writer1

Samirə Əşrəf

Məqalə sayı

197
clock12:53 calendar-gray 10 İyun 2016 view-gray357 dəfə oxunub
view-gray357 dəfə oxunub

Bu adamları niyə Aya bənzədirəm?

Uşaq vaxtı sevdiyim iki cihaz vardı. Biri mikroskop, digəri durbin. Hər ikisini böyüdücü xüsusiyyətə malik olduqları üçün xoşlayırdım. Amma heç birindən yoxumuydu. Mikroskop məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu, o da ancaq mənim yaşımdan nisbətən böyük siniflərin şagirdləri üçün nəzərdə tutulmuşdu. Durbin isə daha əlçatmaz idi. Kinolardan filan bilirdim ki, dənizçilərdə, səyahətə çıxan adamlarda olur. Bütün bu arzulamalar vaxtı mənim hələ on, on iki yaşım vardı.

Sonralar həmin arzularla yaşadığım torpaq da ayaqlarımın altından yox oldu. Sinəmizdən itələyib bizi o torpaqlardan çıxartmışdılar.

Saatlının hansısa kəndi idi. İndi adını dəqiq xatırlamıram. Bir qarının iki gözlü evində məskunlaşmışdıq. Təlatümlü günlərdə taleyin vecsiz qanadları altında böyüyürdüm. O kənddən yadımda çox şey qalıb. Amma ən çox yağışı xatırlayıram. Çünki kəndə hər gün yağış yağırdı. Mən də hər gün həmin yağışın altında saqqız kimi yapışqan palçığın üstü ilə sürüşə-sürüşə məktəbə gedirdim. Həmin məktəbin biologiya otağında mikroskop görmüşdüm. Yaş etibarı ilə də mikroskopdan məktəbli kimi istifadə edə bilərdik. Amma mikroskop müəllimin şəxsi pulu ilə alındığından onu üfürə-üfürə istifadə edirdi. Mən elə dərs vaxtı həmişə uzaqdan-uzağa mikroskopa baxırdım. Bir dəfə yadıma gəlir nə üçünsə biologiya otağına gəldim. Otaq boş idi. Mikroskop isə masanın üzərinə qoyulmuşdu. Vaxt itirmədim. Tez masaya yaxınlaşıb qorxa-qorxa cihazın gözlüyündən baxmağa başladım. Dairənin üstündə xırda yarpaq vardı. Gözlükdən bu yarpaq dəhşətli dərəcədə böyük görsənirdi. Ağımtıl rəngə çalan su, həyat, enerji dolu damarlar, yarpağın üzərindəki tükcüklər məni vahimələndirdi. Qorxub mikroskopdan uzaqlaşdım. Bir balaca yarpağı bu qədər böyük görmək məni ürkütdü. O günsən sevdiyim cihazla həmişəlik vidalaşdım.

Durbinlə tanışlığım isə yaxın keçmişə təsadüf edir. Atam xəstəxanada yatırdı. İkinci dəfə insult keçirmişdi. Yanında hər gün qardaşım, anam və mən növbəylə qalırdıq. Bir gün atamın yanına gedəndə küçə satıcılarının birində durbin gördüm. Ertəsi gün evdəki pul kassamı sındırıb içərisindəki pulları götürüb həmin durbini aldım. Ancaq qınaqdan qorxub həmin durbini gizlətdim. O, xəstə idi. Mən isə öz arzularımın hayına qalmışdım. Həm də ki, o ərəfələrdə gecələr ay da gözə görsənmirdi. Durbinlə aya baxmaq isə mənim ən gözəl arzularımdan biri idi.

Bir neçə gün sonra atam rəhmətə getdi. Həmin vaxtlar ancaq onu düşünürdüm. Fikirdən saçlarım da nazilmişdi. Sevimli əşyam tamam unuduldu... Bir də nə vaxtsa yır-yığış edəndə qarşıma çıxdı. Diksindim. Atamı xatırlatmışdı mənə.

Xatirələr isə amansızdır. Ən gözlənilməz anda insanların üz-gözünə, əllərinə, saçlarına toxunur. Bəzən bir adamı görəndə tamam başqa adamlar xatırlanır, yada düşür. Əşyalar da elədir. Xatirələr illər uzunu onlara hopub, onlarla birgə yaşayırlar. Durbini yenə gizlətdim.

Növbəti dəfə isti bir yay axşamı ay bütöv şəkildə dənizin üstündən asılmışdı. Durbini tapdım. Gözümə yaxınlaşdırıb diqqətlə aya baxdım. İndi dolğun üzündəki ləkə daha aydın görsənirdi. Yumru, süd kimi ağappaq göy cismi qəfildən böyüməyə başladı. Hövülləndim. Davam gətirə bilməyib gözlərimi durbindən çəkdim. Elə bilirdim ay indicə yerindən qopub üstümə düşəcək. Mən də süd kimi boşluqda sonsuzadək yoxa çıxacam. Durbinlə də vidalaşdım.

Həyat da belədi. Ay kimi adamlar tanıdım. Uzaqdan uzağa onlara həsrət, rəğbət və pərəstişlə baxdım. Toxunmaq belə imkansız idi. Sonra həmin Ay kimi adamlara yaxınlaşdım. Elə bilirdim onlar da Ay qədər təmiz, saf və gözəldirlər. Ancaq gözlədiklərim olmadı. Yanıldım. Onlardan da ürkdüm, qorxdum, incidim və vidalaşdım. Ancaq unuda bilmədim. Çünki Ay kimi adamlar unudulmaz olurlar.

REKLAM

Yazarın digər yazıları

Xəbər lenti

Arif Quliyev vəfat etdi
01:53 07 May 2021
“Karlson” tamaşası onlayn göstəriləcək
19:00 06 May 2021
“Səhnədə” adlı müsabiqə elan olunub
18:35 06 May 2021
Yoldaşı ilə 55 il nikahsız yaşadı, qızının dəfninə getmədi – İslam Rzayev Zeynəblə oxumaqdan niyə imtina etmişdi? - Video
18:10 06 May 2021
“Nizami Gəncəvi obrazı bədii ədəbiyyatda” monoqrafiyası çap olundu
17:21 06 May 2021
Kim bizi görüşdürüb öpüşdürə bilər? - Elzadan yeni şeir
16:36 06 May 2021
“Ata-anamın tanımadığı bir oğlanın qoluna girib getdim, yaxşı da elədim!” – Müsahibə
16:01 06 May 2021
Gənc yazıçının kitabı çap olundu
15:09 06 May 2021
Herman Hessenin povesti Azərbaycan dilində
14:36 06 May 2021
O qızın mənim 20 yaşımdakı barmaqları – Ulucay yazır...
13:50 06 May 2021
“Mənim arvadım sənin nəyinə lazımdır?!” – Ailəsindən qışqıra-qışqıra danışan “bomj” - Reportaj
13:10 06 May 2021
Tanınmış türk yazıçı vəfat etdi
12:25 06 May 2021
Aktrisa teatrların açılması ilə bağlı müraciət etdi: Görün nə cavab aldı?
11:52 06 May 2021
Meyxanaçı Kərim ağır vəziyyətdədir - Həkimlər evə qaytardı
11:21 06 May 2021
Fikrət Qoca getdi, geridə nəyi qaldı?
10:59 06 May 2021
Yazıçılar Birliyindəki balacaboy kişinin zarafatı – İngiltərədən yazırlar...
10:24 06 May 2021
Misirdə Azərbaycan rəssamlarının sərgisi açıldı - Foto
09:35 06 May 2021
Abırsızlıqla azadlığın sərhədi itəndə – Sevda Sultanova "Həmin Zaur"dan yazır...
09:01 06 May 2021
Qızın qohumları onu öldürmək istəyirdilər – Məşhur şairdən maraqlı faktlar
21:00 05 May 2021
“Pişiyin evi” tamaşası nümayiş ediləcək
19:00 05 May 2021