Puqaçov üsyanı - “Ən yaxşı hekayəmiz”

Puqaçov üsyanı - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
29 mart 2016
# 12:00

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahıya əsasən Seymur Baycanın «Puqaçov üsyanı» hekayəsini təqdim edirik.

Yaddaşım hər zaman, hər yerdə adamlarda heyrət doğurub. Yeddinci sinifdə orta məktəbi tərk edərək ibtidai hərbi məktəbə daxil oldum. Azərbaycan bölümündən qəflətən rus bölümünə keçməyim mənə olmazın çətinliklər, əzablar yaşatdı. İt kimi idim. Başa düşürdüm, danışa bilmirdim. O vaxtlar itlərin necə əzab çəkdiyini bütün hüceyrələrimlə hiss edirdim. Hərbi məktəbdə bir qayda vardı. Çalışan, zəhmət çəkən, öyrənmək istəyən uşaqlara müəllimlər rəhm edir, mərhəmət göstərirdilər. Qiymət almaqdan ötrü bilmədiyim rus dilində bir neçə səhifəni əzbərləməyə məcbur olurdum. İnsan çətinliklə qarşılaşmasa, öz qüvvəsini bilməz. Heç kimdən kömək gözləmirdim. Xoş təsadüfə ümid bağlamırdım. Məndə çətinliyə dözmək bacarığı, iradə güclənirdi. Şərait nə qədər çətinləşirdisə, özümü bir o qədər ağıllı və möhkəm hiss etməyə vadar edirdim. Çox tezliklə anladım ki, insanı möhkəmləndirən onun xarici mühitə göstərdiyi müqavimətdir. Hamı yatandan sonra kazarmanın koridorunda əlimdə tarix, ədəbiyyat, coğrafiya kitabları gəzişə-gəzişə bütöv səhifələri əzbərləyirdim. Zabitlər dərslərə hazırlaşan, rus dilini bilməyən kursantlara “yat” əmrindən sonra yatmamaq icazəsi vermişdilər. Rus dilini bilən ağıllı bir kursant rus dilini bilməyən kursantlara dərslərini hazırlamaqda köməklik edirdi. Yaxşı yadımdadır, bir gün tarix dərsində müəllimə məni ayağa qaldırıb yazı taxtasının önünə dəvət etdi. Özümü birtəhər ələ alaraq bütün iradəmi, cəsarətimi səfərbər edərək qorxa-qorxa yazı taxtasının önünə keçib Puqaçov üsyanı mövzusunda əzbərlədiyim dərsi danışmağa başladım. Onu da qeyd edim ki, Puqaçova, nədənsə, hər zaman simpatiyam olub. Puqaçov üsyanından bəhs edən filmə uşaqlıqda bir neçə dəfə baxmışdım. Özüm də bilmədən Puqaçova dərin hörmətim yaranmışdı. Yazı taxtasının önündə əzbərlədiyim dərsi danışdığım zaman müəllimə birdən məni saxlayıb sual verdi. Suala təbii ki, cavab verə bilmədim. Müəllimə söhbətin nə yerdə olduğunu, dediklərimin mənasını anlamadığımı, dərsi əzbərlədiyimi başa düşdü.

- Sən bütün bunları əzbərləmisən?

Başımla təsdiq etdim.

- Boje moy. Kakoy ujas. Koşmar… İdi sadis na svoe mesto.

Bütün sinif heyrətlə mənə baxdı. Əzbərlədiyim cümlələrin mənasını özüm başa düşməsəm də, tarix müəlliməsi çəkdiyim zəhmətə görə mənə bir üç yazmaq məcburiyyətində qaldı. Tarix müəlliməmiz kök, fiqurasız, mərhəmətli, ürəyiyumşaq bir qadın idi. Elə bil, müxtəlif ölçülü yarımkürələrdən quraşdırılmışdı. İçi qarpızla dolu bir çuvala oxşayırdı. Bu qadından söz düşmüşkən onun yaddaşıma həkk olunmuş bir hərəkətini mütləq qeyd etməliyəm. Atam təzə rəhmətə getmişdi. Tarix müəlliməsinin sinfində, pəncərənin yanında oturarkən Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən 333 və 223 nömrəli avtobusları görürdüm. Xüsusən, yağışlı günlərdə şəhərə doğru hərəkət edən avtobusları görəndə ürəyim bərk sıxılırdı. Ta uşaqlıqdan darıxmaqdan əziyyət çəkən bir adam hərbi məktəbin böyük ərazisində canını qoymağa yer tapmırdı. Avtobusda şəhərə gedən adamlara qibtə edirdim. Hərbi məktəbin ərazisindən mülki həyat mənə çox əsrarəngiz görünürdü. Hərbi məktəbə daxil olmağıma it kimi peşman olmuşdum. Amma təəssüf ki, artıq geriyə yol qalmamışdı. Üç ilimi burda keçirmək məcburiyyətində idim. Atamın rəhmətə getməsi, Günəşli qəsəbəsindən şəhərə doğru hərəkət edən avtobuslar, yağışlı hava, darıxmağım, hamısı bir-birinə qarışdı. Balaca ürəyim bu qarışıq hisslərə, bu qüssəyə dözmədi. Qızmar qəhər yumağı sürünərək hülqumuma yaxınlaşdı, məni boğmağa başladı. Ağzım duz daddı. Dərsdə qəfildən hönkürdüm. Bütün sinif çevrilib mənə baxdı. İrina Feodorovna, tarix müəlliməmiz yerindən qalxıb mənə yaxınlaşdı. Sual verdi:

- Sən onu xatırladın?

Ağlaya-ağlaya başımla təsdiq etdim. O, toppuş əli ilə başımı sığalladı və dedi:

- Get, bir az bayırda gəz, gələrsən.

Onun mehriban səsini, səsinə çox gözəl yaraşan məxmər kimi yumşaq, ətli əlini indiyə qədər unutmamışam. Onun əlinin yumşaqlığı məni heyrətləndirdi. Birdən anladım ki, indiyə qədər, məni sığallayan əllərin hamısı işləməkdən qabaq-qabar olmuş, yumuşaqlığını itirmiş əllər olmuşdur.

“Sən onu xatırladın?” Üç sözdən ibarət bu sualda böyük bir qəlb gördüm. İndi də tarix müəlliməmi xatırlayarkən mənə elə gəlir ki, sakit bir məbədə daxil oluram.

Əvvəlcə sinif otağını, sonra isə tədris korpusunu tərk edərək zeytunluğa tərəf getdim. İnsan öz qəm-qüssəsi ilə mübarizəyə var qüvvəsini sərf etdiyi bir zamanda, yanında şahid olması ona xoş gəlməyə bilər. Zeytun ağaclarının arasında gəzərək uşaqlığımda olduğu kimi göz yaşlarımdan zövq alaraq doyunca ağlayıb yüngülləşdim. Üzümü yuyub sinfə qayıtdım. Bütün bunlar həyatımdan 15-20 dəqiqə vaxt apardı. İndi də Zığ şosesi ilə maşınla gedərkən zeytun ağaclarını gördükdə o ağacların altında gəzişə-gəzişə ağladığım vaxtları xatırlayıram.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun “İncə dərəsində yaz çağı”

Yaşar “Tabut”

Ə.Haqverdiyev “Şeyx Şəban”

Elçin “Parisdə avtomobil qəzası”

K.Abdulla “Səhvlərimizin qrammatikası”

Ş.Ağayar "Şəkil"

Elçin Qatar. Pikasso. Latur. 1968.”

A. Divanbəyoğlu “Can Yanğısı”

N.Kamal "Nana sevirdi"

E.Hüseynbəyli “Kəndə gün çıxanda qayıdacağıq…”

K.Abdulla "Adaşlar"

S.Əhmədli "Arabaçı"

Y.Səmədoğlu “Soyuq daş”

F.Uğurlu "Dərviş"

# 2176 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #