yaşda olduğunu təxmin edə bilməzsən.. Çünki mən özüm belə bəzən anlaya bilmirəm. Sadəcə tək bildiyim bir şey var.. Mənim oğlum, körpəm Rüzgarı tapmaq.. Çox təəssüf ki, o məni bircə dəfə görüb. Mən onunla yalnız bətnimdə olarkən söhbətləşmişəm.. Bəzi hallarda o çox inciyib, qorxub.. Çünki mənim vücudumdakı izlər körpəmin hərarətli bədənini olduqca soyudub... Mən həyatda heç vaxt “xoşbəxtlik” anlayışını dərk etməmişəm... Mənim üçün isti közdən çıxıb, bədənimə batan bıçaqdır. Bəzən vücudum “əzizlənərkən”, əslində quru torpağa batırılan çəkic qədər ağrılı, sızıltılı olub. Mənə toxunan əllər heç vaxt qayğı və sevgilə toxunulmayıb.. Mən körpəmi əzizləmək istədiyimdə qaranlıq bir qəfəsə çırpınan, qanadı qırılmış bir quş kimi qapadılmışam.. Qanadlarımı (barmaqlarımı) dəfələrlə sındırıb, amma ağrını, acını içimdə səssizcə çəkmişəm.. Göz yaşlarım körpəmin saçlarını islatmasın deyə ağlamamışam, çünki o islansa, üşüyər. O qorxduğunda balaca, şirin gəlinciklərlə onu danışdırmağa çalışmışam. Bəzən bu gəlinciklər də mənim cəlladıma çevrilib.

Bəlkə də bu danışdıqlarımı sən təsvir edə bilmirsən.. Bəlkə də sən bu “həyat”ı yaşamadığın üçün məni anlaya bilməzsən.. Körpəmin indi 20 yaşı var. O heç böyümədi.. Mən isə heç qocalmadım.. İndi ona toxunmaq istəyirəm, amma əllərim, qollarım quru torpaqda, vücudumsa bir cəlladın əsiri olduğu üçün bir otaqda soyuyub... Körpəmin məni görməməsi üçün o qədər çalışıram! Mənim vücudum soyuyub.. Əlimdə isə onun ilk dəfə bətnimə düşdüyü şəklin fotosudur... Mən sənin üçün bir qaranlıq otaqdayam, amma vücudum da bu ümmana atılmış bir quru bədəndir. Danışıram, amma insan “yuxu”da olarkən həqiqətləri danışar axı...

Rüzgar qan-tər içində yuxudan oyandı. Ayağa qalxıb, mətbəxə keçdi. Bir stəkan su içib, otağa geri qayıtdı. Yastığının altından bir foto çıxarıb, danışmağa başladı:

Ana.. Mənim ilk və son sevgim.. Səni 20 il öncə görmüşdüm... 20 ildir ki, sənin o nurlu gözlərinə, gözəl simana, səsinə həsrətəm.. Anacan, saçlarımı sığallamağına ehtiyacım var.. Bax, “son sevgim” dedim, çünki məni sevən heç kəs yoxdur, ana.. Məni sənin kimi qucaqlayıb, “körpəm, oğlum, qorxma, yanındayam” deyən yoxdur... Bəlkə də məni görürsən.. Bəlkə də məni eşidirsən.. Amma hardasan? Niyə 20 ildir ki, gəlmirsən? Niyə məni tək qoyub getmisən? Yenə də suallarım cavabsız qalır. Anacan, sənin yanına gəlmək istəyirəm, amma sənin harda olduğunu belə bilmirəm.. Xahiş edirəm, yalvarıram, məni tək buraxma! Bu gecə yenə güclü qar yağır, bax pəncərələr donub, ev o qədər soyuqdur ki, dişlərim bir-birinə dəyir. Ana, qayğıya ehtiyacım var! Ana!!!

Birdən-birə nəfəs ala bilməyib, əlini qəlbinə qoydu. Ürək döyüntüləri o qədər sürətlə döyünürdü ki, sanki bu dəqiqə hər şey donub qalacaqdı. Göz yaşları səssizcə fotonun üzərinə axırdı. Qəfildən çarpayıdan yıxıldı. Sürünə-sürünə qapıya getmək istədi. Əlləri əsirdi, amma çox qəribədir, onun gücü, sevgisi əlindəki foto şəkli yerə qoymağa icazə vermirdi...

İllər öncə foto şəklin arxasında bir yazı yazılmışdı, amma Rüzgar bu yazıdan xəbərsiz idi.

Şəkillər aldadıcı bir oyundur. Görüşəcəyik!

Bu yazının kim tərəfindən yazıldığı bəlli deyildi. Rüzgar ürək çırpıntılarını içində boğaraq qapıya yaxınlaşdı. “Yardım edin, yardım edin!”-deyə bağırırdı.. Qapını əlləri ilə döyərək kömək istəyirdi.. Ancaq onun səsini eşidən heç kəs yox idi...

Rüzgar özünü toparlayıb, ayağa qalxdı. Bərkdən qışqıraraq: -“Tanrı, anamı geri qaytar! Ana!!! Ana!!”

Rüzgar, qaranlıq otağa doğru addımla..

Rüzgar pıçıltı səsini eşidib, çətinliklə qaranlıq qapıya yaxınlaşdı. Qapı bağlı idi. İllərdir ki, bu qapı açılmırdı. O, qapını açmağa qorxdu, cürət etməyib qaçmaq istədiyində, ayağı ilişib yıxıldı. Əlindəki foto yerə düşdü və o yazı...

Soyuq bir otaqda balaca, qırıq, sökük stulda anasının cansız bədənini gördüyündə bərkdən qışqırdı, amma bu qışqırığı ondan başqa hamı eşitmişdi... Ayaqları titrəyə-titrəyə anasına yaxınlaşıb, onun qabarlı əllərinə, simasına toxunmaq istədi. Göz yaşları yağışdan sonra qalan palçıq kimi simasını kirlətmişdi. Birdən yenidən səs eşitdi:

Şəkillər aldadıcı bir oyundur. Görüşəcəyik!

Səsi eşitdiyi an qapını təpikləyib açıb, içəridən çıxdı. Geriyə baxmaq istəyəndə birdən-birə işıqdan gözləri qamaşdı. Ətraf nura qərq olmuşdu... Rüzgar səssiz addımlarla içəri girdi və ürək döyüntülərinin yavaşladığını hiss etdi.. Birdən balaca bir körpənin ağlamaq səsi eşidildi...

- Ana!!

Yerə yıxıldı.. Bayaq gözlərinin gördüyü acı və qorxulu görüntüyə inana bilmirdi. Səncə, o görüntü?....

Mənim vücudum soyusa da, cəlladım körpəmi qollarıma sarıb, məni onunla tək başına buraxmışdı. Mənim quru torpağın altındakı bədəndən heç bir fərqim yoxdu.. Axan göz yaşlarım sinəmdə ürəyimə sıxılıb yatan körpə kimi acizdir. O da ağlayır.. Rüzgar, bu sənsən.. Rüzgar, cəllad sənin bədənində illərdir yatır... Dediyi kimi, “şəkillər aldadıcı bir oyundur...”

Artıq bir neçə saat keçmişdi.. Rüzgar cəlladını görmədi, çünki Tanrı onu anası ilə baş-başa buraxmışdı. O artıq bu dörd divar arasında deyildi. Soyuq bədən quru bir torpaqda, ruhu isə mələklərlə idi...

Bu sənin üçün bir qaranlıq otaqdır, çünki Rüzgarın həyatı qaranlıq dörd divardan ibarət idi. İndi isə həqiqətdəki dünyaya qayıda bilərsən. Unutma, şəkillər aldadıcı bir oyundur...

# 134 dəfə oxunub

Oxşar xəbərlər

“Baxın kölgəsində”  konsert proqramı təqdim olundu

“Baxın kölgəsində” konsert proqramı təqdim olundu

16:03 13 fevral 2026
“İraq-türkman dilinin qrammatikası”  kitabının təqdimatı keçirildi

“İraq-türkman dilinin qrammatikası” kitabının təqdimatı keçirildi

15:30 13 fevral 2026
“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

15:00 13 fevral 2026
"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

"Boşanmaq istəyənlər dövlətə yüksək məbləğdə cərimə ödəməlidir!" - Batan gəmiyə bilet satmaq olarmı?

14:08 13 fevral 2026
Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

Bakı Kitab Mərkəzində Çin poeziya axşamı keçirildi

14:00 13 fevral 2026
Hitlerin sevimli heykəltəraşı - O, Stalinin təklifinə nə cavab vermişdi?

Hitlerin sevimli heykəltəraşı - O, Stalinin təklifinə nə cavab vermişdi?

13:30 13 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər