news-inner
clock11:23 calendar-gray 01 Fevral 2016 view-gray378 dəfə oxunub
view-gray378 dəfə oxunub

Əsəd Cahangir: “İnsan yox olur, biz hələ hekayədə qalmışıq” - MÜSAHİBƏ

Kulis tənqidçi Əsəd Cahangirlə hekayə sorğusubarədə müsahibəni təqdim edir.

- Əsəd bəy, Kulisin “Beş ən yaxşı Azərbaycanhekayəsi" müsabiqəsində “Poçt qutusu” hekayəsinin qalib gəlməyini necə qiymətləndirirsiniz?

- Bu bizim Novruzəli səviyyəsində olduğumuzu göstərir.

- Necə Novruzəli? Bəlkə Mirzə Cəlil səviyyəsinə yüksəldiyimizi?

-Novruzəli Homo Sapiensdir, özü də onun Paleolit, yəni ən primitiv formasıdır. Hələ də ən yaxşı hekayəmiz “Poçt qutusu”dur deyə düşünürüksə, deməli, Novruzəli ilə problem doğmalığımız var. “Poçt qutusu” cəhaləti tənqid edən klassik maarifçilik nümunəsidir. İndi isə nanotexnologiya, gen mühəndisliyi, klonlaşdırma dövrüdür. Alimlər müəyyən edir ki, kvant zərrəciklərində molekulyar dəyişikliklər gedir. Kosmosdan Yerə yeni enerji axını başlayır. Göylərin Məhəmməd əleyhissəlamdan sonra bağlanmış qapısı yenidən açılır. Bu dəyişiklik insan beyninin hüceyrələrində də gedir. İndiyədək görünməmiş idrak imkanları müəyyənləşir. Yeni insan tipi yaranır. Kimlərsə Aya turist səfərinə gedir. Kimlərsə başqa planetə köçüb, orda yaşamaq istəyir. İnsan kosmetoloji əməliyyatlar vasitə ilə sifətini dəyişir. Bu sadəcə ağız-burun düzəltmək yox, insanlığın simasının dəyişməsinə rəmzi işarədir. İnsan Allahdan ona verilən təbii hədləri aşır. Elmi yolla ölümün qabağını almaq ideyaları səslənir. Homo Sapiensin tarixi bitir, post insan erası başlayır.

Belə çıxır ki, mayyaların dediyi qiyamət artıq baş verib, sadəcə gözəgörünməz planda, molekulyar qatda. Bu günün şairinin artıq Səməd Vurğun kimi “göylərə baxıram qapısı bağlı” deməyə haqqı yoxdur. Bütün bunlarla müqayisədə nəinki “Poçt qutusu”, ümumən klassik maarifçilik özünün məhdud düşüncə diapazonu ilə çox arxaik görünür. Bu günün ədəbiyyatı poçt insanı yox, post insanı öyrənməlidir.

- Axı siz özünüz də sorğuda “Poçt qutusu”na səs vermişdiz. Bəy dediyinz nədir, bəyənmədiyiniz nədir?

- Bəyəm mən özümü kənara çəkirəm? Fikir versən, görərsən ki, ilk sualına “bizim Novruzəli səviyyəmiz” deyə cavab verdim. Əgər “bizim” deyirəmsə, deməli özümü də poçt qutusunun içində təsəvvür edirəm. Ədəbi-bədii cinin o sehrli qutudan çıxmasının vaxtıdır.

-Yaxşı bəs, əgər siz münsif olsaydız, hansı hekayəni qalib edərdiz?

-Mən ümumən hekayə ilə bağlı sorğu keçirməzdim. Bu gün hekayə janrı özü də Novruzəliyə oxşayır.

- Nə mənada?

- O mənada ki, bu günün aparıcı janrı hekayə yox, romandır.

- Axı, roman elə Novruzəlinin vaxtında da vardı.

- Şübhəsiz ki, vardı. Bu gün də hekayə var, sabah da olacaq. Amma hər dövrün öz aparıcı janrı var. Füzuli demişkən,

Sürdü Məcnun növbətin, imdi mənəm rüsvayi-eşq,
Doğru derlər hər zaman bir aşiqin dövranıdır.

İnqilabdan əvvəlki dövr hekayə dövrü idi. Çünki özünün ilkin mərhələsində olan milli bədii nəsr təfəkkürünün gücü hələ ən sadə janrı yaratmağa çatırdı. Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy” və sair hekayələri yaranırdı. “Danabaş kəndinin əhvalatları” da hekayə idi, sadəcə, uzun hekayə idi. Axundovun “Aldanmış kəvakib”i də o cümlədən. Ondan öncə Bakıxanovun, Qutqaşınlının hekayələri vardı.


Sovet vaxtı sosrealist şablon üzrə nəinki romanlar, hətta “Şamo” kimi epopeyalar da yaranırdı. Lakin ən ciddi uğurlar daha çox povest janrında üzə çıxırdı. “Saz”, “Tütək səsi”, “Yamacda nişanə”, “Qanköçürmə stansiyası”, “Gilənar çiçəyinə dediklərim”, “Kür qırağının meşələri”, “Dantenin yubileyi”, “Əlaqə”, “Dolça”, “Gümüşü furqon”, “Quyu”, “Dəyirman”... Milli bədii nəsr artıq hekayədən povestəcən böyümüşdü.
Məntiqlə müasir dövrün aparıcı janrı roman olmalıdır. Özü də onu ilk öncə məhz bu dövrdə yetişən cavanlar yazmalıdır.

-Bəyəm yazmırlar?

-Yazırlar. Özü də en qədər. Şahbaz Xuduoğlunu sağ olsun, Qərbin, Amerikanın bir çox yazı texnologiyalarını bizə gətirdi, gəncləri həvəsləndirib romanlar yazdırdı onlara. Amma Rüfət Əhmədzadə demişkən, “keyfiyyət ilə həm də kəmiyyət qoşa olsa, verər əlbət əhəmiyyət.” Əksər cavanların yazdıqları romandan daha çox romanuşka təsiri bağışlayır. Bu romanuşka sahibləri arasında hətta istedadlı cavanlar da var. Amma yenə də alınmır. Çünki romançı istedadı hələ nə şair, nə publisist, nə də alim istedadı deyil. Ona görə biz bu gün roman deyəndə yenə də Afaq Məsudun “Azadlıq”, Kamal Abdullanın “Yarımçıq əlyazma” və “Unutmağa kimsə yox”, Elçinin “Baş” romanlarının adını çəkirik.

-Bəs, Anar?

-Anar Sovet dövrünün povest ənənəsinə sadiqdir. Müstəqillik dövrü üç irihəcmli əsər yazıb, üçü də povestdir.

-Sizcə, niyə cavanlar öz halal-hümbət janrlarına sahib ola bilmirlər?

-Məncə, sən bildiyin sualı verirsən artıq. Cavabım orijinal olmayacaq. Hamıya məlum həqiqəti təkrara nə ehtiyac var ki?

-Deyirlər ki, təkrar biliyin anasıdır.

-Bu işdə əsas problem əvvəlki nəsil yazarlar, xüsusən də altmışıncıların məsələyə münasibətindədir. Onlar mövqe və səlahiyyətlərindən istifadə edib, yeni nəslin öz potensialını üzə çıxarmasına imkan vermirlər. Ədəbi mühitdəki durum mənə həmişə Oruellin Okeaniyasındakı vəziyyəti xatırladır – hətta sərbəst düşünmək belə qadağandır. Azacıq fərqli düşünən adama az qala xalq düşməni damğası vurulur. Ədəbiyyatın mahiyyətində isə azad düşüncə durur. Elmdən, yaxud dindən fərqli olaraq, ədəbiyyat məhz sərbəst düşünmək üçündür. Sərbəst fikir qarşıdurması olmayan yerdə hansı ədəbiyyatdan danışmaq olar? İstedadlı adamları hər yerdən qaçaq salır, istedadsızları qanadları altına alırlar. Bu proses 30 ildir ki, davam edir və nə qədər çəkəcək hələ bilinmir. Bu da nəticə - belə təsəvvür yaranır ki, altmışıncılardan sonra guya batmışıncılar gəlir. Halbuki, məsələ heç də belə deyil. “Atalar və oğullar”ın qəhrəmanı Bazarovun dili ilə desək, adamlar var, şərait yoxdur. Tarixən həmişə görmüşük ki azad bədii fikrin qarşısını siyasi hakimiyyət alıb. İndi əksinə olub, bu işi ədəbiyyat nümayəndələri özləri yerinə yetirir. Doğrudan da, Oruell qələminə layiq antiutopik durumdur.

-İcazənizlə, qayıdaq rəy sorğusu məsələsinə. Bir nüans var. Roman sorğusu keçirmişdik, Yusif Səmədoğlunun “Qətl günü” qalib gəldi. Hekayə sorğusunda da onun “Bayatı Şiraz”ı üçlükdədir. Bunu necə analiz edərdin?

-Seçilənlər seçənlərə, seçənlər də seçilənlərə layiqdir. Mən buna təəccüblənmirəm. Amma “İdeal”ı seçsəydilər, buna yaxşı mənada təəccüblənərdim.

-Yaradıcılıq baxımdan Mirzə Cəlillə Yusif Səmədoğlu tamam ayrı-ayrı yazıçılardır. Bəs, onların hər ikisinin daha çox səs toplamasını necə izah edərsiz?

-Əvvəla, Mirzə Cəlil adlı yazıçı yoxdur, Cəlil Məmmədquluzadə var. Gəlin onun adının üstünə ad qoymayaq. İkincisi, Cəlil Məmmədquluzadə və Yusif Səmədoğlu estetik baxımdan ayrı olsalar da, mahiyyətcə eynidirlər. Dərinə gedəndə nə Cəlil Məmmədquluzadənin, nə də Yusif Səmədoğlunun düşüncəsi ölümdən o tərəfə getmir. Sadəcə, Cəlil Məmmədquluzadə tragikomik, Yusif Səmədoğlu isə tragik ovqata malikdir. Yəni tragizm onların vəhdət nöqtəsidir. Tragediya isə ölümlə bağlı anlayışdır. Onların hər ikisinin zirvəsi ölümlə bağlı əsərlərdir - “Ölülər” və “Qətl günü”. Yəni bu yazıçıların dirilmə anlayışı yoxdur. Çünki ruhun nəinki ölməzliyi, hətta varlığına belə inanmırlar. Xüsusən də, Cəlil Məmmədquluzadə.

- Ruhun varlığı və ya ölməzliyinə inanmağın ədəbiyyata bilavasitə nə dəxli var ki?

-O dəxli var ki, ədəbiyyat mövzusu, tədqiqat predmeti, əsas məqsədi etibarilə insanşünaslıqdır. İnsanın mahiyyəti isə onun ruhudur. Ruh apriordur, yəni insanın daxilindəki əzəli və əbədi ilahi həqiqətdir. Ruhun həqiqətinə çatmadan insan haqda bütün deyilənlər yarımçıq və bəsitdir. İsa Muğannanın “İdeal”ını çıxmaq şərtilə XX əsr nəsrində heç bir yazıçımız bu həqiqətə gəlib çatmayıb. Sovet dövrü ədəbiyyatı sosioloji, 60-cı illərdən sonra yaranan ədəbiyyat isə ən yaxşı halda psixoloji xarakter daşıyır. Bunlardan birincisinə nisbətən ikincisi insana daha yaxındır. Amma psixologizm də hələ ruh yox, ən yaxşı halda sosioloji düşüncədən ruha keçiddir. Demək, “İdeal”ı çıxmaq şərtilə, indiyə qədərki ədəbiyyatımız insanın mahiyyətinə çatmayıb. Amma bu günlərdə daha bir roman yazıldı və bu baxımdan “İdeal”ın istisnalığı aradan qalxdı - Elçinin “Baş” romanı. Xalis metafizik düşüncənin məhsulu olan bu metatarixi romanı xoş bir təəccüblə oxudum.

-Sizcə, İsa Muğannanın ölməzlik düşüncəsinə yetməsinin sirri nədə idi?

- Muğanna özü bu taleyi seçməmişdi, onu seçmişdilər və bu seçimin sirrini onu seçəndən başqa bilən yoxdur. Amma məsələnin görünən tərəfi də var. Muğanna klassik metafizik ədəbiyyatla dialoqu olan yeganə yazıçımızdır. Məlumdur ki, o, Nəsiminin həyatından bəhs edən “Məhşər” romanı, bu roman əsasında ekranlaşdırılan “Nəsimi” filmi, eləcə də “Nizami” filminin ssenari müəllifidir. Bu klassiklərin yaradıcılığının mahiyyətində ölməzlik, yəni bəqa ideyası durur. Ölüm, yəni fəna isə bəqaya gedən yolda sadəcə bir mərhələdir. Cəlil Məmmədquluzadə və Yusif Səmədoğlunun düşüncəsində isə ancaq fəna var, bəqa yoxdur. Onların ölməzlik fikrinə yetməməsində klassik ədəbiyyatımızla dialoqlarının baş tutmamasının da, şübhəsiz ki, ciddi rolu var.

- Bəs, Elçinin “Baş” romanında sizi təəccübləndirən nə oldu? Deyəsən, bu haqda məqalə yazırsınız...

- Elçinin bundan öncəki bir çox əsərləri, xüsusən “Teleskop” pyesi ədəbiyyatımızda postmodernist inkarçılığın son həddi idi. Bu inkar metafizik sferaya da sirayət edirdi. Bu artıq sadəcə Dədə Qorqud, yaxud Şah İsmayıla, yəni Allahın yaratdıqlarına dekonstruktiv münasibət deyildi. Pyesdə Yaradanın özü başda olmaqla bütün ilahi dəftərxana sistemi, yəni ilahi yazı, Lövhi-məhfuz ikibaşlı postmodernist ironiyaya məruz qalırdı. Odur ki, yazıçının son romanında tradisional metafizik həqiqətlərin birmənalı təsdiqi mövqeyinə gəlməsi mənim üçün gözlənilməz oldu. Amma bu barədə hələlik geniş danışmaq istəmirəm. Çünki nəsrimizdə yeni yaradıcılıq metodunun əsasını qoyan bu romanla bağlı geniş fikirlərimi artıq bitirməkdə olduğum məqaləmə saxlayıram. Məqaləni yaxın günlərdə dərc etdirəcəm.

-Hekayə ilə bağlı rəy sorğusunda Əkrəm Əylislinin bir neçə hekayəsinin də adı siyahıya düşüb. “Güllü paltar mövsümü”, “Büllur külqabının nağılı”, “Ürək yaman şeydir”...

-Məncə, Əkrəm Əylisli yaxşı hekayəçi deyil. Düzdür, Muğanna onları zarafatla “povestuşka” adlandırırdı, amma Əylislinin yaxşı povestləri var. Hər yazıçının öz ana janrı olur axı. Hərənin istedadı bir janrda daha qabarıq üzə çıxır. Məsələn, Kamal Abdullanın ana janrı romandır, hekayə deyil. Anarın ana janrı povestdir, roman yox. Sabir Əhmədlinin ana janrı romandır. Bu yöndən Muğanna istisnadır. Çünki o çoxqatlı düşüncə yolu keçib və hər qatı dəyişdikcə janrları da dəyişir, hamısında da müvəffəq olurdu.

-100 hekayə adı çəkilib sorğuda. Ümumiyyətlə, sənə elə gəlmirmi Azərbaycan nəsrində hekayə daha qabarıqdır? Yoxsa başqa cür düşünürsünüz?

-Bunun iki səbəbi ola bilər. Birincisi odur ki, mətbuat azadlığı və sosial şəbəkələr hesabına ədəbiyyata görünməmiş axın var. Çoxlu sayda gənclər gəlir, yaza bilən də, bilməyən də nasir olmaq istəyir və təbiidir ki, başlanğıc janr kimi daha çox hekayəyə meyl edirlər.

Ikincisi isə hekayənin qabarıq görünməsinə səbəb yaxşı romanların az yazılmasıdır. Amma bu o demək deyil ki, hekayə çiçəklənir. Əgər ayın-ilin bu vaxtında aparıcı janr hekayədirsə, deməli, ədəbiyyat tənəzzül edir. İndi hekayə yazıçının daha çox kabinetdaxili şəxsi işi, romanlar arası fasilədə “perekur”udur. Hekayəyə özəl maraq sadəcə düşüncə yox, janr planında da Novruzəli zamanında qaldığımızı göstərir. Bu yaxınlarda Şərif Ağayarın “Gülüstan” romanı və “Şəkil” hekayəsini oxudum. Antiqonist sosial problemlər qaldıran, antiutopik janrda yazılan, peyin qoxusu verən “gülüstandan” danışan romanın, məncə, ümumən həyatımız və ədəbiyyatımıza, hekayənin isə sadəcə müəllifin özünə dəxli var. Romanda qaçqınçılığın özü göstərilib, hekayədə isə sadəcə şəkli çəkilib.

-Yəni hekayədə heç nə deyə bilmir?

-Mən konkret bir yazıçının zəif hekayə yazması yox, hekayənin bir janr kimi mövqeyinin zəifləməsindən danışıram. Son iyirmi beş ildə ictimai fikrə təsir edən bircə hekayə olub – Rəşad Məcidin “10 sentyabr”ı. Bilirsizmi, niyə? Çünki bu hekayədə poçt insanla post insanın çox obyektiv, güzəştsiz müqayisəsi var.

Amma bu sadəcə bir istisnadır və kimsə, hekayə janrı ilə nəsə ciddi bir ədəbiyyat yaradacağını düşünürsə, məncə, yanılır. Hətta o hekayə şedevr olsa da. Məsələn, tanınmış yazıçılardan Kamil Əfsəroğlu və Eyvaz Zeynalovun Qarabağ mövzusu və sosial mövzuda yazılan onlarla maraqlı hekayəsi var. Kamilin “Burulğan”, Eyvazın “Əli metroda işləyir” hekayələrinin adını çəkmək məlumatı olanlar üçün kifayətdir. Amma onlar bir yazıçı kimi öz sözlərini romanda dedilər. Kamil “İt qanı”, Eyvaz isə “Qisas” romanında.

-Amma son dövr ədəbiyyatımızda onlarla hekayə müəllif kimi Rafiq Tağı faktı var.

-Bu barədə danışmayacaqdım. Amma madam ki söz saldın deyəcəm. Rafiq Tağının problemi onda oldu ki, son dönəmdə hekayənin taleyi ilə bağlı açıq-aşkar faktı başa düşmədi. Başa düşmədi ki, artıq Çexovun kiçik hekayələr dövrü çoxdan tarixə qovuşub. Bir az subyektiv görünsə də, deyim ki, onun öldürülməsi mənə hekayənin qətlə yetirilməsinə rəmzi işarə kimi görünür. Özü də dəmiryolunun – gələcəyə gedən yolun üstündə. Gəlin açıq danışaq, nə qaldı Rafiq Tağıdan?

Roman isə bu gün sadəcə nəsrin, sadəcə ədəbiyyatın yox, bütövlükdə ictimai şüurun aparıcı janrına çevrilib. Romanla bir ölkənin taleyini həll etmək, onun tarixini üzə çıxarmaq, gələcəyini müəyyən etmək olar. Məsələn, Xalid Hüseyninin romanları əfqan, Orxan Pamukun romanları türk xalqlarının, Salman Ruşdinin romanları isə ümumən müsəlman ümmətinin taleyini dəyişmək iddiası ilə yazılıb.

-Bir də povestlə bağlı bir sual. Sovet vaxtı povest çox qabarıq idi. İndi bəs necədi vəziyyət?

- Cambatisto Vikonun tarix nəzəriyyəsinə görə, hər birimizin ömrü bəşər tarixinin rezyümesidir. Hər yazıçı da ədəbiyyat tarixini öz yaradıcılığında təkrar edir. Odur ki, hər təzə imza ilə hekayələr də, povestlər də doğulacaq. Amma hekayə kimi, povest də milli nəsr tarixində özünün bir vaxtlar oynadığı rolu bir daha çətin ki oynaya. Bununla bərabər, müstəqillik dövründə həqiqi ədəbiyyat örnəkləri olan povestlərimiz yarandı - Azər Abdulla “Qəmərlidən keçən qatar”ı, Aslan Quliyevin “Rusiyadan gələn qardaş”ı və sair.


Amma hətta Anar kimi rəsmən səlahiyyətli bir yazıçı belə bu janrın bir vaxtkı mövqeyini bərpa edə bilmədi. Onun müstəqilik dövrü povestləri olan “Otel otağı”, “Ağ saç, qara saç”, “Göz muncuğu” ilə 60-70-ci illərdəki povestlərinin müqayisəsi bunu aydın göstərir.

- Sorğuda gənc yazıçıların da adları var. Bu onlara verilmiş bir kreditdir, yoxsa sizcə, onlar bu siyahıya doğrudan da layiqdir?

- Məncə, kreditdir. Özü də devalvasiya vaxtında bu krediti qaytarmaq asan olmayacaq. Çünki borcları beynəlxalq ədəbi valyuta ilə ödəmək lazım gələcək. Amma gənclər arasında optimist fikrə düşməyə əsas verənlər də var. Mirmehdi Ağaoğlunun beş-altı il bundan öncə oxuduğum ilk qələm məşqləri ilə bu günlərdə dərc olunan “Bu gün səbr elə” povestinin müqayisəsi ciddi irəliləyişdən, hətta sıçrayışdan xəbər verir. Kəskin sosial problematika, aktual mövzu, gərgin süjet, Mopassan qələminə layiq gözlənilməz final, nəsrimiz üçün Dilbər kimi yeni tip qadın obrazı... Bir sözlə, normal nəsr üçün nə lazımdırsa, var. Problem bircə mətnin oksigen çatışmazlığıdır ki, onu da asanlıqla aradan qaldırmaq olar. Əgər povest “vulkanizasiya”dan keçirilsə, təkcə Mirmehdinin özü üçün yox, ədəbiyyatımız üçün də fakta çevriə bilər.

- Siyahıda ilk yeddiliyə düşən ən gənc imza Afaq Məsuddur. Bu məsələyə münasibətiniz necədir?

- Bütün istedadlar kimi Afaq xanım da həmişə müdrik və həmişə gəncdir. Mən onun düşüncəsindəki irəliləməni görürəm. Bir çoxlarından fərqli o, yazmağa sosioloji yox, birbaşa zildən - psixoloji tessituradan başlayıb. Onun əsərləri məni həmişə öz gərgin psixoloji iqlimi ilə çəkib. Hazırda isə psixoloji qatdan metafizik qata keçir. Bu onun son dövrdə yazdığı dram əsərləri, xüsusən də “O məni sevir” pyesində daha aydın görünür. Pyesin müəllifi öz qələmi ilə insan ruhu üzərində bədii əməliyyat aparan cərrah-anatoma bənzəyir. Amma “Azadlıq”dan sonra yazıçının irihəcmli nəsr əsərini hələki oxumamışıq. Yəqin ki, bu fasilə yeni və maraqlı bir romanın meydana çıxacağına zəmanətdir.

Cavanlara gəlincə, görünür ki, hələ ictimai fikrin fokusuna düşməyiblər. Bu vaxt tələb eləyən işdir. Mirmehdinin sözü olmasın, qoy bu gün bir az səbr eləsinlər.

- Doğrudanmı, sizin dediyiniz yeni insan tipinə gənc yazıçılar arasında təsadüf olunmur?

-Yeni nəsil yazarlar arasında iki nəfərin yaradıcılığında post insanın nəfəsi daha aydın duyulur: Həmid Herisçi və İlqar Fəhmi.

Müstəqillik dövrü ədəbiyyatımızda bir çox mühüm yeniliklərin istər nəzəri manifestasiyası, istərsə də praktik realizəsi Həmidin adıyla bağlıdır. Bu ifadəni işlətməsə də, məncə, post insan ideyasının da ilk carçısı odur. Onun “Solaxay” romanının tibbi-eksperimental yolla qabiliyyətləri açılan və qeyb aləmi ilə əlaqəyə girən ambidekster qəhrəmanı ədəbiyyatımızda post insanın qaranquşudur.

İlqar Fəhmi daha mötədildir, amma mahiyyətcə eyni yolu gedir. Onun bu yaxınlarda işıq üzü görən “Sən kimsən, Səfəvi?” essesi bir məsələni aydınlaşdırdı. İlqar indiyə qədərki yaradıcılığı üçün səciyyəvi olan qapalılıqdan çıxır və ümummilli taleyüklü problemlərə üz tutur. Orijinal ideya və təkliflərlə zəngin esse də məhz bu keçidin nəzəri başlanğıcıdır.

Hələ istənilən bədii səviyyədə olmasa da, Elxan Qaraqanın “A”, Sadıq Qarayevin “Sahilsiz təzadlar”, Şəmil Sadığın “Odərlər” romanlarında da fövqəltəbii, fenomenal qabiliyyətlərə malik insan obrazları yaratmaq cəhdi var. Cavanlardan sən də bu yola yaxınsan. Sənin “Fələk qırmancı”nın əlyazmasını oxuyanda bunu başa düşdüm. Sadəcə, istiqamətini və mövzunu tapmalısan. Roman göstərir ki, sən insanın fenomenal qabiliyyətlərinin açılması baxımından klassik sufi metodunu arxaik forma sayırsan. Bəs, əvəzində nəyi təklif edirsən? Romanında bu sualın cavabı yoxdur.

Gənclərin ən böyük problemi odur ki, hara getmək lazım gəldiyini aydın görmürlər. Sənin yazıçı qəhrəmanının tənhalıq, anlaşılmazlıq içindəki ölümü bunun nəticəsidir. Şərifin romanında üsyançılara qoşulan qəhrəmanın gülləyə tuş gəlib ölməsi də bunu işarələyir. Mirmehdinin “Küləyi dişləyən” hekayəsindəki əsgərin öz daşıdığı daşların altında qalıb ölməsi də bundan doğur. Elxanın “A” romanının qəhrəmanının hallüsinasiyalar içində çabalaması da burdan doğur.

Çünki istər yaşadığınız həyat, istərsə də oxuduğunuz ədəbiyyat sizə dirilməni yox, ölümü öyrədib. Astanasında dayandığımız post insan erasının yazarları kimi isə sizin missiyanız fəna yox, bəqanın, ölüm yox, ölməzliyin carçıları olmaqdır. Düşüncə “qutu”sundan çıxmağın vaxtıdır.

-Siz “qutu”dan çıxmağın yolunu nədə görürsünüz.

-Cavid deyirdi:

Lazımsa cəhalətlə güləşmək,
Bir çarə var ancaq, yeniləşmək.

Bu yeniləşmə üçün elmi-fəlsəfi əsasınız var – insan haqqında ən yeni söz olan post insan təlimi. Kitabınız var - “İdeal”. Və nəhayət, ideallarınız var – Nizami, Nəsimi, Muğanna.

news-inner-user
Qan Turalı

228 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Türk aktrisası vəfat etdi
18:30 13 Avqust 2020
Azərbaycanda əcnəbi serialların yayımı bərpa olundu
17:57 13 Avqust 2020
Məşhur rejissorların ürəyində qalan 5 film - Çəkmək istəyirdilər, alınmadı...
17:02 13 Avqust 2020
"Avatar-2" filminin çəkiliş meydançasından fotolar
16:28 13 Avqust 2020
Xalq rəssamı vəfat etdi
15:09 13 Avqust 2020
Nazirlikdən gedənlər və gələnlər – Sərdar Amin yazır...
14:11 13 Avqust 2020
Mədəniyyət Nazirliyinin aparat rəhbəri vəzifəsindən azad olundu
13:24 13 Avqust 2020
Mahnılarını Niyaməddin Musayev oğurladı, rayonu işğal olunanda beyninə qan sızıb öldü – Bu gözəl musiqilərin müəllifini siz də tanıyın
13:19 13 Avqust 2020
Mühacirətdə olan yazıçı vəfat etdi
12:34 13 Avqust 2020
Sərdarın atası və əlləri
11:52 13 Avqust 2020
Bizə əl atan qoca müəllim
11:07 13 Avqust 2020
Britaniyalı jurnalistin Xocalıdan yazdığı ssenariyə film çəkildi
10:43 13 Avqust 2020
"Qarabağ hekayələri" özbək dilində nəşr olundu
10:04 13 Avqust 2020
Stalin Rəsulzadəni bu yolla qaçırdı, Səməd Vurğun yaralıları apardı – Ayxan Ayvazın reportajı
09:00 13 Avqust 2020
Türkiyəli şair vəfat etdi
18:30 12 Avqust 2020
Məhəllə futbolu - Hekayə
17:58 12 Avqust 2020
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
17:04 12 Avqust 2020
Məşhur "20th Century Fox" fəaliyyətini sona çatdırır
16:14 12 Avqust 2020
İtaliyada vəfat edən müğənnimizin nəşi vətənə gətiriləcək? - Açıqlama
15:30 12 Avqust 2020
Səfər Alışarlının "İşıq" hekayəsi
14:42 12 Avqust 2020