Müharibə və zaman - ESSE

Müharibə və zaman - <span style="color:red;">ESSE
25 may 2016
# 15:51

Kulis.Az Etibar Kərimlinin “Müharibə və zaman” essesini təqdim edir.

“İndi Yeri dəmir insanlar məskunlaşdırıblar…”

Hesiod

Zamanı gözləri ilə görən, ona əli ilə toxunan olubmu? Yaxud o hardadır, yeri-yurdu bəllimi? Suallar ritorikdir, narahat olmayın, yazı boyunca öz-özünə aydınlaşacaq. Zaman nə zamandan başlayıb? Bax, bu sual ritorik deyil, müxtəlif elm sahələri (fizika, astronomiya, biologiya, minerologiya və s.) ona müxtəlif cavablar verir, fərqli nəzəriyyələr yaradırlar. Ümumi fikrə öz subyektiv düşüncələrimi də əlavə edib deyə bilərəm ki, zaman bütün qeyri-maddi varlıqlar kimi maddiyyata ehtiyac duyur, maddi olmadan yoxdur, yəni maddi aləm meydana gələn anda zaman da yaranıb, bu günə kimi də həyatımızda olmaqda davam edir. Vaxtilə yer üzü yalnız cansız aləmdən ibarət idi, o dövrdə zaman torpaq, dağ-daş, dəniz, cay üçün vardı. Sonra canlılar yarandı, zaman artıq ot, gül-çiçək, ağac üçün oldu. Nəhayət, Yer üzünə insan gəldi, həmin andan zaman nəinki ilk növbədə insan üçün oldu, o, həm də ölçülməyə başladı. Məhz insanın gəlişi ilə zaman dəyər qazandı, sərvətə çevrildi, bütün dəyərli nemətlər kimi onun çatışmazlığı, bəzən ifrat dərəcədə qıtlığı yarandı. Çünki insanın özünə bu dünyada yaşayıb-yaratmaq üçün o qədər də böyük zaman ayrılmadı.

İnsan müxtəlif dövrlərdə zamanı müxtəlif üsullarla ölçdü. Məsələn, əkinçiliklə, maldarlıqla məşğul olan ilk tayfalar üçün zaman təbiət hadisələrindən, fəsillərdən ibarət idi: məhsulu yazda əkmək, yayda suvarmaq, payızda toplamaq, qışda yemək zamanı olurdu, uşağın yaşı hansısa ev heyvaınının (inəyin, atın və s.) doğulduğu gündən hesablanırdı. İnsan ağlı, təcrübəsi inkişaf etdikcə təqvim meydana gəldi, zaman daralmağa başladı, fəsillər günlərə çevrildi. Ardınca saat mexanizmləri kəşf olundu, günlər saatlara, saniyələrə döndü. Beləcə, ilk baxışdan qeyri-maddi varlıq olan zaman divardan asılan təqvim səhifələrində, qola bağlanmış saat əqrəblərində maddiləşdi, gözlə görünən, əllə toxunan oldu. İnsana elə gəldi ki, zamanı yaxaladı nəhayət, həbs edə bildi. Amma çox keçmədi ki, insan bir az da ağıllanıb anladı ki, zamanı həbs etmək xülya imiş. Nəinki həbs etmək, elm inkişaf etdikcə, ümumiyyətlə zamanın mahiyyəti haqqında suallar azalmaq əvəzinə daha da artdı. Zaman mütləq varlıq olmaqdan çıxdı, hər şey kimi nisbiləşdi. XX əsrdə A.Eynşteyn müəyyən etdi ki, həddən artıq yüksək sürətlə hərəkət edən cisimlərin daxilində zaman sürətini azaldır. Bəs, görəsən daha hansı hallarda zaman sürətini dəyişir? Suala cavab tapmaq üçün dahi fizik olmağa gərək yox, məncə. Məsələn, oğlunu müharibəyə göndərmiş ana üçün zaman uzandıqca uzanır, oğlunun əsgərlik vaxtı heç cür bitmək bilmir. Yaxud düşmən arxasından ağır yaralı halda güc-bəla ilə gəlib özünü hərbi hissəsinə çatdırmış kəşfiyyatçı can verir, çox qan itirib, amma həkimin yanına yox, komandanlığa çatdırılmasını istəyir, çünki deyiləsi mühüm məlumatlar var. Danışarkən nəfəsi tükənir, sözlər isə tükənmir, hər kəlmə zaman istəyir, zaman isə sanki getmir, işıq sürətiylə uçur... uçur...uçur...və özü ilə son nəfəsi də aparır... müharibə beləcə zamanı gah uzadır, gah qısaldır...

Müharibənin zamanı olurmu? B.Brextin müharibə haqqında maraqlı fikri var, deyir ki, “müharibə təbiətin qanunu deyil, sülh isə Allah vergisi deyil”. Başqa sözlə, hər ikisi insan əməli olduğu üçün baş verməyə bilər. O zamana qədər ki insan öz ağılsızlığı və imkanlarına tərs düşən ambisiyaları üzündən münaqişələr yaratmağa davam edəcək, müharibələr də olacaq. Müharibə bir qayda olaraq insanın yetərincə inkişaf etməmiş düşüncəsinin və alçaq mənəvi dəyərlərinin nəticəsidir. Lakin qaydadan kənara çıxan, hansısa tərəfin istəmədən cəlb olunduğu müharibələr də var. Məsələn, birisi zorla gəlib evinin içinə girib və xoş dillə heç cür bayıra çıxmaq istəmir, nəinki istəmir, hətta bütünlükdə ev-eşiyinə, həyət-bacana sahib çıxmaq istəyir. Bu halda həmin “birisi”nə elə həmin zoru işlədərək qulağından tutub bayıra atmaq ev yiyəsinin haqqıdır və bunu etmədiyi halda daha böyük müharibələrə səbəb ola bilər, digər azğınlar ruhlanıb, hər yerdə kütləvi şəkildə eyni şeyi təkrarlamağa çalışarlar. Tarixən ədalətli, qaçılmaz müharibə anlayışı da bu tip hallar üçün yaranmışdır. Bu müharibələrin zamanı olmur, dövrün obyektiv ictimai tələblərindən asılı deyil, ayrı-ayrı fərdlərin, yaxud dövlətlərin yersiz ambisiyalarından doğur. Haqsız olaraq belə müharibəyə cəlb olunan tərəf üçün o, zamansız müharibədir. Həm ona görə ki iqtisadiyyatla, abadlıqla, elmə, mədəniyyətlə məşğul olacağı yerdə kiminləsə savaşmağa məcbur edilir, həm də ona görə ki ona sərf edən istədiyi zamanda kiminsə xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, haqsız tərəfi ağır cəzalandırıb yerində otuzdura bilər. Yəni haqqı bərpa etməyin xüsusi zamanı yoxdur, həmişə və hər yerdə vacibdir. Lakin bu cür zamansız, ədalətli və qaçılmaz müharibələri başlamanın da öz konkret zamanını seçmək gərək ki, yersiz itkilərə yol verilməsin. Bu da artıq həmin müharibəni aparmağa hazırlaşan tərəfin beynəlxalq vəziyyəti qiymətləndirmək bacarığından, daxildə iqtisadi potensialını, xaricdə isə müttəfiqlərini səfərbər etmək gücündən asılıdır. Ya müharibəni başlama, ya da başladınsa elə et ki, ən az itkilərlə istədiyin məqsədə ən tez zamanda çata biləsən. Buna nail oldunsa, qalibsən! Deməli, burada da qalib gəlmənin əsas meyarlarından biri zamandır. Başladığın müharibə zaman içində uzanırsa, nəticəsindən asılı olmayaraq, biriləri səni yormaq, zəif düşürmək istəyir. Bu halda çalacağın qələbə nisbidir, çünki ardınca hansısa başqa sahədə böyük məğlubiyyətlə üzləşə bilərsən. Keçmiş SSRİ-nin “soyuq müharibə”də məğlubiyyəti buna tipik nümunədir.

Zamanın sonu varmı? Obyektiv olaraq, yox. Bizdən əvvəl də vardı, sonra da olacaq. Antik yunan şairi Hesiod hələ e.ə. VII-VI əsrlərdə “Əməklər və günlər”də zamanı Allahlar, Qəhrəmanlar və Dəmir dövrlərinə ayırırdı və təəssüf edirdi ki, artıq “dəmir insanlar”ın arasında yaşayır. F. Nitsşe XIX əsrdə zamanın və tarixin sonu gəldiyini iddia edirdi. Qədim və müsir dövrün bir çox astroloqları, falçıları müxtəlif vaxtlarda dünyanın və zamanın sonu gələcəyini “öncəgörüblər”. Amma o hələ də öz enişli-yoxuşlu, spiralvari, ləngər-ləngər gedişini davam edir – Ravelin “Balero”su, S. Hacıbəyovun “Karvan”ı kimi. Bəs, subyektiv olaraq, ayrıca götürülmüş fərd üçün?

Yaxın keçmişimizdən bir səhnə yadıma düşür. 1992-ci ilin may ayı idi. Şuşada məşhur telekanallardan birinin hərbi reportyoru tankın üstünə çıxıb, mikrofonunu tank komandiri, bakılı yəhudi balası Albertin ağzına tutmuş, müsahibə götürürdü:

-Nə üçün burdasan?

-Necə yəni?.. Çünki bura mənim vətənimdi, burda doğulmuşam...

-Nə zamana qədər vuruşacaqsan?

-Müharibə sona çatana qədər!

Onun üçün fərdi olaraq müharibə də, zaman da həmin müsahibədən bir neçə saat sonra düşmən snayperinin bircə gülləsi ilə sona çatdı. Amma zaman bitdimi? Yox, sadəcə bir formadan başqasına keçdi. Tankın üstündə utana-utana müsahibə verən sadə bakılı balası Azərbaycanın milli qəhrəmanı Albert Aqarunov kimi milyonlarla insanının ürəyinə köçdü. Müharibə zamanı bitirə bilmədi, sadəcə yaddaşa çevirdi. Deməli, nə qədər qəribə səslənsə də, zamanın müharibəyə, müharibənin isə zamana ehtiyacı var. Bunların qarşılıqlı əlaqəsini, nisbətini düzgün müəyyənləşdirmək gərək. Bacarsaq, yalnız müharibədə deyil, bütünlükdə müasir həyatda qazananlardan ola bilərik. Bacarsaq, zamana da, müharibəyə də qalib gələrik!

# 1042 dəfə oxunub

Oxşar xəbərlər

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

Avtobusdakı dayının ağ corabları - Ulucay Akif

14:36 24 aprel 2024
"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

"Bu, əsl yazıçılara xas spesifik ustalıqdır" - Hekayə müzakirəsi

12:00 24 aprel 2024
Necə yazmaq lazımdır?

Necə yazmaq lazımdır?

12:00 22 aprel 2024
Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
#
#
# # #