“Azadlıq” sözü nə vaxt yox olacaq? – İlqar Fəhmi yazır

“Azadlıq” sözü nə vaxt yox olacaq? – <span style="color:red;">İlqar Fəhmi yazır
12 aprel 2016
# 15:10

Kulis.Az İlqar Fəhminin “Qapalı dairə və ya, bitmək istəməyən XX” məqaləsinin ikinci hissəsini təqdim edir.

Birinci hissəni burdan oxuya bilərsiz.

Qorxulu «azadlıq»

Nə vaxtsa yeni minilliyin yeni fəlsəfəsinin, yeni ədəbiyyatının, yeni mədəniyyətinin «Qızıl dil»i yarananda, əmin edirəm ki, orda azadlıq sözü olmayacaq…

Ümumiyyətlə, yeni minilliyin öz dili olacaq və o dil ötən minilliyin dilinin təmizlənməsi, yenidən mənalandırılması nəticəsində yaranacaq… Hətta bəlkə, ümumiyyətlə köhnə dil tam unuduldu və yenisi ortaya çıxdı…

Bəlkə bu Qızıl dil ümumiyyətlə bizim anladığımız mənada dil olmayacaq, tamam başqa bir ünsiyyət vasitəsi olacaq? Bilmək olmaz…

Hər nədisə, orada bizim beynimizə oturuşmuş «Azadlıq» məfhumundan əsər əlamət qalmayacaq…

Burda ilk dəfə Qızıl sözünü işlətdim. Xahiş edirəm, oxucular bu sözü unutmasınlar, çünki əslində bütün bu əsərin məğzi məhz bu məfhumun üstünə gəlib çıxacaq…

İndi isə yenə azadlığın üstünə qayıdaq…

İnsan azadlığı... Nə qədər gözəl səslənir. Azad xalq, azad millət, azad düşüncə, azad fikir, azad hərəkət, azad, azad, azad... Azadlığın daxili komponentləri...

Və bu müdhiş məfhum əfsuslar olsun ki, bu saat bütün informasiya vasitələrindən, kitablardan, mədəniyyət və incəsənət nümunələrindən bizə boylanır, öz təsiri altına salır...

Son yüzilliklərdə bəlkə başqa heç bir məfhum filosoflar, alimlər, düşüncə adamları tərəfindən bu qədər müzakirə olunmayıb. Elə bir filosof olmayıb ki, bu xüsusda fikir bildirməsin.

Amma etiraf edək ki, ərsəyə gələn fikirlər çox müxtəlif və əfsus ki, hədsiz dərəcədə ziddiyyətli olub. Azadlıqla anarxiyanın eyniləşdirilməyindən tutmuş, insanın yalnız ölüm qarşısında əsl azadlıq əldə etməyi prinsipinə qədər hər cür yanaşma tərzi ortaya qoyulub və hər təfəkkür tərzinin sonuna bir "izm" əlavə etməklə yeni-yeni fəlsəfi cərəyanlar yaranıb...

Bəs bu azadlıq ideyaları nə vaxt yaranıb? Həmişə olubmu? Əgər olubsa məhz bizim başa düşdüyümü kimi olub, yoxsa yox?

Azadlıq ideyasının tarixçəsinə baş vurmamışdan əvvəl, bir detalı qeyd etmək istərdim. Əslində Azadlıq məfhumu da eynən yenilik ideyası kimi qapalı dairə yaradır. Əgər biz "Azadlıq"ı ən ali dəyər, ən ali nailiyyət kimi ortaya qoyuruqsa, onda yenə də öz quyruğunu dişləyən ilan obrazı gözümüzün qabağına gəlir. Çünki bu yanaşmanın dərininə gedəndə, təbii ki ilk olaraq belə sual ortaya çıxır - əgər “Azadlıq” ən ali nailiyyətdisə, onda buxov kimi ruhumuzu sıxan "hər şey"dən azad olandan sonra, görəsən növbəti addım nə olmalıdı? Bəlkə növbəti addım və ən böyük, ən ali azadlıq elə "azadlıq" ideyasının özündən azad olmaqdı?

Bir şeydən azad olmaqçün onun mahiyyətini bilmək lazımdır... Amma bu cəhd elə ilk addımdan adamı yenə də qaranlıq bir mağaraya salmış olur...

Və artıq bu mağarada öz quyruğunu dişləyən iki ilan var.

Birincisi: Hər şeyin yenisi yaxşıdırsa, onda bu fikrin özü də köhnəlib, yenisinə ehtiyac var...

İkincisi: Azadlıq ən ali dəyərdisə, onun növbəti və daha ali mərhələsi elə "Azadlıq" ideyasının özündən azad olmaqdı.

Amma ilanlar deyəsən bununla məhdudlaşmır. Diqqətlə fikir verəndə hiss edirik ki, mağaranın içindən üçüncü ilanın fışıltısı eşidilir... Nədi bu səs? Bəlkə qulağımız bizi aldadır?

Yox, aldatmır...

Budur, gözlərimiz yavaş-yavaş qaranlığa öyrəşəndən sonra, "yenilik" və "azadlıq"dan sonra, üçüncü ilanın da siluetini də sezə bilirik...

Hakimiyyət... Ali hakimiyyət... İnsanın dünya (təbiət) üzərində hakimiyyəti...

Növbəti ilanlar

Avropada İntibah dövründən, Humanizmdən başlayaraq Antroposentrizm demək olar ki, bütün fəlsəfi cərəyanların istiqamətini müəyyənləşdirməyə başladı...

Əlbəttə, əgər biz dünyanı insan nöqteyi-nəzərindən müşahidə ediriksə, deməli insan elə dünyanın mərkəzindədi... Əgər insan dünyanın mərkəzindədisə və dünyaya insandan qeyri baxış yoxdusa, onda insan dünyaya hakim olmalıdır, təbiət insanın hökmünə tabe olmalıdır...

Sual oluna bilər ki, burda axı paradoks görünmür? Bu ideyaların "öz quyruğunu dişləyən ilan"a nə aidiyyatı var?

Var, amma burda paradoks bir qədər fərqlidir. Budur, son illərin Qərb fəlsəfələrinin çoxu bəyan edir ki, insan dünyaya hakimdir və bu hakimiyyətini dünyanı (təbiəti) istədiyi kimi dəyişdirib öz iradəsinə tabe etdirməklə təsdiq edir... Amma insan dünyadan yüksəkdə dayanan varlıq deyil, insan özü də dünyanın bir hissəsidir. Deməli insana tabe olan, onun hökmü-iradəsi altında əzilən dünyanın (təbiətin) içində insanın özü də var. Eyni varlıq həm hökm edəndir, həm də hökm altında olan... Həm əmr edəndir, həm də əmrə tabe olan… Növbəti paradoks…

Amma hələ bu da son deyil. Dördüncü ilan da var…

Bəs nə qaldı? Əlbəttə ki, "bərabərlik" ideyası...

Lakin bu ilan ilk baxışdan daha fərasətli görünür, öz quyruğunu dişləmək istəmir, o birilərin quyruqlarını axtarır. Ancaq əfsus ki, tapa bilmir, çünki hər quyruq öz sahibi tərəfindən dişlənib yeyilməkdədir... Son nəticədə, dördüncü ilan da çarəsizlikdən əsəbiləşir, vəhşi bir qəzəblə öz quyruğunu dişləməyib yeməyə başlayır.

Dördüncü paradoksun mahiyyətinə varaq – Hamı bərabərdir və bu hökm dünyanın aparıcı ideyasına çevrilib. Bunun əksini israr eləmək niyyətində olanlar topa tutulur… Yaxşı, əgər hamı bərabərdisə, bəs onda niyə bərabərlik ideyasını yürüdənlər özləri o birilərdən yüksəkdə olmalıdır? Ümumiyyətlə, bu ideya niyə hakim mövqedə durmalıdır? Axı bu hal da öz növbəsində bərabərliyin pozulması və növbəti bir ierarxiyanın yaranmasıdır ki, bu zaman insan təbəqələrinin, dünya xalqlarının, yaxud irqlərin fərqliliyi fikrində olanlar az qala cani hesab edilir, bərabərlik təbliğatçıları isə ən ali mərtəbələrdə qərarlaşır… Bunun harası bərabərlikdir?

İdeyalar və əməllər

Əlbəttə haqqında danışdığımız paradokslar barədə Qərb alimləri, filosofları yüzlərlə kitab yazıb, bu fikirləri əsaslandırmağa çalışıblar və izah ediblər ki, "azadlıq", "bərabərlik" "yenilik" deyəndə nadan insanların fikirləşdikləri yox, tamam başqa ali dəyərlər nəzərdə tutulur...

Yəni, belə məlum olur ki, bu məfhumlara sadəlövhcəsinə yanaşmaq olmaz, ilkin zahiri təəssürat aldadıcı ola bilər...

Tutalım, "Yenilikçilik" radikal nihilizm deyil, yaxud "azadlıq" dağıdıcı anarxiya deyil və sair və ilaxır...

Amma burda iki problem ortaya çıxır...

Birinci problem: tutalım məfhumu biz düzgün başa düşmürük və əslində isə mahiyyət tamam başqa şeydi. Bunu qəbul elədik. Lakin məfhumun "əsl mahiyyəti" barədə filosofların dediyi yüz fikir də eyni deyil axı. Bir-birindən radikal şəkildə fərqlənir... Əgər belədisə, onda niyə mənim yanaşmam səhv olmalıdı? Qoy elə mənim anladığım mahiyyət də "yüz birinci" olsun...

İkinci problem: əgər bir ideya ortaya atılırsa, onun istənilən şəkildə başa düşülməyi əvvəlcədən nəzərə alınmalıdı... Biz heç kimi öz fikirlərimizi düzgün başa düşməməkdə ittiham edə bilmərik... Kitaba hamı eyni gözlə baxır, amma mətndən hərə öz istədiyini oxuyur... Bəli, məhz öz istədiyini, öz ruhunun, psixikasının vəziyyətiylə üst-üstə düşəni...

Amma Qərb filosoflarının yanaşma tərzində nəyi görürük?

Milsalçün, Fransa inqilabının ilk illərindəki qanlı terror zamanı baş verən faciələri sonradan filosoflar belə izah edirdilər ki, insanlar "azadlıq", "bərabərlik", "yenilikçilik" ideyalarını düzgün başa düşməmişdilər və ona görə belə dəhşətli faciələr yaşanmışdı...

Yaxud, Rusiya inqilabının qanlı terror illərindəki vəhşilikləri əsaslandırarkən, sonrakı kommunist ideoloqları bəyan edirdi ki, insanlar "proletar diktaturası" ideyalarını düzgün başa düşməmişdilər, bu ideya heç də "qeyri-proletar" təbəqələrin şüurlu surətdə məhv edilməsini nəzərdə tutmurdu...

Yorucu da olsa, üçüncü misalı çəkmək istəyirəm... On doqquzuncu əsrin ortalarında ABŞ-da hinduların amerikalılar tərəfindən kütləvi şəkilə öz torpaqlarından qovulmasını və rezervasiyalara sıxışdırılıb genosidə məruz qalmalarını sonrakı tarixçilər təəssüflə belə şərh edirdi ki, sadə amerikalılar Darvinin "təbii seçim" ideyasını düzgün anlamamışdılar. “Güclü heyvanların gücsüzləri, zəifləri məhv edərək təbiətin "təmizlənməsi"ni, "inkişaf"ının təmin etməsi ideyaları” real həyatda heç də güclü insanların zəif insanlara divan tutmasına səbəb olmalı deyildi.

Olmalı deyildi, amma səbəb oldu axı... Və əfsus ki, indiyə qədər də səbəb olmaqdadır...

Filosofların, alimlərin eyni "yaxa kənara çəkmə üsulu"nu son yüzilliklərdə çox müşahidə eləmişik...

“Nüvə enerjisini kəşf edəndə, bunun nə vaxtsa nüvə silahına çevriləcəyini təsəvvür elə bilməzdim. Məqsəd bəşəriyyətin rifahı idi.”

Çox yaxşı xilas vasitəsidir... Sanki, bir uşağın əlinə tapançanı veririk və deyirik ki, get, nə istəyirsən elə... Uşaq da adam öldürəndə, bildiririk ki, o, bizi düzgün başa düşməyib, biz ona adam öldürməyi deməmişdik...

Azad "mən"

İndi isə dünyanın dərdini hələlik dünyaya tapşırıb öz ölkəmizdəki bəzi hallara nəzər salaq. Lakin öncədən bir detalı da qeyd edək ki, bu saat bizim cəmiyyətdə gedən proseslərə anoloji proossesləri bir çox qeyri-Qərb ölkələrində – müşahidə eləmək mümkündü…

Hətta bizdən onilliklər əvvəl Qərb təfəkkürünün təsiri altına düşməyə başlayan xalqlarda, cəmiyyətlərdə də bu prosseslər gedib və hələ davam etməkdədir, belə demək olarsa, problemlər tam həll olunmayıb…

Qayıdaq özümüzə… Tutalım elə məlum «fikir, söz azadlığı» məfhumunun bu günki taleyi görəsən necədi?

Onilliklər əvvəl, imperiya tərkibində yaşadığımız vaxt bütün cəmiyyət , ələlxüsus da, mətbuat, televiziya və sair KİV söz azadlığı arzusundaydı, çünki qələm adamları, sənət sahibləri, incəsənət xadimləri düşünürdülər ki, senzura onlara çox əziyyət verir, qollarını bağlayır, ruhunu sıxır, öz fikirlərini azad ifadə eləməyə mane olur...

Budur artıq iyirmi ilə yaxındır ki senzura aradan götürülüb. Və ətrafda nə görürük? Elə senzuranın aradan götürüməsiyçün çalışan ziyalılarımızın çoxu bu saat dad-fəryad edir ki, bu nədi, bütün cəmiyyət keyfiyyətsiz, zay ədəbiyyat və sənət məhsullarıyla zibillənir, yaxşı pis qarışıb bir birinə, TV-lər kimi gəldi efirə buraxır, kim istədi qəzet-jurnal çap edib Qərbin səfeh ədəbi məhsullarını xalqa sırıyır, kim istədi sayt açıb ağzına gələni yazıb böyük şəxsiyyətlərimizi təhqir edir, kitab çapı da ki ümumiyyətlə nəzarətsizdi, ədəbiyat dağılır, sənət məhv olur, dil yox olub gedir və sair və ilaxır...

Bütün bunlar da ona görə baş verir ki, cəmiyyətimiz "söz azadlığı"nı, "fikir azadlığı"nı düzgün başa düşmür...

Hətta bəzən senzuraların yenidən bərpa edilməsi təklifiylə çıxış edənlər də var... Amma bu iddialar çox zəif səslənir, çünki istənilən senzura "azadlığ"ın məhdudiyyətidir. Bu azadlığı isə biz böyük əziyyət bahasına qazanmışıq...

Burda çox incə bir psixoloji məsələ ortaya çıxır. Azadlıq arzusunda olmuşuqsa, görəsən sonradan niyə bu söz və fikir azadlığının gətirdiyi fəsadlardan şikayət edirik? Məgər belə olacağını təsəvvür eləmirdik?

Görünür ki, yox... Yaxud, indi senzura olarsa, başqalarıyla bərabər öz əsərlərimizin də senzuraya məruz qalacağını düşünürükmü? Yenə də, yox. Arxayınıq ki, bu senzura kimdən də olmasa məhz bizdən yan keçəcək...

Görünür ki, bizim çoxumuz azadlığı yalnız özümüz üçün istəmişik, yalnız özümüz üçün təsəvvür etmişik. Yaxud yeni senzura da istəyəndə, bunu yalnız başqaları üçün arzulayırıq...

Mən azad, başqaları isə məhdud olsun... Yəni, əsas budu ki, mən azad olum, öz fikirlərimi azad ifadə edim, istədiyimi yazım yaradım, çünki mən dahiyəm, istedadlıyam və sair və ilaxır... Başqaları eyni azadlığa çatanda mən əsəbləşirəm, qıcıqlanıram və fikirləşirəm ki, onların azadlığı cəmiyyətin lazımsız, keyfiyyətsiz məhsullarla zibillənməsinə gətirib çıxardır. Buna görə də onların azadlığı məhdudlaşmalıdır...

Bayaq danışdığım antroposentrizmin bir başqa forması... Hər şeyin yaxşısı məndədir. Çünki mən dünyanın mərkəzində dayanmışam...

Lakin fikrimizi yayındırmayaq. Etiraf edək ki, cəmiyyətin ədəbiyatdakı, incəsənətdəki, və mətbuatdakı müəyyən anarxiyadan əziyyət çəkirik... M.Ş və MTRŞ-nın yaranması da bu zərurətdən doğdu. Lakin "söz və fikir azadlığı"nı əldə bayraq edib, səfeh işlərlə məşğul olanlara bu təşkilatlar azacıq "boz üz" göstərən kimi, elə bir vay-şüvən qalxır ki, səsi Brüsselə gedib çıxır.

Ay aman qoymayın, azadlığımızı əlimizdən alırlar...

Bəs səbəb nədi? Yenə də eyni fikir - biz "azadlıq" məfhumunu düzgün başa düşmürük...

Kiçik bir haşiyə: Daha bir bir psixoloji məqama diqqət edək. Sadə insanlar öz fikirlərini daha komplekssiz izah edir. Bəzən ağsaqqalların dilindən belə ifdələr çox eşidirik - Bu millətə Mircəfər lazımdı, Stalin lazımdı. Baş üstündə yumruq olmasa, başqa yolla ipini yığmaq mümkün deyil və sair...

Bəs biz? Yox, biz heç vaxt belə düşünmürük. Ətrafımızın "azad" şəkildə zibillənməsindən əziyyət çəksək də, birtəhər dözürük. Hətta ürəyimizin ən dərin qatlarında, o qocaların dediklərinə oxşar fikirlərin rüşeymi yaranan kimi, onu boğuruq, məhv edirik - yox, diktat rejim heç vaxt yaxşı ola bilməz, mümkün olan şey deyil, senzura ümumiyyətlə mənfi haldır, söz və fikir azadlığına heç bir məhdudiyyət olmaz. Axı müasir dövr, bəşəriyyətin proqressi, insanın inkişafı məhz azadlığın əldə olunmasıyla, diktatın plüralizmlə əvəzlənməsiylə şərtlənib, hamıya bərabər şəkildə yanaşılmalıdı. Məgər bəşər düşüncəsinin bu nailiyyətlərindən imtina etmək olar? İmtina etsək, yenə geri getmiş olarıq axı; Yenə köhnəliyə üz tutmuş olarıq axı; hamı bizə gülər axı... Əslində azadlıq yaxşıdır, sadəcə biz onu düzgün başa düşmürük, deməli onun düzgün başa düşülməsinə çalışmalıyıq...

Eyni halı, bizim cəmiyyətdə “yenilik”, “müasirlik”, “bərabərlik” məfhumlarının bugünkü durumuna nəzər salanda da müşahidə eləmək olar…

Budur, Qərb fəlsəfəsinin, Qərb mədəniyyətinin təsiri altında minillik milli-mənəvi dəyərlərimiz zərbələr alır, əxlaq normaları çat verir, az qala ovulub tökülməyə başlayır və təbii ki, bu prosses müasirləşmənin, yeniləşmənin bir hissəsi kimi qəbul olunur… Hətta bir çox hallarda bu, böyük qəhrəmanlıq kimi fəxr və qürur mənbəyinə çerilir. Müğənnilərimiz, modellərimiz böyük qürurla soyunurlar, yazarlarımız kimin haqqında istəsələr ağızlarına gələni fəxrlə yazırlar, rejissorlarımız müxtəlif söyüşləri qəhrəmanlıqla filmlərə doldururlar və sair və ilaxır… Təki inkişaf etsinlər, müasir görünsünlər, yeni olsunlar…

Və təbii ki, minilliklər boyu təhtəlşüurumuza oturuşmuş milli dini-mənəvi dəyərlərin, əxlaq və davranış normalarının bu cür deformasiyası heç də hamımızın xoşuna gəlmir. Cəmiyyətini böyük hissəsi buna etiraz edir.

Amma necə etiraz edir? Sanki prssesi qəbul edib, təzahürlərini inkar edirik.

- Bizim xalq yeniliyi müasirliyi düzgün başa düşmür; müasirlik təkcə soyunmaq deyil, yenilik təkcə çılpaqlaşmaq deyil; inkişaf təkcə əxlaq normalarını sındırmaq deyil… Bəli, biz də Avropa kimi, Amerika kimi yeniləşmək, müasirləşmək , proqressiv olmaq istəyirik. Amma bu, o demək deyil ki, onlarda nə varsa, ziyanlı-ziyansız, yaxşı-pis – hər şeyi götürməliyik. Olmaz ki ordan yalnız yaxşı şeyləri götürək, pis şeylər isə onların özlərinə qalsın?

Tanış fikirlərdir, deyilmi?

Çox yerdə eşitdiyimiz, oxuduğumuz bu cür fikirlərdən belə nəticə hasil olur ki, bizim cəmiyyət azadlıq ideyalarını düzgün başa düşmədiyi kimi, «yeniləşmək» ideyasını da düzgün başa düşmür və bütün bəlalarımızın da səbəbi bundadır… Amma heç cür beynimizə yaxın buraxmırıq ki, bəlkə problem mənəvi müstəvidə ortaya qoyulan «yeniləşmə» məfhumunun özünədi?

Yox, mümkün deyil. Belə danışsaq, hamı bizə gülər… Azadlıq mütləq şəkildə gözəl və lazımlı olduğu kimi, yenilik də mütləq şəkildə gözəl və lazımlıdır… Alternativ fikir ola bilməz. Problem isə, yenə və yenə xalqın bu, və haqqında danışdığım o biri oxşar məfhumları düzgün başa düşə bilməməyindədi…

Bəli, biz istəyirik ki, cəmiyyətimiz oradan yalnız yaxşı şeyləri götürsün… Sanki qapını açırıq və deyirik ki, bu qapıdan içəri ancaq təmiz hava daxil olsun, havanın tərkibindəki tüstü, his-pas içəri girməsin… Mümkündürmü? Yox… Qapını bağlayası deyilik ki? Məgər illər uzunu «qapı bağlayanlar»a gülməmişikmi?

Və beləcə içimizdəki şübhələri boğuruq, sanki alnımıza yazılan qədərə tabe olurmuş kimi, bütün ziyalı təbəqə, söz adamları, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri birləşib qollarımızı çırmalayaraq bu «avam xalq»a Qərbin dediyi, amma bizimkilərin düzgün anlamadığı həmin "azadlığ"ın, “yeniləşməyin», «bərabərliyin» və s. həqiqətdə nə olduğunu və bizə nə qədər lazımlı olduğunu cidd-cəhdlə izah etməyə çalışırıq... Amma heyif ki, nə qədər yazırıq, yazırıq, bu millət düzəlmir ki düzəlmir. Bizsə yenə çalışırıq… Millət yenə düzəlmir… Daha bezib çalışmırıq, və millətin boynuna «ədəbi cahil» damğası vurub əl-qolumuzu yanımıza sallayırıq, lakin çox sakit otura bilmirik, yenə başlayırıq eyni cəhdlərdə bulunmağa… Yenə də eyni nəticə ilə üz üzə qalırıq… Divara təkrar-təkrar vurduğumuz palçıq heç cür yapışmaq istəmir, qopub tökülür. Bunun günahını isə palçıqda yox, divarda görürük.

Niyə? Çünki ilk növbədə biz özümüz də həmin " öz quyruğunu dişləyən ilan"ların əsarətindəyik. Halqa olub boğazımıza keçiblər və əfsus ki dinc dayanmırlar. Fəaliyyətdədirlər. Axı onlar da proqress istəyir, azadlıq istəyir, irəli getmək istəyir... Onların fəaliyyəti, proqressi, inkişafı təbii ki irəli getməyindədi. İrəli getməkləri də öz quyruqlarını yavaş-yavaş yeməsi deməkdir. Başqa cür irəli gedə bilməzlər…

İlanlar isə bizim boğazımızdadır. Quyruqlarını yedikcə halqalar daralır. Halqalar daraldıqca bizim boğazımız sıxılır, yavaş-yavaş nəfəsimiz kəsilir...

Bəli, ilan bir deyil, iki deyil… Çoxdu…

Hələ ki, çətinliklə də olsa nəfəs verib-ala bilirik.

Lakin nə vaxtacan?

Bunu bircə Allah bilir.

Bəs ondan sonra nə olacaq?

Bunu bəlkə heç Allah da bilmir...

Amma yox. O hər şeyi bilir… Dünəni də, bu günü də, sabahı da… Həm də, təkcə o yox…

Ardı var…

# 1681 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #