"Sən babanın yolunu gedə bilməzsən..." - Səma Muğanna

"Sən babanın yolunu gedə bilməzsən..." - Səma Muğanna
1 aprel 2026
# 11:30

Bu gün Xalq yazıçısı İsa Muğannanın anım günüdür.

Kulis.az bu münasibətlə yazıçının nəvəsi Səma Muğannanın "İşıq adam" yazısını təqdim edir.

Bəzən deyirəm fotolar heç olmayaydı. Sən mənim ən böyük xəzinəm, amma yeri qaysaq bağlamayan yaramsan...

(Səma)

Bəzi hallarda balaca Səma keçmişə çox sürətlə səyahət etmək istəyir. O qədər çılğındır ki, bəzən onu mən belə dayandıra bilmirəm. Dəli-dolu ola bilər, amma həm də çox sevgi doludur. Balaca Səmanın arzuları çox idi, amma bəziləri reallaşmadı. Bilmək olmaz, bəlkə də həyatının solmuş yarpaqlarında bu illəri itirdi və geri qayıda bilmədi.. Bəlkə də ən böyük səhvi özü etdi. Bilmirəm.. “Bəlkə”lər çoxdur və bəzilərinin cavabı tapılmır. O, hələ 6, 7 yaşlarındadır, mən isə 20. Mən onu günahlandıra bilmərəm. Ancaq bir məsələdə çox haqlıdır. Bəzən şəkillər insanın ən böyük və heç sağalmayan yarasıdır. Bu fikri o realda heç vaxt söyləməyib, axı o uşaqdır.. Balaca bir qızcığaz bu fikri necə düşünə bilər? Demək, yuxularında kimsə ona xəbər göndərib. Bu şəkillər ki var, bilirsiz necə qəddardır? Nə danışırlar, nə də susurlar. Yaxşı, bəs nə edirlər? Niyə bizə elə baxırlar? Balaca Səma, səni o qədər gözəl anlayıram... Sənə gözəl gələcək verə bilmədiyim üçün məni bağışla.. Ancaq sənə bəxş olunan bir əmanət var.. Hər dəfə sənə deyirəm, Qibləgahından qalan qələm ən böyük əmanətdir.. Sən babanın yolunu gedə bilməzsən, bu böyük məsuliyyətdir, amma onu ruhən yaşada bilərsən.. Səni qoruyacağıma söz verirəm, amma bəzi hadisələri səndən gizlətməyim mümkün deyil. Məni bağışla..

Bu gün şəkil ilə danışmaq istəmirəm. Balaca Səma, gözlərini qapat.. 2012-2013.. İndi mən susacam, sən mənə keçmişdən danış...

Keçmiş insanın ən qəddar düşmənidir. Bəlkə düşünəcəksiz, düşmənin nə qəddarı? Bir insan bədəni, bir quru torpaq və bir də sən.. Gözlər ki var, keçmiş onun həbsxanası, ya da xəstəxanadakı palatadır..

Kiminə görə sevinc, kiminə görə göz yaşı..

Salam.. Bir dəqiqə. Tanrı! Tanrı, məni əlbət ki, eşidirsən. Mən balaca Səmayam. 8 yaşlı, amma ruhu 20 yaşlı Səmanın bədənini əyninə don geymiş qızcığaz. İçimdə dəhşətli bir hayqırtı qopur. Çox darıxıram!

Buludlar da yaman əsəbiləşib. Qaranlıq çöküb göy üzünə. Tanrı, əgər məni eşidirsənsə, məni bir il keçmişə apar, çünki bu qaranlıq məni çox incidir...

Bəzən silah səsi eşitmədən də insan vurulur. Çiynindən keçən qəlpə ürəyində elə bir dövr edir ki, torpaq belə onun hayqırtısını eşidib, utanır. Tanrı, balaca Səma səni gözləyir, xahiş edirəm, keçmişdə onu incidəcək xatirələri yada salma.

Səma...

Balaca Səma müqəddəs ocaqda idi. Bura Agstafadır... Bu balaca qızcığaz hələ yuxudan oyanmamışdı. Səhər saat 6 idi, amma simasından çox təlaşlı, həyəcanlı, qorxmuş olduğu görünürdü.
- Tanrı! Bura haradır?
- Qızım, bura göylərdir...
- Biz niyə göylərdəyik?
- Səma, qızım, sən heç ulduzlara toxuna bilərsən?
- Bu ki, mənim arzumdur! Amma bu mümkün deyil..
- Sən indi torpaq qədər uzaq, ulduzlar qədər göylərə yaxınsan.. O uzaqdakı yaşıllığı görürsən?
- Bəli, amma mən qorxuram!
- Qorxma.. İndi sənə yoldaşlıq edən olacaq.
- Kim? Hara gedirsən, Tanrı?

Tanrı qeyb oldu. Balaca Səma bulud parçaçıqlarının üzərində hoppanaraq o tərəf, bu tərəfə gəzirdi. Qarşıdakı işığı görəndə gözlərini qamaşdırdı. Balaca əlləri ilə üzünü tutub gözlədi. Gözlərini qamaşdıran İşıq ona yaxınlaşıb, əlini uzatdı:
- Bura cənnətdir.. Əlimi tutmaq istəyirsən, sevimli nəvəm?
- Baba.. Baba, sənsən!
- Mənim balaca nəvəm, bu məskəndə yaşamaq gözəldir.
- Axı..Axı sən bizimləsən?
- Qızım, biz indi 2014-cü ildəyik, amma sən 2013-də. Bir il sonra ruhum dumanlı şəhəri tərk etməyə məcburdur.. Qorxma.. Biz birlikdə olacağıq. Anan, nənən, hamımız! İndi getməliyəm.. Məni çağırırlar.
- Baba, əlimi buraxma!

Babası (İşıq) nəvəsinin başından öpüb, sazını da əlinə alıb, qeyb oldu.. Sazın səsi ruhani havasını xatırladırdı. Balaca Səma da dodaqaltı pıçıldayıb: “bu ruhani.. ruhanidir!” Baba!! Baba!!

İnsan ömrü budur. Quru torpaq bədəni əsir alarkən, ruhu göylərə qaçır. İndi göylər də ağlayır..Bu gün 1 apreldir.. Balaca Səma, oyan! Hələ çox tezdir! Keçmişə qayıt!

- Səma... Qızım, qonaqlıq başladı, Firuzə nənən çağırır. Səkinə nənə də kabab bişirib.. Oyan.

Anası Səmanı öpüb, yuxudan oyandırdı. Balaca Səma hər şeyi unutmuşdu. Sanki bu yaşananlar gerçək deyilmiş kimi, sevimli paltarını geyinib, saç abadokunu taxıb həyətə düşdü. Böyük bir məclis idi. Babası İsa, nənəsi cəfalı Firuzə xanım, Zəlimxan babası, Barat əmisi və daha kimlər.. Bir də sazın sehirli simlərində danışan “ruhani havası”...

Həyat budur. Mən yaşadıqlarımı unuda bilmirəm.. Unutmaq insanı məhv edər. Mən unutmağı seçmədim, bəlkə də seçsəydim, xatirələrim də ayaqlanıb qaçardı məndən.

Baba, balaca Səma hələ də səninlədir. O səni heç unutmayıb, unutmağı da mümkün deyil. İndi elə düşünür ki, siz rayondasız, böyük bir məclisdir və hər şey gözəldir. Qoy belə də xatırlasın.. Bu tozlu Bakı səni bizdən alsa da, Agstafadakı evdə qalan hər şey səni danışır. Bütün şəkillər, otaqlar, keçirilən böyük məclislər.. Ancaq bilirəm.. Tanrının da dediyimi kimi, sən bizə torpaq qədər yaxın, ulduzlar qədər uzaqsan..

Balaca Səmanın yuxularına qonaq gəldiyin kimi, mənim də yuxularıma gəl.. Nəvən çox darıxır... Əbədiyyətdəsən, Muğanna... Bir gün görüşəcəyik! Hələlik..

# 79 dəfə oxunub

Oxşar xəbərlər

1 aprel Gülüş Gününün tarixçəsi

1 aprel Gülüş Gününün tarixçəsi

12:39 1 aprel 2026
Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

Seyran Səxavətin 80 illiyinə həsr olunan elektron məlumat bazası hazırlandı

12:23 1 aprel 2026
Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası” - İnsan hədəflərini necə reallaşdıra bilər?

Abraham Maslovun “Ehtiyaclar iyerarxiyası” - İnsan hədəflərini necə reallaşdıra bilər?

12:20 1 aprel 2026
Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçdu

Abbasqulu ağa Bakıxanovun doğulduğu ev uçdu

10:54 1 aprel 2026
Bu gecə itləri güllələdilər – Günün şeiri

Bu gecə itləri güllələdilər – Günün şeiri

10:30 1 aprel 2026
"Avroviziya" ilk dəfə Asiyada keçiriləcək

"Avroviziya" ilk dəfə Asiyada keçiriləcək

10:10 1 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər