Həqiqət axtarışında

Həqiqət axtarışında
29 fevral 2016
# 17:08

novella

Bu hadisə 20 il əvvəl baş verib. O vaxt mənim 32, dostumunsa 28 yaşı vardı. Bizim əqidəmiz çayla qəhvə kimi fərqli olsa da zamanın ayrı-ayrı dolanbaclarında tapışıb dost ola bilmişdik. Qışın çovğunlu, sərt küləkli günlərinin birində onunla görüşüb dərdləşmək üçün hardasa oturmağı qərara aldıq. Həmin çay evi indiyədək xatirimdədir. Ovuclarımızı üfürüb əyləşəndə iki qədəh vodka gillətməyi təklif etdim. Gözlərini yerə dikib uzun sükutdan sonra razılaşdı. Özümüzə gəlib sonradan həyatımızı dəyişən söhbətə başladıq.

- Qədir, səninlə dostluğumuzun tarixi on ildən az deyil. Bu illər ərzində demək olar ki, hər şey haqqında fikirlərimizi bölüşüb, nigarançılıqlarımızdan bir-birimizi hali etmişik. Düşünürəm ki, bir məsələni aydınlaşdırmağa vaxtımız yetməyib.

- Qəribədir, mən də oxşar fikirlərin həngaməsində sağa-sola döyükürəm. Ancaq sən başladın, özün ilahi həqiqəti söylə.

- Sən həqiqət dedin. İndicə həqiqət sözünü işlətdin. - Bunu qışqırıqvari səsləndirəndə çiynimə vurub rahat olmağımı rica etdi.

- Hə Əlibəy, mən həqiqət dedim.

- Lütfkar dostum, məsələ elə burasındadır. Biz heç vaxt həqiqətin nə olduğu barəsində danışmamışıq, mübahisə etməmişik, bəlkə də heç düşünməmişik.

- Mən onu tapmışam...

- Həqiqəti?

- Əlbəttə.

- Necə biridir? Tez söylə maraqdan dəli ola bilərəm. - Bədənimdə ağır, isti bir məxluqun hərəkət etdməsini hiss edirəm. Sanki o daxili orqanlarımın şəklini çəkən fotoqraf hörümçəkdir.

- Həqiqət tanrıya inanıb ona sədaqətli olmaqdır.

- Elə bu?

- Məgər azdır?

- Bu sənin son qərarındır?

- Həm də ilk qərarım.

- Yaxşı, içimdəki hörümçək ödümü, bağırsaqlarımı gəmirərək fışıltılı səslə bəyan edir ki, axmaq Əlibəy, bir neçə gözəl qadını tovlayıb və onlarla yatağa girəndən sonra məşum sualına cavab tapa bilərsən .Qədir, əməl etməsəm bütün içalatımı dişləyib udacaq.

- Dəli olmusan, nə hörümçək, hansı qadınlar?

İkinci qədəhi boşaltmaq istəyirəm. Qədir içməyəcəyində inad edir. Çox üzərinə getmirəm. İri uduma qədəhi qurudub əlimin arxasıyla ağzımı silirəm.

- Dostum, hərəmiz öz istədiyimiz kimi onu tapmağa çalışaq. Sən artıq tapdığını desən də fikirlərini qətiləşdir.

- Yəni tanrıya bağlılığımı, özümü onun zavallı bəndəsi hesab etdiyimi sübut etməliyəm?

- Tamamilə düz dedin.

Aradan bir xeyli gün keçdi. Əlimə düşən birinci qadın rus əsilli sarışın gözəlçə idi. Onunla əylənib səhərədək sevişdik. Bədəni pis deyildi. Ayaqlarını kürəyimə sıxıb rusca söyüşlər söyürdü. Üç gün bir yerdə qalandan sonra gizlicə bəzi qeydlərimi aparıb ondan canımı qurtardım. Dostumsa məscidə gedir, ayinlərə qoşulur, əzan səsinə yuxudan tələm-tələsik qalxardı. Mənə doğru yolda olmadığımı, tanrının əzəmətli cığırları ilə irəliləməyin vacibliyindən uzun-uzadı danışardı. Növbəti iki qadınla macəra dolu həftə keçirib təəssüratlarımı yazdım. Sualıma dolğun cavabı tapa bilmədikcə əsəbiləşir, vərəqləri param-parça edir, acığımı tünd şərab şüşələrini boşaldıb zibil qutusuna qolazlamaqla çıxırdım.

Dostumu müşahidə etmək həvəsi məni sarsıtdığından tezdən yuxulu-yuxulu məscidin önünə gəldim. İçəri girməyə ehtiyat edirdim. Elə bil gözəgörünməz qüvvə buraya yaramadığımı, qaynar cəhənnəm suyunda bişməyə hazır olmağımı gözləməyi, ilahi məbəddən rədd olmağı pıçıldayırdı. Palçıqlı çəkmələrimi qranit pilləkənlərə toxundurub çəkirdim. Qərara aldım ki, dostumu çöldə gözləyim. Dəqiqələr ötdükcə özümü qınayır, yöndəmsiz əməllərimdən heç bir nəticə əldə etmədiyimə görə məyusluğun qaramatında sıxılırdım. Daxilimdəki hörümçək halıma məhəl qoymayıb ciyərlərimi didişdirməkdə idi. Dostum çıxanda qabağına yüyürüb halını xəbər aldım. Məni diqqətlə süzüb burnunu çəkdi. Ağzımdan spirt qoxusu gəldiyinə görə ondan kənar dayanmağımı xahiş etdi. Gözlərim öləzimişdi. Dodaqlarım titrəyir, sözləri quraşdırıb çıxara bilmirdi. Bu acınacaqlı son idi. Onu itirdiyimə şübhəm qalmamışdı. Həqiqəti tapmaq naminə ən yaxın dostumu əbədi olaraq tanrının ixtiyarına buraxmağı həzm edə bilmirdim.

Evimə qayıdıb çarpayıya sərələndim. Dayanmadan hönkürüb yerimdə vurnuxurdum. Sifətimə dalbadal sillələr ilişdirib həqiqəti söyürdüm. Niyə ona bu amansız təklifi etdim? NİYƏ?

Bir ay keçdi. Bu müddətdə ondan uzaq gəzməyi bacara bilmişdim. Yeni 2-3 qadınla tanış olub yatağıma qonaq eləmişdim. Məlum sual qulaqlarımda uğuldayır, baxışlarımdan çəkilmirdi. Get-gedə pulum tükənir, ağrılarım şiddətlənirdi. Sərgərdan həyatına qovuşmağa az addım qalmışdı. Olanların fərqinə varmayıb, gözəlçələrlə və ölümlə əylənirdim. Beş dəqiqə sonra nə olacağı eynimə deyildi.

Altı aydan sonra evimi satıb kirayə tutduğum mənzildə yaşamağa başladım. Həkimin yazdığı dərmanların siyahısını şövqlə cırıb otağa səpələmişdim. Möhkəm, dayanıqlı bədənimdən əsər-əlamət qalmamışdı. Saçlarım tökülmüş, ovurdlarım batmışdı. Sualı yol boyu öz-özümə səsləndirəndə ətrafdakılar dəli olduğumu düşünüb kənar gəzirdilər. Laqeyd rəftarlarına göz yumub həyatım bahasına başa gəlsə də cavabı tapmaqda israrlıydım. Daha qadınlar məni qəbul eləmirdilər. Miskin eybəcəri, zırrama dəlini kim sevər ki?

Uğursuz günlərin birində, bürkülü havada skamyaya yayxanıb gedən-gələnə baxırdım. Cır-cındır sırıqlısında, üzü-başı qıllı, ucaboy kişi mızıltıyla salam verib yanımda əyləşdi. Cibindən çıxardığı xırda şüşəni başına çəkəndə qeyri-ixtiyari ağzım sulandı. Üzünü mənə çevirib içmək istədiyimi hiss edibmiş kimi qonaq olmağı təklif etdi. Təntənəli dəvətdən imtina etməyib şüşəni əlindən aldım. Ağzıma dirəyib səsli udumlardan sonra geri qaytardım. Sifətini təlxəklər kimi əyib gülümsündü.

- Qardaş, problemli adama oxşayırsan.

- Problem? - Ona baxıb istəmədən səsimi qaldırdım - Bütün həyatım lənətə gəlmiş sualın ucbatından eybəcərliyə gömülüb.

- Səni başa düşürəm.

- Məni heç vaxt başa düşə bilmərsən. Etiraz etməsən bir qurtum içmək istəyərdim. - Şüşəni uzadır. Alıb yarısınadək boş olan şərabdan içirəm.

- Bəs o hansı sualdır?

- Nə?

- Həyatını məhv edən sualı deyirəm.

- Hə, mən həqiqəti axtarıram. Düz bir ildir. Başa düşürsən? Hər şeyimi itirməyə göz yumub onu tapmaq üçün bədənimi, arzularımı, şəxsiyyətimi - hətta onu da - təslim etmişəm.

- Sən onu tanıyırsanmı?

- Kimi?

- Əşşi, həqiqəti dəə...

- Nəysə anlamadım.

- Qulaq as, tutalım mən həqiqətin əlimdəki şüşənin içindəkindən ibarət olduğunu dedim. Məcbur olub inanacaqsa, ya yox? Sən ki, onu tanımırsan.

Kişinin sözlərindən dəhşətə gəlib yerimdən sıçradım. Var gücümlə qaçıb dostumu tapmaq üçün tələsirdim. Həyatımı tar-mar edən əcaib suala elə özü kimi xudpəsənd cavabı tapmışdım. Ürəyimdə dostumu səsləyib mənimlə danışmağını yalvarırdım. "Qədir, Qədiiiir, daha həqiqəti axtarmıram, çünki tanımıram onu. Eeeyy...mən səni axtarıram, səniiiii...hardasan?"

Orxan İsmayıl

16 fevral 2016-cı il

# 646 dəfə oxunub

Oxşar xəbərlər

# # #