news-inner
clock08:30 calendar-gray 05 Fevral 2016 view-gray129 dəfə oxunub
view-gray129 dəfə oxunub

Gənc şair: “Anarla görüşə bilmirik” - MÜSAHİBƏ

Kulis gənc şair Emin Piri ilə müsahibəni təqdim edir.

- Emin, AYB-də son dövrlər ən diqqət çəkən gənclərdənsən. Amma yenə də özünü təqdim edərdin.

- Elə ən çox xoşuma gələn Emin Piri demələridir. Tanısalar da, tanımasalar da (gülür). Uşaq vaxtından şeirlər yazıram. Atam da şairdir - Sabir Yusifoğlu. Bəlkə də məndə bu genetikdir, ya da özümdə potensial, gələcək görmüşəm, bilmirəm. Bakı Dövlətin tarix fakültəsini bitirmişəm. Sonra Pedaqoji Universitetdə magistraturanı bitirdim, daha sonra Ağdamda tağım komandiri kimi işlədim, iki il müddətində.

- Bir şeir kitabın var?

- Hə. “Tanrının kölgəsi”. AYB kitab layihəsində çapdan çıxdı. Təqdimatını da elədik.

- Sən II Gənc Ədiblər Məktəbinin koordinatorusan. Mətbuatda yazılan rəylər diqqətimi çəkdi. I Gənc Ədiblər Məktəbi daha çox bəyənilir və orda daha fəal gənclərin olduğu yazılır.

- Vicdanla yanaşsaq, burda həqiqət var. Doğurdan da kəmiyyət baxımından da, keyfiyyət baxımından da I Gənc Ədiblər üstün idi. Qismət, Ayxan Ayvaz, Kəramət Böyükçöl, Cavid Zeynallı, Zərdüşt və s. Onlar uzun məsafə keçdikləri üçün artıq imzalarını təsdiqlətmişdilər. Və ilk dəfə idi Gənc Ədiblər Məktəbi açılırdı. Bütün gənclik ora axışırdı. Yəni, uzun vaxtları oldu buna. Əgər o zamana qədər imzalarını təsdiqlətməsəydilər, onların günahı idi. Bir həqiqət də var - II Gənc Ədiblər hələ təzə başa çatıb, bir-iki aydır. Mən elə düşünürəm ki, zaman keçəndən sonra görmək olar kimlər var, kimlər yoxdu. Hardasa üç-dörd imza var II Gənc Ədiblərdə. Məni bir kənara qoyaq. Ramil Əhmədi, Könül Həsənqulu, publisistikada Elmin Nuri. Həmçinin bizdə tənqidçilər də artıq yetişir. I Gənc Ədiblərdə tənqidçi xatırlamıram. Gülnaz, Famil Mədət var.

- Sənin son zamankı çıxışlarından, statuslarından hiss olunur ki, AYB-nin fəaliyyətindən razı deyilsən. Bəzən absurd təkliflərin də olur. Məsələn, AYB binasının satışa çıxarılması kimi. Ümumiyyətlə, orda vəziyyət nə yerdədir?

- Mən sizdən razıyam ki, bəzən absurd fikirlər də olur. Biri var özünü dəliliyə vurasan, biri də var nəsə bir fikir yürüdəsən. Bir Gənclər Şurası var, Gənc Ədiblər Məktəbi var. Necə mümkün olmur ki, rəhbər qanadla gənclər görüşməsin? Prezidentin özü Gənclər Günü gənclərlə görüşürsə, Gənclər Şurası niyə on istedadlı bildiyi gəncləri başına yığıb söhbət eləməsin ki? Bunu prezident eləyə bilirsə, bunlar da edə bilər.

- Bu münasibət yəqin ki, indi belə deyil, çoxdandır. Səncə niyə belədir vəziyyət?

- Belə deyək, xalq yazıçısı, xalq şairi adı almaq, ya da vəzifədə olmaq xüsusi sərhəd qoymaq üçündürsə, bəs o zaman bunu Zəlimxan Yaqub niyə etmirdi? Mən heç AYB-ni, ədəbi mühiti tanımırdım. Eşitmişdim Zəlimxan Yaqub hansısa gəncin yazısını oxuyub telefon nömrəsini axtarıb ki, desin, oxudum yazını, çox xoşuma gəldi. Yəni, insanlara dəyərli olduğunu hiss etdirmək lazımdır. Səni dəyərləndirmirlərsə, sən dəyərli olduğunu sübut etməyə çalışmamalısan. Qarşındakı dəyərli bilməlidir ki, sən də onu dəyərli görəsən. Bəlkə bu cür münasibətdən sonra onları ədəbi öndər kimi görəcəyik? Oturub bizlə söhbət etsinlər, görsünlər, bizim fikrimiz nədir, harda haqlıyıq, harda səhv. Bəlkə biz doğurdan yanlış düşünürük? Səhvimizi desinlər. Amma çağırıb demirlər, sərhəd qoyurlar. Sərhəd qoymasınlar.

- Səncə, bunun səbəbi nədir?

- Məncə, bu radikal kommunizmin idarəçiliyinə oxşayır. Sərhədlər, sədlər, buxovlar qoyaraq düşünürlər ki, qarşısındakının beyni də özününkünə oxşasın, onun kimi düşünsün. Amma buna görə gənclikdən qaçmaq lazım deyil, məncə. Əksinə, bu cür sistemdə olan bir idarəçilik dağılıb gedir. Sevgi ilə qurulan idarəçilik isə dağılsa da əbədiyaşar olur.

- AYB-yə uzun müddət bu və ya digər şəkildə iradlar bildirilir. Yəni, ora qocalıb, yaşlanıb, gənclər siyasəti yoxdur. AYB də əks arqument irəli sürür. Deyir, biz gəncliyə qayğı göstəririk, İlqar Fəhmini katib təyin etmişik, “Ədəbiyyat qəzeti”ndə gəncləşdirmə siyasəti aparmışıq, “Ulduz” jurnalına da gənclik nəfəsi vermişik və s.

- AYB dövlət qurumu olduğu üçün qanunla gənclik siyasətini davam etdirir. Gənclik yaşı isə 29 yaş hesab olunur. İndi 40-45 yaşındakını gətirib gənc kimi təqdim etmək düzgün deyil. Düzdü, adam özünü gənc hiss edə bilər, ancaq qanunla işləyirsənsə, 29 yaşdan yuxarıya heç nə verə bilməzsən. 25 yaşlı adamı gətirsinlər ora, desinlər ki, biz qanunla gənclik siyasəti həyata keçirdirik, bu adamı vəzifəyə təyin edirik.

- Sənin dediklərinlə razıyam, təbii ki, Elçin Hüseynbəyliyə artıq gənc demək olmaz. Bəs 29 yaşa qədər AYB-nin mətbu orqanlarında kimlər təmsil olunur?

- Burda yalnız yaradıcılıq vəzifəsində çalışanlardan söhbət gedir. Ümumi götürəndə, sırf yaradıcı - redaktor, redaktor müavini yoxdur. Yaradıcı vəzifədə gəncliyin təmsil olunması sıfır faizdir. Hətta Vüsal Nuru da o yaşa düşmür. Qıraqda deyə bilərlər ki, biz bu gənclərə vəzifə vermişik filan. Bəs biz AYB-də onları niyə görmürük?

- Nə təklif edirsən?

- Dövlət qurumudur, öz arqumentləri var. Mənim isə təklifim odur ki, istedadlı bildikləri - lap elə I Gənc Ədiblərdən də, ikincidən də seçsinlər, oturaq, söhbət edək, fikirlərimizi dinləsinlər. Hərə öz təkliflərini versin, dəyərləndirək. Mətbuata çıxmasın, rahat şəkildə. Bəlkə elə bir arqument deyəcəyik ki, bəyənəcəklər? Ya da onlar elə bir şey deyəcəklər, başa düşəcəyik ki, biz söhbəti düz tutmamışıq. Heç biri olmadığı üçün artıq biz özümüz danışmağa məcburuq.

- Anar müəllimlə görüşmək üçün müraciət etmisiniz?

- Görüşmək deyəndə, mən istənilən vaxt görüşə bilərəm. Elə deyilmi? Gənc Ədiblər Məktəbinin koordinatoruyam, müəyyən qədər imzam da tanınır. Təbii ki, problem yoxdur. Fikrət Qoca ilə də, Anarla da görüşə bilərəm. Ancaq kollektiv şəkildə oturub söhbət etmək, ən azı Gənclər Günündə, bu alınmır. Aramızda sanki cəbhə xətti var, başını qaldırsan snayperlə vuracaqlar.

- AYB-də sənin kimi düşünən neçə gənc var?

- 10-a qədər gənc mənə deyir ki, təqaüddür almışıq, belə görünür daha bundan artıq bir şey verməyəcəklər. Həmin gənclərə demişəm ki, bəlkə biz gözləyək, rəhbərliklə danışaq, görək nə olur. Müəyyən yaş, təcrübə lazımdı belə məsələlərdə. Bunları etmişəm yəni. Düzdü, məndən əvvəl də belə fikirlərə düşənlər olmuşdu. Dedim, gözləyək, görək nə olur. Gözləyə-gözləyə gördüm ki, sən demə məndən əvvəlkilər haqlıymış.

- Bir az qəribə çıxmırmı, səncə? Təqaüd almışıqsa, çıxa bilərik.

- Təqaüd indi belə götürəndə çox cüzi bir puldur. Gəncliklə bağlı bu məsələdə əminəm ki, ədalətsizlik olmayıb. Rəşad Məcid özü istedadlı gördüyü gənclərin hamısına təqaüd verib. Ancaq yaşlılarla bağlı təqaüd 90 faiz xalturadır. Bunu sübut edə bilərəm. Siyahını çıxartsınlar, adbaad deyim kimlər xalturadır.

- Məsələn...

- Adlarla yox, amma onlar debata hazırdırlarsa, mən sübut edə bilərəm xalturanı. Salam Sarvan, Ehtiram İlham, Fəxri Uğurlu kimi istedadlı adamlar var, onlara təqaüd verilməyib. Dəhşətlidir. Heç biri təqaüd almayıb. İldə 50 yazıçıya verilir bu təqaüd. Azərbaycanda 50 yazıçı adı çəkmək çətindir, məsələn, mən bu dəqiqə sadalaya bilmərəm. Artıq 10 ildir təqaüd verilir, 500 adama verilib və bu adamların içində istedadlılar azdır. Deyəsən, bunlar dövlət siyasətinə çıxan adamlardır, radikal müxalifətdirlər, heç biri deyil. Sanki təqaüdü yalvarışa verirlər.

- Bəs gənclərdə necə, ədalət qoruna bilir?

- AYB-də belə götürəndə, vicdanlı adamlar var. Redaktor kimi, katib kimi. Amma sistem pis olanda istər-istəməz alınmır. 90 faiz Gənc Ədiblərdən çıxan istedadlı gənclərə verilib təqaüd.

- Dedin, AYB-də vicdanlı adamlar var. Belə çıxır ki, vicdansızları da var.

- Hərdən mənə AYB orta əsrlər feodal idarəetməsini xatırladır. Gənci sanki düşmən kimi görürlər. Bilinmir bu münasibət necə yaranıb. Xüsusi toxunmaq istəyirəm: Prezident mükafatı. Bütün sahələrə verilib. Ədəbiyyat üzrə də prezident fərmanı ilə verilməlidir, ancaq verilmir. İstər-istəməz hər il büdcədən 10 min manat silinir. Təqaüd hər il ədəbiyyat nominasiyası üzrə verilməlidir. Yalnız 1-ci il verdilər, Pərvin almışdı onda da. Bəs sonrakı illər nə oldu? 10 min manat pulla hansısa gənc həyatını qura bilər. Bu dövlətin ədəbiyyat siyasətidir və bunu AYB təqdim etməlidir. Yaxşı, əgər bu dövlətin siyasətidirsə və təqdim olunan adama mükafat verin deyirsə, verilməlidir. Yox, dövlətin siyasəti pisdirsə, bu o deməkdir ki, artıq hökumət AYB-yə dəstək vermir. Dövlətin dəstək vermədiyi AYB-yə biz niyə dəstək verməliyik? Onda özümüzü uçuruma aparırıq. Hər il adlar da təqdim olunur, ancaq mükafat verilmir. Bəs problem nədir onda?

- Məsələn, kimlərin adları vardı?

- Elşad Əlşadoğlunun adı vardı. Məsələ qoydular ki, dövlət işçisidir deyə, ala bilməz. Bu il də başqa gənc oldu, vermədilər. Rəşad Məcid təqdim edir, ancaq mükafat verilmir. Normal, siyasətə qarışmayan, sakit bir adamdı halbuki. Gənclər katibi deyil, daha yuxarıdan imza silinir. Bu da ona görədir ki, gənclik ac qalanda susur. Amma bu mükafat şəxsən məndə olsa ən azı dünya ədəbiyyatına çıxa bilərəm. Şeirlərimi fransız dilinə tərcümə etdirərəm, gedərəm oturaram Parisdə ucuz bir oteldə. Buna görə sırf öz adamı hesab elədikləri adamlara veriləcək.

- “Azərbaycan” jurnalından Əsəd Cahangirin çıxarılmasına necə baxırsan bəs? Sənin yaxınlığın var Əsədlə, dostsunuz.

- İlk Gənc Ədiblər məktəbində də, ikincidə də Əsəd Cahangirin zəhməti var. Gəlib gənclərlə görüşüb, bir-bir əsərlərini oxuyub fikir bildirib, istedadlı bildiklərini deyib həmişə. Yəni, can yandırmaq var Əsəddə. Çıxması doğurdan mənim üçün də müəmmalıdır. Olmasaydı, daha yaxşı olardı. İndi olubsa da, Əsəd həmişə bizim qəbul edəcəyimiz ədəbiyyat adamıdır.

- Səncə, nədən olur bunlar?

- Mənə elə gəlir, iş prosesində anlaşılmazlıqdan ola bilər. Amma mənə elə gəlir, “Azərbaycan” jurnalının da gəncliyə dəstəyi var, ən azı verdiyi qonorara görə (gülür). Elə olur ki, orda prezident təqaüdü qədər qonorar almaq olur. “Ulduz”da da indi daha çox gəncliyin əsərləri çap olunur, əvvələ nisbətən. Ancaq “Ulduz”un büdcəsi az olduğuna görə “Azərbaycan” qədər qonorar verə bilmir.

- Bir yazıçının AYB-yə üzv olmağı ona nə verir, nəyi dəyişir?

- Mən AYB-yə gələndə elə bilirdim, dünyaya çıxacağam. Demişdilər ki, istedadlısan, davam eləsən, belə gözəl olacaq-filan. Heç biri olmur, ip onların əlindədir həmişə. Belə götürəndə, təqaüd qalır bircə. Jurnalların qonorarı o qədər deyil.

- Son zamanlar sənin statuslarında Fikrət Qoca haqqında xoşagəlməz fikirlər olur. Niyə Anar yox, məhz Fikrət Qoca?

- Fikrət Qoca Allah eləsin, məndən də çox yaşasın. Ancaq gərək adam vicdanla danışa. Anarı doğurdan da yaradıcı biri kimi qəbul edirəm. Onun yazdıqlarına baxanda adam inanmır ki, Anar pis əməl sahibi olsun. Məmur kimi bir az mənfi tərəfləri olar, ancaq sona qədər pis işə qol qoymaz. Hətta bu yaxınlarda Seymur Baycanın heykəl qoyulması məsələsinə də Anar zarafatla münasibət göstərdi. Ən azı onda yola vermək, gərginliyi götürmək var. Fikrət Qocaya isə desən ki, filankəs AYB-yə girəndə ayaqqabısını təmizləmədi, deyəcək, nankordur, əclafdır. Bəlkə bunun beli ağrıyır filan, düşünməyəcək (gülür). Yəni, hər şeyə radikal münasibət göstərir. İŞİD-çilər kimi... Fikrət Qoca adamı dinləmir. Heç olmasa yola da vermir. Mən bu adamın radikal münasibətinə, təhqirinə niyə dözməliyəm?

- Səni təhqir edir ki?

- Ümumi mənada təhqir edir dedim. Kim təklif bildirir, o dəqiqə kəmsavad deyir. Faciə ondadır ki, Fikrət Qoca kimi kəmsavad adam yoxdur, hamıya kəmsavad deyir. Anar desə ki, Emin kəmsavaddır, vallah bunu həzm etmək olar. Fikrət Qoca kəmsavad deyəndə isə özümü təhqir olunmuş hiss edirəm.

- AYB-də son illər neqativ hadisələr baş verdi. Elə məsələn, bu yaxınlarda Kəramət Böyükçölün çıxardılması. Bax siz ordasınız, buna niyə etiraz etmirsiniz?

- Mən AYB-yə inandığım vaxtlarda da sözümü demişəm. Açığı, mənim üçün kiminsə çıxarılması xoş deyil. Bu Kəramətin indiki situasiyada bəlkə də ziyanına işləyir, ancaq mənə elə gəlir ki, qalib gəldi. Ancaq fərdi söhbətə gətirib çıxartmışdı, açıq deyim. Desəydi ki, ümumi problemimiz budur, bu başqa məsələ, ancaq bütün problemləri bir nəfərin üzərinə - Rəşad Məcidə gətirib çıxartdı və mən də buna görə qarışa bilmədim. Ancaq Kəramət onda AYB-nin sistemini tənqid etsəydi, mən o zaman onu ikiəlli müdafiə edərdim.

- Deyirsən, Kəramət şəxsiləşdirdi məsələni?

- Hə... O boyda tarixi olan, yüzlərcə işçisi olan AYB-ni heç birinci rəhbər sayılmayan adama – Rəşad Məcidə yükləmək doğru deyil. Şəxsi bir şey olduğu üçün qarışmadım ona görə də. Rəşad Məcidə görə Kəraməti müdafiə etmədim.

- Səncə, Kəramətin AYB-dən çıxardılması Rəşad Məcidin siyasəti idi?

- Ola bilər ki, Rəşad Məcid təklif verib və onun təklifi nizamnaməyə uyğun müzakirə olunub. Kəramət özü də Gənc Ədibləri tənqid etmişdi. Bu nə dərəcədə doğrudur? Həm gəncləri tənqid edirsən, həm də onlardan müdafiə gözləyirsən.

- Özünü istedadlı, imzası təsdiq olunmuş hesab edirsən?

- Mən ədəbiyyatda özümü iddialı hesab etmirəm. Təsdiqlənsə də, təsdiqlənməsə də, ürəyimin dediyi yola doğru gedirəm. Mən bu yolda ya məğlub olaram, ya qalib, üçüncü variant yoxdur.

news-inner-user
Ayxan Ayvaz

421 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qabyuyanlıqdan Nobel mükafatına – Con Steynbekin həyatı
21:00 27 Fevral 2020
Elçinin pyesi əsasında hazırlanan tamaşa təqdim olundu
19:06 27 Fevral 2020
Kukla teatrının direktoru beynəlxalq festivalda
18:39 27 Fevral 2020
Seçilmişlər həmişə müqəddəs olmurl! - Orxan Fikrətoğludan yeni hekayə
18:00 27 Fevral 2020
Yeni şeir kitabı: “Sevgi tozu”
17:21 27 Fevral 2020
Çəkiliş zamanı məşhur sənətçinin ayağı qırıldı
16:42 27 Fevral 2020
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
16:07 27 Fevral 2020
Şpilberq "İndian Cons"un beşinci filmini çəkməkdən imtina etdi
15:28 27 Fevral 2020
İçərisindəki “Microsoft”u təzələməlidir - Yazıçılar Cavid Zeynallının hekayəsindən danışdılar
14:58 27 Fevral 2020
Xalq artisti haqqında sənədli film çəkilir
14:09 27 Fevral 2020
Mentalitetimizin iyrənc üzü: zorla, evlən, sonra güllələ!
13:30 27 Fevral 2020
Fransa dövlət arxivindən Azərbaycanlı yazıçının kitabı tapılıb – Foto
12:52 27 Fevral 2020
Qorxusundan qadın soyadı götürən Əməkdar artist - Maraqlı faktlar
12:25 27 Fevral 2020
Plagiat onun ruhuna hopub – Gənc yazıçını sərt tənqid etdilər
11:44 27 Fevral 2020
Qadınlarımızın Vatsap biabırçılığı
11:10 27 Fevral 2020
Allah məni qəbul edər, Leylası? - Rəşad Nağı Mustafanın yeni şeiri
10:40 27 Fevral 2020
Zorlamada günahlandırılan məşhur sənətçiyə qadağa qoyuldu
10:20 27 Fevral 2020
Əlillik mövzusunda kitab təqdim olunacaq
09:53 27 Fevral 2020
Müəlliməni şagirdlərinin intim videosu ilə şantaj etdi...
08:59 27 Fevral 2020
Murad Boz Xocalını belə andı
19:11 26 Fevral 2020