news-inner
clock08:30 calendar-gray 08 Yanvar 2016 view-gray294 dəfə oxunub
view-gray294 dəfə oxunub

Haqverdiyev “Yoldaş Koroğlu”nu nəyə görə yazmışdı?

Teatrşünas İlham Rəhimli “Cavabsız suallar” kitabında milli teatr tariximizlə bağlı, görkəmli sənətkarlara, ictimai xadimlərə maraqlı suallarla müraciət edib. Kulis Əbdürrəhim bəy Haqverdiyevə verilən sualları təqdim edir.

Əbdürrəhim bəy Haqverdiyevə (17.5.1870 – 11.12.1933) xitab

Birinci sual.

- Cənab Əbdürrəhim bəy!

Hələ Peterburqda tələbə olarkən yay tətillərində Şuşaya gələr və burada yerli həvəskarlarla tamaşalar hazırlayardınız. Şuşa və Ağdam teatr mühitinə sonralar da böyük yaradıcılıq təkanı verən məhz Siz olmusunuz.

«Məcnun Leylinin məzarı üstündə» kiçik musiqili epizodu Şuşa şəhərində Siz hazırlayıb tamaşaçılara təqdim etmisiniz. 10-11 yaşlı Üzeyir bəy Hacıbəyli ilk dəfə bu tamaşada xorda oxuyub.

Azərbaycanın ilk peşəkar rejissoru sayılırsınız. 1901 – 1905-ci illərdə Bakıda dağılmaqda olan teatr həvəskaralrını bir yerə toplayıb onlara rəhbərlik etmisiniz.

Ölkəmizdə dirijor pultuna ilk dəfə «Leyli və Məcnun» operasında Siz çıxmısınız (12 yanvar 1908).

Tiflisdə «İbrət» və «İttihad» truppaları arasındakı konfliktin alovuna Siz «su səpib» onların aparıcı üzvlərini və rəhbərlərini birləşdirmisiniz.

Yenə elə Tiflisdə, həmçinin daha əvvəllər Bakıda böyük «Şərq konsertləri» təşkil etmisiniz. Xanəndə Seyid Şuşinski məhz bu konsertlərdə böyük şöhrət qazanıb.

«Marallarım» hekayələr silsiləsi, neçə-neçə nəsr əsərləriniz öz yerində. Üstəlik «Ağa Məhəmməd şah Qacar», «Pəri cadu», «Dağılan tifaq», «Millət dostları» kimi sənət inciləri yaratmısınız. Azərbaycanlı teatr fədailəri hələ 1907 – 1919-cu illərdə bu dram əsərlərinizi Bakıdan əlavə, Tiflisdə, İrəvanda, Aşqabadda, Hacıtərxanda, İdil çayı (Volqa çayı) boyu türkdilli xalqların yaşadıqları şəhərlərdə, İranda və Türkiyədə dəfələrlə oynayıblar.

Səhnə əsərləriniz bu gün də teatrlarımızın müasirlik axtarışlarında rejissorların inam bəslədikləri ədəbi xəzinələrdəndir.

Ay ustad!

Necə oldu ki, ömrünüzün müdrik çağlarında «Yoldaş Koroğlu», «Sağsağan», «Qadınlar bayramı», «Qırmızı qarı» kimi qatı ideoloji və bədii cəhətdən zəif pyeslər yazdınız?

İkinci sual.

- Əbdürrəhim bəy!

Görkəmli tədqiqatçı-alim Əziz Şərifə 1932-ci il aprel ayının 28-də ünvanladığınız məktub kövrəkliklə yazılıb və buradakı sətrlərdən görünür ki, inciksiniz. Yaradıcılığınızın 40 illiyi münasibətilə keçirilən yubiley Tiflisdə çox təntənəli olub. Bakıda bu tədbirə bir qədər laqeyd yanaşıblar. Əvvəlcə həmin məktubdan bir hissəni oxuculara çatdırım, sonra sualımı verim.

«May ayının üçüncü günü Yevgeniya Osipovnanı (Əbdürrəhim bəyin həyat yoldaşıdır – İ.R.) Türk teatrosuna aparacağam. Haman gün mənim qırx sənəliyim münasibətilə bir müxtəsər müsamirə olacaqdır. Üç pərdə «Pəri cadu»dan və sonra da konsert olacaqdır. Yubiley dəstgahını, təntənəsini və dəbdəbəsini mən qəbul etməyib, bu günkü yüngül bir surətdə keçməsini xahiş etdim. Ümid ki, yaman olmayacaq. O günü səni görməyi ürəkdən arzu edirəm. Vaxtın varsa bir günlüyə Bakıya gəl. Söz yox ki, Tiflis təntənəsi Azərbaycanda mümkün olmayacaq və o təntənəni mən görməyəcəyəm. Ona görə mən yubiley quruluşundan boyun qaçırtdım. İki gün əqdəm Bünyadzadənin yanındaydım. Mənə çox vədlər verdi və yaxşı təqaüd təyininə söz verdi. Həqiqət, yaxşı təmin olsa, oktyabrın birindən istefa verib, istirahətə çəkiləcəyəm. Daha kifayətdir».

Ay Mirzə!

Həmin dövrdə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyət göstərirdiniz. Bunu oxucular üçün yazıram.

Bəs möhtərəm Dadaş Bünyazadə, o şəxs ki, həmin dövrdə Xalq Maarif Komissarı işləyirdi, külli-ixtiyar sahibi idi, nə üçün sözünə əməl etmədi?

Axı həm də boyun olmuşdular ki, Sizə Xalq ədibi fəxri adı və onunla birlikdə 300 manat təqaüd verəcəklər.

Bəs bunun verilməməsinin baiskarı kim oldu?

Üçüncü sual.

- Bəy əfəndi!

Əziz Şərif «Keçmiş günlərdən» (Bakı, «Azərnəşr», 1977, s. 256 – 257) kitabında Sizin ona yazdığınız bir məktubu oxuculara təqdim edib. Məktubunuzda yazırsınız: «Bakı teatrının tapşırığı ilə mən Şekspirin «Otello»sunu tərcümə etmişdim. Bu tərcümə üzərində uzun illər boyu xüsusi həvəslə işləmişdim. İngilis dilini bilmədiyim üçün mən bu əsərin rus tərcüməsindən istifadə edir, əsər haqqında yazılan komentariləri öyrənir, Tiflisdə «Zarya Vostoka» qəzetində işləyən və ingilis dilini mükəmməl bilən Bodyanski adlı bir mühərrir dostumun köməyi ilə bəzi mühüm və məndə şübhə yaradan parçaları ingilis mətni ilə tutuşdururdum. Nəhayət, teatr ilə müqavilənamə bağlayandan sonra tərcüməni tamamlayıb teatra təqdim elədim, teatr kollektivinə (burada teatrın müdiri Hacıağa Abbasov, baş rejissor Aleksandr Tuqanov, ədəbi şöbə müdiri Cəfər Cabbarlı və bütün artistlərin, o cümlədən Otello rolunun ifası ilə gurultulu şöhrət qazanmış Abbasmirzə Şərifzadənin və Ülvi Rəcəbin olduğu mənim yaxşı yadımdadır) oxudum. Tərcümə də teatr kollektivi tərəfindən qəbul edildi, lakin nədənsə Bakı səhnəsində tamaşaya qoyulmadı.

Məndən sonra «Otello»nun Cəfər Cabbarlı tərəfindən də tərcümə edilib həmin mövsümdə səhnəyə qoyulduğu məlumdur».

«Otello» tamaşası Aleksandr Tuqanovun quruluşunda 1932-ci il aprelin 15-də göstərilib. Ancaq Cəfər Cabbarlı tərcüməni teatra keçən ilin sonlarında verib. Sizin tərcümə isə 1931-ci ilin sentyabrında teatra verilmişdi.

Bəs nə üçün teatr rəhbərliyi, ilk növbədə baş rejissor Aleksandr Tuqanov öz vədlərinə xilaf çıxdılar?

Bilirəm ki, tərcümənin zəifliyindən söhbət gedə bilməz. Tuqanov Azərbaycan dilini bilmirdi. Belə bir etinasızlıq 1925 – 1926-cı il teatr mövsümündə Şekspirin «Hamlet» faciəsinin tərcüməsi ilə də bağlı baş vermişdi. «Hamlet»i də Tuqanov tamaşaya hazırlamışdı (23 dekabr 1926) və yenə Cəfər Cabbarlının tərcüməsini seçmişdi. Halbuki Siz tərcüməni ondan xeyli əvvəl etmişdiniz və teatr da həmin variantı bəyənib seçmişdi.

Əbdürrəhim bəy!

Sizə etinasızlığın kökündə nə və Tuqanovdan başqa daha kimlər dururdular?

Oxşar xəbərlər

Xəbər lenti

Azərbaycanlı şairin şeirləri türk saytında
10:42 05 Avqust 2020
"Kobra"nın silahdaşı vəfat etdi
10:09 05 Avqust 2020
Mahnıları dillərdə dastan olan 5 Azərbaycan filmi - Video
09:01 05 Avqust 2020
Feysbuk məşhur yumor ustasının hesabını bağladı - Yəhudi düşmənçiliyinə görə
18:57 04 Avqust 2020
Məşhur romana çəkilən serialın ilk görüntüləri yayıldı - Foto
18:02 04 Avqust 2020
III Beynəlxalq Animasiya Festivalına daxil olan filmlərin siyahısı açıqlandı
16:21 04 Avqust 2020
Gözyaşardıcı qazlar elektron ağlamaqdır vətən üçün - Güneyli şairin şeirləri
15:18 04 Avqust 2020
Rənglərə aldanan uşaqlar – Cavanşir Yusifli müharibə hekayələrindən yazır...
15:14 04 Avqust 2020
Pelevinin yeni kitabı bu tarixdə nəşr olunacaq
14:28 04 Avqust 2020
Bəy qızını qaçıran, üç övladını itirən, on dörd il sürgündə qalan Xalq artisti - Səməd Vurğun onun həyatını necə xilas etdi?
13:22 04 Avqust 2020
Anar Nağılbazı kim öldürdü?
12:33 04 Avqust 2020
"YARAT" uşaqlar üçün sərgi açdı
11:50 04 Avqust 2020
Selfi çəkərkən tarixi abidəni qırdı
10:58 04 Avqust 2020
Məşhur yazıçının hekayəsinə film çəkilir
10:10 04 Avqust 2020
Ataqamdan yeni hekayə: Dişlək alma
09:00 04 Avqust 2020
Azərbaycan rəssamlarından Kazanda "Məxməri etiraflar"
17:03 03 Avqust 2020
Kim unudub məni yol ayrıcında? - Zərdüşt Şəfinin anım günü
15:58 03 Avqust 2020
Heyvanlar nə vaxtdan qurbana çevrildi? - Qurbanetmə aktının yaranması
14:53 03 Avqust 2020
Şəhid generalımız haqqında kitab nəşr edildi - Pulsuz paylanacaq
13:48 03 Avqust 2020
Şon Penn özündən 31 yaş kiçik qızla gizlin evləndi
13:08 03 Avqust 2020