news-inner
clock10:00 calendar-gray 21 Mart 2016 view-gray228 dəfə oxunub
view-gray228 dəfə oxunub

Novruz anımları - Nəriman Əbdürrəhmanlı yazır

Yaz gəldi, isti məmləkətlərdən köçüb gələn quşların səsində, təbiətin ilıq nəfəsilə baş qaldıran yaşılca otların cücərtisində… Novruzgülü baş qaldırdı, kol dibinən, qar altınnan. Bahar yağışlarınnan «cana gələn» çayların gurultusu həyat, bolluq haqqında nəğmə kimi səsləndi. Dağlar yavaş-yavaş ağ paltarını soyundu, güneylərin göyərtəsi göz oxşadı. İnsan oğlunun qəlbinə sevinc, canına rahatlıq gəldi. Yaz gəldi…

Şəhərdə oxuyanda analarımız yaz qabağı gəlib-gedənnən bir ismarıc yollardılar: durmasın, rüsxət alıb, beş-üç günlüyə gəlsin evə. Biz də ta ana sözünü qəribliyə salmazdıq, bir ağbirçək öyüdü yaddaşımızdan boy verərdi: gözümün işığı, bu əziz gündə ki, hər kəs öz ocağının başında olmadı, yeddi bayram ocaqdan gen düşər. Onda bayram ovqatı ruhumuzu başımızdan çıxarardı, düşüncəmizə hakim kəsilərdi. Cibimizin olan-qalan pulunu verib şirinlik alardıq, qatar fitini, təkərlərin tıqqıltısını ana laylası kimi canımıza çəkib, tüstüsü üçün qəribsədiyimiz doğma ocağa sarı tələsərdik.

Təbiətin canlandığını bir də ilıq yaz yağışları xəbər verərdi. Onda Qasım baba doqqazın ağzına çıxıb demisini doldurardı, bərəkət yağışıdı, deyərdi, rəhminə qurvan olduğum qoyun-quzunun, davarın ruzusunu yetirir, qoyun yağsın. Uşaqlar yenicə göyərən yaşıl otların üstü ilə yaz havasınnan havalana-havalana ora-bura qaçardılar, kiçicik gölməçələrin suyunda oynayardılar, əllərini navalçalardan axan yağışın altına tutardılar. Mələk nənə eyvannan onlara qışqırardı ki, ədə, a ciyəri yanmışdar, əlinizi yağışın altına tutmuyun, qırx gün yağar. Kimiydi qarının sözünə baxan, uşaqların öz aləmi vardı.

Yaz günlərinin istisi köyrəlmiş sümüklərini azacıq qızdıranda Mələk nənə qız-gəlinə üz tutardı ki, a bala, durmax vaxtı döyül, yır-yığış eləmək, öyə-eşiyə əl gəzdirmək gərəkdi, bayrama az qalıb. Günü ağ olmuşlara da bir hay lazımıydı, bayaq barxananı çəkib tökərdilər eşiyə, günün qabağına sərərdilər ki, uzun qış günlərinnən sonra nəmi qurusun. Qapı-bacaya sərilmiş yeddi rəngə çalan xalı-xalça göz oxşayardı. Uzun çubuqlarla tozunu alardılar. Sonra da yuyulası nə vardısa arabaya yükləyib enərdilər Qavrı çayının qırağına. İri qazanlarda qaynar asılardı, qız-gəlinin qəlbinə yaz havası dolardı, şaqraq qaqqıtlıları çay kimi axıb gedərdi…

Bayramın yetişdiyini bir də qıpqırmızı boyanmış yumurtalardan anlardıq. Yumurta döyüşdürmək üçün «ortalıq», «qaş» deyilən yerlərdə yığışardıq. Yumurtası bərt olannar şəstlə ara-bərədə dolaşar, meydan sulardılar. Hər məhlənin özünün başçısı, «yumurta bilicisi» olardı. Uşaqlar gecə-gündüz «bərt yumurtda satan» hansı xalanınsa doqqazından əskik olmazdılar. «Filankəsin bir papaq dolusu yumurtda qırmağı» haqda söz-söhbət ağızdan düşməzdi.

Uşaqların dincliyi göyə çəkilərdi, yuxusu pərən-pərən düşərdi. Axır çərşənbə gecəsi kürkü tərsinə çevirib geyinərdilər, şiş papaq qoyar, sifətlərinə üzlük taxardılar. Onun da üstünnən əllərinə gələni keçirərdilər. Zınqırov da ki, yaxalarınnan əskik olmazdı. Allı-güllü xurcunu da qoyardılar yanına ki, bayram payını içinə yığsınlar. Durmayıb lopa düzəldərdilər yandırmağa. Sonra da ürək döyüntüsüynən ilin-ayın axır gecəsini gözləyərdilər.

Ta qız-gəlinin də onlara baş qoşmağa vaxtı hardaydı. Köməkləşib əriştə kəsib-qurudardılar, sonra da sacın içinə töküb qovurardılar, düyü arıtdardılar, ev-eşikdə axırıncı yır-yığış elərdilər.

İlin-ayın axır günü heç kəs bayram süfrəsi hazırlamaqdan başqa əlini ayrı işə vurmazdı. Uşaqların da səbri-qərarı kəsilərdi, axşamın düşməyini gözləməyə halları qalmazdı. Elə ki günün qulağı yaxdı, çoxdan hazırlanmış tonqallara od vurulardı, bir-birinin bəhsinə alovun üstünnən atılardılar, «ağırlığımu-uğurluğum köhnə ilnən getsin» deyərdilər. Kəndin bütün evlərinin həyətlərinnən alov dilimləri göyə qalxardı, şaqraq gülüşlər eşidilərdi. Sonra da bəzənib-bərtdənib xurcunu çiyinlərinə aşırar, qapı pusmağa yollanardılar.

Belə vaxtlarda Qasım baba evdəkilərə təpinərdi ki, bax ha, ağzınızdan sözünüzü bişirib çıxarın, xeyirri sözdər danışın, ürəyində niyyət tutub qapıya gələn olar. Böyüklü-kiçikli hər kəsdə belə bir inam olardı ki, bu əziz axşamda hamının diləyi yerinə yetəcək. Çünki bu gecə insanın təmizləndiyi, saflaşdığı gecəydi. Bu vaxtı ta həmişə ortalıqda fır-fır fırlanan qız-gəlini tapmağmı olardı. Xəlvət bir yerə çəkilib üzük salardılar, niyyətlərini yoxlardılar, ürəklərində közərən hansı arzunusa alova çevirərdilər. O gecə yatmaqmı olardı. Oturub ulduzun doğmasını gözləyərdilər ki, Qavrı çayına üz tutsunlar. Onda səhərin lap qaranlığında beli sənəkli, əli cürdəkli qız-gəlinin hay-haraylı dəstəsi durna köçünü andırardı. Çaya çatar-çatmaz hamısı da özünü elə paltarlı-palazlı suya atardılar. «Ağırlığım-uğurluğum suynan getsin!» - deyərdilər. Ürək eləyib suya girməyənlər də eləcə üzlərini yuyardılar. Sonra da sənəkləri, cürdəkləri doldurub üz qoyardılar kəndə tərəf…

Bayram bunnan qurtarmazdı ha. Bu əziz günnərdə küsülülər barışardı, xeyir iş tutulardı, qohum-qardaş bir-birinə qonaq gödərdi, könüllər xoş olardı, üzlərdən sevinc, baxışlardan xeyirxahlıq yağardı. Cavanlar cıdıra çıxardılar, qurşaq tutardılar, özlərinə gözaltı seçərdilər. Bu bayramın minillərdən bəri qoruyub saxladığı ulu nurlu adətləri sadalayıb qurtarmaqmı olar…

Oxşar xəbərlər

Xəbər lenti

Əməkdar artist vəfat edib
19:21 27 Oktyabr 2020
Məşhur serialın qəhrəmanı vəfat etdi
18:50 27 Oktyabr 2020
Fikrət Qocanın "Seçilmiş əsərləri" çap olundu
18:10 27 Oktyabr 2020
Üzünü o yana çevir – Sevincdən müharibə şeirləri
17:47 27 Oktyabr 2020
Nizami kino Mərkəzi Mel Gibsonun filmlərindən imtina etdi
16:32 27 Oktyabr 2020
Musiqili Teatrın əməkdaşları əsgərlərə məktub yazdı
16:19 27 Oktyabr 2020
Azərbaycanlı bəstəkarın “Xocalıya” əsəri təqdim olundu
15:39 27 Oktyabr 2020
Seymur Baycan üçün küçədə ağlayan qız - Fəridə yazır...
15:01 27 Oktyabr 2020
“Zəng” tamaşası onlayn göstəriləcək
14:15 27 Oktyabr 2020
Rövşən Lənkəranski haqqında kitab nəşr olundu
13:39 27 Oktyabr 2020
Qarabağa savaşa gələn Anna Akopyana bir-iki məsləhət
13:03 27 Oktyabr 2020
Bağırov ona aşiq oldu, həyatını zindana çevirdi: Güllələnən ilk qadın pianoçumuz
12:10 27 Oktyabr 2020
Ey Milli Qəhrəmanım! – Ali Baş Komandana şeir yazıldı
11:30 27 Oktyabr 2020
Dostum koronavirusa necə yoluxdu? - Ayxan Ayvaz yazır
10:49 27 Oktyabr 2020
Prustun heç yerdə yayımlanmayan hekayələri nəşr olunacaq
10:20 27 Oktyabr 2020
Şeytanın saçından bərk yapış - Yeni hekayə
09:00 27 Oktyabr 2020
41 ölkə “Eurovision-2021”də iştirakını təsdiqləyib
18:53 26 Oktyabr 2020
Səyyad Aranın romanı Türkiyədə çap olundu
18:15 26 Oktyabr 2020
Özündən 30 yaş kiçik tələbəsinə aşiq oldu, 4 dəfə evləndi, övladını vəhşicəsinə qətlə yetirdilər – Məşhur diktordan maraqlı faktlar
17:35 26 Oktyabr 2020
Xalq yazıçısının dünya yazıçılarına müraciəti əcnəbi mediada - Fotolar
16:56 26 Oktyabr 2020