Günəş qaçıb

Günəş qaçıb
1 mart 2016
# 17:39

Necə gözəldir ulduzlar?

Göy üzünə səpələnib.

İtən ulduzlarda gəlib,

Ay bələnib.

Ay təzədir, elə bil ki,

Yenidən dünyaya gəlib.

Nəysə sıxır ulduzları

Hərəsi bir yana qaçır.

Bəlkə də, göydən bezənlər,

Yerdəki dünyaya qaçır...

Kölgə düşür göy üzünə

Ulduz qaçır, bulud gəlir.

Göydə həyat təzələnir.

Günəşi gözləyən bulud,

Çox yorulub.

Günəş yoxdur.

Harda qalıb?

Göylər yaman dumanlıdır...

Hardadır bu itən Günəş?

Səhərləri şəfəqini,

Yer üzünə,

Səpən Günəş?

Yerdə olan günahları, izləməkdən,

Bezib qaçıb?

Ya yalançı tövbələri, izləməkdən,

Bezib qaçıb?

Görən nədən qaçıb Günəş?

Bəlkə cavabın tapmayan,

Niyələrdən, necələrdən,

Qaçıb Günəş?

Hər gün baxıb yer üzünə.

Nələr görüb?

Nələr görüb....

Mənliyini pula-vara ,

Satanların,

Udqunanda, boğazında,

Zəhər görüb

Dilənçini şah taxtında,

Şahı dilənçi bəxtində,

Şahı dilənçi bəxtində,

Gəzən görüb...

Ac qarına, yalanlardan,

Doyan görüb...

Tox qarına, vicdan üçün,

Acan görüb...

O qocala, ölə bilmir.

Yəqin bir az,

Çox yorulub....

Yatıb Günəş.

Yuxularda, seyrə çıxıb,

Yer üzünə,

Yuxularda, batıb Günəş....

Məlhəm ....

Gizlənərəm özümdən

Həyatımdan, küsərəm

Unudaram keçmişi,

Mən təzədən, sevərəm.

Qoşulub, buludlara,

Yağış olub, yağaram.

Çəkilib, ulduzlara,

Sənə göydən, baxaram.

Açdığın, yaralara,

Məlhəm tapıb, sürərəm.

Sən çıxanda, yoluma,

Nə bir salam, alaram,

Nə bir salam, verərəm....

Gecə düşüncəsi

Düşünürsən gecələr,

Soyuğu,

yalnızlığı

Pəncərədən içəri,

Dolur gecə sazağı.

Kimsə yoxdur otaqda

Yalnızlıq içindəsən

Narahat çarpayıda,

Qıvrılır sakit bədən.

Dəli bir düşüncə var,

Ürəyinin içində.

İllərdi gələn nəfəs,

dolaşırmı köksündə?

Axı bu itən nəfəs

Hara gedir görəsən?

Gecə pozur sükutu,

O danışır deyəsən:

“Bax səmaya dolanır

Yerdə, göydə fırlanır.

Ürək durmur yerində,

O dayanmır, çırpınır.

Gözlər dikilib yola,

Kimi isə gözləyir.

Yola baxırsa gözlər

Bəs niyə kədərlidir?

Yetdi zaman bu anda,

Qaraltı var, uzaqda.

Bu son nəfəs, bu son söz:

“Nə gördüm ki, həyatda?

Sən külək ol

Sən külək ol, durma gəl,

Qov həsrəti, sazağı.

Ayrılığı söndür gəl,

Yaxın eylə, uzağı.

Sən külək ol, əs mənə,

Qucağına, al məni.

Düşüm eşqində yanım,

Ocağına, al məni.

Sən külək ol ,əs külək,

Qoyma çiskin, çən külək.

Nəfəs tək çəksin ürək,

Bu həsrəti, kəs külək.

# 438 dəfə oxunub

Oxşar xəbərlər

# # #