Ala-yarımçıq filmimiz – “Naməlum kino” layihəsi

Ala-yarımçıq filmimiz – <span style="color:red;">“Naməlum kino” layihəsi
11 iyul 2016
# 08:30

Kulis.az “Naməlum kino” layihəsində Yuli Qusmanın 1978-ci ildə çəkdiyi “Bir ailəlik bağ evi” filmini təqdim edir.

Süjet: Ana (Firəngiz Şərifova) ilə ata (Süleyman Ələsgərov) dəniz sahilində bağ evi tikməyi qərara alırlar. Bunun üçün onlara övladlarının köməyi lazımdır. Amma iş-güc yiyəsi olan, şəhərdə yaşayan övladların valideynlərinə baş çəkməyə, evi tikməkdə yardım eləməyə vaxtları yoxdur. Böyük oğul Eldar (İqor Kvaşa) elmi işçidir. Onun qayğısı başından aşır, gah rəhbərlik elədiyi laboratoriyada problem çıxır, gah sevdiyi qadınla münasibətləri gərginləşir. Buna baxmayaraq, o, vaxt tapıb valideynlərinin yanına gedə bilir. Yalnız 10-15 dəqiqəlik. Anasının tənəsi, nigarançılığı onu bağda qalmağa vadar edir.

Filmdə iki əsas xətt var: Bağ evi tikmək istəyən valideynlər, onlara qarşı biganə, məşğul övladlar və Eldarla sevdiyi qadın Validənin (Larisa Xələfova) münasibəti.

Bu iki xətt film boyu paralel gedir. Amma sanki iç- içə keçə, vahid orqanizmə çevrilə bilmir.

Ümumiyyətlə, indiyədək izlədiyim, sovet dövründə çəkilən əksər filmlərimizdə əsasən iki problem diqqətimi çəkir. Problemlərdən biri çox pis musiqi həllidir, yəni səslənən musiqi təklif olunan vəziyyətlərə ya adekvat deyil, ya da yersizdir, sanki musiqi xatirinə səslənir.

İkinci problem səhnələrin qeyri-estetik, pinti, məzmuna xələl gətirəcək şəkildə qayçılanmasıdır. Pinti qayçılanma səbəbindən filmlər alayarımçıq, natamamdır.

Qeyd elədiyim hər iki problem “Bir ailəlik bağ evi”ndə də var. Məhz bu səbəblərdən müəlliflərin təklif elədiyi iki xətt bir-biriylə sıx əlaqədə olsa da, bir çox məqamlarda yad, ayrı-ayrı əhvalat təsiri bağışlayır.

Bundan başqa adından, ümumi süjetdən də anlaşıldığı kimi burda bağ evi təkcə özünün birbaşa mənasını daşımır, eyni zamanda bədii obrazdır, fakturadır, bağları qopan, uzaqlaşan ailəni birləşdirən, etinasızlığı aradan qaldıran vacib obraz. Filmdə isə onun daşımalı olduğu missiya o qədər işlək deyil.

“Bir ailəlik bağ evi”nin ssenari müəllifi Rüstəm İbrahimbəyovdur.

Film onun “Qum üzərində ev” pyesinin əsasında ekranlaşdırılıb. R.İbrahimbəyovun yaradıcılığında aktual məsələlərdən biri böyük şəhərlərdə yadlaşan insan obrazlarıdır.

Sadəcə “Bir ailəlik bağ evi”ndə məsələ bir az da didaktika səviyyəsinə qaldırılıb.

Ümumən, əhvalatda az-çox maraqlı olan məhəbbət üçbucağıdır: Eldar-Validə-Əli (Rasim Balayev). Eldarın aspirantı köntöy Əli Validənin keçmiş sevgilsidir. Əlinin belə davranışı əsassız deyil: onun da öz ağrıları, travmaları var. Sevdiyi qadın onu vaxtilə tərk edib. O isə təsəllini Validədə tapır. Validənin Əli ilə keçmişdə sevgili, hətta intim münasibətdə olması Eldarı qısqandırsa da, onu sevdiyi üçün tərk eləmək gücündə deyil. Psixoloji baxımından əhvalatda narahat vəziyyətlər var. Məsələn, Eldarın evində Əlinin Validəni həyasızca rəqsə dəvət eləməsi, rəqs boyu onu çoxmənalı süzməsi və Eldarın gərginliyi, əsəbiliyi ilə rejissor psixoloji diskomforta nail olur.

Ən maraqlı obraz Eldarın qarımış, qeybətcil bacısıdır (Maya Danilyan). Ən böyük arzusu ərə getmək olan bacıya elə gəlir ki, küçədə bütün kişilər ancaq ona baxır, onu gözləri ilə yeyir. O, az qala hər kişidə özünə potensial ər axtarır.

Eldar aspirantı Əli ilə telefonda danışanda onun dərhal subay olub-olmamağı ilə maraqlanır.

Filmdə özünün anlaşılmaz təsvir, bədii həlli ilə diqqətimi çəkən bir epizod vardı.

Validə Eldara “Qorxuram sən məni atarsan” deyir.

Bu məqamda Eldarın maariflənmə, ədalət uğrunda mübarizə aparan şəcərəsini əks elətdirən əski fotolar göstərilir və həmin fotoları Eldarın monoloqu müşayiət edir: “Axı, mən səni necə ata bilərəm. Sonra öz vicdanım qarşısında cavab verməli olacam. Mənim valideynlərim həmişə vicdanla yaşayıblar, ömürləri boyu öz amalları uğrunda mübarizə aparıblar. Həmişə çalışıblar ki, məqsədlərinə çatsınlar. Öz vicdanlarını ləkələməsinlər. Həyatda heç vaxt rahat yol seçməyiblər. Halal zəhmətlə yaşayıblar” və s.

Doğrusu, qadınla kişinin ayrılması kimi normal həyat faktının ləyaqətlə, əqidəylə, inqilabi fəaliyyətlə nə kimi əlaqəsi olduğunu dərk eləyə bilmədim.

Final ikimənalı bitir. Eldar valideynlərinə dəyib, tezliklə qayıdacağını Validəyə desə də, qayıtmır. Validə Eldarın yolunu gözləyir, Əli isə onların münasibətinin alınmayacağına qadını inandırmağa çalışır...

Eldar rolunun ifaçısı İqor Kvaşa Rusiyanın xalq artisti, tanınmış kino və teatr aktyoru idi. ORT kanalında “Jdi menya” verilişinə aparıcılıq edib. 2012-ci ildə vəfat edib.

Validə rolunun ifaçısı Larisa Xələfova “Ad günü”, “İstintaq davam edir”, “Təhminə” və s. filmlərdə çəkilib.

Maya Danilyan Rus Dram Teatrının aktrisası olub. Hazırda Sankt-Peterburqda yaşayır.

# 5069 dəfə oxunub

Oxşar xəbərlər

Alan Parker:  "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

Alan Parker: "Həmişə hiss etmişəm ki, rejissorluq mənim əsl mahiyyətim deyil" - Müsahibə

10:00 2 avqust 2026
“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

“Hörümçək adam” ilk gün nümayişində rekord qırdı

17:10 31 iyul 2026
"O" filmi  fərqli formatda təqdim olunacaq

"O" filmi fərqli formatda təqdim olunacaq

15:45 31 iyul 2026
Dünya komediyasının məşhur komissarı  - Lui de Fünesin 3 məşhur rolu

Dünya komediyasının məşhur komissarı - Lui de Fünesin 3 məşhur rolu

15:30 31 iyul 2026
“Sən, ey uşaqlıq”  müsabiqəsinin qalibləri müəyyən olundu

“Sən, ey uşaqlıq” müsabiqəsinin qalibləri müəyyən olundu

13:50 31 iyul 2026
"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

"Netflix" 105 milyon dollarlıq məhkəməyə verildi - Nümayiş olunmamış filmin nüsxəsi oğurlandı

13:15 31 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər