news-inner
clock12:43 calendar-gray 03 Avqust 2016 view-gray235 dəfə oxunub
view-gray235 dəfə oxunub

Balaca qadınların çılpaq üzüntüləri – YENİ İMZA

Kulis.az"Yeni imza" layihəsində Xuraman Məmmədovanın şeirlərini təqdim edir.

Sərxoş çarpayılar

Balaca qadınların çılpaq üzüntüləri silkələyib dünyanı.

Aldanan ölümlərin qışqırdığı məzarlar,

Dönüşüb çarpayıya,

Anlayır Samzaları.

Qırmızı azadlığın yumulmuş gözlərini öpürlər Kafka kimi.

Məhkəmə salonunda bütün inqilabçılar düzülür Qrinviçə,

Şeir deyir gecəyə.

Arşın-arşın satılan sevgi çarpayıları məhv etdi sevdaları,

Mən dünyanın köksündə sevdalinka quşuydum,

Ucuz roman qızları gəlib rəqs eləyəndə,

Bir çaynik unuduldum.

Müqəddəs kitab gətir öz göyərçin evindən,

Basacam əllərimi and verəcəyəm sənə,

Yalnız sərxoş olanda haram olan yuxular

Gəlib bardaş quracaq bu gecə yatağımda.

Bu votkalar, şərablar mədəmizi yandırır,

Ucuz sevgi dəstləri qatar-qatar qapıda,

Skamyanın üstündə yatmış sərxoş kişitək uşağın utandırır.

Yalnızlıq üşüyür

Gecələri tanrı yaradıb, isbatım da var,

Bu cür gözəl yalnızlığı hansı məxluq yaradar?...

Günəş belə söndürəndə öz gənclik işığını,

Tanrı zümzümə edirdi gecənin şərqisini...

Yorğun-arğın işdən gələn ataların yükündən

Gecənin də çiyinləri böyüyərmiş, tanrılığı azalar.

Göydən yerə milyonlarla əl töküləndə

Dua belə qayıdırmış, anlayacaq uşaqlar...

Gecələri uzadasan, günü gecə edəsən,

Uzanan yalnızlığa toy tutasan, qışqırasan üstünə.

Deyəsən ki, niyə gəlib günəşi yatağından qovursan?

Nə üçün gəlib gecələr yastığımın üstündə kiçik baş ağrıları,

Xroniki tənhalıq, "qəmgin" kədər həbləri qoyub, gülüb qaçırsan?

Gecələrin içindən sıyırıb qollarımı,

Kəsik bir damar kimi sallanıram dünyadan.

Geyinib bu gecə uşaqlığımı,

Qaçıram anamın çarpayısına,

Deyirəm, "Hər gecə tanrı üşüyür.

Yalnızlıq yamanca qorxudur onu.

Onun zamanında qışdır, soyuqdur,

Günəşi qovlayıb özün unudub.

Bəlkə deyək yatağını dəyişsin,

Şimşəklər təklikdən qorxub ulayır.

Axı göydə heç vaxt aydınlıq olmur,

Kiçik ulduzlar da yola getmirlər,

Gərək onlar yerə düşüb yorulsun.

Tanrı da bir nəfəs dərsin dərindən,

Bu gecə gəlib mənə layla oxusun."


Beşmərtəbəli narahatlıqlar...

Beşmərtəbəli evlər də qocaldı, getdi.

Daha o illərdən bizə hay olmaz,

Yatanda qurduğum bütün saatlar,

Səhər oyananda itər, tapılmaz.

Xəyallar qurur bizi saatlı bomba kimi.

Altıncı mərtəbələr uçur tökülür,

...Bağışla, qapını döyə bilmirəm,

Köksümdə balaca daxmacığım var,

Bu gün o da öz yerindən sökülür.

Uzaq yaşıl adaların yorğun sakinləriyik,

Əlimiz-ümidimiz yorğanımızdan qısa,

Çəkib başımıza iki qarış sevdanı,

Durnalar mövsümündən məktublar aparırıq,

Şeirdən, sözdən yaşmaqlanmış xırdaca qıza..

Retro xatirələrə söykənib bu yağışlar,

Yağırlar başımızdan ta könlümüzəcən,

Sizi də tutacaq harınlamış qarğışlar,

Töküləcək qulaqdan ta ki köksünüzəcən. ..

Bir səhər qurunun oduna yanan şairdən süzüləcək bu günəş,

Bütün yolu sürünəcək dodağından uzaqlar,

Beşmərtəbəli evlər söküləndə bir səhər,

Tikiləcək yerinə "müvəqqəti narahatlıqlar"...


Tıq-tıq xanım

Anan səni bu dünyaya göndərəndə dalınca heç su tökdümü?

Heç həkimlər səni görüb qayçı-bıçaq hönkürdümü?

Onda sən də ağlayırdın,

Hər şairin ağlayışa bir çözümü vardır, əlbət.

Fəqət gəl bir dağ çək mənə,

Bütün ölən anaları mərmər daşlar güldürdümü?

Misqal-misqal topladığı sevgisinin bədənisən,

Ovcunun içindəki sirlər qədər köçərisən.

İki addım o yanda dur,

Xoşbəxtlik lap çox “soldadır”.

Yağış dolan bədənini al qaçağan günəşlərdən,

Matəm rəngli, kül baxışlı, ağzında intihar dişli bu həyatı gəl soyundur...

Müəllimlər də demədi, hə?

Demədi ki, “boyu uzun Suray xanım,

Çıx nağıldan gəl, keç otur yemək yeyək,

Anan verən kədərindən, körpə gülüş ələmindən bir dərd seçək”.

Kimsə bilməz, söyləməzlər;

Tənha qalan küçələrin anasıdır bu uşaqlar,

Küçələri qucağında yatızdırır,

Qatarları əsgər yola salır kimi uğurlayır.

Tıq-tıq xanım həyatından “küsdələcik” qalıb,

Öz balaca bədənini küləklərlə qıdıqlayır.

Soyuyanda evimizin yorğanları,

Saçlarımdan sığallarım əskiləndə,

Başım dizlərindən kasıb,

Qulaqlarım lay-laysız kövrələndə,

Səhər durub görürəm ki, bir ana da uçub gedib...

Gecə yorğanlar deyir ki, görən Tanrı mürgüləyib?

Balinalar

Ah kiçik balinalar, siz necə də cazibədarsınız,

Bütün okeanı titrədən köpək balıqlarını belə güldürürsünüz.

Ah kiçik balinalar, siz necə də mavisiniz,

Bütün dənizlər rəngini sizdən alıb deyəsən,

Bütün axan ulduzlar gəlib dənizin dibinə dolub,

Elə bilirdim ki, siz də üzüb gəlmisiniz göy üzündən.

Ah kiçik balinalar, “yol böyüyün, su kiçiyin” təzadları varmı dənizdə?

Yoxsa bütün azad balıqlar sizi görəndə baş əyirlər dalğalanan dəhlizdə?

Mariana çökəkliyindən yosun toplayıb gətirdinizmi evinizə?

Ah kiçik balinalar, bu dünya dənizlərin dalğasından daha vəhşidir,

Dənizdə ölən adamlar qocalmır,

Dənizdə ölən adamların yosun ətri gəlir burnuma,

Üzüb-üzüb quyruğuna gəldiyimiz dərdlərimiz də gəlir batır qursağımıza.

Buna görə də, balinalar, bilin ki, günəş bizi aldadır,

Əgər günəş hər gün doğulursa,

Deməli, bizim milyonlarla günəşimiz var.

Buna görə də hər axşam saat 5-də dəniz içirəm günəşə qarşı.

Günəşin dənizə çoxdandan verdiyi yorğan sözü var.

Limon ağacları

Bütün limon ağaclarını səninçün ismarlamışam,

Gözlərinçün darıxanda çay süzürəm,

Əllərinçün darıxanda balıq tuturam.

Qarpız kəsirəm hava isti olanda,

...və sən tər damcıları halında alın yazımı siləndə

Üzümü tutub günəşə çevirirəm,

Bütün limon ağacları da sarılaşır sən yadıma düşəndə.

Yarpaqlar da əzginləşir payız gəlməyəndə
Dibçəklərə çay verirəm sən yavaş-yavaş unudulanda,

Ağacları budayıram sən qolumu, budağımı qırdığın anı xatırlayanda.

Güzgüyə baxanda tanış adam görməsən,
Bil ki əsgərə gedib unutduğun hamı.
Sən də hər yemək zamanı bir az da arıqlayırsan, onlar əvəzi.
Gərək biləsən ki, Bakı küləkli deyil, biz uçmağı sevirik...
Buna görə də saçlarımı uzadıram külək əsəndə,
Qaranlıq olanda da şeir yazıram, işıq əvəzi.
Masama çiçəkli süfrə sərirəm,
Peyvənd edirəm gözlərimi beləcə.
Anam süfrə duası oxuyanda mən “çiçək-çiçək, ağ çiçəyim” oxuyuram,

Bütün dualar da xısın-xısın gülür o gecə üst-başımın gül-çiçəyinə.
Mən günəbaxan yox, gündən küsən çiçəyəm.
İnan mənə, ayaq uclarımda gəzirəm,
Evin içində balerina olmuşam,
Bütün tavanlar məni görəndə gülümsəyir.
Səhər tezdən Motsarta şam yandırıb,
Günortalar Fridayla iki kəlmə çörək kəsirik,
O da ayağını ayaq üstə aşırıb oturub için-için gülür mənə.
Yəqin düşünür ki, bu balaca bədənimə necə sığdırmışam onun bütün tablolarını?
Səhər evdən çıxanda anladım ki,
Bütün qapı zəngləri şairlərçün tənəffüsdür.
Dərs zamanı çəkilən yalnızlığı mən də bu tənəffüsün borcundan düşəcəm.
Sən yadıma düşəndə pilləkənlərdən düşəcəm.

Anamın gözündən düşəcəm.

Eyvandan dibçək düşəcək,

Bulud göydən düşəcək burnumun üstünə.

Sonra qanunsuz bir yağış kimi gizlənəcəm günəşin arxasında.

Balaca Poseydon da küsəcək məndən,

Bir də qarğış duymayım deyə Van Qoq gəlib qulağımı kəsəcək.

Sonra bütün bəşəriyyət Bethovenin Van Qoqa əsəbiləşməsinə baxacaq,

Raskolnikov baltasıyla gəlib bütün qoca xatirələri doğrayacaq,

Mən də Karmazovların kölgəsində gizlənəcəm,

Gözəgörünməz ataların kölgəsini öldürəcəm.

Bütün ədəbiyyatı iki qurtum göz yaşına səfərbər etmişəm,

Şeir yazmağını düşünəndə gecələrə töküləcəm,

Aya baxanda da məni xatırlamayacaqsan,
Bu o qədər də önəmli deyil, vallah,
Əsas odur, gəlib gözünü çıxarmır ayın işığı,
“Ay eynəyi” taxılmır gecə yarısı.
Səni öz xatirələrimlə elə bezdirəcəm ki,
Artıq xatirə olmaqdan bezib özün özünü siləcəksən.

Səni unutmaqçün bütün şizofrenləri öldürəcəm.

Tesladan işığını başqa planetə ötürməsini rica edəcəm,
Qaranlıq buralara daha çox yaraşır çünki.
Deyəcəm ki, sizin üçün işıq nədirsə,
dünyalılarçün də qaranlıq odur...

Albertin də gülməkdən ürəyi gedəcək,

Bununla da o tapacaq ki, yer günəş ətrafında fırlansa da,

İnsanlar yalnız onlara maraqlı olanlara səmazəndirlər.

Bütün limon ağaclarını Temza çayına tökəcəm,

Londonluların təzyiqi çox oynaqdır,

Əgər bir gün Çarliston oynasa, təəccüblənmə.

Limon ağacları eqoistdirlər bir az, bilirsən,

Amma səni xatırlayanda mənimçün də kədərlənirlər.

news-inner-user

16048 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Məşhur türk aktyoru vəfat etdi
11:20 05 Avqust 2020
Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020