news-inner
clock10:00 calendar-gray 17 Aprel 2016 view-gray180 dəfə oxunub
view-gray180 dəfə oxunub

Obrazı üçün həkimdən arayış alan yazıçı – Sabir Əhmədlidən hekayə

Aprelin 17-si xalq yazıçısı Sabir Əhmədlinin anım günüdür. Kulis dəyərli yazıçımızı hörmətlə anır və onun “Düymə qırıldı” hekayəsini təqdim edir.

Səhər saat on tamamda bədii yazıları daha çox çap eləyən qəzet qedaksiyasının qapısında idim. Qapının yanında boz sifəti çallamış, beli əyilmiş, qoca şirə oxşayan bir kişi də vardı. Heç kimi, heç nəyi gözləməyən gözlərini mənə dikib tez də çəkdi. Papirosunu elə sümürdü ki, sanki dünya ləzzətindən onun qisməti bu idi, uzun illərdən bəri ciyərini yandıran tüstüdə, nəhayət, bir məna tapmışdı.

Üzümü küçənin o tayındakı bağa tutub, görməməzliyə qoyaraq, hərdən ona baxırdım. Kişi müştüyü sümürür, sümürdükcə elə bil kəşfinə yaxınlaşır, deyəsən, elə buralarda, bu küçədə, bu binada, içəridə dünənmi, srağagünmü, ya iyirmi il bundan qabaqlarmı itirdiyi, unutduğu nəyi isə tapmaq üçün dönə-dönə xatırlayır, fikrində vurnuxurdu. Mən də ona əbəs baxmırdım. Bilmək istəyirdim ki, görüm, bu yoldaş burada işləyir, ya yox. Qarşıma o çıxmışdı, deyirdim görüm, ayağı düşəcək-düşməyəcək.

Mənə lazım olan yoldaş on beş dəqiqə gec gəldi. Gözlədim, paltosunu soyunub otağına keçəndə arxasınca cumdum. Ensiz dəhlizə açılan otaq qapısından salam verib içəri girdim. Nisbətən cavan adamdı, ciddi və sərt işçiyə oxşayırdı. Onun qarşısında əyləşdim.

Redaksiya, pəncərələri az qala darvaza boyda olan geniş və çox hündür otaqda yerləşirdi. Bu böyük otağı ağ rənglənmiş şüşəli arakəsmələrlə dörd yerə bölmüşdülər. Arakəsmələr çox uca tavana qədər qalxmadığından kabinetlərin hamısının üstü açıqdı. Bura havaxtsa, haradasa gördüyüm xəstəxananı andırırdı. Göydən asılmış çox iri, paslı çılçıraq otağın dördünə də işıq salırdı. Görünür, bir zamanlar idman salonu imiş. Baxışlarım həmin paslı həlqələrə sataşcaq, elə bil iki möhkəm kəndirlə oradan asılıb sallandım. Birtəhərlə gözümü çəkib özümü ələ aldım. İlk gələn adam kimi həyalı, ismətli müraciət etdim, stolun bəri tərəfindən əyilib yavaşca dedim:

- Sizə bir yazı oxumaq istəyirəm.

- Nə yazı?

- Oxuyaram, bilərsiz.

- Elə indi?

- Bəli, xahiş edirəm.

Deyəsən, ötkəm və üzlü olmağım onu maraqlandırdı:

- Bir şərtlə: harada xoşuma gəlməsə kəsəcəyəm.

- Neynək.

- Başla.

- “Təzə tikilmiş beşmərtəbəli binanın alt qatındakı birotaqlı mənzilin yuxarı küncündə, başlarının şiri tökülmüş çarpayıda çit yorğanın altında bir kişi uzanmışdı. Dəhliz, divarlar, otaq tərtəmizdi. Çarpayının qırağındakı sallanan mələfə yağışsız bulud kimi ağappaqdı. Otağın havası sərin idi. Xəstənin bədəni yorğanın altından seçilmirdi. Üzünün rəngi boğulmuşdu. Sifəti qayış kimi çəkilmiş, sümükləri bülöv kimi çıxmışdı. Yuxarı, örtüksüz lampaya zillənən böyümüş gözlərinin bulanıq aynasında qara ölüm şöləsi işıldayırdı. Bir amansız xəstəlik var ki, hökmü edam fərmanından ağır və ümidsizdir.

Xəstə bilirdi ki, ömrünün axırıdı, öləcək...”

Bu arada bayaq qapıda papiros çəkən kişi, qorxurmuş kimi qapını ehmalca aralayıb, başını içəri uzatdı. Mənim son cümləmi eşidib udqundu və duruxa-duruxa acizanə gülümsəyib nə isə dedi. Fikrim yazıda və bu yoldaşda idi. Kişiyə də az qala lənət oxuyacaqdım ki, gəlib aranı kəsdi. Yazımın təsiri itəcək. O gedən kimi davam etdim:

- “Otaqda ondan başqa kimsə yoxdu. Arvadı işdə idi. Ərindən arxayındı, həkimə, dərmana ehtiyac yoxdu. Qonşudan hərdən bir uşaq gəlir, xəstəyə baş çəkir və qaçırdı...”

- Saxla. Bəsdir.

Vərəq əlimdə qaldı.

- Əvvəla, nə üçün belə ürəkqısan mövzularda yazırsınız? Bu bir yana. Əsas qüsur bundan ibarətdir ki, inandırmırsan. Təsvir etdiyin adam guya xəstədir, özü də xərçəng! Gərək inandırasan. Bu müdhiş xəstəliyə tutulmuş adamı görməliyik. İnanmalıyıq ki, sənin təsvir etdiyin kimdir.

- İnandırmıram? Bəs necə inandırım?

- Bilmirəm. Elə iş də ondadır ki, gərək inandırıcı dəlil və faktik detallar ola.

- Dəlil? Yaxşı, neyləyək? Bəlkə, həkimdən bir arayış alım gətirim?

O güldü, deyəsən özümü dolamağım xoşuna gəlmişdi. Mən də güldüm, ayağa qalxdım. Bir də gələcəyimi bildirib xudahafizləşdim.

O sözü havayı deməmişdim. Küçəyə çıxan kimi ağlıma qəribə fikir gəldi. Avtobusa əyləşdim və şəhərin kənarındakı böyük xəstəxanaya yollandım. Yarpaqlarından, budaqlarından kəsalət yağan ağacların altında büzüşüb oturan, gəzişən naxoşların yanından tez ötüb onkoloji şöbəyə yönəldim. Yarızirzəmi palatanın pəncərələrinin qabağından keçəndə dayandım. Əyilib baxdım. Bu pəncərədən elə bil yerin, qəbiristanlığın altını gördüm. İyirmi-otuz çarpayıda uzananların hamısı ölümlə lal-dinməz söhbət eləyirdilər.

İçəri, sement döşəməli geniş və ümumi salon adamla qaynaşırdı. Qapılardakı yazılara baxa-baxa gəzdim. Lap küncdə, dörd-beş nəfərin növbəyə dayandığı qapıya yaxınlaşdım. Məhəl qoymayıb qapını çəkdim. Qırx-qırx beş yaşlı, qaraşın, güləş bir həkim əyləşmişdi. Qoca arvadla söhbətini bitirməkdə idi. Girdim içəri. Qadın qalxdı, yalançı sevinclə üzümə baxıb, fikir içində bükülə-bükülə çıxdı.

Həkimin qarşısında əyləşdim:

- Xalanın kefi, deyəsən, kökdü?

- Onunku qalıb allaha.

- Allah belə xəstələrə əlac edə bilərmi?

Həkim üzümə tərs-tərs baxıb soruşdu:

- Buyur, sözün-sovun? Nədən ötrü, harandır?.. Nə vaxtdandır?

Əlimi qoltuq cibimə salıb yazımı çıxartdım.

- Həkim, sizin beşcə dəqiqə vaxtınızı alacam.

- Buyur.

- Sizə bir hekayə oxumaq istəyirəm.

- Bəlkə şöbəni dolaşıq salmısan?

- Xeyr, ağlım yerindədir. Özüm də xəstə-filan deyiləm.

- Yoldaş, qapıda gözləyirlər. Mənə nə dəxli?..

- Oxuyacağam, - deyib başladım: - “Təzə tikilmiş beşmərtəbəli binanın alt qatında...” Qalanını bilirsiniz. Həmin yeri tamam oxudum.

Görünür, həkim də hər gün eyni işdən, qan qaraldan söhbətlərdən yorulmuşdu. Birdən-birə mənim buraya gəlişim onun üçün istirahətdi. Xahiş elədi ki, yazının ardını da oxuyum. Oxumadım.

- Hə, yaxşı, sənə nə lazımdır?

- Bilmək istəyirəm ki, mənim təsvir etdiyim bu adam xəstəyə oxşayır, ya yox?

- Oxşayır.

- Yəqin?

- Yəqin.

- Siz harda olsa təsdiq edərsinizmi ki, mənim təsvir etdiyim xəstə “xərçəngə” oxşayır.

- Təsdiq edərəm.

Şadlığımdan əllərimi uzatdım ki, onun əllərini sıxım, lazım bilmədi.

- Onda xahiş edirəm, dediklərinizi rəsmən təsdiq edəsiniz.

O, sellüloid qələmdandan nüsxə kağızı çəkib qarşısına qoydu, qələmi alıb mürəkkəbə batırdı. Səliqə ilə nə lazımsa yazdı.

Sabahı gün ertədən yenə redaksiyanın qabağındakı ağacların yanında dayanıb onu gözləyirdim. Dünənki kişi də gəzinir, gəlib-gedənlərə sönük fikirli baxa-baxa papiros çəkirdi. Deyəsən, dünənki kəşfindən bir nəticə hasil olmamışdı. Darıxır, yenə kiminsə gəlməyini gözləyirdi, icazə alıb getsin.

Bir-birimizi aralıdan gördük. Yaxınlaşdı. “Salam” deyib çopur şüşəli qapını basıb açdı. Mən də arxasınca. O biri otaqdakılara salam verdi, paltosunu soyundu və öz otağına girdi.

Qabaq-qabağa əyləşdik.

- Gətirmisən?

- Bəli.

- Ver görüm.

Əvvəlcə lap üstdən sancaqla bənd elədiyim həkim şəhadətinə xeyli baxdı, sonra dedi.

- Çox yaxşı. Arxasını oxu.

Başladım: “Qadın əvvəlcə ərinin hansı xəstəliyə düçar olduğunu bilməmişdi. əldən-ayaqdan gedir, sanki ərinə olan sədaqətini məhz onun bu halında sübut etməyə çalışırdı. Səhər tezdən qalxan kimi əlini onun alnına qoyur, kişi gözlərini açanda xanımının gülər gözlərini görürdü. Başı xınalı xanımın üzündən, baxışından, tükənməyən ümid işığı yağırdı. Bu ümid övladsız keçirdikləri iyirmi ilin sınanmış ünsiyyətini təzələyirdi.

“Sabahın xeyir”.

“Aqibətin xeyir”.

“Yaxşısan, bu sabah yaxşısan”.

Yaxşıyam”.

“Bu gün dönüşdür, daha düzələrsən”.

“Düzələrəm”.

“Könlün nə istəyir?”

“Nə olsa...”

Arvad işə yollanırdı. Qayıdanbaş hərəsindən bir dənə də olsa meyvədən-zaddan alıb gətirirdi. Şad-şalayın gəlirdi; elə bil heç işə getməmişdi, səhərdi, yuxudan da indicə oyanmışdılar. Yorulsa da, can-başla ərinə qulluğa başlayırdı.

Amma bir vaxt çatdı ki, qadına ərinin xəstəliyinin adını dedilər. Üç gecə yata bilmədi.

Səhər əri soruşdu:

- Niyə kefsizsən?

- Heç, - dedi.

Axşam xəbər aldı:

- Niyə bikefsən?

- Heç, bikef deyiləm.

Böhran sovuşdu. Qadın səhər, axşam yenə şad və gülər göründü. Kişi vəziyyətinin fəna olduğunu arvadının yalançı gülüşündən və şadlığından anladı. Həmin dəqiqədən də ərlə arvad bir-birini yanıltmağa başladılar. Hər ikisi bilə-bilə ki, bir-birini aldadırlar yenə də beləliklə davam etdilər.

“Sabahın xeyir, əzizim”.

“Aqibətin xeyir, gülüm”.

“Yaxşısan bu sabah”.

“Yaxşıyam”.

Kişi əsl arvadını itirmişdi. Qadın ondan ayrılıb hardasa, hansı zamandasa qalmışdı. Bu, o deyildi. İndi o, ərindən ötrü bir iş görməkdən artıq, dil tökür: “Nə istəyirsən? Könlündən nə keçir?” soruşur və elə bil ona görə soruşurdu ki, əri desin: “Heç nə”, “Haran ağrıyır?” soruşurdu və onun üçün soruşurdu ki, belə lazımdı.

Ərinin daha ayağa qalxmayacağını bildiyi gündən qadın onun ölümündən sonra necə yaşayacağı barədə fikirləşirdi. Hərdən bu niyyətlə də evə göz gəzdirirdi. İndi ərinin yatdığı çarpayının yerini dəyişəcəkdi, otağın görünüşü əvvəlki kimi qalmasın. Çarpayını bəlkə də tullayacaqdı...

Arxası üstə uzanan kişi saatlarla gözünü əhənglə ağardılmış alçaq tavana zilləyir, qadının da özünü yox, cisimsiz kölgəsini görür, onun nə düşündüyünü, qərarını, niyyətini anlayırdı. Susurdu, deməyə sözü yoxdu.

Beləliklə, ər qadının gözündə artıq ölmüşdü, otaq da qəbrə çevrilmişdi.

Bir axşam kişi qadınına üz tutub dedi:

- İcazə versəydilər, deyərdim ki, apar məni basdır.

Qadın əlləri ilə üzünü qapadı.

- Ölümün gözlərinin içinə mərd baxmaq lazımdır. – Kişi həyatında sonuncu dəfə gülümsədi; amma üzünün dərisi qayış kimi çəkildiyindən bu xoş təbəssümünü qadınına göstərə bilmədi. – Ölüm gəlincə, qoy mən onu qabaqlayım. Ayağım yer tutsaydı, özüm qəbiristana gedərdim.

Qadın doğrudan ağlayırdı”.

- Saxla.

Vərəqin qulağını qatladım.

- İnandırıcı deyil. Ərlə arvadın münasibətləri inandırıcı deyil. Çox amansızlıq eləmisən. Qadının elə dəyişdiyini, qadın qəlbinin soyuduğunu inandırmaq üçün gərək əsaslı sübutlar ola. Bunlar ər-arvada oxşamırlar.

- Oxşamırlar?

- Xeyr, oxşamırlar. – O qətiyyətlə, bir az da qəzəblə gözlərini qırpmadan üzümə dikdi.

Ayağa qalxdım, kağızlarımı götürdüm. Yenə görüşəcəyimizdən dolayı gülümsəyib çıxdım.

Elə həmin binanın qabağındakı bağın o böyründən keçən küçədə, böyük institutla üz-üzə birinci mərtəbədə vətəndaşların evləndiyini qeydə alan idarə olduğunu bilirdim...

Müdirin kabinetinin qapısını barmağımın ucu ilə üç dəfə tıqqıldadıb buyurdum. Otaq kiçik olsa da, böyük vəzifə sahibinin kabinetinə təqlidən qurulmuşdu.

- Salaməleyküm.

- Əleykəssalam. – müdir kəbin kəsməyə, toya-toyxanaya layiq əhvallı adam idi. Heyf ki, arıqdı. Görünür, səhər mükəmməl yemişdi, sifətində qan vardı.

- Sizin beş dəqiqə vaxtınızı alacam.

- Buyurun, əyləşin.

Əyləşib yazımı çıxartdım. Həmin yeri açıb oxumazdan üz vurdum:

- Buraya diqqət eləyin. Başladım.

- Dayan görək, yoldaş! – O mənə, otağa, əşyalara göz dolandırdı. Özünü doğruldub mənə göstərdi və dedi: - Siz bilirsinizmi haradasınız?

- Bəli, bilirəm.

- Bəs bu nə haqq-hesabdır?

- Qulaq asın, rica edirəm. Üç dəqiqə.

- Ay yoldaş...

- Xeyr e, qulaq asmalısınız. – Başladım. O da ilk kəlmələri oxuyana qədər özünə gəlib məcbur oldu ki, dinləsin.

Qurtaranda hirsli-hirsli soruşdu:

- Nə olsun? Bu ər-arvadı niyə bu vəziyyətə salmısınız? Axı, nəyə görə gərək bizim hər vəchlə möhkəmləndirməyə çalışdığımız ailəni...

- Atan rəhmətlik, diriyə də rəhmət var. Siz təsdiq edirsinizmi ki...

Ertəsi gün həmin vədə redaksiyada idim. Salam-kəlam öz yerində, yazını təqdim etdim. Bu dəfə ərklə, dostyana bir mənə baxdı, bir də rəyə.

- Bu başqa məsələ, - dedi. – Davam elə.

Otaqda bizdən savayı iki əməkdaş da vardı. Biri həmin sinli kişiydi. Xırdaca karandaşla qızğın yazırdı. Hər kəs özü ilə məşğuldu, gəliş-gedişə alışdıqlarından bizi görmürdülər.

Bu dəfə nə yazmışdımsa, axıracan hamısını dinlədi. Əllərini qaldırıb alnını bərk-bərk ovdu. Sonra eşitdiklərini başında dolandıra-dolandıra huşda imiş kimi başladı:

- Yazınızın dolaşıq yerləri geridə imiş. Siftədən hamısını dinləmiş olsaydım, güman ki, indiki görüşümüzə ehtiyac qalmazdı. O nədir elə yazırsınız? Guya sənin qəhrəmanın ona görə xəstəliyə düşüb ki, ömrü boyu fikir içində yaşayıb, nə bilim nə.

- Bəli, “fikir xərçəngi”.

- Nə fikirləşir axı, o?

- Camaat fikirləşəndən.

Onun saçı tökülməyə başlamışdı. Quvaq qara kostyumunun çiyinlərinə səpilmişdi. Əlini qaldırıb çiyinlərinə tökülmüş quvağı səylə, möhkəm-möhkəm çırpdı. Üzümə baxmaq istəməyib dedi?

- İnsan heyvandan onunla fərqlənir ki, o, fikirləşmək qabiliyyətinə malikdir və fikirləşməlidir!

Mən də elmə keçdim:

- İnsan heyvandan onunla fərqlənmir ki, fikirləşib-fikirləşib idrak qabiliyyətini itirir. Əgər fikirdən konkret bir nəticə hasil olmursa, bu fikir boşdur, fəlsəfi dildə desək – yoxdur. Belə halda insan da heyvan kimi instinktlə yaşayır.

- Yox e, qulaq as. Dünya alimləri hələ xərçəngi törədən səbəbləri qəti və konkret olaraq müəyyənləşdirməyiblər. Bu barədə yalnız ehtimallar var. Hələ siz də özünüzdən təzə bir növ icad eləmisiniz: fikir xərçəngi!

- Varmı? Bu da həmin ehtimallardan biri.

O, masanın gah bu, gah o biri tilinə baxdı. Siqaretini yandırmadan sarı haşiyəli dəmir külqabına qoydu.

- Oranı, həmin yeri bir də oxu, - dedi.

- Oxuyum: “Həyatın bitib-tükənməz qayğıları hər gün onunla birlikdə yatağa girirdi. Yuxusunu bu qayğıların çalpaşıq mənzərələri qarışdırırdı. Səhər qayğılar da onunla birlikdə oyanırdı. Qayğılarını kağız kisəyə yığıb kürəyinə atırdı. Belini əyə-əyə evdən çıxırdı. Avtobusda adamlar qoz halvası təki sıxıldığından onun kağız kisəsi təzyiqə davam gətirmirdi. Partlayırdı. Sübh tezdən avtobusa minmiş o biri fəhlələrin, qulluqçuların da əksəriyyətinin kisəsi vardı. Kiminki möhkəm parçadan idisə tab gətirirdi. Amma kağız kisələr, nimdaş torbalar partlayırdı: camaatın ayaqlarına, üst-başına, sifətinə, ən çox da gözlərinə sıçrayırdı. Bir-birlərini təhqir edirdilər...”

- Saxla! – dedi. – Cəfəngiyyatdır, nədir bu! – O bu dəfə şəkli-şəkli gözlərini gözlərimə dikib, yarım dəqiqəyədək baxdı.

- İnanmırsınız? – dedim. - Yaxşı, mən bu dəfə sizə elə dəlil gətirərəm ki, indiyə qədərkilərin hamısından inandırıcı olar.

Ayağa qalxdım, o da karıxan kimi olub durmaq istədi, amma durmadı. Əlini atıb bayaqkı siqaretini götürdü.

Bu dəfə yaman əsəbləşmişdim. İndiyə qədər tutduğu iradlardan da ağlıma batmayan şeylər vardı. Amma yüz acını bir şirinin xatirinə yemişdim. Bu günsə başa düşdüm ki, o, işimdən çox mənim özümlə öcəşir. Əşi necə yəni? Gün çıxırmı? – Çıxır. Ay batırmı? – Batır. Yüz dəfə, min dəfə gözümlə gördüyümü mənə dandırmaq olar? Axı, belə həqiqətə desək ki, yox adam dəli olar.

Axşamın düşməyini gözləyib, camaat işdən çıxandan bir saat sonra Abdullagilə gəldim. Arvadı çay gətirdi. Mən çayı içənəcən Abdulla da laboratoriyada işini qurtarıb otağa qayıtdı. Bəbəkləri qızarmışdı, dilxor idi. Nəfəsini hınxıra-hınxıra, əl verib əyləşdi:

- Axşamın xeyir, xoş gəlmisən, görünmürsən, - bayıra o işarə eləyib başını buladı...

- Sənə işim düşüb, Abdulla, - dedim.

O, mərd oğlandı. Yüzlərlə foto-müxbirin, fotomantajçının, fotoromançının arasında itib-batmasa da, başı güclə seçilirdi. Batıb çıxırdı.Bilirdim ki, bu günlər, o, “tarana” hazırlaşır. Böyük bayram münasibəti ilə bir sərgi hazırlanırdı. Abdulla bu sərgidə iştirak etmək üçün gecə-gündüz əlləşirdi. Bununla belə xahişimi yerə salmayacağına əmindim. Əhvalatı danışdım. Elə oradaca qalxıb-təpili bir zənbil gətirdi. Şəkilləri kino kimi tökdü qarşıma...

Mən istədiyim şəkildən, yalan olmasın, bəlkə otuzu-qırxı vardı. Elə bil Əlibaba mağarada qızıl xəzinəsinin üstünə çıxmışdı.

- Mənə gərək deyil. Nə qədər lazımdır götür.

Üç şəkil götürdüm. Bir dənə də yaxşı təmizlənib pörtlənmiş, üstünə də qırov təki şəkər səpilmiş sapsarı kök.

- Cana xeyri var, mədənin dərmanıdır, - deyib Abdulla özü də nimçədən bir kök götürdü və məni yola saldı...

Sabahı gün iş vaxtının qurtarmağına yarım saat qalmış redaksiyaya çatıb paltosunu geyhageydə onu saxladım. Qoca əməkdaş da burada idi, neçə gündən bəri sürən çəkişmənin axırı ilə ürəkdən maraqlanırmış. O, dəhlizdə ayaq saxladı. Qapı aralı idi. Dinləyəcəkdi.

Necə oldusa, gözlərim yenə tavana, paslı həlqələrə dikildi. Elə-beləcə, doğrudan-doğruya, oradan asılıbmış kimi dartınıb durdum. Deyəsən, özümdən xəbərim yox imiş.

- Ora niyə baxırsan?

- Baxıram görüm, adam istəsə özünü oradan asa bilərmi?

Dəhlizdə dayanan tərpəndi. Güman ki, o da mənim sözümü eşidib yuxarı baxırdı. Durduğu yerdən gah bəri, gah o yana bir-iki addım atıb cəld çıxdı...

Bu da başını dikəldib tavana baxdı. Nə müddətdən bəri girib-çıxdığı, işlədiyi bu binada hər gün dönə-dönə gördüyü və unutduğu dəmir qarmaqlarda heç bir məziyyət tapmayıb yenə mənə nəzər saldı. Birdən elə bil ağlına neçə gündən bəri axtardığı fikir gəldi. Bunu mənə sezdirməyə çalışıb, zahirən özünü əvvəlki kimi tutdu. Şəkillərə ayaqüstü baxdı. Sonra gözlərini azca qıydı. Yəqin, bu cür baxanda diqqəti itiləşirdi.

- Yaxşı, olsun. Amma bir qədər qaranlıq çıxarmısan, - dedi.

- Bəli, laboratoriyam siz deyən səviyyədə deyil, - dedim. “Qoy elə bilsin, həm də şəkilçəkənəm”.

O, paltosunun düymələrini bağladı. Bir düyməsi axır nəfəsdə olduğundan qırıb cibinə atdı. Şlyapasını başına qoydu, qapının şüşəsində özünə ötəri baxıb, bir addım geri çəkildi. Özünü toplayıb, mənimlə tarazlaşdı. Elə bil mənim də qaykamı burub bərkitdilər.

- Mən sənin başladığın bu işdə bütün həvəskarlar üçün ilk şərt olan bir tələbi deməyi unutmuşam.

- Buyurun, nə desəniz hazıram.

- Sən, gərək psixiatriya dispanserindən, daha konkret desək, dəlixanadan ağlının normal işlədiyini təsdiq edən sənəd gətirəsən. Bu səni qətiyyən təəccübləndirməsin. Madam ki, lazımdır, gərək gətirəsən.

- Baş üstə, - dedim. Amma nə isə elə bu dəm vücudumu doğrudan da bir qızğınlıq alovu daladı. Deyəsən, çıxarkən də qıçımın biri oynadı. Düzü, gedə-gedə onun otağından çıxan vaxt qıçımın birinin oynayıb-oynamadığını düşünürdüm. Bu məni xeyli qorxutdu, lüzumsuz hərəkət idi.

1966

news-inner-user

16131 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020