news-inner
clock12:41 calendar-gray 15 İyul 2016 view-gray194 dəfə oxunub
view-gray194 dəfə oxunub

Müşfiq Hətəmov: “Kinoşünasların çoxu qeyri-peşəkardır”

Kulis.Az Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovun APA -ya müsahibəsini təqdim edir.

- Müşfiq müəllim, kino günü ərəfəsindəyik və istəyirəm söhbətə hazırkı kino prosesinin vəziyyəti ilə başlayaq. İşləriniz necədir, hansı yeniliklər var?

- Cəmiyyətdə psixoloji mənzərə dəyişdikcə, kino həmin prosesi qabaqlamalıdır. Bu reaksiya, münasibət adekvat olmursa, artıq sükut və ətalət yaranır, geriləmə müşahidə olunur. Dünyada olan bütün kino şirkətləri kimi biz də öz üzərimizdə işləməliyik, günün tələbini nəzərə almalıyıq. Bunu sevinc və qürur hissi ilə deyirəm: “Azərbaycanfilm” təkcə iki ildə 70-dən çox festivalda iştirak edib, filmlərimiz 58 ölkədə nümayiş olunub. Kinostudiya Azərbaycanda yeganə mədəniyyət müəssisəsidir ki, dünyanın aparıcı mədəniyyət mərkəzlərinin kataloquna adı düşüb və ölkəmizi ən böyük kino qurumlarında təmsil edir. Müstəqillik dövründə belə bir uğur heç vaxt olmayıb. Bütün bunlarla yanaşı, bizim böyük problemlərimiz də var və həmin problemlərin həlli ilə ciddi məşğuluq.

- Problemlər haqqında danışmaq maraqlı olar...

- Əsas problemimiz kino industriyasının qurulması və yaradıcı atmosferin daha da gücləndirilməsidir. Bilirsiniz ki, Prodüserlər Gildiyasını təsis etmişik, yeni kino qanununu hazırlayıbMilli Məclisə təqdim etmişik. Kinonun çəkiliş prosesinin belə deyək, “ASAN Xidmət” sisteminə keçirilməsi üçün layihə - Azərbaycan Film Komissiyası hazırlanır. Həmin layihə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin nəzarətindədir, müzakirələr aparılır. Hazırda istedadlı və intellektli insanların “Azərbaycanfilm”in ətrafına cəmləşdirilməsi üçün iş aparılır. Tarixdə ilk dəfə olaraq 28 nəfər istedadlı gənc “Azərbaycanfilm”də sınaqdan keçib və bu proses davam edir. Əfsuslar olsun ki, son vaxtlar mətbuatda yanlış informasiyalar dərc olunur. Məsələn, bu yaxınlarda Azərbaycan kinosunun vəziyyəti ilə erməni filmlərinin vəziyyəti müqayisə olunub və yanlış, həqiqətə uyğun olmayan məqamlara yer verilib. Amerikanın hansısa ştatında ay ərzində filmlər göstərilir və onların içindən seçim edilir. Həmin siyahıda erməni filmi də olub.

Bizim bəzi mətbuat orqanları bunu Azərbaycan kinosunun Qarabağ mövzusunda Ermənistana uduzması kimi qiymətləndirib. Fakt budur: “Azərbaycanfilm” kinostudiyasının işləri, ümumi kino prosesi Ermənistan kinosundan qat-qat irəlidədir. Bunu gürcü kino mütəxəssisləri dəfələrlə bizə deyiblər. Əgər biz 70 festivalda olub orda bir dənə də erməni filminə rast gəlməmişiksə, demək, vəziyyətin nə yerdə olması məlumdur. Qarabağ haqqında çəkilən filmlərimiz Amerikanın hanısasa kiçik ştatında yox, Tokionun, Venesiyanın kino festivallarında nümayiş olunur. Biz yeni kino qanununu gözləyirik. Əgər qanun layihəsi peşəkarların istədiyi kimi qəbul olunsa, Azərbaycan kinosunun ikinci inkişaf xəttini görəcəksiniz. Hesab edirəm, qısa müddətdə bu işlərin aparılması böyük uğurdur. Cənab prezidentin imzaladığı “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı” imkan verdi ki, bir çox vacib layihələri həyata keçirək.

Məhz bu dəstək və qayğı nəticəsində son illərdə bir neçə uğurlu film çəkildi. Həmin ekran işləri Azərbaycanı dünyada təmsil edir. Kinostudiyanın istehsalı olan filmlər xarici kino şirkətlərinin diqqətini cəlb etməyə başlayıb. İsveçrənin “Triqon-Film”, Malayziyanın “Astra” şirkəti ilə əldə olunan razılaşmalar əsasında filmlərimizin 20-dək ölkənin yerli kinoteatrlarında və televiziya kanallarında yayımına başlanılıb. Bundan başqa filmlərimiz haqqında “Variety”, “Hollywood reporter” kimi bir nömrəli dərgilərdə peşəkar yazılar yer alıb. Qarabağ həqiqətlərini yüksək bədii dillə ifadə edən bədii filmlərimiz bugünədək xarici dilli mətbuatda işıqlandırılır və Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dünyanın nəzərinə kino vasitəsi ilə çatdırılır.

- Orta-statistik tamaşaçılar arasında, hətta deyə bilərəm, kino mühitində festival deyilən kimi Kann, Berlin festivalları ağıla gəlir. Yəni belə bir təəssürat yaranıb: kino adını çəkdiyim müsabiqələrdə qalib gəlmirsə, deməli, böyük mənada uğurdan danışmaq olmaz. Bu haqda fikirlərinizi bilmək istəyirəm...

- Bizim Rusiya ilə müştərək çəkdiyimiz “Sonuncu” qısametrajlı filmi Kann kino festivalının müsabiqə proqramında iştirak edib. Təəssüf ki, bəzi adamlar yanlış şəkildə bu cür rəy formalaşdırmağa çalışırlar. Məsələn, erməni kinosunun vəziyyətinə nəzər salın, görün, xaricdə çəkilən filmlər istisna olunmaqla, Ermənistanın öz istehsalı olan ekran işləri beynəlxalq festivallarda iştirak edirlərmi? Bizim filmlərin çoxu iki min, üç min filmin içindən seçilib “FIAPF” akkreditasiyası alan festivalların müsabiqə proqramlarında iştirak edir. Təmsil olunduğumuz festivallar dünyanın kino mühitinin ən aparıcı festivallarıdır. Bundan başqa, nəzərə alın ki, filmlərimiz artıq Avropada satılmağa başlayıb. Bu gün yeni nəsil gəlir və biz onların hesabına ən böyük mükafatlara hazırlaşırıq. Mütəxəssislər dəvət edirik, Avropa, Türkiyə, İran kino təcrübəsini müzakirə edirik, əməkdaşlıq aparırıq. 70-dən çox festivalda iştirak etməyin, 58 ölkədə nümayiş olunmağın uğuru ilə razılaşmırıq, daha böyük layihələri həyata keçirməyi düşünürük.

- Kino qanunu üzərində iş hansı şəkildə aparılır. İstəyirəm, bu haqda danışaq...

- Bu, Azərbaycan kinosu üçün böyük hadisədir və bütün işlər kompleks şəkildə aparılır. Vacib məqamı deyim: məsələn, kino texnologiyasının alınmasına aid gömrük rüsumu 36 faizdir. Bu həddən artıq böyük rəqəmdir. Məsələn, avadanlıq 500 min manata başa gəlirsə, üstünə də 36 faiz gələndə, özəl şirkət bunu ala bilmir. Qanunvericilikdəki bu maddə bizə mane olur deyə, bəzi şirkətlər xaricdən icarəyə avadanlıq gətirir. Bu da respublikadan vəsaitin kənara çıxması deməkdir. Ona görə təklif edirik ki, bəzi məsələlərdə bizə güzəşt etsinlər. Demirik ki, vergi tamamilə ləğv olunsun, xeyr, sadəcə, texnikanın Azərbaycana gətirilməsinə güzəştlər olsun, istehsaldan yox, satışdan vergi tutulsun. Bu Azərbaycanda özəl kinonun da inkişafına böyük dəstək verəcək. Bu günlərdə Prezident Administrasiyasında ölkə prezidentinin köməkçisi hörmətli Əli Həsənovun, nazir Əbülfəs Qarayevin, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin və televiziya rəhbərlərinin iştirakı ilə səmərəli, vacib müzakirələr aparıldı. Kino qanunvericiliyində bəzi maddələr var ki, onların mane olmaqdan başqa heç bir funksiyası yoxdur.

- Milli Məclisdə qanunun qəbul olunması üçün sizə dəstək verən millət vəkilləri kimlərdir?

- Sevinirəm ki, qanunun qəbul olunmasına etiraz edən millət vəkili yoxdur. Başda mədəniyyət komissiyasının sədri, akademik Rafael Hüseynov olmaqla millət vəkilləriAqil Abbas, Əflatun Amaşov,Fazil Mustafa,Novruz Aslanbizə böyük dəstək verirlər. Bu məni çox sevindirir. Çünki hər kəs Azərbaycan kinosunu sevir, Azərbaycan kinosunun inkişafına çalışır. Təbii ki, çətinliklərimiz, problemlərimiz bununla bitmir. Bizim peşəkar kinoşünaslara, müasir kino musiqisini bilən gənc bəstəkarlara, müasir texnikanı bilən operatorlara, kino rəssamlarına, çağdaş dramaturji-psixoloji durumu qiymətləndirə bilən gənc ssenaristlərə ehtiyacımız var. Hər il müsabiqə elan edirik. Kino günündə dörd nəfər gənc rejissorun filmlərini nümayiş etdirəcəyik. Hər kəsi dəvət edirəm, gəlib baxsınlar ki, “Azərbaycanfilm” gənclərin potensialının reallaşdırmasına hansı şəkildə dəstək verir.

- Mədəniyyət və İncəsənət Universiteti hər il operator, kinoşünas məzunlara diplom verir, amma kinostudiyanın tələblərini ödəmir...

- “Azərbaycanfilm” olaraq bu il altı məzuna şərait yaratdıq ki, diplom işlərini bizim qurumda çəksinlər. Universitetin rektoru Fərəh Əliyevanın təqdimatı ilə bir tələbəyə şəhid rejissor Vaqif Əhmədovun adına təsis olunmuş təqaüd veriləcək. Mədəniyyət və İncəsənət Universitetinə böyük texniki baza lazımdır. Universitetin kiçik pavilyonları olmalıdır, tələbələr parta arxasında oturmamalıdırlar. Təbii ki, bu sahədə təşəbbüskarlıq var, müəyyən işlər görülüb, amma azdır. Bir-iki nəfəri çıxmaq şərti ilə kino haqqında yazan kinoşünaslar həddən artıq zəifdirlər, yazdıqları məqalələr plagiatdır. Hətta tənqidi məqalədə də yüksək mədəniyyətin olması vacibdir.

- Ciddi ittihamdır və güman edirəm, sərt əks cavaba hazırsınız...

- Mən tənqidə açıq adamam və hər bir kinoşünasla yaradıcı müstəvidə bütün dialoqlara hazıram. Tənqid məni daha çevik olmağa məcbur edir, özümə kənardan baxa bilirəm. Amma onu da deyim, bir neçə savadlı, obyektiv kinoşünas var, biz onlara kömək etmək istəyirik ki, xaricdə kurslar keçsinlər. Yaxud bu gün hər şeyi dövlətdən istəyən adamlar var. Rejissor deyir, dövlət pul versin, film çəkim. Amma baxın, adi kamera ilə, hətta telefonla çəkilən filmlər var ki, müsabiqələrdə yer qazanırlar və satılırlar. İstedad, intellekt və yüksək mədəniyyət varsa, sən öz sözünü hər yerdə deyə, uğur qazana bilərsən.

-Müşfiq müəllim, hər dəfə müasir İran kino nümunələrinə, Cənubi Koreya filmlərinə baxanda heyrətlənirəm. Səbəbini sizə deyim: qondarma fəlsəfəçiliyə, tarkovskivarı ağırlığa getmədən, daha doğrusu, Tarkovskini istedadsız şəkildə imitasiya etmədən, çox adi hadisənin üstündə gözəl ssenari qururlar. Və hər dəfə bu filmlərə baxanda mənə elə gəlir ki, bizim ən böyük problemimiz istedadsızlığımızdır...

- Yanlış fikirdir və qətiyyən razılaşmıram. Azərbaycan xalqı çox istedadlı xalqdır. Sadəcə, istedadı üzə çıxaran mexanizm problemi var. İranda da, Türkiyədə də, Uzaq Şərqdə də o mexanizm qurulub, industriya formalaşıb və neçə illərdir işləyir. Sadəcə, zamana ehtiyac var. Nəzərə alaq ki, adını çəkdiyimiz ölkələrin müstəqil kino təcrübəsi bizdən qat-qat çoxdur.

- Özəl kommersiya filmləri çəkilir. İzləyə bilirsiniz? Onların səviyyəsi necədir?

- Özəl kommersiya filmləri sahəsində ilk işləri mən həyata keçirmişəm. 1997-ci ildə müəllim işləyirdim, amma eyni zamanda bir neçə kommersiya filminin ərsəyə gəlməsində rolum olub. Məsələn, “İnterpapa”, “Toy”, Moskva-Bakı qatarı”, “Məhəllə” və s. Hətta bu filmlərdən bəziləri mənim şəxsi mülkiyyətimdir. Son çəkilən filmləri də təbii ki, izləyirəm. Prodüserlər Gildiyasının iclasında son çəkilən filmləri müzakirə etmişik və nazirliyə məktub təqdim etmişik ki, bu filmlərdən bəziləri uğurlu alınıb. Gildiya olaraq yaxın gələcəkdə bu sahəyə dəstək verəcəyik. Bu sahənin inkişafı bizə çox lazımdır. “Azərbaycanfilm”in əsas məqsədi peşəkar kino məktəbini qoruyub-saxlamaqdır. Biz peşəkar kino məktəbini qoruya bilsək, kassa filmləri bazarın tələbinə uyğun olaraq öz-özünə inkişaf edəcək. Yenə deyirəm, kinostudiya olaraq kassa filmlərinin inkişafına dəstək verməyə hazırıq və bu, belə də olacaq.

- Rejissor Babək Şirinsifət dövlət sifarişi ilə “Üç gün və bir ömür” filmini çəkir. Sizi tənqid edirlər ki, Azərbaycanda Babək Şirinsifət səviyyəsində bir neçə rejissor işsizdir, amma filmi iranlı rejissora vermisiniz. Bu irada, tənqidə cavabınız nədir?

- Biz müxtəlif metodlardan istifadə edib Azərbaycan kinosunun inkişafına nail olmaq istəyirik. Çalışırıq, qonşu ölkələrin və ümumilikdə dünya praktikasından istifadə edək. Babək Şirinsifət Azərbaycanın ən ağır günlərində Qarabağ dərdi haqqında şəxsi vəsaiti hesabına “Sıfır saatının qatarı” filmini çəkib və bu film dünyanın ən böyük televiziya şirkətlərində nümayiş olunub. Daha sonra Qarabağ problemi haqqında bədii film çəkdi, ən çətin günlərdə Azərbaycana dəstəyini göstərdi. Babək Azərbaycanı sevən şəxsdir. Bundan başqa o, müasir və peşəkar kino istehsalını bilir. İnanıram ki, Babəkin filmi uğur qazanacaq, deyilən bütün tənqidlərin əsassız olduğu görünəcək.

- Kinostudiyanın təmiri ilə bağlı işlər nə yerdədir?

-Ümid edirəm, yaxın vaxtlarda bu məsələ də öz əsaslı həllini tapacaq. Yəqin ki, kinostudiyanın indiki vəziyyəti ilə əvvəlki vəziyyəti arasındakı fərqi hiss etdiniz. Öz vəsaitimiz hesabına kinostudiyanın iki mərtəbəsində əsaslı olmasa da, müəyyən təmir işləri aparmışıq. Yeni zallarımızı bərpa etmişik, yeni montaj studiyaları yaratmışıq. Çəkiliş pavilyonlarımızı dövlətdən vəsait almadan təmir etmişik, bu gün ən böyük reytinqi olan televiziya layihələrinin çəkilişi kinostudiyada aparılır.

- Planlar nədən ibarətdir?

- İki tarixi mövzunun ekran həllini türk kinematoqrafçıları ilə birgə işləməyi müzakirə edirik. Bu məsələdə ssenarist problemi yaşayırıq. Əgər o iki filmi çəkə bilsək, böyük hadisə olacaq.

news-inner-user

16762 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Koronavirusa tutulan yazıçı: “Bu mövzuda on hekayə, bir roman yazmışam”
11:14 21 Oktyabr 2020
Ləpə satan qadını ağladan bayraq
10:42 21 Oktyabr 2020
Polşalı aktyor vəfat etdi
10:15 21 Oktyabr 2020
Füzulidən olan 82 yaşlı şair: “Evim dağılıbsa, kolun dibində yaşayaram” – Müsahibə
09:00 21 Oktyabr 2020
Kinematoqrafçılar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:44 20 Oktyabr 2020
Mahnı bitənəcən qayıdacam
18:02 20 Oktyabr 2020
Gecə yarısı bir qız məktub yazır səngərə... - Cəbhədə olan zabitdən şeirlər
17:21 20 Oktyabr 2020
Zəngilanlı aktyor: "İlk dəfədir var olduğumu hiss edirəm"
16:33 20 Oktyabr 2020
Məşhur aktyor xərçəngə tutulub
15:51 20 Oktyabr 2020
Mehdi Hüseyn onun qollarında can verdi, yoldaşının danışdığı yalan ömrünü 7 il uzatdı, bir şeirlə tarixdə qaldı – Maraqlı faktlar
15:08 20 Oktyabr 2020
Günay İbrahimli: "Ən böyük arzuma çatdım"
14:25 20 Oktyabr 2020
Kuklada uşaqlar üçün tamaşa
13:42 20 Oktyabr 2020
Rusiyanın tanınmış aktrisası vəfat etdi
13:01 20 Oktyabr 2020
“Qəbiristanlığa qaçacam, atama salam verməyə...” – Kəndləri alınan yazıçılar ora necə qayıdacaqlar? - Sorğu
12:20 20 Oktyabr 2020
Balasının meyitini qucaqlayan ata – Allaha suallar
11:41 20 Oktyabr 2020
Qadını yırtıcıya çevrilən xalq
11:01 20 Oktyabr 2020
“Çiçek taksi”nin Abuzeri həbsdən çıxdı
09:58 20 Oktyabr 2020
Balıq ovunda dəhşətli peşmanlıq – Yeni hekayə
08:55 20 Oktyabr 2020
Filmimiz Parisdə nümayiş olundu
18:49 19 Oktyabr 2020
Rəssamlar İttifaqı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib
18:11 19 Oktyabr 2020